Söz
mülkünün yeddi qatı
Onun adı çəkiləndə
çox sevdiyim bir səsin sehrinə düşürəm.
İnsan qəlbini ehtizaza gətirən səslərin min
avazından, cazibəsindən çox yazmışam, amma
indiyədək unudulmaz Nərminə Məmmədovanın nəfəsindən
qopan səsin rəngini ayırd edə bilməmişəm.
Bəlkə elə bu da bənzərsiz ifaçının məhz
özünəməxsus açılmaz sirridir. Nə isə...
Nərminə xanım mənim üçün əlim yetməz,
ünüm çatmaz, amma qəlbimdə həmişə
yırğalanan Kərkükdən bir töhfə idi. Onun
Sinan Səidlə oxuduğu nəğmələrdə bu elin
minbir arzusu, həsrəti və niskili duyulardı:
Evlərinin önü yonca,
Yonca qalxıb dam boyunca...
misraları varlığımda qəribə təlatümlər yaradırdı. Sonralar bu həzin və məlahətli səsin ardını bir kitabın səhifələrində üzləşdiyim mənəvi aləmdə tapdım. Bu, filologiya elmləri doktoru, professor, görkəmli ədəbiyyatşünas-alim Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabı idi. Unudulmaz tənqidçi Yaşar Qarayevin çox dürüst söylədiyi bir fikri təkrarlamaq istərdim: “Bizim üçün İraq Füzulidən, Füzuli Kərbaladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır”. Bu, həqiqətən də belədir.
Əlinə qələm alan gündən Söz adlı bir mülkün ucaldılmasında böyük cəfakeşlik və can yanğısı ilə çalışan Qəzənfər Paşayevin indiyədək müəllifi olduğu 13, tərtib etdiyi 21, tərcümədə çatdırdığı 4 və yaradıcılığı haqqında 2 kitab işıq üzü görüb. Bu yay hörmətli alimin 75 yaşı tamam olacaq. Bu möhtəşəm yubileyə ilk hədiyyə müəllifin özündən gəlib. “Təhsil” nəşriyyatında “Seçilmiş əsərləri”nin yeddi cildi çap olunub. Həmin kitabları müəllifin ədəbi hesabatı da adlandırmaq olar. Qəzənfər Paşayevin böyük ustalıqla ucaltdığı Söz mülkünün bu yeddi qatının hər birinin öz sehri var. Qəzənfər Paşayevin 7 yox, 77 cildi də işıq üzü görsə (inşallah), bir arzusu əbədidir: bu da Kərkük eşqidir. Özü demişkən,
Bu sevda
ölüncədi
Birinci cilddə ilk olaraq İraq-türkman folklorundan söz açılır. Bu da təbiidir. Çünki hər bir xalqın folkloru onun ruhunun, psixologiyasının, məişətinin, adət-ənənəsinin, həyat tərzinin, dünyagörüşünün, təfəkkürünün güzgüsüdür. Bir xalqı yaxından tanımaq istəsən gərəkdir ki, ilk növbədə onun folklorunu öyrənəsən. Bu cildə Ön söz kimi salınan “Şah əsər” adlı yazını rəhmətlik Əbdüllətif Bəndəroğlu 1991-ci ildə qələmə alıb: “Qəzənfər Paşayev İraqda yaşadığı uzun illər boyunca həm İraq xalqını yaxından tanıdı, həm də İraqda yaşayan – qonuşduqları dilin Azərbaycan dilindən fərqli olmayan İraq türkmanlarının ədəbiyyat və folkloru üzrə tədqiqatını davam etdirdi”.
Birinci cild dörd fəsildən ibarətdir. Lap təbiətdəki
kimi. Kitabın bu dörd fəslindən Kərkükün
havası gəlir. Ətirli yazı duyulur,
barlı payızı, qürbət soyuğu, yadların
basqısı, dostların can yanğısı, yenə də
ümid, dirçəliş... beləcə, bütün fəsillərin
rəngi çökmüş birinci cilddə inancların,
duaların, nəğmələrin, xoyratların ahənginə
qoşulub türkman ellərini qarış-qarış
dolaşırıq. Bu elin folklorunda
xüsusi yer tutan beşik nəğmələri bizim
üçün daha doğmadır. Gözümüzlə
onları su kimi içdik. Ürəyimiz
titrədi. Türkiyədə “ninni”, Azərbaycanda
“layla” kimi oxunan beşik oxşamaları türkman folklorunda
“leyla” kimi tələffüz edilir:
Oyaq qallam
yatınca,
Bəklərəm Ay batınca.
Qolum
yastıq edərəm,
Sən hasilə çatınca.
Leyla
balam, leyla,
Leyla gülüm, leyla.
