Məhəmməd Əmin Rəsulzadə

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Yeni şəhər qərardadi

 

Dünki sayımızda Vəzirlər Şurasının şəhər qərardadi həqqində bir qərari dərc edilmişdir.

Bu qərar Rusiya cəmaətinin, tərəqqipərvər cəmaətinin çoxdan bəri arzu elədigi şəhər qərardadının islahına aiddir.

Vəzarətin təsəvvürüncə ediləcək bu islahat rus cəmaətini razı salacaq bir haldamıdır?

Məlum olduğu üzrə mövcud qərardaddan iki növ narazılıq vardı.

Birincisi bu ki, bu qərardad demokratik degildir. Şəhərin bütün ixtiyarlarını ev sahibi bulunanların, ticarət və sənaət idarələri saxlayanlara veriyordu.

Kirayənişinlərlə, sənaət və ticarətxanələrdə xidmət edənlər isə yaşadıqları şəhərin müqəddəratını, təqdiratını idarəyə ancaq kənardan baxmaqla həsrət çəkiyorlardı. Halbuki kənardan baxanlar arasında şəhər işindən anlar, bilikli, ruhlu və himayətlilərin çox olduğu ilə cəmaət lehinə olanların daha səlahiyyətli olduqları məlum olur.

Narazılıqdan birisi də qərardadın “milliyyət” və “din” ayrılığı üzərinə qurulmuş olduğu idi. Əski qərardadca şəhər intixablarında yəhudilərə həqq verilmiyordu. Müsəlmanların həqqi kəsilirdi. Qeyri-xristian olduqlarından da Daxili Rusiyada bütün qlasnılardan beşə birindən artıq olamaz. Zaqafqasiyada isə yarıdan çox çıxa bilməzlər idi. Bu hüquqsuzluq Rusiya cəmaətini xristian və qeyri-xristian olaraq doğma və ögeylərə bölür, araya ikilik salıyordu. Heyəti-vüzarədə qəbul olunub da dumaya girdiriləcəgi xəbər verilən yeni qərardad həqdə agentə teleqrafının gətirdigi xəbər qısadır. Bu qısa xəbərdən daha bir çox “qissə” söylələrin nələr dedigini dərk etmək mümkün degildir.

Fəqət bu “qissə”dən dəxi gözə görünən bir “hissə” meydandadır ki, o da intixabların sinif və təbəqəcə ümumiləşməsi həqqində vaqe olan tələbə qarşı bir güzəşt varsa da, milliyyət və din nöqteyi-nəzərindən bərabər olması həqqindəki arzulara etina edilmədigidir.

Yeni qərardadə görə mülk və ticarətxanə sahiblərindən başqa mənzil vergisi verən kirayənişinlər də şəhər intixablarında iştirak edəcəklərdir. Kirayənişinlərin nə dərəcədə və nə əndazədə və nə kibi ləyaqətlə (tesniz) seçki həqqinə malik olacaqları teleqrafnamədə təsrih olunmamışdır.

Kirayənişinlərin də ev sahibləri ilə bərabər şəhər həyat və idarəsinə şərik olmaları əsasi tərəqqipərvər Rusiya sinfinin çoxdan bəri gözlədigi islahat ərkanından birini təşkil edər. Biz dəxi ümumi vətənimiz olan Rusiya ilə bərabər kəndi millətimizin tərəqqi və təməddün etməsini ancaq tərəqqipərvər və demokratik prinsiplərin qazanılmasında gördügümüzdən şəhər qarardadındaki bu islahı alqışlar, ona sevinəriz.

Fəqət böyük və aşkar bir həqiqət var ki, onu burada da nəzərdən salmamalıdır.

Bir bədənin tərbiyəsi bütün əzaları arasında mütənasib olursa, o zaman öylə bir tərbiyə ayrı-ayrı üzvlərin sağlamlığını mücib olduğu kibi, bədənin birlikdə tənasubi-əndam, sihhət və etidal məzacını da mucib olur. Əks surətdə bir üzvün tərbiyə və işlənməsi atil buraxılan üzvlərin zəfini mucib olar və şübhəsiz ki, təbii olan bu hal əndamın tənasibini, tənasübini, sihhət və etidalını da xələldar edər.

