Əhməd Ağaoğlu: Malta
sürgünü
(Əvvəli
ötən şənbə sayımızda)
Mayın əvvəllərində
artıq məhbusları İstanbulda saxlamağın
perspektivsizliyi həm sultan hökumətinə, həm də
ingilislərə tamamilə aydın olmuşdu. Admiral Vebb Londona göndərdiyi 5
may 1919-cu il tarixli məktubda bu münasibətlə
yazırdı: “Sədrəzəm (Damad Fərid Paşa nəzərdə
tutulur – V.Q.) müxtəlif səbəblər üzündən
tutulanların mühakimə edilmələrini çətin,
cəzalandırılmalarını isə bundan da çətin
sayır. Ona görə də onların Maltaya göndərilib-göndərilməyəcəkləri
ilə maraqlanır. Müttəfiq qüvvələrin qərarlarına
qarşı müqavimət imkanı yaranarsa bu adamlar aranı
qarışdırmaq istəyən qüvvələrə dəstək
verəcəklər. Bunun qarşısının
alınması vacibdir”.
İngilislərin
nəzarəti altındakı Malta adasının sürgün
yeri kimi istifadə ideyası yeni deyildi. İstanbulda həbslərin
geniş vüsət aldığı mart ayında artıq
birincilər sırasında cəzalandırılan türk
silahlı qüvvələri 6-cı ordusunun komandanı Əli
İhsan Sabis və yavəri adanın məcburi sakinləri
arasında yer almışdılar.
Yunan
qoşunlarının İzmiri tutması Malta
sürgünün sürətlənməsinə ciddi təkan
oldu. Qəzəblənmiş xalqın dustaqları azad etməsi
təhlükəsi böyük idi. Mayın 19-da onların bir
hissəsinin təhlükəsizlik baxımından daha
etibarlı sayılan Ərəbyan karvansarası adlı yerə
köçürülmələrinə qərar verildi. Yəqin
ki, məhz həmin gün Mustafa Kamal Paşanın
komandası altında gələcək istiqlal
savaşçılarının bir hissəsinin Samsuna
çıxması da bu qərarın verilməsində az rol
oynamamışdı. Xalq arasında o qədər
tanınmayan 41 nəfərin hökumətin iradəsi ilə
azadlığa buraxılması isə, çox güman ki,
ingilislərin səbrini daşıran sonuncu damlaya
çevrildi. Dustaqları sürgün yerinə aparmaq
üçün zirehli gəmi sifariş verildi. Eyni zamanda Bəkir
ağa bölüyünün və Ərəbyan
karvansarasının mühafizəsi gücləndirildi,
türk əsgərləri Britaniya zabitinin komandası
altındakı ingilis və fransız əsgərləri ilə
əvəz olundu.
İngilislər
sürgünlüləri Malta adasına Əhməd bəy
üçün xüsusi ilə önəmli bir gündə
– 1919-cu il mayın 28-də yola saldılar. Həmin gün Bakıda
Cümhuriyyətin birinci ildönümü təntənə
ilə qeyd edilirdi. Hərbi parad və Əhməd
Ağaoğlunun da üzv olduğu Parlamentin təntənəli
iclası keçirilmişdi. Son dərəcə çətin
daxili və xarici şərtlər altında bir il müstəqil
yaşamağın qürurunu duyan xalq sevincini gizlətmirdi.
Əhməd
Ağaoğlu isə həmin tarixi gündə İstanbul
sularında lövbər atan, az sonra onu hər iki sevimli vətənindən
– Azərbaycan və Türkiyədən qoparıb uzaqlara
aparacaq “Ena” adlı ingilis zirehli hərb gəmisinin kədərli
sərnişinləri arasında idi. Yaxınlarının
sürgünə göndərilməsi xəbərini
alanların hamısı Qalata limanına
toplaşmışdılar. Səməd Ağaoğlu – gələcəyin
görkəmli türk dövlət xadimi və
yazıçısı vida dəqiqələrini belə
xatırlayırdı: “Atam göyərtənin dəmir
barmaqlıqlarına söykənmişdi, bizə baxırdı.
