Elmira Axundova: “Beynəlxalq
məhkəmələrə müraciət məsələsi
yeni sənəddə öz
əksini tapmalıdır”
Müsahibimiz
Milli Məclisin (MM) Sosial siyasət komitəsinin üzvü,
yazıçı-publisist Elmira Axundovadır.
–Elmira
xanım, məlum olduğu kimi, ətrafında neçə
illərdən bəri dikussiyalar gedən “Mədəniyyət
haqqında” yeni qanun layihəsi artıq parlamentin birinci
oxunuşunun müzakirəsindən keçib. Bir parlamentari və
yaradıcı şəxs olaraq, siz bu qanun layihəsi barədə
nə fikirdəsiniz?
–Bilirsiniz,
yeni qanun layihəsi müasir tələblərə
uyğunluğu ilə qüvvədə olan qanundan əhəmiyyətli
dərəcədə fərqlənir. Baxmayaraq ki, bu qanunlar həcm
etibari ilə bir-birindən o qədər də fərqlənmir.
Əksinə maddələrin sayı baxımından qüvvədə
olan qanun daha böyükdür. Qanunun müsbət cəhətlərindən
çox danışmaq olar. Amma vaxt almamaq üçün mən
birbaşa qanunun konseptual məsələlərindən olan
çatışmazlıqları qeyd etmək istərdim.
İlk növbədə, məncə, bu qanunda mədəniyyət
fəaliyyətinin iqtisadi tərəfləri dolğun şəkildə
əks olunmayıb. Məsələn, qanunun mədəniyyət
və yaradıcılıq fəaliyyətinin subyektləri
adlı 3-cü fəslində 9 böyük maddə var. Lakin
yaradıcılıq ittifaqları və yaradıcı şəxslər
haqqında danışılarkən gömrük, vergi,
kommunal və sair məsələlər öz əksini
tapmayıb. Belə ki, “Mədəniyyət haqqında” MDB Parlamentlərarası
Assambleya tərəfindən hazırlanmış model
qanunlarda konkret qeyd olunur ki, yaradıcılıq
ittifaqlarının və yaradıcı şəxslərin
yaradıcılıq fəaliyyətindən əldə olunan
gəlir vergidən azad olunur. Həmçinin, MDB ölkələri
daxilində idxal və ixrac olunan ədəbiyyat və incəsənət
əsərləri gömrük ödəmələrindən
azad edilir.
Eyni
zamanda, mədəniyyət obyektlərinin yerləşdiyi
torpaqların mülkiyyət məsələsi də qanunda
mütləq nəzərdə tutulmalıdır. Ümumiyyətlə,
bu maliyyə tutumlu məsələlərdən heç biri
qanunda əks olunmur. Düşünürəm ki, bu məsələlər
yaradıcılıq ittifaqları və yaradıcı şəxslər
üçün mühüm əhəmiyyət kəsb
etdiyinə görə mütləq nəzərə
alınmalıdır. Xüsusən ona görə ki,
yaradıcılıq ittifaqları və yaradıcı şəxslər
haqqında ayrıca qanun mövcud deyil. Mədəniyyət
sahəsində beynəlxalq əməkdaşlığa dair
maddəyə də bir təklifim var. Belə ki, qanunsuz olaraq
ölkədən çıxarılmış və ya
oğurlanmış milli-mədəni sərvətlərin
geri qaytarılması məsələsi. Həmçinin,
dağıdılmış tarixi- mədəni obyektlərin və
onların daxilində vaxtilə mövcud olmuş mədəni
sərvətlərin sonrakı taleyi haqqında bənd və
ya maddə mütləq olmalıdır. Bizim üçün
bu, xüsusi aktuallıq kəsb edir...
–Konkret
olaraq, nəyə görə?
–
Çünki ermənilər tərəfindən işğal
olunmuş ərazilərimizdə yüzlərlə bu cür
abidə və tarixi mədəni obyektlər
dağıdılıb, milli-mədəni sərvətlər
oğurlanıb. Bu qanunda beynəlxalq məhkəmələrə
müraciət, bərpa, kompensasiya məsələləri
mütləq öz əksini tapmalıdır. Həmçinin,
həm xarici ölkələrin, həm də beynəlxalq mədəniyyət
təşkilatlarının Azərbaycanda fəaliyyət
göstərməsinin hüquqi əsasları da qanunda öz əksini
tapmalıdır.
Təklifimin
içərisində bir təklif də ondan ibarətdir ki,
burada mədəniyyətin bütün növlərinə, hətta
şou-biznes, multi-mediaya aid maddələr var, ancaq xalq
yaradıcılıq sahəsinə aid, məsələn,
folklor ansambları, özfəaliyyət dərnəkləri və
sair, bunlara aid heç bir maddə nəzərdə
tutulmayıb. Halbuki Azərbaycan üçün bu sahə
çox böyük əhəmiyyətə malikdir. Bu qanunla
dövlətin mədəniyyət fəaliyyətinə
müdaxiləsi qadağandır. Başa düşürəm
ki, biz demokratik cəmiyyətdə yaşayırıq və
heç kəsin özünüifadə etmək hüququnu əlindən
ala bilmərik. Amma mən sovet dönəmini
xatırlayıram. Yaxşı yadımdadır ki,
Yazıçılar Birliyində, nəşriyyatlarda
qramafonlara qarşı necə sərt mübarizə
aparılırdı. Bəli, hazırda biz
zorakılığı, pornaqrafiyanı, narkomaniyanı qanunla
qadağan edirik. Bəs mənəvi bəsitliyi,
bayağılığı, eybəcər zövqü təbliğ
edən və yayan kitab, film, şou-biznes proqramlarına
qarşı necə mübarizə aparaq? Bu barədə isə
qanunda heç nə deyilmir.
Bu
baxımdan hesab edirəm ki, qanunda yaradıcılıq
ittifaqlarının və yaradıcı şəxslərin
üzərinə hər hansı öhdəlikmi, mənəvi
vəzifəmi qoyulmalıdır ki, cəmiyyətdə belə
zövqsüz cəmiyyətlə bərabər, belə
zövqsüz və bayağı, dırnaqarası mədəniyyətin
yayılmasının qarşısını ala bilək.
VAHAB
525-ci qəzet.- 2012.- 13 aprel.- S.1.