Bugünkü nömrəmizdə “Baku” qəzetəsindən mənqul rəqəmlərdən görəcəksiniz ki, məsələn, bizim şəhərdə təsəvvür olunan islahat həqiqətən qüvvətli olan rusları (daha doğrusu xristianları) felən də qüvvətləndirəcək. Halbuki, hüquqən zəif olan müsəlmanları felən də zəif buraxacaqdır.

Bu vəqtə qədər müsəlmanlar yarıdan artıq qlasnı seçmək həqqinə malik degil idisələr, heç olmasa qlasnı intixabında səsləri əksəriyyətdə idi.

Bunun əməli bir faidəsi inkar olunsa da, nəzəri bir məziyyəti hərgiz inkar olunamaz. Duma seçgilərində çox səsə malik olan müsəlmanlar müsəlman qlasnı seçməkdə məhdud olsalar da, heç olmasa qeyri xristian qlasnılar arasından daha müvafiqlərini ayırmaq imkanına malik olurlar. Halbuki qeyri xristianlar həqqində mövcud olan “hüdud” baqi ikən seçgilərin kirayənişinlərə dəxi təsmil olunması misal üçün aldığımız “Baku”da – müsəlmanların əlini nəzəri olaraq bu imkandan da çıxarıyor.

Bu surətlə demək olar ki, təsəvvür olunan şəhər qərardadi islahi arzu olunan islahlardan birisinə yanaşıyorsa da, o birisini əski halında saxlamaqla daha fəna bir halə qoyuyor.

Bu iştə, bədənin yarısını sağaldıb o biri yarısını fəlc halına gətirməkdir.

Fəlc bir vücudin sağ tərəfinə qədər qüvvətli olsa, hər tərəfi tənasüblə zəif və ya əlil olan bir vücud qədər də iş görə bilməz.

Köhnə bir həqiqəti söyləmək lazım gəliyor ki, musavatla görülən zülm eyn ədalətdir.

Ədalət bu mənada olsa da görə biləcək degilmiyiz?

Bu qanun layihəsi Dövlət dumasına gələcək, şübhəsiz ki, müharibə xətlərində, vətən müdafiəsində ögey-doğmalıq göstərmiyib də vətənin sadiq oğulları surətilə can verən məmləkət xəlqini bu kibi “əali” və “ədəni” cinslərə bölmək politikasının hala dəvam edib durmasına qarşı söz söyliyənlər olacaq və bu qanun layihəsinə arzu olunur surətdə “təshihlər” təklif edənlər tapılacaq.

Fəqət duma əksəriyyətini təşkil edən blokçular buna etina edəcək və təshihlərə yol verəcəklərmi?

Ənud və qəddar düşməni basmaq üçün daxili ittihada möhtac olduğumuzu “üsuli-dinindən” sayan blok ilk baxışda öylə təsəvvür olunur ki, bu xüsusda “ögey”lərə məxsus məsələlərin bloka girən altı fraksiyayi biri-birinə bağlayan sapların ən nazigi olduğundan ehtimal ki, blokçular “riştə”yi qırmaq da istəməzlər.

Duma açıldığı zaman qeyri ruslara mənsub olan millətlər, bu millətlər həqqində mövcud olan idari və qanuni təhdidlərin qaldırılması həqqində vermək istədikləri bəyannaməyə blokçuların imzasını ala bilmədilər. Ona görə də bəyannaməni elan etməkdən aciz qaldılar.

Bu vaqeə ilə bərabər blokun qeyri-rus millətlərdən ancaq polyaklarda öpüşə bildigi (o da Lehistanın müstəsna bir halda olduğu üçün) keyfiyyəti dəxi bloka “bel bağlamaq” ümidini verəmməz.

Bu halda bizə yalnız yəhudi vəkilləri və ən sol firqələrlə bərabər olub da dad və fəryad salmaqdan başqa bir vasitə qalmayır.