Yanında Ziya Göyalp dayanmışdı. Hər tərəfdən
səslər gəlirdi. Lakin indi o anlar nə
danışdığımızı xatırlaya bilmirəm.
Gözlərim önündə yalnız böyük
qardaşım Əbdürrəhmanın qəflətən
qayığın içərisində ayağa qalxması,
ciyərlərinin və səsinin bütün gücü ilə
“Yaşasın ittihadçılar!” – deyə
bağırması canlanır”.
Maltaya
sürülənlər arasında Əhməd bəydən
başqa daha bir neçə Azərbaycan türkü var idi.
Son anda 67 nəfərlik qrupa 11 nəfər də əlavə
edilmişdi. Onlar Qarsa nəzarəti əllərinə alan
ingilis hərbi qüvvələrinin təzyiqi ilə 1919-cu il
aprelin 13-də devrilmiş Cənub Qərbi Qafqaz Cümhuriyyəti
müvəqqəti hökumətinin üzvləri – İbrahim
bəy, Əziz bəy və Həsən bəy Cahangirzadə
qardaşları, Musa Salahov, Yusif bəy Yusifzadə, Məhəmməd
Əlibəyzadə və digərləri idilər.
İki illik
sürgün həyatını daim Əhməd bəyin
yanında olan, ona yalnız eloğlusu kimi deyil, həm də mənəvi
rəhbəri və mürşidi kimi yanaşan İbrahim bəy
Cahangirzadə (Türkiyədə daha çox Cahangir Aydın
adı ilə tanınmışdı – V.Q.) “Atamın
dostları” kitabındakı “Məchul qəhrəman”
memuarında belə təqdim olunurdu:
“Öldüyü
günə qədər Rizədən Vana, Qarsdan Ərzincana
kimi böyük bir məmləkət parçasının
üstündə onun qədər sevilən, onun qədər
sayılan adam azdır. Gözəl üzü, gözəl qəddi-qaməti,
gözəl səsi və natiqlik məharəti ilə
bütün o illər ərzində xalqın arasında əsatiri
bir çoban kimi yaşamışdı. Türk millətinin
son əlli illik istiqlal mübarizəsi tarixində indi
çox məchul, sabah isə həmin mübarizənin
bütün hadisələrini yorulmadan tədqiq edəcək
nəsillər üçün yepyeni bir sima kimi meydana
çıxacaq bu adam atamın ən yaxın dostlarından
biri idi. Aralarında yaş fərqi azdı. İdeal fərqi
isə heç yoxdu. İkisi də türkün istiqlal və
mədəniyyət qovğası yolunda Türküstandan
Dunaya qədər uzanan torpaqlar üzərində yorulmadan
mübarizə aparmışdılar”.
Göründüyü
kimi, hətta əyalət Qars da daxil olmaqla sürgünə
göndərilənlərin heç biri sıradan adamlar
deyildilər. İstanbuldakı ingilis yüksək
komissarlığı Türkiyədə milli müqavimət
hərəkatını təşkil edə biləcək bu
şəxslərə hər şeydən öncə girov
kimi baxırdı. Həmin girov onlara hələlik ölkədəki
yeganə mütəşəkkil siyasi qüvvənin –
“İttihad və Tərəqqi” partiyasının fəaliyyətini
nəzarətdə saxlamaq üçün lazım idi.
İyunun əvvəllərində Britaniya xarici işlər
naziri lord Kirzonla razılaşdırılan bir sənəddə
sürgünlülərin içərisində həmin
partiyanın bir sıra tanınmış üzvlərinin
olduğu və onların girov tutulmalarının lazımi
anda ingilislərin işinə yarayacağı bildirilirdi.
Odur ki, dustaqlar
Malta adasına yola salındıqdan iki gün sonra admiral
Qaltrop gizlətmək istəmədiyi məmnunluq hissi ilə
yazırdı: “Həbsdə saxlananların azadlığa
çıxan kimi bütün ittihadçıların nüvəsi
halına gələcəkləri aydın
görünürdü. Nəticədə paytaxta ciddi
qarışıqlıqların meydana gəlməsindən
ehtiyat olunurdu. Baş verəcək qarışıqlıqlar
isə yalnız indiki hökumətin deyil, həm də
müttəfiqlərin maddi və mənəvi planlarına
ciddi zərbə vura bilərdi. Təhlükə
açıq xarakter aldığından onun aradan
qaldırılması da eyni dərəcədə təcili tədbirlərin
görülməsini tələb edirdi”.
