“Eurovision”: beynəlxalq
və yerli “oyunçular”ın bəhanəsi
ŞOUDAN ƏVVƏL
KOMEDİYA OYNAYANLAR
Bizim ölkədə əhəmiyyətli
hadisələri urvatdan salmaq üzrə
ixtisaslaşmış “professionallar” dəstəsi var.
İndiyə qədər siyasi proseslərdə həm
özünü, həm də prosesi hörmətdən
salanları çox görmüşük. Çoxu dərd-azarını
həll eləmək üçün seçki illərini
gözləyir. Seçki ili gəldimi, əcnəbi xaricdən,
iç “siyasətçilər”, “qəzetçilər”,
“QHT-çilər” də daxildən təzyiqlərə,
haray-həşirə başlayırlar.
Deməli, seçki ərəfəsində
Azərbaycanda demokratiya, insan haqları, söz
azadlığı, siyasi məhbuslar, dağılan yollar,
olmayan xeyir-şər evləri yada düşür. Bir qrant
davaları, məruzə, təqdimat yarışı,
çıxış sırası, müsahibə xahişi
başlayır ki, gəl görəsən. Xarici və daxili təzyiq
vasitələri və vasitəcikləri işə
salınır. Seçki bitdimi, qazana bilən qazandımı,
qazanmayan da ümidini və nəfsini gələn seçkiyə
saxlayıb, demokratiyanı, söz azadlığını,
insan haqlarını əziz-əziz büküb qoyur arxivin bir
küncünə... Gələn seçkidə üstü
toz basmış söhbətlər bir də gəlir ortaya.
İki onillik elə belə də yola verilib. Ən pisi odu ki,
siyasi və ictimai səhnədə olan (arada onlara mədəni
səhnədə olanlar da qarışır ki, bu, ümumiyyətlə,
dözülməz mənzərə yaradır) bir qrup adam nə
bu xislətindən əl çəkir, nə də onlardan
istifadə edənlər yorulur. Arada hay-küyə gedənlər
seyrəlir, yerinə “yeni qurbanlar” tapılır, amma əsas
oyunçular dəyişmir! Seçkiyə beş-altı ay,
bəzən bir il qalmış adamlar başlayır bizə
demokratiya, azadlıq, əyilməzlik, sınmazlıq dərsi
keçməyə, yazmaq, tərəfsizlik, qərəzsizlik,
“Avropaya inteqrasiyanın yolunu” öyrətməyə... Elə
ki məqam yetişdi, bəzilərinin səsi lap
qalınlaşır, bəziləri də yavaş-yavaş
boğazağrısına tutulur. Onda yağın harda əridildiyi
bəlli olur...
Növbəti seçkidə hər
şey yenidən başlayır...
Bu il isə təzə kampaniya var. Evində
işığı yanmayandan xaricə mühacirətə
getmək istəyənə, Azərbaycanda böyük iqtisadi
və siyasi maraqlarını təmin etmək istəyən,
donorundan “çox sağ ol” almaq ümidində olan xarici təşkilatlara
qədər hamının əlinə fürsət
düşüb: “Eurovision!”
Elə-belə məsələ deyil!
Müstəqilliyini 20 il əvvəl bərpa eləmiş,
savaşdan çıxmış, öz gücünə
iqtisadiyyatını dirçəltmiş, ordusunu,
infrastrukturunu qurmuş ölkədə dünya şöhrətli
şou keçiriləcək! Bu ölkə bir də mədəni
sferada göstərdiyi gücün, qazandığı qələbənin
təntənəsini yaşayacaq!