Şübhəsiz, deyənlər ola bilər ki:

“An ke əlbəttə bicayi nərsəd fəryadəst”

Fəqət öylə də zənn edilməsin. “Fəryad”ın gec eşidilməsi mümkündür. Fəqət bu heç bir zaman ymidimizi qırmasın. Çünki bu fəryad rus bürokrati qəlbinə dəgilsə də, rus cəmaəti ürəginə təsirsiz qalamaz.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 3 mart 1916, ¹126

Qissə – hekayə

Təsrih – aydın, açıq söyləmə

Mucib – səbəb, lüzum

Atil – tənbəl, boş

Mənqul – köçürülmüş, nağıl edilmiş

Fəlc – iflic

Əali – əlalar, yaxşılar

Ənud – inadkar

Riştə – iplik, sap

 

Qurtuluş bayramı

 

Novruz – yeni gün!

 

Həyat bir mübarizədir. Bittəb bu yeni bir söz degildir. Fəqət, novruzda yeni bir gün degildir.

Novruz günü, Novruz ənənəsi (Ata-babalardan qalma adətlərə ənənat degilir.- M.Ə) əski zamandan bəri təkrar edərək gəldigi halda, tazəligini itirmədigi kibi “həyat bir mübarizə olduğu” hikməti dəxi təkrarlamaqla köhnəlməz.

Mübarizənin iki zidd qüvvə arasında vaqe olduğu ilə həyatın da bu iki mübəddanın vuruşmasından ibarət olduğunu sənaiyyət (ikilik) fəlsəfəsi və bu fəlsəfənin qədim və şairanə müməssili olan Zərdüşt dini qədər açıq surətdə göstərən olmamışdır.

Pərilər, divlər, məlikələr, cinlər haman “Hürmüzd” ilə “Əhrimən”in yaru-inizarından başqa bir şey degildir.

Fəqət mübarizə yalnız mafövqəl təbiyyatda degildir. Təbiət də Hürmüzd ilə Əhrimən mübarizəsində bitərəf qalmıyor.

Məşhurdur ki, təbiət laqeyddir. Fəqət yaşayışı, mövcudati yaxşılıq Allahı ilə yamanlıq Allahı arasındaki vuruşmadan ibarət görənlərcə, bu mübarizədə təbiət belə laqeyd degildir.

Sovuq, qış, qaranlıq, gecə, asimanı- fəlakətlər, yuranlar, fırtınalar həp devin, şeytanın, Əhrimənin tərəfdarlarıdır.

İstilik, bahar, günəş, günüz, həyatbəxş yağmurlar, axar sular, çeşmələr, sakit və rakid göllər, çiçəkli çəmənlər həp Hürmüzdün yavrularıdır.

Qış,o soyuq, o dondurucu qış bütün yaşayışı fəlc bir halə gətiriyor, hər şeyi öldürüyor, mübarizeyi-həyati çətinləşdiriyor. Bahar gəlincə nəşvü-nüma, gögərmək, böyümək, bir sözlə, yaşamaq qarşısında olan sədlər əriməgə başlayır, təbiət əsarətdən qurtuluyor.

İştə, qurtuluş bayramı, yeni bir gün – Novruz!

Novruz İran ənənəsi–deyə sayılır. Əlbəttə, burada böyük bir münasibət, buna görə də bir həqiqət vardır. Fəqət iranca xüsusi bir məhəbbət və əlaqədarlıqla saxlanılan bu bayram yaxşıca tədqiq olunarsa, o zaman görülər ki, bahar bayramı dünyanın bütün millətlərində vardır.

Hələ türk ənənəsi, türk əsatiri və türklərin imdiki məişətləri novruzun kəndilərinə yabançı bir şey olmadığını göstəriyor.

Bütün Türkistan – bu əski Turan – Novruzu İran qədər bənimsəmişdir. Azərbaycan, bəlli Türkiyə dəxi martın 9-nu (tam illərdə 8-ni) ailələr içində mütədəvvəl xüsusi bir ənənə ilə yad edər. İstanbulun məcun bayramı dedigi və dairəyi-şümuli ancaq daxili ailə həyatlarına məxsus olan bayram iştə bu novruz bayramıdır.

Uzun bir vəqt öylə düşünülüyordi ki, bu təsir İrandan keçmişdir. Fəqət, İran ilə Turanın daima biri-birilə vuruşduğu halda, sırf İran ənənəsi olan Novruzun nədən dolayı turanlılar tərəfindən də böylə əzizlənməsi bir az şübhəli idi.

