Dostluq
Əbu
Turxanın hikmət dünyası
“Dostu dar gündə sınayarlar”, – deyib
atalarımız. Amma
dost dediyin nədir, sınağa çəkdiyin nə? Yaxud əvvəl
gərək dostun ola ki, çətin
işə gedəndə məhz onu seçəsən. Bütün paradoks bundan ibarətdir ki, dar gündə
sınamaq artıq gec olur.
Şərqdə necə ki, məhəbbət
reallığın fövqünə qaldırılaraq ancaq
onun ifrat, birtərəfli təzahürü kimi tərənnüm
olunur, eləcə də dostluğun şərtləri həddindən
artıq ağırlaşdırılır və
reallığın fövqünə qaldırılır. Əslində
isə dostluq da, məhəbbət də iki kənar hal,
qütb arasında olduqca müxtəlif rənglər
qammasını, bütöv spektri əhatə edən konkret
təzahürlərdir.
İnsanın mənəvi aləmi ağıl və
ehtirası bir komponent kimi ehtiva edir. Müxtəlif
insanlarda onların səviyyəsi müxtəlif olduğu
kimi, nisbəti də müxtəlifdir. Bir
adamın başqasına münasibətində də
ağıl və ya hissin ön plana keçməsi fərdi məsələdir.
Amma Şərqin məhəbbət
konsepsiyalarında ağıl komponenti sıfıra endirilir və
insan ancaq müəyyən bir hissin əsirinə
çevrilir.
Dostluq da
ünsiyyətdən, yoldaşlıqdan, iş birliyindən,
simpatiyadan, qarşılıqlı hörmətdən, fikirlərin,
zövqlərin, əqidənin və s.
uyğunluğundan ayrılaraq nə isə mütləq bir
şey kimi dəyərləndirilir. Bir insanın digər
insana mütləq inamı, etibarı, mütləq
simpatiyası, mütləq sədaqəti, mütləq
qayğısı, mütləq səxavəti; bir sözlə,
başqasını özündən əziz, özündən
uca tutmaq, özündən öncə onu düşünmək,
onun yolunda canından keçmək və s. və s. keyfiyyətlər
hamısı reallığın özündən daha
çox, onun ifrat vəziyyəti kimi təqdim olunur.
Bəs reallıq necədir? Mütləqə
yaxın təzahürlər tək-tək hallarda rast gəlinir
və bunlar tarixdə, hafizələrdə məhz xüsusi, əlahiddə
bir hal kimi qalır. Biz isə reallıq
dedikdə daha çox dərəcədə əksəriyyəti,
orta statistik insanı nəzərdə tuturuq.
İnsan tək yaşaya bilməz. O, cəmiyyətin bir
üzvüdür. Oxumaq, təhsil almaq üçün,
müəyyən bir iş görmək üçün
başqaları ilə birlikdə fəaliyyət göstərir.
Bu başqalarının kimliyi adətən təsadüfi
olur. Hələ lap uşaqlıqdan baxçada kimlərlə
birlikdə olmaq, məktəbdə hansı sinfə
düşmək və kimlərlə bir sinifdə oxumaq,
universitetdə tələbə yoldaşları,
yaşadığı məhəllədə qonşular,
işlədiyi yerdə iş yoldaşları və s.-lə
ünsiyyət ictimai həyatın zəruri şərtləridir.
Amma bu böyük kollektivlər içərisində kimlərlə
isə daha yaxın iş birliyi yaranır ki, bu da yenə
çox vaxt bizim seçimimizdən asılı olmayıb,
daha çox şəraitin, situasiyanın bizə təlqin
etdiyi əlaqələrdir. Məsələn, tələbə
yoldaşları içərisində kiminlə isə həm
də qonşu olmaq və ya valideynlərin
tanışlığı, nəqliyyat marşrutunun
üst-üstə düşməsi – bütün bunlar təsadüflərdir.
Amma məhz bu sıx əlaqələr ya rəqabət,
ya da dostluq üçün əsas olur. Yoxsa kim isə özünün müəyyənləşdirdiyi
meyarlar əsasında qapı-qapı düşüb
özünə dost axtarmır.
