BDU-nun Rusiya təhsil
ocaqları ilə əməkdaşlığı
Bu
günlərdə Rusiyanın tanınmış siyasətçisi
və diplomatı, Rusiya Federasiyasının Federal Məclisinin
Federasiya Şurasının sədri Valentina Matvienkoya
universitetin fəxri doktoru adı verildi. İndiyə qədər
bu ada bir çox dövlət xadimləri, siyasətçilər,
ictimai xadimlər və elm adamları elm və təhsilin
inkişafı, əlaqələrimizin genişləndirilməsinə
verdikləri töhfələrinə görə layiq
görülüblər. Bakı Dövlət Universitetinin Elmi
Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarına
əsasən, Matvienko Valentina İvanovna “Azərbaycan-Rusiya
münasibətlərinin inkişaf etdirilməsində, elm və
təhsil sahəsində əlaqələrin genişləndirilməsində
fəal iştirakına görə” universitetin fəxri doktoru
adına layiq görülüb. Valentina Matvienkodan əvvəl
Rusiya Federasiyasından bu adı alanlar sırasında bu
ölkənin prezidenti Dmitri Medvedev, MDU-nun rektoru, akademik Viktor
Sadovniçi və başqaları olub.
Valentina
Matvienkonun çıxışında dilə gətirdiyi ifadə
ilə desək, ona universitetin fəxri doktoru adının
verilməsi ölkələrimizin elm və təhsil sahəsindəki
əməkdaşlığına böyük önəminin
simvoludur.
Rusiya təhsil ocaqları və assosiasiyalarla əməkdaşlıq
Bakı Dövlət Universitetinin Rusiya Federasiyasının bir çox universitetləri, o cümlədən bu ölkənin universitetlərinin də təmsil olunduğu assosiasiyalarla çox sıx, səmərəli əməkdaşlığı var. Bu sırada M.V.Lomonosov adına Moskva Dövlət, Sankt-Peterburq, Dağıstan, İrkutsk, Kazan, Çelyabinsk, Həştərxan, Ufimsk və başqa ali təhsil ocaqlarının adını çəkmək olar. BDU-nun Kazanın Üzvi və Fiziki Kimya üzrə Elmi Mərkəzi və İnnovativ İnkişaf üzrə Birləşmiş Nüvə Araşdırmaları İnstitutu, MDB-nin Nano Texnologiyaları üzrə Beynəlxalq İnnovasiya Mərkəzi ilə də çox səmərəli əməkdaşlığı mövcuddur. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilə birgə reallaşdırılan layihələr, Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində görülən ortaq işlər hər zaman xüsusi maraq doğurur. Bir sıra beynəlxalq assosiasiyaların üzvü olan BDU Universitetlərin Beynəlxalq Assosiasiyasında, Xəzəryanı Dövlətlərin Universitetləri, Qaradəniz Hövzəsi Ölkələri Assosiasiyasında təmsil olunur və beynəlxalq qurumların işində fəal iştirak edir. Universitetin keçmiş Sovet İttifaqının klassik universitetlərini birləşdirən Avrasiya Universitetləri Assosiasiyasında iştirakı da beynəlxalq əlaqələrimizin tərkib hissəsidir və bu universitetlərdə keçmiş ənənələrin bərpası və inkişaf etdirilməsinə xüsusi önəm verilir. 70-dən çox universiteti birləşdirən Avrasiya Universitetləri Assosiasiyasının mərkəzi qərargahı Moskva Dövlət Universitetində yerləşir və onun prezidenti dünya şöhrətli elm xadimi, MDU-nun rektoru, akademik Viktor Sadovniçidir. Qeyd etmək lazımdır ki, BDU-nun Assosiasiya çərçivəsində gördüyü işlər bu birlik üzvləri tərəfindən həmişə yüksək dəyərləndirilib.
İnnovasiyalarda tərəfdaşlıq
Keçən il dekabr ayında Bakı Dövlət Universitetində “MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans (Road Show) keçirilmişdi. Konfransın təşkilatçıları – MDB-nin Nano Texnologiyaları üzrə Beynəlxalq İnnovasiya Mərkəzi, Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və Bakı Dövlət Universiteti idi. Tədbir MDB-yə üzv dövlətlərin humanitar əməkdaşlığı üzrə Beynəlxalq Fondun təşkilati dəstəyi ilə yerinə yetirilmişdi. Konfransın ən mühüm hadisələrindən biri də Bakı Dövlət Universiteti ilə “İnsiders” Kommunikasiya qrupu arasında BDU-nun nəzdində Texnoparkın yaradılması üzrə layihənin birgə reallaşdırılmasına dair Memorandum imzalanması olmuşdu. Çünki indiki dövrdə Texnoparkların nə qədər böyük önəm daşıdığını izah etmək gərəksiz işdir.
Konfransın plenar iclasında “MDB məkanında innovasiya və nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzusunda məruzə ilə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirmişdi ki, “XXI əsr elm və təhsil əsridir. Bu əsrin prioritet sahələri artıq ön plana çıxmışdır. Nanotexnologiyalar bu prioritet sahələrdən biridir. Nanotexnologiyaların inkişafı bəşəriyyətə bu günə kimi həlli mümkün olmayan problemlərin çözülməsi üçün sərhədsiz imkanlar açır. Nanotexnologiyaların inkişafı yeni elmi-texnoloji inqilab hesab edilir. Bu gün, nanotexnologiyalar XXI əsrin iqtisadiyyatının sistemini təşkil edən bir amil kimi qəbul edilir”.
BDU-nun nanotexnologiyalar sahəsində gördüyü işlər bu sözlərin əyani sübutudur. 2005-ci ildə BDU-da Nano Araşdırmalar Mərkəzi fəaliyyətə başlamış, “Nanomaterialların kimyəvi fizikası” kafedrası yaranmışdır. 2011-ci ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı Bakı Dövlət Universitetində Nano Araşdırmalar Laboratoriyası açılmışdır. Artıq BDU-da superparamagnit xarakteristikasına malik olan nano kompozisiyalı strukturları hazırlanır, nanotexnologiyalar istiqamətində kadr hazırlığı və tədqiqat işləri aparılır. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilib. Laboratoriya çox yüksək ayırd etmə qabiliyyətinə malik atom qüvvə və tunel mikrosku, Furye spektrometri, spektroflüorimetr, spektofotometr, böyük ayırd etmə qabiliyyətinə malik müasir optik mikroskop, qamma spektrometri və sair qiymətli cihazlarla təchiz edilmişdir.
Bugünkü əməkdaşlıq ortaq tarixi keçmişdən
qaynaqlanır
Azərbaycan ilə Rusiya arasında elm və təhsil sahəsindəki əməkdaşlığın böyük tarixi keçmişi var. Mərasimdə çıxış edən Valentina Matvienkonun qeyd etdiyi kimi: “Bizim ortaq tariximiz var. Bu ortaq tarix bizə ortaq mədəni və mənəvi irs, siyasi, iqtisadi, humanitar əlaqələr qoymuşdur və bu əlaqələri qırmaq böyük tarixi səhv ola bilərdi. Və biz bu səhvə yol vermədik”. Burda isə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun “milli genetikamızla türk dünyasına bağlı olsaq da, elmi genetikamız rus elminə bağlıdır” ifadəsi yada düşür.
S.QARAYEVA
525-ci qəzet.- 2012.- 13 aprel.- S.2.