Nə qədər gözəl, nə qədər
doğma. Əlbəttə, türkman folkloru ilə Azərbaycan
şifahi xalq ədəbiyyatı arasında forma və məzmunca
müəyyən fərqlər duyulsa da, ruh, məna, daxili
bağlılıq, istək, arzu eynidir. Uzun
müddət bir-birimizlə əlaqələrimizin olmaması
nəticəsində Kərkük ellərində dillər əzbərinə
çevrilən dastanlardan, nağıllardan, lətifələrdən
yetərincə xəbərsiz qalmışıq. Qəzənfər Paşayev çox haqlı olaraq
söyləyir ki, türkman folkloru Azərbaycan folklorunun hərtərəfli
öyrənilməsi baxımından əvəzsiz xəzinədir.
Atalar sözləri və məsəllərlə
bağlı aparılan araşdırmalar da öz
dolğunluğu ilə diqqət çəkir. Bəllidir ki, hər bir atalar sözü məxsus
olduğu xalqın təfəkkürünü, həyat tərzini,
düşüncə və ağlını əks etdirir.
Qəzənfər Paşayev haqlı şəkildə
əsaslandırır ki, atalar sözü və məsəllər
sadəcə folklor nümunələri yox, həm də tarixi
sənədlərdir. Türkman atalar
sözləri də Şərq milli koloritini əks etdirən,
dərin mənası ilə səciyyələnən, iti
ağıl və müdrikliyin bəhrəsidir.
Türkmanlar deyirlər: “Nənəli qız bəlli qız,
nənəsiz qız dəlli qız”. Azərbaycanda da belə
söyləyiblər: “Analı qızın özü,
anasız qızın sözü böyüyər”. Yaxud da, Kərkükdə
ehyamla söz atarlar: “Qəmbərsiz dügün olmaz”. Azərbaycanın
müxtəlif bölgələrində (adlar dəyişilə
də bilər) bu iradı belə söyləyiblər: “Hətəmsiz
nə toy”, yaxud da “Bayraməli gəlməsə, toy
başlamaz”.
Türkman atalar sözlərini məzmun və mənasına
görə Azərbaycan folklorunda olduğu kimi mövzuca
qruplaşdıran Qəzənfər Paşayev özündən
çox illər öncə bu bölümü yaradan qocaman,
eləcə də haqqa qovuşan həmkarlarının yoluna
yeni izlər saldı.
İnsan
var ki, bir ömür yaşadığı məmləkətdə
beş nağıl öyrənib, bir
dastanı axıra çıxara bilmir. İynəsi
sınmış patefon valı kimi eləcə bir hava
çalır. Cəmi 6-7 il İraqda
yaşayan və təkbaşına bir institutun görə biləcəyi
işi uğurla, fədakarlıqla, məhəbbətlə, məsuliyyətlə
yerinə yetirə bilən Qəzənfər Paşayevin bu
sahədəki mükəmməl xidməti həqiqətən
heyrət doğurur. Burada təkcə istedad yox,
zəhmətə qatlaşmaq, vətənpərvərlik, millətsevərlik
də öz sözünü deyib.
1987-ci ildə işıq üzü görən
“Altı il Dəclə-Fərat sahillərində” adlı
sanballı elmi-publisistik, daha dəqiq söyləsək, səyahət
salnaməsi də bu cildə salınıb. Yadımdadır,
80-ci illərdə 130 min tirajla çap edilən bu məşhur
əsər əllərdə gəzdi, dillər əzbərinə
çevrildi. Məhz bu kitabın vasitəsilə biz nəslə
bəlli oldu ki, bizdən o qədər də iraq
olmayan İraqda dilimizdə danışan, dilimizdə
düşünən böyük bir elat var – adına
türkman deyirlər. Biz ilk dəfə məhz
Qəzənfər müəllimin bu kitabı vasitəsilə
İraq ellərindən, Kərkükdən xəbər
tutduq. Bizi təəccübləndirən
təkcə bu xəbər deyildi. Bizi heyrətləndirən
bütün buxovları, səd və sərhədləri
sözün böyük qüdrəti ilə vurub
dağıtmağı bacaran Qəzənfər Paşayevin
yazıçılıq məharəti, vətəndaşlıq
cəsarəti idi. O zaman Qəzənfər Paşayev
bizim üçün bir əfsanəvi insana çevrildi. Heç zaman ağlıma da gəlməzdi ki, nə
vaxtsa Qəzənfər Paşayevi yaxından tanıyıb
onunla söhbət edərəm, ünsiyyət qura bilərəm.