Keçmiş
ittihadçılar İstanbulda həbsdə saxlansaydılar
müttəfiqlərə qarşı xalqın qəzəb və
etirazının daha geniş vüsət almasına təkan
verəcəkdilər. Azadlığa buraxıldıqları təqdirdə
isə onların bir çoxunun türk millətinin azadlıq
mübarizəsinə qoşulacaqları şübhə
doğurmurdu. Malta sürgünündən xilas olandan sonra əksər
ittihadçılar məhz belə də etdilər – Anadoluya
gedib İstiqlal Savaşının
iştirakçıları sırasında yer aldılar.
Yaranmış vəziyyətdə ingilislər yeganə
çıxış yolunu haqqında heç bir məhkəmə
hökmü olmayan adamları mümkün qədər tezliklə
İstanbuldan uzaqlaşdırmaqda, onların mövcudluğunu
türk cəmiyyətinə unutdurmaqda görürdü.
Admiral Qaltrop 67 nəfərlik
əsas qrupdakı dustaqları üç dərəcəyə
ayırmışdı. Tərkibinə 12 keçmiş
hökumət üzvü, siyasətçi və ictimai xadimin
daxil olduğu qrup birinci dərəcəli
sayılırdı. Əhməd Ağaoğlu ilə Ziya
Göyalp da təhlükəlilik baxımından
keçmiş sədrəzəmin, nazirlərin və millət
vəkillərinin yer aldığı həmin qrupda idi.
Onların hamısı erməni soyqırımında, yaxud
soyqırımı təşviqində
günahlandırılırdı. Bilal Şimşirin
yazdığı kimi ingilislər “qələmlərindən
başqa özgə bir silahları olmayan Ziya Göyalp və Əhməd
Ağaoğlu kimi şəxsiyyətlərin də üzərinə
“ermənilərə zülm” ləkəsini yaxmaqdan çəkinməmişdilər”.
Əsasən
millət vəkillərindən, vali, mütəsərrif və
qaimməqamlardan, habelə ayrı-ayrı zabitlərdən
ibarət olan (Ənvər Paşanın atası Hacı Əhməd
Paşa və şeyxülislam Xeyri Əfəndi də
onların arasında idi) 41 nəfərlik ikinci qrup da ölkədə
qarışıqlıqlar törətməkdə və erməni
zülmündə suçlu bilinirdilər. Bölgüdən
də göründüyü kimi onlar daha çox ikinci dərəcəli
rolların ifaçıları hesab olunurdu. Nəhayət, 14
nəfərlik üçüncü qrupa nisbətən
aşağı rütbəli hərbçilər daxil idi və
onların günahı müharibə əsirləri, ilk
növbədə isə ingilis əsgər və zabitləri
ilə pis rəftar sayılırdı.
Sənədlərdə
“Qars şurasının üzvləri” kimi keçən 11 nəfərlik
Cənub Qərbi Qafqaz Cümhuriyyəti hökuməti
üzvlərinin konkret suçu göstərilməsə də,
onların da sürgünə göndərilmələrinin səbəbini
ilk növbədə nəzarət altında
saxladıqları əraziləri türk torpaqları kimi
mühafizə etmələri, yerli əhalini erməni
zülmündən qorumaları ilə bağlı idi. İlk
növbədə ermənilərin, qismən də
gürcülərin haqsız ərazi iddialarına
qarşı çıxdıqları üçün
onları zorla vətənlərindən ayırıb Maltaya
sürmüşdülər.
Dustaqları
aparan zirehli gəmi mayın 29-da Egey dənizindəki
kiçik Limni adasına yan aldı. Yalnız ingilislərə
məlum olan səbəblər üzündən aralarında Əhməd
bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən
endirildi. Onları dustaqların qəbulu üçün əvvəlcədən
heç bir hazırlıq görülməmiş həbs
düşərgəsində yerləşdirildilər. Sonralar
faşistlərin oxşar cəza müəssisələrində
olduğu kimi, burada saxlananlar da adlarından daha çox
nömrələri ilə tanınırdılar. Məsələn,
Əhməd Ağaoğlu bütün sənədlərdə
2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Onları
dörd tərəfdən tikanlı məftillər və
keşikçi qüllələri ilə əhatə
edilmiş boş ərazidə saxlayırdılar.
