Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

 

(MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR)

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Mirzə Fətəlinin bu missiyasının isbatı və təsdiqi onun məktəbinin yetişdirmələridir: Mirzə Cəlil, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.B.Vəzirov, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli...

Ən yeni Azərbaycan ədəbiyyatını bəsləyən qan da, Mirzə Fətəlinin altı komediyasıdır, – desək məni hökmbazlıqda ittiham etməyin (edirsinizsə edin, sizin keyfinizə, insafınıza buraxıram oxucu dost).

Bu dediklərim nə Mirzə Fətəlinin şeirlərinin, nə ədəbi tənqidi məqalələrinin, nə “Aldanmış kəvakib” kimi dəyərli nəsr əsərinin, nə də ictimai-fəlsəfi traktatlarının qiymətini azaltmır və azalda da bilməz. Söhbət ədəbi-estetik dəyərdən, ədəbiyyatın, bədii sözün stixiyasından, taleyindən, prosesin mürəkkəbliyindən getdiyi üçün, yalnız ədəbiyyat tarixində deyil, türk ədəbi dili tarixində bu altı komediyanın rolunu, funksiyasını müəyyənləşdirməkdən getdiyi üçün bu məsələyə bir az aydınlıq gətirmək istədim. Bu vurğunluq, hissə qapılmaq – filan deyil. Söylədiyimiz tezisin isbatlıdır və bu isbatın müəllifi yalnız mən deyiləm.

Yaradıcılıq həmişə başda hazırlanmış və sonra yazıya alınmış gerçəklik deyil. Bu mənada yaradıcılıq müəyyənlikdə qeyri-müəyyənliyin, dəqiqliklə, konkretliklə mücərrədliyin, günlük olanla əbədi olanın vəhdətidir (bir az qəliz oldu, məni bağışlayın).

XIX əsrin məziyyətlərindən biri avropasentrizmidirsə, o birisi islamafobiyadır. İslamın dininin gücündən, Quranın əbədi cazibəsindən qorxan xristian təəssübkeşlərinin əlindəki silah gericiliyə aparan xürafat, fanatizm, cəhalət din adına xalqa sırındığı üçün Mirzə Fətəlidən sonra onun məktəbindən olan böyük sənətkarlar islam fəlsəfəsini, Quran dərinliyini deyil, cəhalət zəhərini üzə çıxarmış, tənqid atəşinə tutmuş, əsl islama gedən sağlam yolun önünü qapatmağa çalışmışlar. Missionerliyin Şərqdə törətdiyi bəlalar haqqında yazılmış onlarca əsərlər bu dağıdıcı sürəcin altını da, üstünü də, yan-yörəsini də göstərmədədir. Mirzə Fətəlinin ürəyi – sənəti bir şəkildə, düşüncəsi – elmi, publisistik əsərləri isə başqa bir şəkildə ifadə etmişdir. Ziddiyyət deyilən şey həm də elə bu idi.

Mirzə Fətəlinin dinə, özəlliklə islam dininə münasibəti, məncə, onun həyatı, fəaliyyəti, əsərləri, dünyabaxışı ilə bağlı bütün problemlərin ən qəliziydi. Mən ilahiyyatçı olmadığım üçün bu məsələdə mütəxəssis sözü demək olduqca çətindir.

Hər halda bəzi duyumlarımı, qənaətimi söyləməyə borcluyam. (Qəbul etsəniz də sağ olun, etməsəniz də).

Birincisi, onu deyim ki, Mirzə Fətəli din və islam dini məsələsində önyarqılı olub. Yəni əvvəldən müəyyənləşdirdiyi fikirdə olub. Başqa sözlə, obyektiv olmayıb.

İkincisi, məncə, Mirzə Fətəli Quranı ya oxumayıb ya elə-belə oxuyub, yaxud inanmayan adam kimi oxuyub. Bu amillərin üçü də Quranı dərindən təhlil etməyə obyektiv dəyərləndirməyə imkan verməz. Məhz həm də ona görə ki, “inananla inanmayan bir deyil” (Quran).

