Nə vaxtsa “Qar yağacaq”....
mütləq
Əsər, yaxud kitab haqqında fikirlərimi həmişə şifahi demişəm. Ya təqdimatlarda, ya da müsahibələrdə. Yazılı şəkildə fikir ifadə eləməyə çətinlik çəkmişəm həmişə.
Elə Pərvinin “Qar yağacaq” kitabı barədə də bütün fikirlərimi təqdimatda deyəcəkdim, lakin tədbirin ortasında telefonuma gələn bir zəng bütün əhvalımı korladı, çıxış zamanı fikrim qarışdı, demək istədiklərimin çoxunu deyə bilmədim. Onunçün də oturub yazmağa məcbur oldum.
Həm də mənim Pərvinə bir yazı və bir müsahibə borcum var. Ötən il mənim ssenari müəllifi olduğum “Ölüm növbəsi” bədii filminin təqdimatından sonra Pərvin Abşeron həyatından bəhs edən bu film haqqında yalnız əsl bakılı qələmindən çıxa biləcək çox gözəl bir yazı yazıb dərc elətdirmişdi. “Bakı tarixindən kollaj” kitabım “Humay” mükafatına layiq görüləndə isə Pərvin mənimlə bu kitab barədə çox geniş bir müsahibə hazırlamışdı. İndi mən də yazı borcunu verirəm, müsahibə borcunun altından da yəqin ki yaxın vaxtlarda çıxmağa çalışaram.
Pərvin Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin ən aktiv üzvlərindən olub. İlk ciddi yazıları da məhz bu məktəbin fəaliyyətinə qoşulandan sonra ortaya çıxıb. Lakin onun yazdıqları barədə fikirlərimə keçməmişdən əvvəl, ümumilikdə Gənc Ədiblər Məktəbinin və konkret olaraq Rəşad Məcidin gənc yazarlara təsiri barədə bir-iki kəlmə yazmaq istərdim. Bu layihə fəaliyyətə başlayan dövrlərdə gənc yazarların bir çoxları arasında ədəbiyyata məhz qalmaqalla, hay-küylə, kimlərisə sancmaqla gəlmək meylləri daha güclü idi. Bunun səbəbini xırdalamaq istəməzdim, amma bəzi dırnaqarası böyüklər gənclərin çoxunun beynini doldururdular ki, indi zamanə başqadı, indi ədəbi mühitdə özünü tanıtdırmağın, özünü təsdiq eləməyin yeganə yolu məhz kimlərisə sancmaq, kimlərisə atəşə tutmaq, yaxud da hansısa əxlaq çərçivələrini sındırmaqla diqqət cəlb eləmək, orjinal görünməkdir. Əfsuslar olsun ki, bir çox istedadlı cavanlar da belə mənfi təsirlərə aldanıb bu yanlış yola düşürdülər. Amma Gənc Ədiblər Məktəbi ətrafına toplaşan gənclərə bu fikirlərin əksi təbliğ olunurdu. Özüm bu tədbirlərdə dəfələrlə iştirak etdiyimə görə görürdüm ki, həm Rəşad Məcid, həm də GƏM-nin qonağı olan tanınmış ziyalılarımız gəncləri bu mənfi meyillərdən çəkindirməyə, onların bütün enerjilərini yalnız və yalnız ciddi ədəbi yaradıcılığa yönəltməyə çalışırdılar.
Əlbəttə, bu gənclərin heç da hamısı eyni dərəcədə istedadlı, zəhmətkeş deyildilər və indi ortaya qoyduqları əsərlər də bədii keyfiyyətinə görə müxtəlif cür dəyərləndirilə bilər. Lakin bir faktı qeyd etmək istəyirəm ki, Gənc Ədiblər Məktəbinin üzvlərindən heç biri, bayaq haqqında danışdığım “əyri yol”la getmədilər. Bu gənclərin adları qalmaqallarda, dedi-qodularda hallanmadı. Onların hər biri öz gücü, istedadı və imkanları daxilində əsl ədəbiyyata xidmət etmək yolunu tutdu ki, buna görə də, məncə ilk növbədə dostumuz Rəşad Məcidə təşəkkür etməliyik.