Bu, bəlkə də kiməsə
mübaliğəli və mübahisəli görünə
bilər. Amma əslində mənim
düşüncəmə görə Qəzənfər
Paşayev İraq-Azərbaycan ədəbi əlaqələrində
həqiqətən də analoqu olmayan bir fəaliyyət
göstərir. Bu əsər barədə şair
Qasım Qasımzadə vaxtilə ürək sözlərini
belə ifadə edib: “Bu kitabı, necə deyərlər, birnəfəsə
su kimi içdim. Ona görə ki, burada tarixi, ədəbi-sosioloji,
etik mənəvi problemlərə dair bir-birindən
ötkün faktlar, epizodlar o dərəcədə cəlbedicidir
ki, son cümləni oxuyub qurtarmayınca kitabı əlindən
yerə qoymaq istəməzsən”.
Qəzənfər Paşayev ədəbi
yaradıcılığın müxtəlif istiqamətlərində
maraqlı araşdırmalar aparıb. Neçə-neçə
tanınmış alimin, şair və
yazıçının həyatı,
yaradıcılığı ilə bağlı sanballı
monoqrafiyalar qələmə alıb, aşıq sənətinə
güzgü tutub, xarici ölkə ədəbiyyatından tərcümələr
edib, “Nostradamusun möcüzəli aləmi”ni
Azərbaycan oxucularına çatdırıb. Bu
mənada onun fəaliyyət dairəsi çox genişdir.
Alim, pedaqoq kimi işi başından
aşır. Maraqlıdır ki,
bütün bu vaxt aparan mürəkkəb
çalışmaların içərisində o, öz
mövzularına həmişə sadiq qalıb. Çoxcəhətli yaradıcılığı
onu əlli ildir ki, türkman elinə bağlayıb. Tədqiqatçılar çox haqlı olaraq Qəzənfər
Paşayevi “Azərbaycan Kərkükşünaslığının
banisi” adlandırırlar. Məhz onun zəhməti
və elmi hünəri sayəsində Kərkük elinin,
dilinin, folklorunun, tarixinin mükəmməl öyrənilməsi
ilə bağlı müxtəlif kitablar işıq
üzü gördü. Alim böyük məhəbbətlə
təsdiq etdi ki, həqiqətən gözdən uzaq olsa da
İraq könüllərdən iraq deyil
Söz mülkünün ikinci qatında ilk
görüşdüyüm “Kitabi-Dədə Qorqud”
İraq-türkman ləhcəsi və ədəbi dilimiz”
adlanır.
Müəllif yazır: “İraq türkmanlarının ləhcəsində
“Kitabi-Dədə Qorqud” dastanlarının dil özəllikləri
ilə üst-üstə düşən həm leksik, həm
də fonetik xüsusiyyətlər çoxdur”. Qəzənfər
Paşayevin araşdırmaları çox maraqlı və
önəmli faktların varlığından xəbər
verir. Vaxtilə Üzeyir Hacıbəylinin
məqalə və felyetonlarında, eləcə də
“Kitabi-Dədə Qorqud”da rast gəlinən, amma dilimizdə işlək
olmayan elə sözlər var ki, hələ də
İraq-türkman ləhcəsində yaşamaqdadır.
Müəllif ulu öndər Heydər Əliyevin uzaqgörənliklə
söylədiyi bir müdrik kəlamı da yada salaraq bizə
çox mətləbləri xatırladır: “Tarixi
araşdıranda gördüm ki, Güney Azərbaycan,
Qüzey Azərbaycan və İraq türkmanları bir
bütövün parçalarıdır”.
“Könüldən könülə yollar
\görünür” bölümündə müəllifin
İraqla bağlı yazdığı əsərlər
toplanıb.
1962-ci ildən taleyini “Bilmirəm haralıyam,
torpağım-daşım qərib” deyən bir elatın –
İraqda yaşayan sayı 600 mindən artıq olan kərküklərin
taleyinə bağladığı vaxtdan bugünədək
onlarla kitab, yüzlərlə məqalə, eləcə də
Kərkük dialektinə həsr olunmuş namizədlik
dissertasiyası yazıb. Böyük Azərbaycan
alimi Nəsrəddin Tusinin məqbərəsinin Bağdadda
tapılması da Qəzənfər Paşayevin adı ilə
bağlıdır. Maraqlıdır ki, Nəsrəddin
Tusinin dəfn olunduğu türbə məhz dahi alimin 800 illik
yubileyi UNESCO tərəfindən keçirilən ərəfədə
aşkarlandı.
“Kərkük dialektinin fonetikası” adlı bölmədə
isə təhlilə çəkilən məsələlər
dil tariximizin hərtərəfli tədqiqi işində
mühüm əhəmiyyətə malikdir. Qəzənfər
Paşayev dilçi alim kimi Kərkük dialektinin
fonetikasında özünü göstərən xüsusiyyətləri
yazılı abidələr, başqa türk dilləri ilə
də müqayisə edib.