Yaşayış funksiyalı heç bir tikili
olmadığından iri dəmir çəlləklərdə
gecələyirdilər. Limni adasında əsir həyatının
bütün əzablarını yaşayan “birinci dərəcəli”
qrupun üzvləri yalnız aradan dörd ay keçəndən
sonra – 1919-cu il sentyabrında Maltaya gətirilmişdilər.
lll
İlkin mərhələdə
Maltaya aparılanlar sözün tam mənası ilə taleyin
ümidinə buraxılmışdılar. İngilislər
onlarla istədikləri şəkildə rəftar edə bilərdilər.
Sultan hökuməti təbəəsi sayılan bu insanlarla əsla
maraqlanmırdı. Türkiyə Böyük Millət Məclisi
hökuməti hələ Avropaya təsir göstərəcək
gücə malik deyildi. Ona görə də hər kəs
başının çarəsini özü qılmalı
idi. Bəziləri lüzumsuz şikayətlərlə ingilisləri
haldan çıxaracaqlarından qorxaraq sakitcə oturub
gözləməyi üstün tuturdular. Bəziləri isə
əksinə, ilk gündən öz şərəf və ləyaqətlərinin
müdafiəsinə qalxmışdılar. Bu cür
barışmaz təbiətli adamların önündə gedənlərin
biri də Əhməd Ağaoğlu idi.
“Malta
sürgünlüləri” kitabının (ilk nəşr:
İstanbul, 1976) müəllifi Bilal Şimşir ingilislərin
adada əsir saxladığı şəxslərin səciyyəsini
verərkən Əhməd bəyi “Yavuz (burada sərt,
barışmaz mənasında – V.Q.) bir adam” kimi təqdim edir.
Həqiqətən də, Malta əsirləri arasında Əhməd
Ağaoğlu qədər haqsızlığa üsyan edən,
özünün, millətinin və dövlətinin şərəfini,
izzəti-nəfsini qoruyan, heç nəyə baxmadan daim
müstəmləkəçi ingilislərin üzərinə
yeriyən və hər fürsət düşdükcə
onların saxta cəngavərlik maskasını yırtan ikinci
şəxsə rast gəlmək mümkün deyil. Burada
mübaliğə yoxdur.
Onun qeyri-bərabər
mübarizəsi həbsə atıldığı ilk gündən
başlanmışdı. Əvvəldə də göstərdiyim
kimi, Əhməd bəy polis idarəsinə gətirilən
kimi tutulub saxlanmasının səbəblərini
aydınlaşdırmaq üçün müttəfiqlərin
nümayəndəsi ilə görüş istəmişdi.
Bunun ardınca isə şikayət ərizəsi yazmaq
üçün kağız-qələm tələb
etmişdi. Limni və Malta adalarında saxlandığı
müddətdə də o, eyni inadkarlıq və qətiyyətlə
düşdüyü vəziyyətlə barışmaq niyyətində
olmadığını dəfələrlə
nümayişkaranə şəkildə göstərmişdi.
İlk
baxışdan inanılmaz da görünə bilər: Bəkir
ağa bölüyündə saxlanan və sürgünə
göndərilənlər arasında hətta ingilislərə
minnətdar olanlar vardı. İzahat sadə idi: mal və can təhlükəsizliyinə
heç bir təminat verilmədiyi qarışıq zamanda
Britaniya imperiyası onları himayəsi altına alır, təhlükəsizliklərini
təmin edirdi. Aydın məsələdir ki, belə
düşüncə sahibləri heç kimə və
heç nədən şikayətlənməyi
ağıllarına da gətirmirdilər. Başqa bir qisim isə
şikayətlərin nəticə verməyəcəyi, əksinə,
ingilisləri daha da hiddətləndirəcəyi qənaətində
idilər. Bunun da cəzasını yenə özləri
çəkməli olacaqdılar: ingilislər sürgün
şərtlərini daha da ağırlaşdıracaqdılar.