Qədim türk və moğol ənənat və əsatiri həqqində başlanmaqda olan tədqiqat arayə moğollarca məşhur olan “qurtuluş” lecanini (əfsanəsini) çıxarıyor ki, bu əfsanəcə dəmirdən yapılma bir “sədd” vasitəsilə “Ərkənəqon” da hasarlanıb qalmış olan türkləri boz qurd (Pörtəcnə) bu gün (martın 9-da görünüyor ki, o il naqis illərdən imiş) xilas etmişdir. (“Qurtuluş” məcmuəsinin ilk nömrəsinə müraciət olunar. – M.Ə.) Demək ki, bu gün turanlılardan ötrü qurtuluş bayramı olmuşdur.

Moğol əsatirində böylə bir əfsanənin vücudi, İran nüfuzinə yabançı olan Turan qovmlərində dəxi martın 9-na qarşı əskidən bəri göstərilməkdə olan tövcə, bundan əlavə martın 9-u xilaskari olan “qurd” ilə 9 sayına qarşı turani qovmlərdə görülən bir ehtiram, hər halda novruzun turani qovmlərdən ötrü biganə və qeyri-təbii bir bayram iddiasında olanları bir az düşündürməlidir.

Məlumdur ki, millətlərin ənənati-əsatiriyyəsi biri-birinə qarışmışdır. Bilxassə bu qarışıqlıq biri-birilə çarpışaraq gəlmiş olan millətlərdə vaqe olmuşdur. Ruslar əsatiri-milli qəhrəmanlarına “boqatır” diyərlər ki, əski moğolcanın “batır”ından, yəni türkcənin bahadırından başqa bir şey degildir. “Boqatır”ların yalnız isimləri degil, bir çoxları var ki, “tip” və “xarakter”cə də eynilə tatarlardan alınmışdır. Bu hal İran ilə Turan əsatiri həqqində də iddia edilməkdədir. Böylə bir iddia İran ilə Turan həqqində iddia olunursa, “qiyamətmi qopar?”

Zatən əsatir, bunun beynəlmiləliyyəti – islamiyyənin ovcu-rüknini təşkil edən turanilər, iranlılarla samiləri (ərəblər) əmioğlanları kibi təsvir edər. İranilərin babası olan İrəc, turanlıların babası olan Tur və ərəblərin babası olan Sam Yafəsin oğlanları idi. İranilər ilə turanilərin sonra ərəblər ilə bunların vuruşması, qardaşlar və əmioğlanları arasında görülməkdə olan vuruşmalar qəbilindən qeyri-təbii olmadığı kibi, aralarından müştərək ənənə dəxi ortaqlı bir baba malı kibi təsəvvür oluna bilməzmi?

Turanilik olsun – deyə novruza qarşı çıxmaq bəncə Şərq və İslam millətlərindən iki böyük ünsür arasında lüzumsuz yerə sovuqluq salmaqdır. Bundansa zatən şərikli olan bu günü heyvanat, nəbatat, xülasə bütün kainatla bərabər istiqbal edərsək, daha münasib olmazmı?

Novruz ənənəsi vəqtilə İranda belə unudulmuş, hətta münəccimlərcə vəqti belə çaşdırılmışdı. Nəhayət, türk hökmdarlarından cəlaləddin Məlik şah Səlcuqi zamanında təqvimlər düzəldi. Novruz günü ziclərə tətbiq etdirildi və şəmsi tarixlər arasında bəncə ən mükəmməl və ən əməlisi olan tarixi cəlali təsis edildi (Tarixi-cəlalidə aylar hamısı 30 gündən hesab olunub axırında qalan beş günü “xəmseyi-müstəriqə” adlanır. – M.Ə.) ki, bundan indi 838 il keçməkdədir.

Bir türk hökmdarının gəlib də İran ənənəsini diriltməsində Sultan Mahmud Səbiktəkin Firdovsiyə, məzmunu iranilərin turanilər əleyhində icra elədikləri “pəhləvanlıqları” şerləndirən bir “Şahnamə” yazdırtmaq qəbilindən bir xəta irtikabı görənlər də buluna bilər. Fəqət elmi-fənn sevgilisi olan cəmaləddini bu fikrə sövq edən gizli və hiss edilməz amillərdən birisi də novruzun turanlılarca bir “qurtuluş” günü olduğu ənənəsi olmasın?...