İnananla inanmayan bir-biriylə heç vaxt görüşməyən, barışmayan gerçəklərdir. Əgər inanan – Quran səma kitabıdır, Allah kəlamıdır, göydən nazil olmuşdur həqiqətinə inanırsa, inanmayan gördüyünə, toxunduğuna, təmas etdiyinə, müşahidə və isbat edə bildiyinə və ya isbatına inandığına sarılır və onu qəbul edir. Bu da inanmayanın rasional, real gerçəyidir. Bu yerdə hər cür dialoq anlamsızdır. Başqa-başqa planetlərin sakinlərinin ünsiyyət qurması mümkünsüzdür.

Mirzə Fətəli böyük filosofdur. Altı komediyanın, bir hekayənin altında yatan fəlsəfənin nə qədər böyük olduğu açıq-aydın ortadadır. Ayrı-ayrı məqalələrdə, məqamlarda onun fəlsəfəsindən süzülən müdriklik diqqətəlayiqdir. 200 illik sənətin, ədəbi dilin ağırlığını daşıyan, böyük bir məktəbin təməlində dayanan ədəbiyyatın, düşüncənin yaradıcının həm də böyük filosof olması şübhə doğura bilməz. Təəssüflər olsun ki, Mirzə Fətəli könlündəki təbii fəlsəfi axını deyil, sosial şərtlərin, qüvvənin, haqq qazanmış və dartışılmayan gücün fəlsəfi doktrinlərini yazmış, yorumlamış, onları Şərq üçün uyğulamağa çalışmış, Qərb fikir bazarında qiyməti olan özünüsatmaya, özünüifşaya üstünlük vermişdir. Mirzə Fətəli öz stixiyasını ədəbi əsərlərində yazmağı bacarsa da, bununla əbədi tarix ola bilmişsə, öz stixiyasının – təbii axarının ifadəsi olmayan “Məktublar”ında, traktatlarında ikincilik – (yəni “ədəbiyyatın ədəbiyyatı”, “elmin elmi”) yolunu seçmişdir. Bununla o, heç nə qazanmamış, bu fikirlər məhəlli sərhədlər içində qalmışdı. İndi də III dünya yazarının özünüsatması ilə Nobel mükafatı qazanması mümkünsə, bu yolun haradan, nə zamandan gəldiyini anlamaq çox da çətin olmasın gərək.

Ortaya belə bir sual çıxa bilər ki, böyük yazıçının dinə, özəlliklə islam dininə qarşı çıxmasının təməl səbəbi nə idi? Və Mirzə Fətəliyə “Məktub”u yazarkən söykəndiyi, bir növ etibar etdiyi amil nə ola bilərdi?

Dönə-dönə bu məsələyə qayıtmağımızın səbəbi zamanın, şərtlərin mürəkkəbliyi ilə bərabər, aparıcı şəxsiyyətin özünün mürəkkəbliyi ilə öz qabığına və öz zamanına sığmamağı ilə bağlıdır.

Nəzərə almasaq ki, XIX əsr islam dünyasının zəifləmə dövrüdür. İstər Avropalaşmaya başlayan Türkiyə də, Avropalaşmaqdan uzaq olan ərəb və fars dünyası da, müsəlmanların mühüm bir qisminin yaşadığı Avropaya meyillənən, hətta sənətdə, ədəbiyyatda Avropaya meydan oxuyan Rusiya mədəniyyət, ictimai şüur, hüquq sistemi, elm-texnika baxımından çox gerilərdə idi. Elə bir durum yaranmışdı ki, Şərq cəhalətin simvolu olaraq qəbul edilmişdi. Bir atalar sözümüz var: “Gətirəndə el gətirir, sel gətirir, yel gətirir, aparanda el aparır, yel aparır, sel aparır”.