Mühitin, şəraitin təlqin etdiyi yoldaşlıq
o adamlarda dostluğa çevrilir ki, onların dostluq
haqqındakı təsəvvürləri insani ləyaqətin
tərkib hissəsi kimi, düşünülmüş surətdə
bu yoldaşlığın üzərinə gəlir. Yəni sədaqət, etibar
və s. keyfiyyətlərin insanın öz təbiətində
öncədən olması bu keyfiyyətlərin kimə isə
münasibətdə də təzahür etməsinə səbəb
olur. Bir insan başqasını özünə dost hesab etməyə
başlayır və onu heç düz-əməlli
tanımadan, sınaqdan çıxarmadan, onunla “bir pud duz yemədən”
öz rəftarını və münasibətini məhz bu
prinsiplər üzərində qurur. Psixologiyada
buna “köklənmə” (ustanovka) deyirlər. Qarşı tərəf də özünə olan
diqqəti, etibarı və qayğını hiss edərək,
əgər öncədən həmin keyfiyyətlərə
malikdirsə, adekvat addımlar atır. Lakin çox az hallarda hər iki adamın dostluq haqqında təsəvvürləri
və şəxsi əxlaqi keyfiyyətləri yüksək mənəvi
tələbat səviyyəsində olur. Əksər
hallarda tərəflərdən biri öncədən
dostluğa köklənməklə, özünü bu
dostluğa inandırmaqla birtərəfli qaydada addımlar
atır. Qarşı tərəf buna ancaq
öz səviyyəsinə uyğun şəkildə cavab verə
bilir. Burada biz “ilk məhəbbət” hadisəsinə
müəyyən bənzəyiş görürük. Yəni insan yetərincə obyektiv əsas olmadan
özünü inandırır və özünə təlqin
edir. Lakin fərq bundan ibarətdir ki,
dostluq genetik ehtiyacdan daha çox, tərbiyə vasitəsilə
təlqin olunmuş yüksək keyfiyyətləri
bölüşmək, onları reallaşdırmaq, tətbiq
etmək ehtiyacından doğur.
“İlk məhəbbət” də öncə fikirdə
yaranmış bir idealın transformasiyasıdır. Lakin bu zaman
idealın statusu başqadır. Belə ki,
o təkdir və eyni zamanda insanın yalnız mənəvi-estetik
ehtiyaclarının deyil, həm də instinktlərinin səfərbər
olunması sayəsində formalaşır. Dost isə
çox da ola bilər, həm də burada
instinktlərin iştirakı yox dərəcəsindədir. İnsanın instinktiv ehtiyacı ancaq ünsiyyətə
olan tələbatdır ki, bunun da ödənməsi yolları
çoxdur. Yəni Kant deyəndə ki,
dostluq – ideyadır, tamamilə haqlıdır. Sadəcə olaraq, heç bir real dostluq “dostluq”
ideyasına mütabiq deyil. Kant dostluğu
özünə sevgi ilə başqasına sevginin
dialektikasından hasil edir. Kanta görə,
dostluq münasibətlərində “özünə sevgi
qarşılıqlı sevgi ideyasında əriyir”. Amma bu heç də həmişə mümkün
olmur. Belə ki, insan qeyri-şüuri
şəkildə də olsa, özünü həmişə
başqalarından ayırır. Sadəcə
olaraq əsl dostluq zamanı dostunu da “başqaları”, yəni
yadlar cərgəsində yox, “öz”ü tərəfdə
hesab edir. “Mən” və “başqaları” münasibəti
“biz” və “başqaları” münasibəti ilə əvəz
olunur.
Bu münasibət o vaxta qədər davam edir ki,
qarşı tərəfin “biz”ə aid olmadığı, fərqliliyi
özünü o dərəcədə aydın biruzə
versin ki, hətta ilkin köklənməyə rəğmən
bunu görməmək mümkün olmasın. Bu zaman birinci
fərqli mövqe “qəlbin bir az sınmasına” səbəb
olur. Daha sonra “qəlbin sınması” davam
edərsə, tam ayrılma qaçılmaz olur. İnsanın “ilk məhəbbət” ovsunundan
ayrılması da eyni mexanizmlə baş verir. Sadəcə olaraq dostluqda intellektin nisbi payı
sevgiyə nisbətən daha çoxdur.
Məlum
atalar sözündə belə deyilir: “Dost dosta tən gərək,
tən olmasa, gen gərək”. Əlbəttə,
bu ancaq eyniyyətdən, yaxınlıqdan irəli gələn
münasibətlərə aiddir. Amma bu
atalar sözü münasibətlərin ancaq bir
formasını, növünü nəzərə alır.
Halbuki fərq özü də dostluq üçün şərt
ola bilər. Yəni insanlar məhz
fərqlərinə görə bir-birini tamamlaya bilirlər.