Hər halda gözəl baharın, qışın öldürücü “siyəhcal”ından çıxması ilə turanilərin “Ərkənəqon” məhbəsindən qurtuluşlarına təsadüf edən bir güni elmi və fənni surətdə təyin edən böyük səlcuq hökmdari bu xüsusda müvaxizə degil, təqdir olunmalı!...

Turan cinsi təbiət qədər mətin, onun qədər qüvvətlidir.

Təbiət o qüvvətilə, o məhəbbətilə əsir qalır da, sonra tazələnməyə, donuşluqdan qurtulmağa ehtiyac göstəriyor. Turan qovmlərindən ötrü də qışlar, donmuşlar sovuqlar vardır. Bunlardan qurtulmaq dəxi kəndilərinə müqəddərdir.

Əski moğol əsatiri bu qurtuluşlardan birini martın 9-da sorağ veriyor.

Təbiətin bayram etdigi bu gün turanilərin də qurtuluş günüdür.

İmdiki turanilərin üzərində əsatir turaniləri saran “Qaf” dağından daha artıq əl-qol saran bir Əhriman qüvvəti var – cəhalət.

İştə, bugünki qurtuluş günündə təmənni edəlim ki, qovmümüz bu qüvvəti (cəhaləti) basmaqla həqiqi Novruzunu – Qurtuluş bayramını bulsun!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 8 mart 1916, ¹130

 

Ellə – əllah, allah

Zic – ulduzların hərəkət cədvəli

Tovcih – döndərmə

Rakid – durğun

Müvaxizə – məzəmmət etmə

İrtikab – pis və ya qadağan edilmiş işi görmək, rüşvət almaq

 

İbn Sina yurdunda

 

Bugünki sayımızda Buxaradan bir məktub dərc ediyoruz.

Məktubda zikr olan mövsif vaqeə həqqində şimallı rəfiqlərimizdən nəql ilə “Doğru söz” dəxi “Buxarada müsri xəstəlik” ünvanı altında təfsilat vermişdi.

Biçarə qorxunc bir yoluxmaya (müsri xətəliyə) tutulmuşdur.

Ölənlərin miqdarı gündə yüzdən artıqdır. “Vəqt” rəfiqimiz yazılan məktublardan birisində bir ayın içində on bin qədər buxaralının öldügü xəbər veriliyordu.

Müxabirlər yoluxmanın yerlilər məxsus olub qaldığını xəbər veriyorlar. Kimi bunu sip növü təyif, kimi isə vəba adlandırıyor.

Bəzisi isə bunun novi daha yaxşıca bilinməyib Buxaraya məxsus bir xəstəlik olduğu iddiasındadır.

Birisi uşağına bazarda başmaq almaqda ikən düşüb ölmüş. Digəri namaza sağ ikən başlamış, fəqət son rükətə gəlincəyə qədər ölmüşdür.

Küçələrdə gedərkən düşüb ölənlər çoxdur.

Xülasə, qorxunc bir fəlakət, dəhşətli bir bəla!

Fəqət müxabirlər əsil yoluxmadan daha müdhiş bir şeydən də xəbər veriyorlar, Buxara üləması, Buxara hökuməti, quşbəgisi əmiri qorxunc xəstəliyə qarşı dua və münacatdan başqa bir tədbir düşünə bilməmişlərdir.

Əmr edilmiş təkbirçilər küçə-küçə gəzişib Allahu Əkbər çağırsınlar.

Xəlq mollalarla, üləmalarla bərabər müsəllayə çıxsınlar – minarələrdə müəzinlər əzan versinlər. Hətta yəhudilərə də tapşırılmış ki, sinoqoqlarına doluşub onlar da dua və sənayə məşğul olsunlar.

Bir vanəfsa, sanki qiyamət qopuyor!

Xəstəliyə təbabət, hifzəl-sihhəyə rəayətilə degil, dua və səna vasitəsilə çarə etdirmək tədbiri xəlqi daha da qorxuya, yas və ümidsizligə salmışdır.