Pərvin də bu mühitə qədəm qoyan gündən bütün hay-küylərdən, qalmaqallardan kənarda dayandı, fikrini, diqqətini yalnız yazılarının üstünə yönəltdi. “525-ci qəzet”-də silsilə esseləri və hekayələri çap olundu, tanınmış ziyalılarımızla müsahibələr elədi və nəhayət bu yaxınlarda “Ulduz” jurnalında maraqlı bir kinopovesti dərc olundu. Ən sevindirici cəhət isə Pərvinin yazılarında yüksələn xətt üzrə inkişafın danılmaz olmasıdır. Çoxsaylı gənc yazarlarımız var ki, onun beş il bundan əvvəl yazdığıyla indi yazdığını yanaşı qoysaq, fərqləndirə bilmərik. Amma Pərvinin yazılarındakı fərq göz qabağındadır. Hiss olunur ki, o, özü üzərində dayanmadan işləyir, mütaliə edir, yazı manerasını bacardığı qədər təkmilləşdirməyə çalışır. Əgər iki il əvvəlki yazıları sadəcə hisslər və təəssüratlar üzərində qurulan ekspressiyalardan ibarət idisə, son ildə çap olunan hekayələrində artıq kiçik nəsr modelləri, düzgün süjet quruluşu müşahidə eləmək olar. Onun hekayələrinin üstün cəhəti məhz bunda – yəni ötəri ekspressiyaların, dəyişkən əhval-ruhiyyənin düzgün süjet modelləri üzərinə zərgər dəqiqliyi ilə otuzdurulmasındadır. Bu hekayələrdə oxucunu yora biləcək artıq heç nə görünmür. Əksinə, Pərvin simiclik edərək oxucunu tam doydurmur, bir qədər ac saxlayır. Sənə elə gəlir ki, danışılan hadisə barədə daha nələrsə deyilməliydi, daha nələrsə xırdalanmalıydı. Amma Pərvin bunu eləmir, hər şeyi açıb tökmür. Sanki oxucunu yerdən qaldıran bir uçuşa start verir, lakin bir qədər qalxandan sonra qəfildən mühərriki söndürür, oxucunu öz ixtiyarına buraxır və ölümdən qorxan oxucu yerə çırpılmamaqçün özü birtəhər qanad açaraq bu uçuşu davam etdirmək məcburiyyətində qalır. Pərvin sanki demək istəyir ki, mən səni zərif çiyinlərimə alıb buraya qədər qaldırdım, indi isə mənim daha vacib işlərim var, getməliyəm, demədiklərimi özün fikirləş, açmadıqlarımı özün açmağa çalış. Əgər bacarmayacaqsansa, gücün çatmayacaqsa, bunun günahı məndə deyil.
Danılmaz faktdır ki, indiki ədəbi yazıların çoxunda açıq publisistika baş alıb gedir, müəllif mövqeyi çılpaq qadın həyasızlığıyla oxucuya təlqin edilir. Yazıları oxuyub qurtarandan sonra baxırsan ki mövzu barədə artıq hər şey deyildi, hər şey açıldı və sənin o yazarla kontaktın da qırıldı.
Və bu cür çılpaq həyasızlığın fonunda Pərvinin bəzən sadəlövh, bəzən primitiv, bəzən də natamam görünən hekayələri öz həyası ilə, deməkdən çox deməməyi ilə seçilir. Onun məhz demədikləri mütaliə prosesindən sonra da oxucunu düşünməyə məcbur edir, başqa sözlə desək, oxucu ilə yazıçının kontaktı uzun müddət qırılmır. Bu hekayələrdə qəfil ajiotaj yaratmaq, oxucunun diqqətini hansısa qeyri-adi fikirlə cəlb etmək, olduğundan daha fərqli görünmək cəhdləri yoxdu. O, necə varsa, elədi. Onun hekayələrində həssas bir qızcığaz romantikası ilə dünyagörmüş ağıllı bir qadın müdrikliyi biri-birini çox təbii şəkildə əvəz edir. Qəzetdə bu ikili xarakter o qədər hiss olunmur, çünki yazılar ayrı-ayrı vaxtlarda oxunur. Lakin kitabda ardıcıl olaraq hekayələri mütaliə edəndə, oxucunun gözünün qarşısında Pərvinin çox maraqlı bir daxili portreti, ruhani obrazı canlanır. Adama elə gəlir ki, bu insanın içində öz fiziki yaşından çox-çox kiçik olan kövrək bir qızcığaz və bu yaşdan qat-qat böyük olan dünyagörmüş, müdrik bir qadın əyləşib. Məncə Pərvinin yazılarının əsas fərqli cəhəti də məhz bu ikili obrazdadır.
Bütün bunların üstünə çox zərif, həssas, bəzən hətta güclə seziləcək incə yumoru da gələndə, Pərvinin hekayələrini nəyə görə maraqla oxunmasının səbəbləri aydın olur.
Onun ən son əsəri olan “Balerina” kino-povesti isə ümumiyyətlə tamam fərqli bir yazıdır. Mənə elə gəldi ki Pərvin bütün yazdığı hekayələrdə məhz özünəməxsus, məhz özünün kəşf etdiyi yazı manerasının axtarışındaydı və bu povestdə onu tapmış kimi görünür. Əsər düzgün dramaturji quruluşu olan bir kino süjeti üstündə qurulsa da, təhkiyəsi sırf poetik üslubdadır. Pərvin bu povestdə sanki oxucuya poetik bir kino göstərir.