Necə ki, məhəbbət iki cür olur, yəni
yaxınlıqdan, eyniyyətdən doğan məhəbbətlə
yanaşı, fərqdən doğan məhəbbət də
vardır, eləcə də dostluğun iki əsas forması
vardır. Fərqli adamla yoldaşlıq
inkişaf üçün impuls verir. Yəni
başqası sənin bilmədiklərini bilir, sənin edə
bilmədiklərini edir və nəticədə iki adam birləşəndə daha çox şey
bacarır, daha güclü olur. Eyniyyətdən
doğan dostluq halında isə iki adamın bir yerdə
olması əlavə heç nə vermir; əvəzində
eyni bir keyfiyyət daha da vurğulanmış olur. Bir adamın düşüncəsi, mövqeyi
bütün dostlar üçün üst-üstə
düşür.
Dostluq hansı ehtiyacdan yaranır? Hansı cəhətlərdə
fərq, hansı cəhətlərdə eyniyyət daha önəmlidir?
Əqidənin, dini mənsubiyyətin, adət-ənənənin
üst-üstə düşməsi dostluq üçün nə
dərəcədə önəmlidir? Bəs
ixtisasların, bilik və qabiliyyətlərin necə, eyni,
yoxsa fərqli olması daha yaxşıdır? Eyni dildə
danışmayanlar dost ola bilərlərmi?
Əbu
Turxan deyir: “Yolları eyni olmayanlar yoldaş ola
bilmədikləri kimi, zövqləri, məqsədləri,
amalları eyni olmayanlar da dost ola bilməzlər.”
“Biz” və “başqaları” bölgüsünün təməlində
hansı meyarlar dayanır? Bu suallara cavab axtaranda
xeyli dərəcədə aydınlaşır ki, fərq əqidə
və mənəviyyat yox, intellekt və əməli vərdiş
sahələrində məqbul sayılır. Tərəflərdən
biri fiziki cəhətdən, o biri intellektual cəhətdən
üstündürsə, bu cür birlik işin xeyrinə də
ola bilər. Amma biri nəcib, o biri nanəcibdirsə...
Bir sözlə, “biz” ola bilmək
üçün məhz mənəvi birlik tələb olunur.
Azərbaycanda “dar günün dostu”, “gen günün
dostu” ifadələri əslində “dost”
anlayışını nisbi başa düşməkdən irəli
gəlir. Məhz bu cür yanaşmanın nəticəsidir ki,
əksər adamlar “dəvəsi düzə çıxanda”
daha dar günün dostlarını axtarmırlar. Yəni hər mühitin özünə binəm
dostları olması bir reallıqdır. Bu
cür yanaşma dostluq ideyasından uzaq olub yoldaşlıq mənasında
başa düşülməlidir. “Dar
günün dostları” çox vaxt əyləncə,
eyş-işrət məclisləri üçün “işə
yaramırlar”. Necə deyərlər, hərənin
öz təyinatı var. Ona görə də belə kontekstlərdə
“dost” kəlməsindən istifadə etməmək məsləhətdir.
Bir
sıra aforizmlərdə də “dost” anlayışı ideyaya
uyğun olmayan, aşağı səviyyəli yoldaşlıq
mənasında işləndiyindən biz onları məqbul
hesab etmirik. Məsələn, T.Edison deyir: “Dostunuzdan borc
almazdan əvvəl yaxşıca fikirləşin ki, pula, ya
dosta daha çox ehtiyacınız var”. İlk
baxışda çox cazibədar fikirdir. Amma diqqətlə
yanaşıldıqda dost dosta bu cür münasibət bəsləyə
bilməz. Ehtiyac yarananda dosta müraciət etməyib,
bəs kimə müraciət edəcəksən? Həqiqi
dost borc verəndə onu qaytara bilməmək ehtimalını
da nəzərə alıb verir. Ona görə
də, Əbu Turxan “borcu ancaq bağışlamaq əzmində
olanda ver”, – deyir. İmkan varsa, dosta da
bağışlamayıb, kimə sərf edəcəksən?
Yaxud Sədi Şirazi deyir: “Sirrini heç dostunla da
bölüşmə; vaxt gələr, bu sirr səni dostunla
düşmən edər”. Yenə də eyni
etibarsızlıq. Dost dediyin nədir, etibar etmədiyin nə?
Yaxud
B.Franklin deyir: “Düşməninə həm də dost kimi
bax, çünki bir çox səhvlərini ancaq ondan öyrənə
bilərsən”. Amma həqiqi dost məhz qüsurları deyən
dostdur. Bu başqa məsələ ki, dost guya qüsurları
görməyə də bilər. Amma biz
düşünürük ki, insanda özünütənqid
hissi varsa, dosta da tənqidi münasibət bəsləmək
və onun qüsurlarını aradan qaldırmaq
üçün səy göstərmək mühüm keyfiyyətdir.