Bu xəbərləri oxurkən Buxaranın bir zaman olub islam aləmində, islam elm və mərifəti dünyasında tutduğu şanlı mövqei xatirə gəliyor. Bu işıqlı üləması sayəsində “Şərif” ləqəbini qazanmış Buxara nə günlərə qalmış, nə böyük bir dərkeyi-səfalətə yuvarlanmışdır?

Buxaradan yetişən islam üləma və məşahirini gözdən keçirdikdə təbib-həkim İbn Sina qarşısında dayanmamaq qeyri-mümkündür. Əcəba, islam aləminə, yalnız islam degil, bütün aləmi-bəşəriyyətə İbn Sina kibi, Fərabi kibi böyük təbiblər, həkim və filosoflar bəxş etmiş olan bu yurd necə oluyor ki, dünyanın “tibb dünyası” olduğunu unuduyor. Necə oluyor ki, bir çox zaman Şərq, Qərb təbabəti Buxaradan yetişmə İbn Sinaların “şəfa”ları ilə sihhətyab olarkən, bu bədbəxt məmləkət canını məşhur Buxara hovuzlarının çirkabından qurtaramıyor.

Buxaranı görənlər söyliyorlar ki, bu məmləkət su sarıdan məəttəldir.

Buxaranın suyu böyük hovuzlara münhəsirdir ki, bu hovuzlar həftələrlə boşaldılmayıb qalıyor, yaşıllanıyor, xəlq burada yuyunur, hər növ pisligi burada “pak” ediyor. Ağız yaxalayır, burun siliyor, sonra o “su”dan abdəst alıyor, təthir ediyor, hətta içiyor da...

Böylə bir hovuzun vücud ilə rəfiqimiz “Vəqt” demişkən – Buxaranın yoluxma xəstəliyinə tutulduğuna degil, bu vəqtə qədər sağ və salim qaldığına heyrət etməlidir.

Bir vəqt yuxarıda zikri keçən İbn Sina, Fərabi kibi həkim-təbiblər, Uluğbəg kibi münəvvər hökmdar və münəccimlər bütün aləm və bütün tarixcə işıqlı vücudlar tərbiyə edən o məşhur Buxara mədrəsələri, əcəba, imdi bu hovuzların müzürrətini dərk edəcək qədər olsa da, açıq əqilli üləma yetişdirəmiyormu? Tapılmıyormu əqli yerində bir adam ki, küçələrdə təkbir deyib bağırmaqla bərabər, o müləvvəs və xəstəlik mənbəi olan hovuzları qapatdırmağa və xəlqi hifz-əl-sihhə qanunlarına rəayətə dəvət eləsin...

Əcəba, Avropa təbabəti üzərində bir çox zaman böyük təsirlər icra etmiş olan “Şəfa”yə (İbn Sinanın tibbə aid məşhur əsərlərindən birisinin ismi) Buxarada cüzi də olsa, iman edən qalmadımı?!...

İbn Sinanın kəndisinə müasir olan bəzi “molla”lar tərəfindən təkfir olunduğunu ərbabi bilər. Görünüyor ki, Buxarada “şəfa” sahibi degil, onu təkfir edənlər hökmfərma olmaqdadır və görünüyor ki, təbiət dəxi Buxara əvamının təkfirçilərə tabe olduğundan qəhr-qəzəbə gələrək İbn Sinanın intiqamını onlardan almaq istiyor.

İbn Sina həzrətləri kəndisini təkfir edən müarizlərinə elm və fənn ilə qüvvətləndirmiş olduğu ülvi bir inamla:

“Küfr çu məni kəzzafo asan nəbud

Mohkəmtər əz – imani mən iman nəbud.

Dər-dəhre ço mən yeki vo anhəm kafər Pəs dər həme dəhr yek müsəlman nəbud”.

(“Mənim kimi küfr edən göydə heç kəs yoxdur Mənim imanımdan daha möhkəm iman yoxdur Bu dünyada mənim kimi (müsəlman ola) o da kafir Deməli, bütün bu dünyada müsəlman yoxdur”) Bu günki Buxara hüfz-əl-sihhə və tibbə rəayət etməyib də xəstəliyə qarşı razüniyazla çıxması ilə göstəriyor ki, “İbn Sinanı” müsəlman bilməyənlərə peyrəvi olmuşdur.