Sevərək yaşayanlar...
Ötən illərin birində Qəzənfər
Paşayevin işıq üzü görən növbəti
kitabı “Borcumuzdur bu ehtiram” adlanırdı. Üçüncü
cilddə məhz həmin topludakı yazılar yer alıb.
Unudulmaz Səməd Vurğunun “Şirin bir xatirə tək
qalacaqdır dünyada sevərək yaşayanlar, sevilərək
ölənlər...” məşhur misraları bir işıq
kimi nur saçır. Bu aydınlıqda diqqəti
ilk çəkən “Xilaskar” oldu. Azərbaycan
xalqı qarşısında ölçüyəgəlməz
xidmətləri ilə tarixləşən Heydər Əliyevi
müəllif “Sahilsiz bir ümmana” bənzədib. Qəzənfər
Paşayev böyük ehtiramla yazır: “O, böyük siyasətçi
idi. Siyasət isə elektrik cərəyanına
bənzəyir. Hər ikisində bircə
səhv, bircə diqqətsizlik ağır nəticələr
verir. Otuz ildən artıq Azərbaycana rəhbərlik
edən Heydər Əliyevin daxili və xarici siyasətdə nəzərəçarpacaq
bir səhvə yol verməməsi onun dahiliyinə dəlalət
edir”.
Söz
mülkünün bu qatında Səməd Vurğun, Rəsul
Rza, İhsan Doğramacı, Bəxtiyar Vahabzadə, Abbas
Zamanov, Yaşar Qarayev, Əzizə Cəfərzadə, Nəsir
İmanquliyev, Nigar Rəfibəyli, Hüseyn Arif, Tofiq Bayram, Fərman
Kərimzadə və başqa işıqlı şəxsiyyətlərin
xatirələri boylanır. Bu qatın ən
kövrək guşəsi “Heyf sənə, Bəndəroğlu”
adlanır. Qəzənfər müəllim
İraqı tanıyandan Əbdüllətif Bəndəroğlunu
da tanıyıb. İraq-Azərbaycan ədəbi
əlaqələrinin inkişafında demək olar ki, qoşa
zəhmət çəkiblər. Mən də
görmüşdüm bu böyük şəxsiyyəti.
Qəzənfər müəllimlə qoşa gəlmişdilər.
Xeyli söhbət etdik. İndi
də o günləri xatırlayanda kövrəlirəm.
Azərbaycanı çox sevirdi Bəndəroğlu.
Bir bayatını tez-tez deyərdi:
Yaşar
könlüm,
Çırpınır, yaşar könlüm.
Bağdadda
bir ah çəkər,
Bakıda yaşar könlüm.
Kərküklü
qardaşımızın bütün söhbətlərində,
ləhcəsində, danışıq tərzində, dolu
baxışlarında, hətta üzünün cizgilərində
iki vətənin bir sevgisi birləşmişdi...
İncilər xəzinəsi
Söz mülkünün dördüncü qatı əsl
incilər xəzinəsidir. Bir-birinə bənzəməyən
bu gövhərlərin hərəsinin öz dəyəri,
qiyməti, söz sənətinin parlaqlığında
xüsusi əhəmiyyəti var. Bu yaxınlarda haqq
dünyasına qovuşan akademik Bəkir Nəbiyevin “Bir
neçə söz” adlı yadigar fikirləri qolumuzdan tutaraq
yorulmaq bilmədən səmərəli araşdırmalarla məşğul
olan Qəzənfər Paşayevin – işıqlı bir
ziyalımızın çoxsaylı elmi və publisistik məqalələrinin
məziyyətləri ilə tanış etdi. Müəllifin
yenə də ürəyində əbədi lövbər
salan Kərkük mövzusuna sadiqliyi diqqət çəkir.
“Nəsimi divanının İraq nüsxəsi
və naməlum şeirləri” adlı məqaləsi əslində
ədəbiyyatımız üçün qiymətli
tapıntıdır. Təqdim olunan əsər
indiyədək Nəsimişünaslıqda məlum deyildi.
Qəzənfər Paşayev Nəsiminin bizə bəlli
olmayan şeirlərini üzə çıxarmaqla bu sahəyə
öz töhfəsini verdi. Cəfakeş
alimin Nəsimi ilə bağlı başqa bir yeniliyi də
onun təvəllüdü və doğulduğu yerlə
bağlıdır. “Nəsiminin həyat və
yaradıcılığına yeni baxış” adlı
araşdırmadan məlum olur ki, İmaməddin Nəsimi
İraqda türkmanlar (azərbaycanlılar) yaşayan Kifri qəzasının
Nəsim kəndində anadan olub (təəssüf ki, bu kənd
indi yoxdur. Müharibə zamanı yerlə-yeksan
edilib – F.X.). müəllif tarixi
faktlarla göstərir ki, bəylər arasında başlanan
döyüşdən qurtulmaq üçün minevlik bir el
İraqdan Şamaxıya qaçıb. Hamı
burada məskunlaşa bilməsə də, qalanlar arasında Nəsimi
və qohum-əqrabası da olub.