Yaxud, Əbu Turxan deyir: “Dar günün dostları gen gündə
gendə durur”. Bu bir müşahidədir; yəni
adətən belə olur. Belə olur,
çünki gen gündə çoxlu yeni dostlar peyda olur və
həqiqi dostlara sanki vaxt qalmır. Lakin dost dosta ancaq
kömək etmək üçün lazım deyil. Gen
gündə də dosta ehtiyac var. Bəzən insan sevincini
bölüşməyə dərdini bölüşməkdən
daha çox ehtiyac hiss edir. Amma sevinci də hər
yoldan keçənlə deyil, məhz dostla bölüşmək,
sanki öz sevincindən ona ərməğan vermək mənəvi
tələbatlardan biridir.
Bir sözlə, həm atalar sözlərinin, həm də
aforizm kimi qəbul olunmuş fikirlərin böyük bir qismi
aşağı səviyyəli adamların münasibətlərinə
aiddir və həqiqi dostluq ideyasına uyğun gəlmir.
Müasir dövrdə insanların həyat tərzinin dəyişməsi
“dostluq” məfhumuna da xeyli yeni mənalar gətirmişdir. İndi
canlı ünsiyyət üçün məsafə qət
edib görüşməyə ehtiyac qalmır. İnternet vasitəsilə də əlaqə saxlamaq
olur. Bu, dostların işini
asanlaşdırmaqla yanaşı, yeni tipli dostların da əmələ
gəlməsinə səbəb olur. Məsələn,
“Facebook dostluğu” yeni hadisədir. Burada
söhbət əslində tanışlıqdan və
ünsiyyətdən gedir. İnsanlar
bir-biri ilə fikirlərini bölüşür və sanki həmfikir
axtarırlar. Lakin fikirlərin,
maraqların, zövqlərin uyğunluğu hələ dostluq
üçün yetərli deyil. Zəmanə
isə bu cür münasibətləri daha çox
aktuallaşdırır.
Ümumiyyətlə, müasir zaman məhəbbətin
də, dostluğun da xarakterini dəyişir və onların
yenidən dəyərləndirilməsinə ehtiyac yaranır.
Doğma
o adamdır ki,
onunla
öz ruhunun dilində danışa bilirsən.
lll
Başqaları
ilə dost olmazdan öncə, insan
öz
daxilində ruh ilə bədəninin ittifaqına nail
olmalıdır.
lll
Dostluq birgə keçirilən vaxtın səmərəsini
artırır.
lll
Əgər
dostun səndən
aşağıdırsa, sən həqiqi dost deyilsən;
əgər yuxarıdırsa, – o həqiqi dost deyil.
lll
Kim ki,
yeni dostları
köhnələri itirmək hesabına qazanır, onun həqiqi
dostu
heç vaxt olmayacaq.
lll
Məhəbbətin ömrünü dostluq uzadır.
lll
Dostluq eyniyyətdən, məhəbbət fərqdən
yaranır.
lll
Məhəbbət fərqli tərəflərin
dostluğudur.
Fərq azaldıqca məhəbbət keçir, dostluq
qalır.
lll
Qarşılıqlı
olmayan məhəbbətlər çox olur,
qarşılıqlı olmayan dostluq isə yoxdur.
lll
Yadlar doğmalaşanda, doğmalar yadlaşır.
lll
Ancaq riyakarlar hamı ilə “dostluq” edə bilər.
lll
Dağ da
tək olanda qəribsəyir;
ona
görə də çox vaxt silsilə şəklində
olur.
lll
Təxəyyülü
olan
özünü heç vaxt tək hiss etməz.
lll
Dar
günün dostları gen gündə gendə durur.
lll
Hamı
ilə “dost” olanlar
heç
kimin dostu ola bilməzlər.
lll
Bütün
ləyaqətli adamları,
hətta
heç vaxt yaxın münasibətdə olmasan da,
özünə dost hesab edə bilərsən.
lll
Səmimiyyət dostluğun məhək
daşıdır.
lll
İki
qism adamların dostu olmur:
Birincilər
insanlığın elə yüksək mərtəbəsində
olanlardır ki, bu mərtəbədə başqaları sadəcə
yox dərəcəsindədir.
İkincilər
insanlığın elə aşağı mərtəbəsində
olanlardır ki, orada “dostluq” məfhumunun özü yoxdur.
lll
Yolları
eyni olmayanlar
yoldaş
ola bilmədikləri kimi, zövqləri, amalları eyni olmayanlar
da dost ola bilməzlər.
Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında
525-ci qəzet.- 2012.-
14 aprel.- S.21.