Fəqət böyük həkimin iddiasına görə şəfayi – “dəva”dan degil, “dua”dan görənlər müsəlmanlığın ruhuna yanaşmamışlardır.

Əsrimizdəki İbn Sinalar, hər bir xəstəliyə məxsus bir mikrob olduğuna qanedirlər, o mikropların müəyyən şərait içərisində ürüyüb artmasına hökm veriyorlar. Buna görə də hər şeydən əvvəl xəstəlik düşən yerlərin təmizliginə baxılmasını əmr ediyorlar.

Dəhşətli vücud xəstəliklərinin mikropları şübhəsiz ki, pislikli hövzlərdə saxlanıyor.

Fəqət bu pislikli hövzlərdən alınan abdəstlərlə onların “pak edici” birər mənbə olduğunu düşünən və bu düşüncəyi xəlq arasında yayan “alim”lər dəxi mənəvi bir xəstəliyə mübtəladırlar.

Birinci xəstəliyin mikropları çirkablı hövzlərdə cücəriyorsa, ikinci xəstəlik mikropları dəxi qazi kəlanlar yetişdirən mədrəsələrdə ürüyür.

Şimallı yoldaşlarımızdan “Turmuş” Rusiya müsəlmanlarının akıllı (əqilli, dərrakəli) qismi üzərinə Buxara fəlakəti münasibətilə mənəvi böyük bir məsuliyyət düşdügündən bəhs ilə cəhalət pəncəsində can verən dindaş və irqdaşlarımızın köməginə tibbi heyətlər təşkil edib də göndərməyi təklif ediyor. “İbn Sinanı təkfir edənlər”cə dəxi qəbul edilmək üçün qəzetə təklif ediyor ki, bu heyətə ülumi-şəriyə ilə sənətinə aşina olan işıqlı mollalarımız da qoşulsun.

Əlbəttə, “Turmuş”un günün vəzifəsi olmaq üzrə elədigi bu təklifə hər bir hissli, diri müsəlman və türk qəlbi ləbbeykdən başqa bir cavab verməz!

Biz aramızda təbii və təbiblərlə bol olduğuna “Turmuş” qədər nikbinanə baxmaq imkanında degiliz. Məəttəəssüf, bu bədbinligimizin doğru olduğunu Qafqasiya hüduduna hərbzədə müsəlmanlara tibb köməgi göndərmək məsələsində meydana çıxmış oldu. cəmiyyəti-xeyriyyə aylarla elan etdigi halda, güc-bəla ilə bir doktor tapıldı. Doktorlarımız az, olanlarında da “fədakarlıq” yoxdur.

Fəqət bununla bərabər təbabətdə böyük bir şöhrəti olan və təbiblərcə şanı və rütbəsi bəlli olması icab edən böyük təbib İbn Sina yurdundaki qardaşlarımız ölümün qəddar pəncəsi altında can verməkdədirlər.

Müsəlmanlara, bilxassə müsəlman təbiblərə lazımdır ki, oraya, bu bədbəxt yurda köməgə qoşsunlar.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 14 mart 1916, ¹132

 

Vanəfsa – fəryad

Təkbir – namaz qılanda “Allahu Əkbər” demək

Müləvvəs – murdar

Təkfir – kafirlikdə təqsirləndirmə

Müariz – etiraz edən

Razüniyaz – yalvarıb-yaxarma

Peyrəvi – ardıcıl, tabe olma

Qurama

 

Heç Tanrı bəndəsinin adı bədnamlığa çıxmasın!

Bir dəfə mollaların adına çıxarılmışdır ki, bunlar müridbazdır.

Artıq bitdi. Hər yanda bir şey olsa baisi molladır. Hər kəs hücum etmək istəsə mollaya edər.

“Yeni İqbal” neçə vəqt bundan əvvəl yazdığı məqaləsində qayət haqlı olaraq demişdi ki: “Tarixin günahlarını biz haman yalnız bir sinifə (mollalara) yüklətmək istədik”

Əgər təsiri-əyanə iqtibas olunmamışsa rəfiqimiz bizi əfv etsin. Fəqət nəql etdigim cümlənin misalı əminəm ki, “Yeni İqbal”ındır.