“Ekran yavaş-yavaş işıqlanır. Yataq otağı. Geniş çarpayıda gənc bir qadın yatıb. Onun yanında uzanmış balaca qız uşağı isə oyaqdı. İri açılmış gözləriylə çarpayının üstündə uçuşan nağıllara baxır, gülümsəyərək əlini uzadıb nağılları tutmaq istəyir.
Kamera panoram edir. Yataq otağının divar kağızı tünd həsrət rəngindədir. Pəncərənin yanından asılmış iri tabloda rəngarəng arzu şəkilləri çəkilib. Çarpayıdan azca aralıdakı kamodun üstündə plastmass meyvəqabı və bıçaq qoyulub. Meyvəqabının içindəki xatirələrdən biri dişlənib... “
“Balerina” kinopovestinin
bütün mətni məhz bu cür
qurulub. Sırf kinossenari üslubunda
olan remarkalar, təsvirlər sanki metaforik bir poeziya
dilinə tərcümə
edilib.
Kino-povestin əsas
məzmunu öz dünyası olan mələk xislətli, saf təmiz görünən bir qadının içindəki
metamarfozalar üzərində
qurulub. Nə qədər ki
qadının illüziyaları
onu yaşadır, o xöşbəxtdir, işıq
saçır, hamını
öz nuru ilə valeh edir. Lakin bu illüziyalar dünyası azca çat verən kimi bu qadının
varlığını əhatə
edən mələk cildi şüşə örtük kimi çat verərək dağılır, ovulub tökülür və altından vəhşi bir canavar obrazı
çıxır. Lakin əsərin
sonu heç də bədbin notlarla bitmir. Pərvin o biri hekayələrində
olduğu kimi burda da oxucunu
sonda ağappaq bir işığa çıxarır. Qəfil bir
təsadüf nəticəsində
qadının illüziyalar
dünyası bərpa
olur. Daha doğrusu bərpa
olmur, dağılan bir illüziyanın əvəzinə tale ona başqa bir illüziya nəsib edir, qadının daxili müvazinəti bərpa olur və o yenə də əsərin əvvəlindəki mələk
obrazına qayıdır.
Mələk və iblis. Bir qadın
xislətində bu iki ziddiyətin birləşməsi – povestin
əsas ideyası bundan ibarətdir. Əlbəttə onun təsvir
elədiyi epizodların,
konkret detalların, baş qəhrəmanın
xarakteristikasının üstündə
daha geniş dayanmaq olar, lakin çalışdığım
“Ulduz” jurnalının
maraqlarından çıxış
edərək bunu eləməyəcəm. Çünki kino-povest bizim jurnalın mart sayında dərc olunub və maraqlanan oxucular alıb oxuya bilərlər.
Pərvinin haqqında həm təqdimatda söylənilən
xoş sözlər, həm də mənim burda yazdığım fikirlər
əslində Anar müəllimin dediyi kimi yalnız “avans”dır. Təbii ki Pərvin
yaradıcılıq yolunun
başlanğıcındadır, hələ çox şeyləri öyrənməlidir,
yazı manerasını
çox təkmilləşdirməlidir,
istər üslub, istərsə də dil qüsurlarını aradan qaldırmağa çalışmalıdır. Onun indiki yazıları
iki il
əvvəlki yazılarından
fərqlənir, bu faktdır, lakin iki il sonrakı
yazıları da indiki yazılarından eyni qədər fərqlənməsə, onda
təəssüflə demək
olar ki, bütün bu avans hədər yerə sərf olunub. Amma onun zəhmətkeşliyinə,
inadkarlığına və
daxili enerjisinə inandığım üçün
əminəm ki, belə olmayacaq.
P.S. Tədbir vaxtı çıxışçılardan kimsə dedi ki, Pərvinin yazılarında bir tənhalıq, təklik
hiss olunur.
Yox, elə
deyil, müəllim. Pərvin heç
vaxt tək olmayıb və olmayacaq da. Çünki Pərvinin arxasında Bakı ruhu durur..
Deməli, Pərvin kürəyini
dağlara söykədib.
Və bu dağlar heç vaxt onu yıxılmağa qoymayacaq.
Deyə bilərsiz ki, Bakıda dağ yoxdu.
...Var. Sadəcə, o möhtəşəm dağlar Bakı ruhuna bütün varlığı ilə sadiq olanlarçündü... Pərvin kimi.
İlqar FƏHMİ
525-ci qəzet.-
2012.- 14 aprel.- S.19.