lll
Bəri başdan qeyd eləyim ki, mən qətiyyən
ölkədə problemlərin olmadığı qənaətində
deyiləm. Bu ölkədə sosial, iqtisadi, mədəni,
siyasi, təhsil sferasında problemlər var. Bu, heç vaxt
danılmayıb. Mən də bir vətəndaş kimi
zaman-zaman o problemləri hiss eləyirəm, yaşayıram,
aradan qaldırılması üçün
çalışanları dəstəkləyib, mane
olanları qınayıram. Əgər bu problemlərdən
bir çoxu keçirilən beynəlxalq tədbirlər ərəfəsində
aradan qaldırılırsa, mərhələli şəkildə
həll olunursa, çox əla! Hansı səbəblə
edilməsindən asılı olmayaraq, xaricə son iki səfərimdə
Bakı aeroportundakı bütün yoxlama məntəqələrini
cəmi 10 dəqiqə içində keçməyin nə qədər
məmnunedici olduğunu qəbul edirəm. Avropa Birliyinin
üzvü olan Macarıstanın paytaxtında pasport
yoxlamasından keçmək üçün gündüz
saat 11-də bir saat növbə gözlədiyim halda, gecə
saat 5-də, iki təyyarənin endiyi vaxtda Bakı hava
limanının sərhəd-keçid məntəqəsində
cəmi iki dəqiqə vaxt sərf edib, özümün də,
başqalarının da bu durumdan razılığını
görmək və yazmaq xoşdu. Yolların təmiri,
küçələrin işıqlandırılması, mədəni
tədbirlərin artırılması, turizmin inkişafına
xidmət edən otellərin, restoranların tikilməsinin də
səbəbi o beynəlxalq tədbirlərdirsə, lap
yaxşı! Çox sadə məntiqlə, bu tədbirlər
bitəndən sonra o yollar dağıdılmayacaq, otellər
sökülməyəcək, restoranlar bağlanmayacaq ki...
Yaranmış xidmət vərdişinin daha yaxşı pul
qazandırdığını görəndən sonra ondan da
imtina edilməyəcək. Onda niyə “Eurovision” ərəfəsində
yolların təmiri, binanın
işıqlandırılmasından narahat olurlar ki?
Bu ölkədə heç kim evlərin
sökülməsi, konpensasiyaların verilməsi ilə
bağlı bəzən problemlərin ortaya
çıxması faktını danmayıb. Onlarla, yüzlərlə
yeni layihənin reallaşdığı ölkədə
subyektiv yanaşmasına əsasən, narazı qalanlar
olduğu kimi, şəxsi marağı naminə insanları
narazı salanlar da olacaq. Bəzi hallarda kompensasiyalara daha ədalətli,
ailə vəziyyətinə və mövcud şərtlərə
görə individual baxılması ilə bağlı
mübahisə eləmək mümkündü. Bunu zatən
dövlətin yüksək vəzifəli məmurları da
deyirlər.
Amma mən anlaya bilmirəm ki, şəhərin
mərkəzində və ya Bayraq meydanı ətrafındakı
köçürülmədən, Keşlədə, Sulutəpədə
baş verən söküntüdən narazı qalan insan, ya
da ev fırıldaqçısının qurbanı olan adam
niyə günahı “Eurovision”da axtarır? Axı paytaxtın
mərkəzi hissəsi yeni planda layihələşdiriləndə,
Bayraq Meydanı proyekti icraya başlayanda bu ölkənin
2011-ci ildə “Eurovision”da necə təmsil
olunacağını belə bilən yox idi, o ki qala qalib gələcəyini!
Çox sadə bir səbəbdən... Çünki bu
proyektlər 2009-2010-cu illərdə icra olunmağa
başlayıb, Azərbaycan “Eurovision”da iki il sonra qalib gəlib.
Bu müsabiqədən lokal səviyyədə “bəhrələnmək”
istəyənlərin “arqumetləri”nin həqiqətəuyğunluq
göstəricisini sübut edən bircə sadə fakt...
lll
“Eurovision”dan bir də Azərbaycana beynəlxalq
təzyiq üçün istifadə olunmağa
başlanılıb. Əlbəttə bu beynəlxalq təzyiqin
də siyasi aktivlik göstərməyə cəhd eləyən
Azərbaycan boyutu var.
Amma əvvəlcə bu xüsusda aktivlik
edərək, Azərbaycandakı söz azadlığı,
ifadə özgürlüyü, insan haqları məsələsindən
dəhşət narahat olan, yuxusu ərşə çəkilən
beynəlxalq media və QHT-lərin arqumentlərinə baxaq.