Həqiqətən də öylədir.

Millət geridə qalmış. Bundan hamının, hamımızın qüsuru yox degil ikən biz haman mollaları yaxaladıq. Tarixi xətaların intiqamını haman mollalardan almaq istədik.

Yaz ha yaz başlandı.

Mollaların kəndilərindən başqaca düşünənlərə yağdırdıqları lənətləri özlərinə qaytarmaq istədilər.

Onların xətasını biz də təkrar etdik.

Nəticədə:

“Nənəm dedi, kor dedi, hər mollaya vur dedi”.

Məlumdur ki, builki Novruz bayramını “diqqətli” divar təqvimçilərimiz 9-da göstərmişlərdi.

Təqvimlərimizin bu səhvi Gəncədə ikitirəliyə səbəb olmuş.

Mollalar İran təqvimi işlətdiklərindən olmalıdır ki, bayramı səkkizində saxlamışlar. “Yeni İqbal”ın Gəncə müxbiri “Oğuz”un təbirincə yenilər doqquzunda mərasim təyin eləmişlərdir.

Bunlar da divar təqvimi işlədənlər olacaqlar.

İxtilaf əlbəttə vardır. Bir şəhərdə iki bayram saxlanmış. Fəqət qüsur kimdə?

Əlbəttə, mollada!

İnanmiyorsanız “Oğuz”u dinliyəlim:

“Tarixin isbat etdiyi bir gün tarixin nə olduğunu düşünməyən mollalar tərəfindən ixtilaflı diyə ortaya çıkıyor. Mollalar ki: bütün mənasıyla təmini-məişət üçün hərəkət etməkdən ibarətdirlər. Bu sənədə hərəkətlərini nasıl diyəlim oyunlarını ortaya qoydular və böyük bir kütlənin əziz bir gününü kəndi varlıqları kimi oyuncaq yapdılar!”...

Əcəba, mollalar nə yapdılar? Yenə kimi təkfir etdilər? Yenə hansı təşəbbüsi-milliyyəyə qarşı çıxdılar?

– Ya Novruz bayramına da əl qatdılar...

– Canım, bu necə ola bilər?...

Baharın ilk günü münəccimlərcə təyin olunur. Münəccim degil, bu şəmsi sənələrin dövrünü bilər mübtədi məktəblilərcə də məlumdur. Buna mollalar necə əl qata bilər və “bu böyük kütlənin bu əziz gününü” onlar necə “oyuncaq edə bilərlər? “

Bəli, etmişlər... “Yenilər” martın 9-da bayrama qərar vermişkən onlar 8-də etmişlər.

Bu dərdi gorə aparmaq olurmu? Bu müsibət unudulurmu?

Əlbəttə yox, odur ki, mədrəseyi-ruhaniyyə binasında martın 9-da yenilər tərəfindən qurulan görüş məclisinə də xəlq bayramlığa degil, “əzadarlığa” gəlmişdir.

Fəqət “yenilər” bu xüsusda çox “yeni”lik göstərmiyib də ilin 1916 və dövrdə tam olaraq bulunması ilə fevralın 29-u olduğunu nəzərə alsaydılar yəqin ki, “müfid” mollalarla bir yerdə bayram edər və 9-da “əza” saxlamazdılar.

Oğuz əfəndi, “tarixin isbat etdigi bir gün tarixin nə olduğunu düşünməyən” – artıq kəndiniz hökm ediniz – mollalarmı yoxsa “yenilər”mi tərəfindən “ixtilaflı deyə ortaya çıkarıldı? “

Əgərki təqsir nə mollalardadır, nə də “yenilər”də: bunların hamısının və zorbalı xorasanlı münəccimbaşının boynundadır ki, bizim təqvimçiləri başdan çıxarmış.

Mollarlarda da təqsir yox degildir. canları var adlarını bədnamlığa çıxarmıyaydılar.

Niş

“Açıq söz”, 18 mart 1916, ¹136

 

Mübtədi – ibtidai

Əza – yas

 

 

(Ardı var)

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2012.- 14 aprel.- S.26-27.