Bu qatda
müəllif bizi Kərkük şairləri ilə tanış edir. Mənim də şəxsən
tanıdığım, yaradıcılığına
aşiq olduğum, şəxsiyyətini sevdiyim Nəzrin Ərbil
haqqında da məlumat var. İraq türkmanlarının
yeganə qadın şairi olan Nəzrinin misraları ruhumu dara
çəkir:
Nə
qürbətdə gəzdim, nə də yoruldum;
Nə dərdim söylədim, nə də soruldum.
Sirrimi verəcək
tək səni buldum,
Mən kəndi
yurdumda qəribəm, xançı!
Bütün varlığı ilə Kərkük
dünyasına bağlı olan müəllifin bu yöndə
apardığı araşdırmalar, qələmə
aldığı mövzular həqiqətən də
bitib-tükənməyən incilər xəzinəsidir. Qəzənfər
Paşayevin öz fikridir: “...Hər kəs burada qəlbi riqqətə
gətirən, ruhu titrədən və zəkanı
işıqla, şəfəqlə dolduran qaş-daşlar,
incilər tapa bilərlər. Bir fərq var ki,
bu inciləri cibə yox, ürəyə yığmaq
mümkündür. Əgər bunu bacara
bilsək, dünyanın ən zəngini olarıq.
Deyilən söz yadigardır
Qəzənfər Paşayevi yaxından tanıyanlar
bilirlər ki, həm də cazibəli danışıq
qabiliyyəti ilə seçilən, yadda qalan
çıxışları ilə dinləyici qəlbini fəth
edən gözəl natiqdir. Həmkarlarının
yubileyində, ədəbi məclislərdə, kitab təqdimatlarında,
yaradıcılıq gecələrində, radio və
televiziyalarda onun müxtəlif mövzularda
çıxışlarını eşitmişəm. Həmişə də heyrətlənmişəm.
Bir neçə dəqiqənin içində
ünvanına xoş söz deyəcəyi insanın,
şairin, alimin, yazıçının,
aşığın əsas cizgilərini ustalıqla ifadə
edər. Sözlə həmin şəxsiyyətin
portretini yaratmaq natiqdən təkcə danışıq
qabiliyyəti, bədii düşüncə tələb etmir.
Gərəkdir ki, həm də böyük
ürək sahibi olasan ki, başqasının məziyyətini
dilə gətirməyə qısqanclıq keçirməyəsən.
Bu mənada Qəzənfər Paşayevin daxili
aləmi çox zəngindir.
Müəllifin beşcildliyində məhz belə
çıxışlarının mətnləri
salınıb.
Həqiqətən də ədəbi məclislərdə,
doğum və anım günlərində, müxtəlif
verilişlərdə ədəbiyyatımız, mənəviyyatımız
üçün gərəkli olan elə mətləblərə
toxunulur ki, bunların gələcək nəslə də
çatdırılması vacibdir. Bu
yazılardan çəkilən cümlələrə fikir
verin. Nə qədər müdrik, məntiqli və dəyərlidir:
“İstedad milli-mənəvi dəyərlərə söykənməsə
onun sahibi ürəklərə yol tapa bilməz”; “Xatirə-memuarı
bədii əsərlərdən fərqləndirən
başlıca cəhət odur ki, burada həyat həqiqətləri
hökm sürür. Bədii ədəbiyyatdakı
xülyanın məhsulu deyil”; “Elm sahiblərini biliklərinin
çoxluğu ilə deyil, əməllərinin
faydalığı, əxlaqlarının saflığı və
özlərinin xeyirxahlığı ilə sınaqdan
keçirmək lazımdır”; “Ağlayanın göz
yaşının nə olduğunu əvvəl
ağlamış adam bilər”; “Təbiət Allahın
şah əsəridir – deyən Zəlimxan özü təbiət
şairinə çevrilib”; “Bütün şairlər
zamanında cəmiyyətin mənəviyyatına töhfələr
veriblər”; “Mən könlümdəki İraq
sevdasını tale və qismətlə bağlayıram”;
“Adamlar tanıyıram 10-15 kitabı çıxır, lakin ədəbiyyata
dəxli olmayan adamlardır. Belələri
yaradıcılığın əzəmətli
aldanışına uyan talesizlərdir”.