Onlar deyirlər ki, “Eurovision” kimi mötəbər
yarışmanı söz və insan haqları sahəsində
problem olan ölkədə keçirmək yarışmaya
hörmətsizlikdi. Deyirlər...
İndi görək tarix nə deyir!
1969-cu ildə bu yarışma Frankonun
hakimiyyəti dövründə İspanyada keçirilib. Burda
artıq şərhə ehtiyac olmadığı
üçün davam eləyək.
1990-cı ildə “Eurovision” Yuqoslaviyaya gəlib.
Bircə onu xatırlatmaq gərəkdir ki, həmin ildə
Yuqoslaviyada etnik qruplar arasında küçə
döyüşləri gedirdi... Siyasi qətllər, təqiblər,
media təzyiqləri bir il sonra müharibəyə
çevrildi.
1999-cu ildə bu müsabiqə dünyaya
İsraildən yayılırdı. Xatırlamaq
üçün uzaq tarix olmamalıdı, İsraildə
siyasi qarmaqarışlıqların, müharibə və təhlükənin
olduğu illər idi.
2001-ci ildə Danimarka “Eurovision”a ev sahibliyi
edirdi. Bu, Danimarkada irqçilik və
dözümsüzlüklə bağlı ən pis vəziyyətin
qeydə alındığı tarixdi. Hətta o qədər
pis ki, Avropa Şurasının İrqçilik və
Dözümsüzlüklə Mübarizə Komissiyası
Danimarkaya xəbərdarlıq edib. Bu, Danimarkada islam əleyhinə
karikaturalara start verilən vaxtlardı. Məhz bu tarixdə
baş vermiş hakimiyyət dəyişikliyi ilə Danimarkada
televiziya və universitetlərdə ciddi senzura tətbiqi,
solçu düşüncə sahiblərinin görünməsinin
yasaqlanması qeydə alınıb. Hətta dözülməzlik
o həddə çatır ki, Danimarka Xalq Partiyası ölkədəki
müsəlmanların qeyri-müsəlmanlarla evlənmək
istəməməsini gündəmə gətirib, bununla
bağlı nifrət dolu açıqlamalar yayır.
Bunu, mən yox, həmin dövrdə Avropa
Şurasının və beynəlxlaq təşkilatların
yaydıqları hesabatlar deyir.
2004-cü ildə Türkiyə “Eurovision”
müsabiqəsinə ev sahibliyi edir. Türkiyədə
müsabiqə “Əl Qaidə” terror təşkilatının
törətdiyi və 57 nəfərin ölümünə səbəb
olan bomba partlayışından iki ay sonra keçirilir. Həmin
il Türkiyədə seçki keçirilir və hakimiyyət
dəyişikliyi baş verir, Türkiyənin inflyasiya həddinin
ən yüksək olduğu, iqtisadi böhranın
girdabında keçirdiyi ağır illərdən biri də
2004-cü ildi.
2005-ci ildə Ukrayna yarışmanın təşkilatçısı
idi. Müsabiqə Ukraynada siyasi vəziyyətin gərginləşdiyi,
ölkənin “narıncı inqilab” ərəfəsində
olduğu zamanda keçirildi. İqtisadi böhranın
artdığı, qonşuları ilə ciddi problemləri
olan Ukraynada “Eurovision” xəbərləri hər gün baş
vermiş kriminal olayların, prezidentliyə namizədlərə
qarşı qara piar kampaniyalarının, sabiq daxili işlər
naziri Yuri Kravçenkonun müəmmalı intiharının
arasında itib-batırdı.
2009-cu ildə bu müsabiqənin ev sahibi Rusiya
idi. Rusiya üçün insan haqları, söz, ifadə
azadlığı, etnik və dini dözümlülük məsələrində
il və ayrıntılar sadalamaq yəqin ki artıq vaxt
itkisidi. Hər şey aydındı...
2011-ci ildə “Eurovision” Almaniyada
keçirildi. Bu il Almaniya tarixində irqçi Neonazi
terrorçu qruplaşmasının ortaya çıxması,
8 türk və bir yunanın etnik zəmində qətlə
yetirilməsi, qeyri-almanların evlərinə basqın edilib,
yandırılması, məscidə bomba atılması ilə
qaldı. “Şpigel”in yazdığına görə, Almaniya
xüsusi xidmət orqanları hələ 1999-cu ildən belə
bir terrorçu qruplaşmanın saxlandığı yeri
müəyyənləşdirsə də, onların zərərsizləşdirilməsi
istiqamətində heç bir addım atmır.