Belələri yoldaşlarının hər hansı artıq
söz və ya hərəkətinə qarşı qətiyyətlə
çıxırdılar. Əhməd bəy də
ehtiyatlı həmkarlarından tez-tez “Yersiz şikayətlərinlə
bizi burada ömürlük çürüdəcəksən!”
tipli tənələr eşitməli olurdu. Amma bildiyini
heç kimə vermirdi.
“Haqqını
arayan daim möhtərəmdir” – prinsipi ilə hərəkət
edən Əhməd Ağaoğlu ehtiyac içərisindəki
sürgün yoldaşlarının yemək və
yaşayış şərtlərinin
yaxşılaşdırılması üçün
özünü qabağa verməkdən heç vaxt çəkinmirdi.
İngilislər yaz və yay axşamları gecə bayırda
oturmağı, yaxud saat 22-dən sonra siqaret çəkməyi
yasaq edəndə bu qadağalara qarşı ilk çıxanlardan
biri Əhməd bəy olmuşdu. Aza qane olaraq heç vaxt
düşməndən səxavət, yaxud mərhəmət
gözləməmək məhbəs və sürgün həyatının
ilk günlərindən başlayaraq əsas prinsipinə
çevrilmişdi. Təhqirə keçən ingilis əsgərinə
əl qaldırmaqla (prinsiplərinə yad olsa da!) onlardan əsla
qorxub-çəkinmədiyini göstərmişdi. Əvəzində
bir neçə günü müvəqqəti qaupvaxtda
keçirməli olmuşdu.
“İngilisə
onun qədər baş ağrısı verən ikinci bir
sürgünlü yoxdur. Azadlığa çıxması
üçün çarpışırdı. Amma bunu
yalvarıb-yaxararaq edəcək bir təbiətdə deyildi.
Lütf yox, haqq arayırdı. İngilisin
ikiüzlülüyünü ortaya qoyurdu. Sanki mübarizəsinin
son məqsədi öz azadlığı deyil, ingilisin
maskasını yırtmaq idi. Əsaslı hüquqi biliyi,
çoxillik qəzetçilik fəaliyyətindən irəli
gələn polemika bacarığı, mükəmməl
fransızcası, bunların hamısından daha çox isə
sərtliyi, barışmazlığı ilə altdan-altdan
iş görməyi üstün tutan ingilisi mübarizə
meydanına səsləyirdi. İngilislər isə bu sərt
adamla açıqdan-açığa polemikaya girməkdən
çəkinirdilər” – Bilal Şimşir Malta məhbusu Əhməd
bəyi belə sözlərlə səciyyələndirir və
araşdırdığı Britaniya Forin Ofisinin
sürgünlülərlə bağlı sənədləri
içərisində onun qovluğunun “ən qalın”
olduğunu göstərirdi.
Əhməd
Ağaoğlu Britaniya yüksək komissarı admiral Qaltropa
ilk müraciətini Bəkir ağa bölüyünə gətiriləndən
təxminən 20 gün sonra, 1919-cu il aprelin 16-da
yazmışdı. “Zati-aliləri! Həftələrdən bəri
zülm çəkən və bu zülmün sonunu görməyən
bir məhbusun yazdıqlarını axıra qədər
oxumağınızı ədalət və insanlıq
adına Sizdən xahiş edirəm” – sözləri ilə
başlayan məktubda o, “alman tərəfdarı”, habelə
“ingilis və erməni düşməni” sayılmasına qətiyyətlə
etiraz edərək bildirirdi:
“İngilislər
məni aşağıdakı məsələlərdə
günahlandırırlar: a) almanlara satılmışam, b) erməni
hadisələrində iştirakım olub. “Tayms” da (qəzetin
1919-cu il mart saylarının birində Əhməd bəyin
Qafqaz və Türkiyədəki fəaliyyəti haqqında
başdan-başa mənfi ruhlu böyük məqalə
verilmişdi – V.Q.) məni eyni məsələlərdə
günahlandırır. Bu iyrənc ittihamlara qarşı
çıxmaq üçün bütün imkanlarımın
əlimdən alındığı, ingilislərin sayəsində
azadlıq haqqımı da itirdiyim indiki şəraitdə
şərəf və həqiqət bayrağını hər
zaman yüksəklərdə saxlamış Britaniya
imperiyasının bir təmsilçisi kimi ədalət
axtarışımda Zati-alilərinizə üz tutmaq qərarına
gəldim”.