Müəllifin beşinci cilddə müxtəlif sənət
sahiblərinə, redaksiya və nazirliklərə
ünvanladığı məktublar da diqqət çəkir
və maraqla oxunur. Əslində bu namələr bir ədəbi
janr kimi qiymətlidir. Çünki onlar
adi “salam-sağ ol” münasibətini yox, böyük bir alimin ədəbi
düşüncələrini, fikir və tövsiyələrini
əks etdirir. “Professor Vilayət Quliyevə açıq
məktub”un sonluğu oxucuda riqqət
doğurur: “Azərbaycanı təmsil etdiyiniz Macarıstanla
bağlı bir nisgilimiz var. Bu nisgilimiz qeyrətli
soydaşımız Ramil Səfərovla bağlıdır. Ümid edirik ki, dəyərli bir azərbaycanlı
kimi onun hüquqlarının bərpa olunmasında əlinizdən
gələni əsirgəməyəcəksiniz”. Bu, vətəndaşlıqdır. Torpağına, millətinə bağlı alimin bir
vətən oğlunun şücaəti qarşısında
ürək sözüdür, istəyidir, arzusudur.
Tanrı yerinə yetirsin!
Doktorluq və namizədlik dissertasiyalarına
yazdığı rəylərdə də obyektiv və
qayğıkeşdir. Bu cilddə müəllifin dörd məqaləsi
də yer alıb. Xalq şairi Zəlimxan
Yaqubla bağlı yazdığı “Gör ürəyin nə
deyir” düşüncələri müəllifin kövrək
duyğularının, narahatlığının bəhrəsidir.
Ömrün qürub çağına üz tutulan bir zamanda,
həyatın qəfil imtahanı qarşısında əziyyətə
qatlaşan, amma mərdliyini, əzəmətini saxlayan Zəlimxan
Yaqubu məhəbbət və sədaqətlə belə səciyyələndirir:
“Orduların, müharibələrin sərkərdələri,
qəhrəmanları olduğu kimi, dillərin də qəhrəmanları,
sərkərdələri olur. Onlar ümummilli
lider Heydər Əliyevin nitq mədəniyyətinin, ədəbi
dil normalarının qanunvericiləri
adlandırdığı yazıçı və şairlərdir.
Onlardan biri də poeziyası ilə əbədilik
qazanan Zəlimxan Yaqubdur – desək həqiqətdən kənar
olmaz”.
Akademik Fuad Qasımzadə haqqındakı fikirlər də
müəllifin səmimiyyətindən su içib. Bu səbəbdən
də təsirli və düşündürücüdür.
Unudulmaz Fuad Qasımzadə həqiqətən də
əsl ziyalı, örnək şəxsiyyət idi. İnsanın dediklərinə o zaman inanılır
ki, ürəyində əbədi işıq olsun. Qəzənfər Paşayev işıqlı bir
şəxsiyyətdir. Ona görə də
yazılarının bütün ahəngində nur var.
“Elçinin folklor dünyasına baxış” adlı bir məqaləsi
də görkəmli nasirimizin ədəbiyyatımıza
verdiyi töhfələrdən, nəsrimizə gətirdiyi
mövzulardan, eləcə də özünəməxsus məziyyət
və yazı üslubundan, folklora
bağlılığından və sadiqliyindən söz
açılır. Elçin sovet dövründə ədəbiyyata
gəlsə də, qələmini elə sahələrdə
işlətdi ki, bu gün qürur və fərəhlə
deyirik: “Bu yazıçının atılası əsəri
yoxdur”. Qəzənfər Paşayev də məhz
yaradıcılığı ilə əbədiyaşarlıq
qazanan sənətkardan, yazıçı və şairlərdən
söz açmaqla öz əsərlərinin də zirvədə
yer almasına nail olur.
Əcnəbi yazıçılar Azərbaycanda
Qəzənfər
Paşayevin “Seçilmiş əsərləri”nin
VI cildinə xarici ölkə ədəbiyyatının
görkəmli nümayəndələrindən etdiyi tərcümələr
toplanıb. Burada Qərb ədəbiyyatının
məşhur yazıçılarının Azərbaycanla
bağlı qələmə aldığı əsərlərə
yer verilib. Onu da qeyd edək ki, bu əsərlər
məhz Qəzənfər Paşayev tərəfindən
ötən əsrin 80-ci illərində orijinaldan tərcümə
edilərək oxuculara təqdim olunub və rəğbətlə
qarşılanıb.