Məhz bu il Almaniyada “silahlı bank
soyğunları ili” kimi də xatırlanır. Bu bank
soyğunlarının istintaq araşdırması da izləri
Neonazi terrorçu qruplaşmasına aparıb
çıxarır.
Yenə həmin ildə Sərhədsiz
Reportyorlar Birliyi hesabatında yazır: “Almanyada media
azadlığı Konstitusiya ilə “təməl haqlardan biri
kimi” təmin edilib. Amma buna rəğmən məlumat alma
azadlığı və tərəfsiz yayın
hüquqları ilə bağlı narahatlıqlar var. Almaniyada
da media ciddi təzyiqlərə məruz qala bilir”.
Həmin açıqlamada 2005-ci ildə
Almaniyanın “Cicero” siyasi jurnalının redaksiyasında və
jurnalistlərindən birinin evində axtarış
aparılmasından sonra başlayan məhkəmə çəkişməsindən
bəhs edilib. Bildirilib ki, prokurorluq axtarış
aparılmasına səbəb kimi jurnalistlərdən birinin
“dövlət sirrinin yayılmasına dəstək verməsi
ilə bağlı məlumatların varlığını”
göstərib.
Sərhədsiz Reportyorlar Birliyinin Almaniya təmsilçisi
Mixail Redişke bildirib: “Almaniyada xəbər
qaynaqlarının qorunması adı ilə təzyiqlərə
tez-tez rast gəlinir. Redaksiyalar, qəzet ofislərində
axtarışlar aparılır. Elə bir müddət əvvəl
Hamburqda yayınlanan bir özəl televiziyada axtarış
aparılıb. Konstitusiya Məhkəməsi bu
axtarışın qanunsuz olduğunu dedi. Amma mən əminəm
ki, dövlət qurumları və prokurorluq məlumat
alınmasına maneə yaratmağa davam edəcəklər”.
Ötən il Almaniya hökuməti
şübhələndiyi vətəndaşların şəxsi
kompüterlərindəki məlumatların gizli izlənilməsinə
icazə verən qanunun müzakirəyə
çıxarılmasını da təklif edib. Eyni zamanda
terrorçularla əlaqə ilə bağlı məlumatlar əldə
edildiyində vətəndaşın bütün şəxsi
kommunikasiya vasitələrinin gizli olaraq dinlənilməsi və
qeyd edilməsinə şərait yaradan qanun təklifi də
olub, lakin ölkənin Konstitusiya Məhkəməsi
bunların insan haqlarının kobud pozulması olduğunu
bildirib.
M. Redikşe hazırda hökumətin bu
istiqamətdə yeni qanun layihəsi üzərində işlədiyini
bildirib.
Almaniyada televiziyaların tərəfsiz və
qərəzsiz verilişlər yayınlamaqla bağlı da
problemləri var: “Çünki bu qurumların idarə heyətlərində
siyasi partiyaların üzvləri var ki, onlar da verilişləri
mütəmadi olaraq öz siyasi görüşlərinin
marağı çərçivəsində yönəltməyə
çalışırlar. İki il əvvəl Alman İkinci
Televiziya kanalı ZDF-in baş direktoru Nikolaus Brenderlə
müqavilə bağlanmasına idarə heyətindəki
mühafizəkar düşüncəlilər mane olmuşdu.
Çünki bu kanalın idarə heyətinin üzvlərinin
yarıya qədəri siyasi partiya və hökumət üzvləridir”.
Alman Qəzetçilər Birliyinin
başqanı Mixail Konken isə ölkəsində son illərdə
siyasətçilərin təftiş olunmağa dözə
bilmədiyini qeyd edib: “Jurnalistlər artıq sadəcə
düşmən kimi görülür”.