“Tayms” qəzetindəki
məqalədə Əhməd Ağaoğlunun 1916-cı ildə
Türkiyənin bir qrup millət vəkili və
tanınmış ziyalıları ilə Almaniyaya səfər
etməsindən və almanların pulu ilə İstanbulda qəzet
çıxarmasından bəhs olunurdu. Xüsusən sonuncu
iddianın cəfəngliyi məhbusda ciddi etiraz
doğurmuşdu. Çünki bir müddət baş
redaktorluğu ilə nəşr edilən “Tərcümani-həqiqət”
təxminən qırx illik tarixə malik milli nəşr idi.
Hakim “İttihad və Tərəqqi” partiyasının qeyri-rəsmi
orqanına çevrildiyi dövrdə onun heç bir xarici maliyyə
yardımına ehtiyacı olmamışdı. Eyni sözlər
fransız dilində cəmisi altı ay çıxan “Hilal” qəzetinə
də aid edilə bilərdi. “Bu iyrənc və
alçaldıcı iftiranı qətiyyətlə rədd
edirəm” – deyən Əhməd bəy daha sonra adının
hər hansı şəkildə erməni düşmənçiliyi
ilə əlaqələndirilməsinə toxunaraq
yazırdı: “Erməni hadisələri ilə əlaqədar
ittihama gəldikdə isə ona da eyni qətiyyətlə kəskin
etirazımı bildirirəm”.
Azərbaycanlı
publisist istər “Kavkaz”, “Kaspi”, “Həyat”, “İrşad” qəzetlərində,
istərsə də 1909-cu ildən sonra aparıcı
simalarından birinə çevrildiyi Türkiyə mətbuatında
erməni siyasətçiləri və ictimai xadimləri ilə
kəskin polemika aparmış, onların yalan və
saxtakarlıqlarını açıq şəkildə
söyləməkdən çəkinməmişdi. Əvəzində
Azərbaycanda yaşadığı dövrdə dəfələrlə
haqqında donoslar yazılmış, milli ədavəti
qızışdırmaqda, panislamizm və pantürkizmdə
günahlandırılmışdı. Lakin bütün bunlara
baxmayaraq, o heç vaxt nə Qafqazda, nə də Anadoluda ermənilərə
qarşı zorakılıq və düşmənçilik təbliğatı
ilə məşğul olmamışdı. Əksinə, məsələlərə
ədalətli yanaşmasına və obyektiv münasibətinə
görə İstanbul erməniləri onun şərəfinə
məşhur “Tokatlıyan” otelində ziyafət təşkil
etmişdilər. Bu barədə Əhməd Ağaoğlunun
ingilis yüksək komissarına ünvanlanan məktubunda da məlumat
verilirdi.
Daha sonra 1918-ci
ilin ikinci yarısında ana vətənindəki yarım illik
həyatına işıq salan Əhməd Ağaoğlu bu
dövrdəki fəaliyyəti ilə bağlı səsləndirilən
iftiralara qarşı çıxaraq yazırdı: “Rus
boyunduruğundan xilas olandan sonra övladı kimi geri
döndüyüm Azərbaycandakı davranışıma gəlincə,
ingilis, fransız və amerikan təmsilçiləri general
Tomsonu, polkovnik Şardinini və doktor Pasteni burada şahid
qismində göstərə bilərəm”. Özünün
“ingilis düşmənçiliyi” ilə bağlı irəli
sürülən əsassız ittihamları rədd etmək
üçün də Əhməd bəyin kifayət qədər
dəlilləri vardı:
“Zati-aliləri!