O dövrdə baş verən siyasi, iqtisadi, texnoloji olayların müsbət qəhrəmanı Qərb, mənfi qəhrəmanı Şərq idi. Bu şəkildə biçilən və bölünən dünya müəyyən fərqlərlə bugünümüzə gəlmişdi. 200-300 ildən artıq zamana yayılan bu demarş Mirzə Fətəli üçün o qədər böyük həqiqətdir ki, bunun əksini düşünmək onun ağlına belə gəlmirdi. Qərb modelini yalnız ideologiya kimi deyil, yaşam biçimi kimi qəbul edən Mirzə Fətəlinin gözləri o qədər tutulub ki, mübarək “Quran”ı, ədəbiyyat əsəri kimi, uydurma, mif kimi alt-üst etməkdən zərrə qədər də çəkinmir... Mirzə Fətəli unudur və ciddi səhvə yol verir ki, insanın inamı ilə oynamaq olmaz.

Şərqə bu qədər görməzlikdən gəlməyin sömürücü Avropaya qol-qanad verən əsas amillərdən biri olmasını da unutmayaq.

Bu vəziyyəti əbədi qəbul edən Mirzə Fətəli müstəmləkə üsul-idarəsini, sinif bərabərsizliyini, hüquqsuzluğu, maarifsizliyi tənqid və ifşa etmirdi desək çox ciddi haqsızlıq etmiş olardıq. Mirzə Fətəli heç zaman şeytana vəkillik etməmişdir.

Burada bir haşiyə çıxmaq istəyirəm. İslam zor dini deyil. İslam qılınc gücünə yayılmayıb. Bu mənada “qılınc müsəlman” ifadəsi də kökündən yanlışdır. Ərəb olmayan xalqların böyük bir qismi təsəvvüf şəklində, formatında islamı qəbul ediblər (özəlliklə, Türküstan, Qafqaz, İran, Ural-İdil boyu müsəlmanlar).

Əgər islam “qılınc dini” olsaydı bir ovuc qriqoryan erməni, provoslav gürcü xilafətə necə müqavimət göstərə bilərdi? Vergi, töycü isə öz dinində qalmaq istəyənlərin seçimi olubdu. Bu konteksdə Babəklə bağlı mübahisələr də kifayət qədər çoxdur. Əvvəla, sovet ideologiyasının təsiri ilə qələmə alınmış “Od gəlini” (C.Cabbarlı) yalandan başqa bir şey deyil.

Mən Babəkin özünün də müsəlman olduğunu söyləyənlərin fikriylə şərikəm. Babək islama qarşı deyil, işğalçıya qarşı mücadilə aparıb. Babək ermənilərin əli ilə öldürülüb. Əgər sonralar Babək vətənsevərlik simvoluna çevrilibsə, buna qarşı cəhad açmağın da anlamı yoxdur. Bu məsələdə simvolların şərti olduğunu da unutmayaq.

Bunu da göstərməmək olmaz ki, islam fundamentalizmi, islam terroru ifadələri də kökündən yanlışdır. Birdəfəlik bilmək lazımdır ki, terrorun dini, məsləyi, milləti yoxdur və ola da bilməz. Hətta terrorun vətəni də yoxdur. Terror uyğun bilinən yerdə gerçəkləşdirilən qəsddir, qırğındır, faciədir, bir sözlə, şeytan işidir. Terrorçunun Norveçli, Ərəbistanlı, İranlı, ABŞ-lı... olması onun milləti, dini anlamına gəlməz. Bu anlayışların lokal və ya ümumi siyasətdə işlənməsi məqsədlidir və olduqca zərərlidir.

İslam digər dinlər kimi barışı, xoşgörünü, insanlığı, Allah sevgisini təbliğ edən inancdır, əqidədir, dünyabaxışdır, desək həqiqəti olduğu kimi ifadə etmiş olarıq.