Bəllidir ki, Aleksandr Düma 1858-ci ilin ikinci
yarısından 1859-cu ilin əvvəlinə qədər
Rusiyada və Qafqazda olub. Səyahətinə Peterburqdan başlayan
yazıçı Rusiyanın müxtəlif
yaşayış yerlərindən keçərək Azərbaycana
gəlib. Fransaya döndükdən sonra bu
səfərlə bağlı müxtəlif əsərlər
yazaraq nəşr etdirib. “Qafqaz səfəri” 1859-cu ildə
Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə
Nyu-Yorkda ingiliscə, 1985-ci ildə Bakıda azərbaycanca (Qəzənfər
Paşayevin tərcüməsində) çap edilib. Müəllifin
fransız yazıçısı ilə bağlı verdiyi məlumatda
oxuyuruq: “A.Düma Qafqazı “bəşəriyyətin
beşiyi” adlandırıb. Qafqaz, xüsusən
də Azərbaycan onun təbiəti və insanları
yazıçının ürəyində dərin iz
salıb. “Nə olaydı, mənə bir də bu yerlərə
gəlmək qismət olaydı” – deyib... “Qafqaz əsəri”ndən
görünür ki, A.Düma sadəcə olaraq yol qeydlərini
qələmə alan adi səyyahlardan olmamışdır.
Kitabı oxuduqca yazıçının
müdrik Şərqi, Şərq xalqlarının adət-ənənələrini,
Şərq mifologiyasını, qədim Şərq tarixini dərindən
bilməsi, onlardan yerli-yerində istifadə etməsi adamı
heyran qoyur”.
Məşhur Amerika alimi Sula Benet də Qafqazda olub. Onun Azərbaycana
həsr olunmuş əsəri 1976-cı ildə Nyu-Yorkda,
1989-cu ildə Bakıda nəşr olunub. Qəzənfər
Paşayev bu yazıçını da belə təqdim edib:
“Müəllifin müşahidələri və gəldiyi nəticələr
inandırıcıdır: “Qafqazlıların (azərbaycanlıların
– F.X.) gücü, qüdrəti nə şəxsi qəhrəmanlığında,
nə də var-dövlətindədir. Onların
gücü, qüdrəti nəslə, kökə, soya
bağlılığındadır” – deyib”.
Dünyada “dedektiv əsərlər kraliçası”
kimi tanınan Aqata Kristi 100-ə qədər romanın müəllifidir. UNESKO-nun məlumatına
görə, ingiliscə yazan ədiblər arasında əsərlərinin
çapına və yayılmasına görə Aqata Kristi
dünyada birinci yer tutur. Dünyanın
maraqla izlədiyi Aqata Kristinin Azərbaycan oxucularına
doğma dilimizdə çatdırılması da məhz Qəzənfər
Paşayevin xidmətidir. O, bu müəllifin “Mavi qatarın
sirri” əsərini ingilis dilindən tərcümə edərək
1995-ci ildə Bakıda nəşr etdirib. VI qatın sonuncu
bölməsi olan bu əsər məşhur Amerika
yazıçısının yaradıcılığı ilə
tanış olmaq üçün ən dəyərli
və qiymətli vasitədir. Həm Azərbaycan, həm də
xarici ölkə ədəbiyyatının təbliğində
böyük əməyi olan Qəzənfər Paşayevi həqiqətən
bəzən necə təqdim etməkdə çətinlik
çəkirsən. Alim, yazıçı, tədqiqatçı,
folklorşünas, tərcüməçi, tənqidçi...
saymaqla bitəsi deyil. Fərəh
doğuran odur ki, qələmini hansı sahədə işlədibsə,
mükəmməl alınıb. Bu, təkcə
onun biliyi, dünyagörüşü ilə deyil, həm də
zəngin daxili aləmi ilə bağlıdır. Gördüyü işə ürəklə
yanaşır. Bu səbəbdən də
nəticə uğurlu və yaddaqalan olur.
Sadiqlik
Demək
olar ki, kitabın kitabının bağlandığı bir
zamanda Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin yeddi cildinin hamısını diqqətlə
oxuyub başa çatdırdım. Məcburi,
könülsüz və nəyinsə xatirinə yox. Ürəyimdən gələn istəklə,
maraqla, böyük həvəslə və məhəbbətlə.
Bu, müəllifin böyük nailiyyətidir.
Oxucu qəlbində qazandığı inam və
ehtiramdır. Bilirəm ki, bu cildləri kim
əlinə alsa, onu oxumamış yerə qoymaz. Ən azından vərəqləyib müəllifin
toxunduğu mövzulara nəzər yetirəcək. Birini oxumaq bəs edər ki, onun cazibəsinə
düşəsən. Vaxtilə çap
edilmiş əsərlərinin təkrar oxunması və ləzzət
etməsi də köhnə və sevdiyin tanışla yenidən
rastlaşmağa, görüşməyə bənzəyir.