O deyib ki, medianın əzilməsinə səbəb
iqtisadi asılılıqdır: “Bütün bölgə və
əyalətlərdə yayımı ancaq bir neçə nəşriyyat
və yayım şirkəti həyata keçirə bilir.
Reklamvericilər də mediaya mütəmadi təzyiq edir. Bu isə
təbii olaraq özünü senzuranı gücləndirir”.
Və nəhayət, ötən il
Almaniyanın dünyaca məşhur “Quadriga”
mükafatının ənənəvi təqdimetmə mərasimi
olub. Bu ödül Almaniyanın birləşməsi
günündə təqdim olunur. Mükafat dünyada insan
haqlarının qorunması və demokratiyanı müdafiə
etməsi ilə məşhurlaşmış şəxslərə
verilir. 2011-ci ildə mükafata Rusiyanın baş naziri
Vladimir Putin layiq görülüb!!!
Almaniyanın insan haqlarına olan “hörmət
və ehtiramını” nəzərə alaraq, bir cümlə
də yazmadan, keçək indiyə kimi müsabiqənin
qalibi olan digər ölkələrdəki mətbuatın, həm
də elə son aylarda Azərbaycanın ardıcıl tənqidçisi
olan Almaniya mediasının vəziyyəti ilə bağlı
rəsmi hesabatlardan sitat gətirərək
yazdıqlarıma... Bunları oxuyanda “belə hallar Azərbaycanda
heçmi olmayıb?” sualı ilə ağız büzənlərin,
istehza ilə qaş qaldıranların olacağını
bilirəm. İnformasiya əsrində, ölkənin və
siyasətin məlumat üzərində qurulduğu müasir
dünyada belə halların baş vermədiyi, mediadan maraqlar
üçün istifadə edilmədiyi yer tapmaq xəyalında
olanlar gərək Antraktidaya getsinlər.
Sual isə tam başqadı: Əgər bəzi
beynəlxalq təşkilatlar və xarici media bu hallara
qarşı bu qədər dözümsüzdürsə, niyə
bizdən əvvəl bu halların baş verdiyi, xeyli illər
öncə müstəqillik və inkişaf təcrübəsi
olan ölkələrlə bağlı kampaniya
başlatmırdı? Niyə o ölkələrdə media
azadlığı, söz, insan haqqı, ədalət prinsipi
yada düşmürdü? Niyə müsabiqəni boykota
çağırmırdılar? Məsələn, “Şpigel”
bizim ölkənin inkişafında, demokratik dəyərləri
mənimsəməsində Almaniyanın demokratikləşməsindən
daha çox maraqlıdı? APA-nın İspaniyanın
inkişafına, sürətlə demokratik dəyərlərə
sahiblənməsinə Azərbaycanın maraqlarından daha
çox dəstək verməsi nağılı nə qədər
inandırıcı olar, görəsən?
Və sualın o biri tərəfi, əgər
bu media və təşkilatlar üçün insan
haqlarından öndə heç bir maraq yoxdusa, nə əcəb
Dağlıq Qarabağda insan ləyaqətinin ayaq altına
atılmasına, Ermənistanda əsirlərə,
azyaşlılar tükürpədici işgəncələr
verilməsinə, təcavüz edilməsinə dözdülər?
Niyə bir dəfə də insan haqqı deyib, Ermənistanla
bağlı aksiya başlatmadılar? Axı Azərbaycanda
haqqı pozulduğunu iddia etdikləri adamların
qardaşı, bacısı, balası, anası olan azərbaycanlılar
idi ermənilərin təcavüz elədikləri,
qanını içdiyi, tikə-parça elədiyi... O azərbaycanlının
bu azərbaycanlıdan fərqi nədəydi?
O təşkilatların bəyanatında həqiqət
olan tezislər var. Bəli, doğru deyirlər, insanların
mülkiyyət hüququ var, onu qorumaq lazımdı. Amma o
mülkiyyətin olması üçün əvvəlcə
insanların doğulduğu torpaqda yaşamaq, mülkiyyətə
sahib olmaq kimi təməl haqları da var. Hər şeydən
əvvəl ümumiyyətlə insanların yaşamaq, milli
və dini kimliyinə görə soyqırıma məruz
qalmamaq, cəzalandırılmamaq haqı var.