Mətləb odur ki, dahinin bir yanlışı dahi olmayanın min yanlışı deməkdir. Mən Mirzə Fətəlinin əsas yanlışının bütün ictimai bəlaların səbəbini dində görməsini doğru saymıram. Tarixin çıxmazına girmək və onun sancılarını yaşamaq xilas yolunu qapamır. Xilaskarlar da yalnız dahilər deyil. Tarixin öz cilvəsi, öz dolanbac yolları var.

İnsan kimi imperiyaların da, sivilizasiyaların da öz alın yazısı var.

Mən Allahın böyüklüyünü, qadirliyini qəbul edənlərdən olduğum üçün Mirzə Fətəlini həm başa düşürəm, həm də başa düşə bilməməklə əzab çəkirəm...

Bütün bu beyin fırtınasında bir şeyi də unutmaq olmaz ki, Mirzə Fətəli inqilabçı idi. Qətilik, risk, rəqib olan hər şeyi kökündən vurmaq inqilabçıların ana qanunudur. Mirzə Fətəli bu qanunu pozmayıb. Fəqət Qərbin kor-koranə təqlidçisi də olmayıb Mirzə Fətəli. O, seçdiyi yolun xalqı xoşbəxtliyə aparacağına inanıb. Ürəkdən inananları kəskin mühakimə etmək doğru deyil. Onu qəbul edərsən, inanarsan, ya da qəbul etməzsən, inanmazsan.

İnsan təbiətindəki mürəkkəbliklərinin anatomiyasını araşdıran Allahsız sənətkar Allaha daha çox yaxındır, nəinki Allahdan daima nə isə istəyən, özü üçün yaşayan, quru sözlərlə ayinləri mexaniki şəkildə icra edən dindar.

Allah yaradanları sevir. Çünki yaratmaq Tanrının öz xassəsidir. Bu cümlədə vurğu yaradan sözünə düşür və buradan Allah yaradandan başqa heç kimsəni sevmir anlamı çıxarmaq da yanlışdır.

Mühafizəkar və ya liberal olmaq privelegiya, üstünlük sayılmaz. Bəzən insan öz seçimində səhv edə bilər və ya onun ictimai varlığını müəyyənləşdirən şərtlərə tabe ola bilər. Bəzən də insanın ağlı, düşüncəsi ilə ürəyi, hissiyyatı, ayrı-ayrı seçimlər edə bilər. Mən bütün bunları Mirzə Fətəliyə istinad etmirəm, insan seçimindəki mürəkkəbliyi vurğulamaq istəyirəm.

Bəzən deyirlər ki, sıradan olan insanların Allaha ehtiyacı var, dahilər Allahı neyləyir?

Əgər bir alim makro və mikro aləmin tabe olduğu universal qanunauyğunluq tapıb, bu qanunauyğunluğu Allah qanunu deyil, təbiət qanunu adlandırsa, fərq etməz, o, Allahın varlığını təsdiq edən mübarəklərdəndir. Alimin susmağı cahilin iddiasından qat-qat ucadır. Qeyri-səlis məntiq dinindən, dinsizliyindən asılı olmayaraq Allahın təsdiqidir.

Dünyada Allahda təsdiqi olmayan heç bir böyük kəşf yoxdursa, artıq sözə ehtiyac yoxdur. Olanlarla olmayanı sübuta yetirmək hər baba-igidin işi deyilsə, olmayanlarla olanları isbat etmək tək-tək adama qismət olan fitri qabiliyyətdir.

İnsanların ehtiraslarının boyu ağıllarının boyundan uzun olmamalıdır. Mirzə Fətəlinin söylədiklərinin içərisində bu xəbərdarlıq başda gəlir. Təbiətən hissiyyatlı olan Şərq əhlinin ağıl ölçüsünə, rasional əndazəyə daha çox ehtiyacı olduğunu söyləyən Mirzə Fətəli hər şeydə əsrin, zamanın tələbi olan elmi yanaşmanın nə qədər zəruri olduğuna daha çox əhəmiyyət verir.

 

 

(Ardı var)

 

Kamil VƏLİ

 

525-ci qəzet.- 2012.- 14 aprel.- S.22.