“Seçilmiş
əsərlər”in VII cildinə alimin rusca çap olunmuş
“İraq-türkman folklorunun janrlar sistemi” monoqrafiyası,
ingiliscə ölkəşünaslıqdan bəhs edən
“İngiltərədən söz açaq” dərs vəsaiti
(universitet tələbələri üçün), yenə
bu dildə xaricdə çıxan, eləcə də rusca,
türkcə məqalələri daxil edilmişdir. Bu cilddə
oxucular Qəzənfər Paşayevin ingilis dilindən azərbaycancaya
və ya əksinə, bizim dildən ingiliscəyə etdiyi
çox maraqlı, elmi-publisistik, bədii tərcümələri
və tədqiqatçının “Nostradamusun möcüzəli
aləmi” kitabından götürülmüş “Dərk
olunmayan aləm” fəsli ilə tanış ola biləcəklər.
Bu cilddə bir maraqlı məqalə də diqqətimi
çəkdi.
Tokio Universitetinin professoru İrəc Parsinecadın
1987-ci ildə Mirzə Fətəli Axundzadənin
yaradıcılığı ilə əlaqədar silsilə
yazıları “M.F.Axundzadənin ədəbi tənqidi”
adı altında ABŞ-da nəşr edilib. İrəc Parsinecad Axundzadələr nəslinin
yadigarı Pərirux xanımın həyat yoldaşı idi.
Onlar 1987-ci ildə M.F.Axundzadənin 175 illiyi ilə
əlaqədar Azərbaycana gəlmişdilər. Həmin
yazını 1995-ci ildə dilimizə çevirən Qəzənfər
Paşayev bu məqalənin məziyyətlərindən
söz açaraq diqqəti çox gərəkli bir məsələyə
yönəldir: “Bugünə qədər M.F.Axundzadədən
başlıca olaraq bir mütəfəkkir, sosioloq,
tarixçi, dramaturq və yazıçı kimi söz
açılmış, onun ədəbi tənqid sahəsindəki
görkəmli xidmətlərinə demək olar ki, tam
etinasızlıq göstərilmişdir. Halbuki əvvəlki
tədqiqatlara əsaslanan elmi işimiz göstərir ki, hekayə
və pyesləri ilə bərabər M.F.Axundzadə Şərq
ölkələrində ədəbi tənqid sahəsində
də müasir Avropa məktəbi yolu ilə gedən ilk tənqidçilərdən
olmuşdur”.
Qəzənfər Paşayev İrəc Parsinecadın bu
məqaləsini sadəcə tərcümə etməyib. Əsər
boyu müəllifin orijinal və sağlam fikirlərini təqdir
edib, eləcə də yol verdiyi bir sıra ciddi xətaları
da göstərib.
VII cilddə toplanan əsərlər vaxtilə (bəziləri
də təkrar-təkrar) kitab kimi çap edilib. Əksəriyyətini
də elə o vaxtlar oxumuşdum, böyük zövq
almışdım. İndi eyni rəğbət
və həvəslə bu yeddi qatın guşələrində
dolandım. Duyduğum bu oldu ki, Qəzənfər
Paşayevin sənət aləmində öz zirvəsi var. Məmməd
Araz deyərdi ki, sənətdə son zirvə olmur. Çünki bu zirvələr silsilə dağlar
kimi bir-birinə bənzəyir və uzanıb gedir. Bu mənada Qəzənfər Paşayevin sənət
zirvəsindəki yeddi silsiləni oxuyub keçsək də,
qarşıda yeni zirvələr görünür.
Son olaraq bir fikri yenə də vurğulamaq istərdim. Əvvəldən
axıra kimi Qəzənfər Paşayev
yaradıcılığından sarı sim kimi keçən
Kərkük mövzusuna sadiqliyi ilə diqqət çəkib.
Özünün dediyi kimi, doğrudan da bu sevda
ölüncədir. Çox arzu edərdik
ki, İraqın başı üstündəki qara buludlar
tezliklə çəkiləydi. Müsəlman
dünyasının o müqəddəs torpaqlarına əbədi
bir sülh qanad sərəydi. Söz
qüdrətimizin əbədi heykəli Məhəmməd
Füzulinin, dünya elminin zirvəsi sandığımız
Nəsrəddin Tusinin və digər müqəddəslərin
ruhları dinclik tapaydı. Yenə də
yollara iz düşəydi. Günün
birində bizim də illər boyu köksümüzdə arzu
kimi böyüyən, həsrət kimi sinəmizdə nisgilə
dönən bir istəyimizə çataydıq.
Başımızı dahi Füzulinin məqbərəsi
önündə əyərək özümüzü rahat
hiss edərdik. O günün də olacağına və bu
mövzuda Qəzənfər Paşayevin ürək açan,
könül oxşayan, fərəh doğuran yeni
yazılarını da oxuyacağımıza inanırıq...
Flora XƏLİLZADƏ,
yazıçı-publisist
525-ci qəzet.-
2012.- 14 aprel.- S.28-29.