Axı Azərbaycan xalqının Ermənistandakı
ata-baba yurdunda yağmalanan milyardlarla dəyəri olan
mülkiyyətinin də hüququ var, Qarabağda məhv edilən
evlərin, abidələrin, elə o beynəlxalq təşkilatlara
donorluq edən ölkələrin şirkətlərinin
daşıyıb apardığı təbii sərvətlərin
də mülkiyyət hüququ var. Mülkiyyət hüququ
ancaq Bayılda qorunmur, cənablar!
Əgər bu beynəlxalq təşkilatlar
və onlara dəstək verən “yerlilər” illərlə
Dağlıq Qarabağda ermənilərin məhv etdiyi, təcavüzə
uğratdığı mülkiyyət hüququnun
davasını aparsaydılar, insan haqlarını
barbarcasına ayaq altına alan Ermənistana bircə dəfə
“dur” desəydilər, o zaman onların indiki
çağırışlarının səmimiyyətinə
inanmaq mümkün idi...
İndi isə... İndi
anlaşılandır ki, bu, haqq, hüquq davası deyil. Bu
hay-küyün əsas “ruhlandırıcısı” rolunda erməni
diasporu və lobbisinin olduğunu görmək
üçün xüsusi qabiliyyətə ehtiyac yoxdu. Əlbəttə,
Azərbaycan üçün beynəlxalq birlikdə səsləndirilən
hər “bacardı!” kəlməsi, ermənilər
üçün məğlubiyyət zəngidi!
Həm erməni lobbisi və diasporunun
etimadını qazanmaq, həm də Azərbaycana təzyiq etməklə
maraqları təmin etmək üçün münbit şərait
var! Siyasətdə fürsəti qaçırmırlar!
Faktlar və sadə məntiq beynəlxalq
medianın, təşkilatların özlərinin,
donorlarının maraqlarına oynadıqlarını göstərir.
Amma daha biriləri var... Nifrətinin, hikkəsinin
hədsizliyindən onların yanında yer alan “yerlilər”. Hər
halda bu ölkədə heç nə “Eurovision”la bitmir,
yarışma mayın 26-da yekunlaşır. Gələnlər
o gecə çalıb oynayacaq, sonra da gedəcəklər.
Bizim tariximizə Avropanın önəmli bir tədbirinə
ev sahibliyi etməyimiz yazılacaq.
Sabah açılacaq və ayın 27-si
olacaq. Sonra da o biri günlər... Mübarizəni, bir hadisədən,
məmurdan, prosesdən narazılığı onda da elə o
prosesin, marağın, iddianın adı ilə demək,
qışqırmaq, dava eləmək olar. Daha “Eurovision” niyə?
Bu dava haqq-hüquq, Avropa dəyəri davası deyil axı...
Bunu hamı bilir, bu komediyada oyunçu vəzifəsi
üçün qonorar ödənənlər belə...
Ağlı başında olanlar isə seyr eləyir. Başqa
neyləyəsidi ki? Komediyanı seyr eləyərlər. Amma
bu janrda oyunçular üçün çox tragik son olur həmişə:
finalda tamaşaçı aktyorların ağlamağına
gülür!!!
Və... Fransızlar demiş, Finit la
comdie! Yəni, komediya bitir!!!
Vacib qeyd: Azərbaycan çox dram ssenarilərinin
komediyaya çevrildiyi məmləkətdi! Burda rənglər
zövq almaq, güllər ətir saçmaq, fəsillər
yaşamaq üçündü!
P.S. “Eurovision” isə möhtəşəm
şoudu. Eurovision Mahnı Müsabiqəsinin icraçı rəhbəri
Yan Ola Sand necə demişdi? “Eurovision Mahnı Müsabiqəsinin
populyarlığı onun qeyri-siyasi mövqe tutması ilə
izah olunur. Burdan belə nəticəyə gəlmək olar ki,
müsabiqə qeyri-siyasi mövqeyini itirsə, nüfuzunu da
itirər”...
Vüsalə
MAHİRQIZI
525-ci qəzet.-
2012.- 13 aprel.- S.2.