– deyə o, sözünə davam edirdi: – Ənzəlidəki
görüşlərdə Azərbaycan heyətinin rəhbəri
kimi mən çıxış etmişəm, ingilislərlə
məmləkətim arasında normal münasibətlər mənim
təşəbbüsümlə quruldu, xilas yolunun və gələcək
rifahın Britaniya imperiyası ilə işbirliyində
olması həqiqətini də xalqıma mən
aşıladım”. Əhməd bəyin fikrincə, onu ingilis
düşməni kimi qələmə vermək istəyənlərin
yalnız bir niyyəti vardır: bu da hansı yolla olursa olsun,
Parisə, Sülh konfransına getməsinin, orada
iştirakının qarşını almaqdan ibarətdir. “Azərbaycanın
və İngiltərənin düşmənləri bunu
bacardılar” – deyə o, fikirlərinə yekun vururdu.
“İngilis
dövləti tərəfindən həbsdə
saxlandığım üçün əvvəla ingilis
dövləti adından və ikincisi də ədalət naminə
mənimlə görüşmək borcunuzdur” – deyə Əhməd
bəy şəxsiyyəti, siyasi baxışları və qəzetçilik
fəaliyyəti ilə bağlı ortaya atılan
bütün iddialara aydınlıq gətirməyə
hazır olduğunu bəyan edirdi.
Onun ədalət
axtarışı şəxsi xarakter daşımırdı.
Əhməd Ağaoğlu ingilislər qarşısında
yalnız özünü deyil, mənsub olduğu milləti,
iman gətirdiyi dini, vətəndaşı
sayıldığı ölkəni, insanların hür
yaşamaq haqqını müdafiə edirdi. Onun şəxsi
nümunəsi tezliklə digər Malta məhbuslarını
da ingilislərdən yalvarıcı tərzdə ədalət
ummaq əvəzinə sərt tələblər və
ittihamlar irəli sürməyə
ruhlandırmışdı.
Aydın məsələdir
ki, ingilis yüksək komissarlığı tezliklə
barışmaz əleyhdar kimi qəbul etdiyi Əhməd bəyi
yetərincə dəyərləndirdi və onu “yerində
oturtmaq” üçün haqqında dosye toplamağa
başladı. İstanbuldakı Britaniya xəfiyyələrinin
məlumatları əsasında hazırlanan və admiral
Qaltropa təqdim olunan ilk məxfi materiallardan birində onun
aşağıdakı portreti yaradılmışdı:
“Qəzetçidir.
Panislamist təmayülün, habelə “İttihad və Tərəqqi”
partiyasının qızğın tərəfdarlarındandır.
1916-cı ilin yanvarından 1918-ci ilin mayına qədər “Tərcümani-həqiqət”
qəzetini nəşr etdi. Həmin dövrdə almanlardan
yardım aldığı bildirilir. Son zamanlara qədər
Osmanlı təbəəsi idi. Qafqazdakı evində Ənvər
Paşanı (fikrimcə, yanlışlığa yol
verilmişdir, Nuru Paşa olmalıdır – V.Q.) qonaq
saxlamışdır. Türkcə təbliğat xarakterli qəzet
çıxarmaq üçün Qafqaza 10 min lirə
apardığı deyilir. İki Azərbaycan zabitinin
İstanbula pul gətirdiyi, yarısının özü,
yarısının da İstanbuldakı bolşevik liderlər
(? –V.Q.) üçün olduğu barəsində məlumatlar
mövcuddur”.
Göründüyü
kimi, Əhməd Ağaoğlunun ifrat fəallığı əks
effekt doğurmuşdu. Rəqibləri də onun “zəif
yerini” axtarmağa başlamışdılar. Əllərində
suçluluğu ilə bağlı birbaşa dəlillər
olmadığından dolayı yollara baş vururdular. Onu
susdurmaq üçün ləkələmək, haqqında həm
türk hökumətinin, həm də mübarizə
yoldaşlarının nəzərində yanlış təsəvvürlər
yaratmaq fikrinə düşmüşdülər.
O da atılan əlcəyi
qəbul etmişdi. Limni adasından 1919-cu il iyunun 5-də
Britaniyanın Egey dənizindəki hərbi qüvvələrinin
komandanlığı vasitəsi ilə Londona göndərdiyi
məktubda bir daha özünü tanıtmağa
çalışmışdı. Parisdə keçən gənclik
illərindən, Azərbaycandakı ictimai-siyasi və jurnalist
fəaliyyətindən, çar üsul-idarəsinin təqib
və təzyiqlərindən, Türkiyədə qəzetçi,
millət vəkili və universitet professoru kimi
gördüyü işlərdən söz
açmışdı. Vətəninin gələcək
taleyi ilə bağlı çox mühüm səfər ərəfəsində
– Parisə gedərkən əsassız yerə həbsə
atıldığını təkrarlamışdı.
“Üzümü
İngiltərəyə tutur və soruşuram: mən niyə
buradayam? Bəlkə bir müharibə canisi kimi? Elə isə
günahım nədir? Zati-aliləri, bir daha təkrar edirəm:
özümü tamamilə günahsız sayıram!” – deyə
bəyan edən Əhməd bəy daha sonra ingilis rəsmiləri
ilə qiyabi dialoqunu belə davam etdirirdi: – “Bəlkə
doğrudan da bir günahım var. Elə isə bunun
açıq söylənməsini istəyirəm.
Azadlığını itirmiş adam daha nədən qorxa bilər?
Müharibə ilə heç bir bağlılığım
olmadığı halda nəyə görə mənimlə hərb
canisi kimi rəftar edilməlidir? Sizdən lütf və ya əfv
diləmək səviyyəsinə enmərəm. Sadəcə,
ədalət istəyirəm! Bir məhkəmə
qarşısına çıxarılmağımı,
mühakimə olunmağımı istəyirəm! Məhkəmənin
verəcəyi qərara boyun əyməyi əvvəlcədən
qəbul edirəm !”
Onun 1919-cu il iyulun 7-də “ingilis ədalətinin
və ingilis vicdanının ən səlahiyyətli təmsilçiləri”
adlandırdığı Böyük Britaniya lordlar
palatasının sədrinə və ədliyyə nazirinə
göndərilən məktub da eyni tələbkarlıq və
barışmazlıq ruhu ilə aşılanmışdır:
“Zati-aliləri! İngiltərə dünyaya meydan oxuyan
gücü ilə mənim kimi bir çox insanları
asanlıqla əzə bilər,” – deyə “tikanlı məftillər
və qoşa kilidli qapılar arxasında vəhşi heyvan
kimi saxlanmasından” qəzəblə söz açan Əhməd
bəy yazırdı: – “Amma bu İngiltərənin
şöhrətinə nə artıracaq? Bir dustağın
gücü çata biləcək ən böyük şey
mühakimə olunmasını istəməkdir. Bu haqqın
verilməsindən boyun qaçırmaq ona qarşı zor
işlətməyin ən qorxunc formalarından biri deyilmi ?”
Bütün əvvəlki müraciətlərində
olduğu kimi sitat gətirdiyim məktubunda da Əhməd bəy
izzəti-nəfsi baxımından vacib saydığı
mühüm bir məqamı təkrar vurğulamağı
yaddan çıxarmırdı. O, yazırdı: “Bütün
bunları sizdə mərhəmət duyğuları
oyandırmaq üçün söyləmirəm. Əsla!
Kiminsə mənə acımasını, yaxud günahsız
yerə bağışlanmağımı qətiyyən qəbul
etmərəm. Mən ədalət istəyirəm !”
Göründüyü kimi, həbsdə
saxlansa da, Əhməd bəy vicdanı azad olduğu
üçün açıq mübarizədən, məhkəmə
önündə sorğu-sual və araşdırmalardan
çəkinmirdi. İngilislər isə yenə də gizli
üsullara – xəfiyyələri vasitəsi ilə əksəriyyəti
real əsasdan məhrum olan donoslar toplanmasına
üstünlük verirdilər. Admiral Vebbin Londona göndərdiyi
növbəti iftira da əvvəlkilərindən fərqlənmirdi.
14 iyul 1919-cu il tarixli həmin sənəddə ingilislərə
“baş ağrısı” verən dustaq belə xarakterizə
olunurdu:
(Ardı var.)
Vilayət
QULİYEV
525-ci qəzet.-
2012.- 14 aprel.- S.24-25.