Mariya Styuartın odisseyası: qanın xoşbəxtlik hədiyyəsi və sonrakı bədbəxtliklər labirinti

 

Hələ qədim Misirdə faraonlar, Roma imperiyasında ali icra hakimiyyəti bir-birini əsasən irsiyyət qaydasında əvəz edirdilər. Hökmranlığın irsən ötürülməsi bəzən problemlərlə üzləşdiyindən, bunları həll etmək üçün qan tökmək də lazım gəlirdi. Osmanlı imperiyasında çox saydakı qardaşlardan birinin varis olması naminə digərləri qəddarlıqla qətlə yetirilirdi.Yulaf Hegel dialektikasının məşhur üçlüyünə uyğun olaraq boy atdığı kimi, Avstriya təbiətşünası Qreqor Mendel XIX əsrdə irsiyyət qanununu kəşf etməmişdən çox-çox əvvəl monarxiyalar da məhz bu qaydada ömürlərini uzadırdılar. Qan irsindən əmələ gələn hakimiyyət seriyası çox vaxtçarpaz tozlanma” hesabına şaxələnməyə başlayır, Avropa qitəsinin böyük hissəsini əhatə edirdi. Matrimonial əlaqələr hələ qədim Roma siyasətində mühüm amilə çevrilmişdi. Avstriya imperiyası isə özünü qoruyub saxlamaq üçün imperatorunya imperatriçanın qızlarını başqa dövlətlərin prinslərinə və imperatorlarına ərə verməklə, öz kövrək mənafelərinə dayaq tapmalı olurdular. Ona görə də “Avstriya nigaha gir!” şüarı vaxtilə bütün Avropaya məlum idi. İki Avstriya prinsessası Fransa kralı XVI Luininimperator Napoleonun arvadı olmaqla bədbəxtliklərlə üzləşmiş, Mariya Antuanetta edam edilmiş, Mariya Luiza isə ərinin sürgünə göndərilməsindən sonra ondan ayrılmışdı. Böyük Britaniya kraliçası Viktoriya ilə qan qohumluğu olanlar qitənin əksər monarxiyalarında özləri ilə doğduqları oğlan övladları üçün qorxulu xəstəlik olan hemofiliya bəlasını bəxş edirdilər.( Hemofiliya qanın koaqulyasiya etməsinin pozulması ilə müşayiət olunan xəstəlikdir. Bu xəstəlik yalniz oğlan uşaqlarına keçir və ağır fəsad hesab olunur.) Rus çarı II Nikolayın, devrilmə qorxusu altında ölkəsindən qaçmış İspaniya kralı XIII Alfonsonun oğlanları bu xəstəlikdən əziyyət çəkirdilər.

Qana görə hakimiyyətin ötürülməsi prinsipi monarxiyaların əsrlərlə yaşamasına şərait yaratmışdı. Platon yazırdı ki, “Zaman hər şeyi özü ilə aparır: illərin uzun cərgəsi adı da, zahiri görünüşü də, xarakteri də, taleyi də dəyişdirə bilir”. Lakin monarxiyalar zamanın hökmünə tabe olmurdular, Şekspirin Kleopatra barəsində yazdığı kimi, zaman onları soldura bilmirdi. Əsrlər belə onların həyatilik qüvvəsini zəiflədə bilmirdi. Prinslər, şahzadələr hələ erkən yaşlarından, ayıq olanların yuxusu sayılan ümidlə taxt- taca sahib olmaq arzusu ilə yaşayırdılar. 1936-cı ildə Böyük Britaniya kralı kimi ölən atasını əvəz edən VIII Eduarddan başqa deyəsən heç bir taxt-tac sahibi ali kürsünü öz iradəsi ilə tərk etməmişdi. İngiltərə kralı I Karl, Fransa kralı XVI LuiRusiya çarı II Nikolay inqilablar yolu ilə devrilməklə, edam və qətlə yetirilmək faciəsi ilə həyatdan getmişdilər.

Taxt-tacı göydən düşən vergi kimi qəbul edib, hələ özübunu anlamayanda onun şöhrətini dadan, lakin sonradan arası kəsilməyən bədbəxtliklərlə üzləşən Şotlandiya kraliçası Mariya Styuartın həyatı əvvəlcə onu haqlamış qeyri-adi dərəcədəki xoşbəxtliyə və sonralar taleyini qara rəngə bürümüş acınacaqlı hadisələrə görə ibrətamizdir.

Bu körpə dünyaya gələndən sonra atası, Şotlandiya kralı V Ceyms həyatdan getmiş və qızcığaz kraliça elan edilmişdi. Kralların birbaşa varisi olan Mariya Styuartın alnında elə bil böyüklük nəqş edilmişdi.

Atası tərəfdən nənəsi Marqaret Tudor vasitəsilə qohumu olan İngiltərə kraliçası I Elizabet isə şotland kraliçasından fərqli olaraq yeniyetmə yaşlarında ölüm təhlükəsi altında, həm də dustaq kimi yaşamış, hər şeyə qanı ilə yanaşı güclü ağlı və iradəsi hesabına nail olmuşdu. Elizabetin anası Anna Boleyn iyrənc zinakarlığa görə olan ittiham altında edam edildikdə, onun vur-tut üç yaşı var idi və anasına görə bastard-haramzada hesab olunurdu.

Ögey qardaşı olan kral yeniyetmə yaşında öldükdən sonra taxt-taca gələn ögey bacısı Mariya Tudorun hakimiyyəti (onu, protestantlara qarşı qəddarlığına görə həm də Qanlı Mariya adlandırırdılar) Elizabeti daha ağır sınaqlarla üzləşdirmişdi. Lakin beş il sonra, 1558-ci ildə həmin kraliçanın ölümü ilə Elizabet atasından qalmış İngiltərə taxt-tacına sahib oldu.

Mariya Styuart isə uşaqlığı və yeniyetməliyi dövründə həyatın belə sərt sifəti ilə üzləşməmişdi. Görünür, doğulandan onu xoşbəxtlik ilahəsi öz himayəsinə götürmüşdü. Axı bəzi körpələr qəşəng cizgiləri ilə seçilirlər, həyatda gözəllik böyük əhəmiyyət daşıdığından, belələrini təbiət öz əliaçıqlığından da məhrum etmir.

Taxt-taca gəlmək üçün Mariya Styuarta heç bir çətinliyi dəf etmək lazım gəlmədiyi halda, Elizabet təmkini, özünü məharətlə idarə etməsi və cəsarəti hesabına istənilən maneəni, hər cür əngəli ötüb keçməli olurdu. Elizabetin hakimiyyətə yüksəlməsi yavaş, həm də enişli-yoxuşlu yollarla gedirdi, lakin hədəfə düzgün istiqamətlənmişdi. Mariya Styuart isə qısa ömrünün ortasında bədbəxtlik simvoluna çevrildi, faciələrin qəhrəmanı kimi tanındı. Əgər Elizabet üçün idarəetmə bacarığı şahmat partiyası idisə, Mariya Styuart üçün varlığın yüksək sevinci idi. Roma Papası, onun qadın bədənində kişi ürəyi vardır, demişdi.. Əgər Mariya Styuart özü üçün yaşayırdısa, Elizabet öz ölkəsi üçün yaşayırdı. Bu iki böyük obrazda həm dünyaya, həm də tarixə məxsus olan antiteza gizlənmişdi. Qohumu olan digər kraliçadan fərqli olaraq Mariya Styuart üçün məsələlərin həlli impulsların diqtəsinə məruz qalırdı.

Mariya Styuartın həyatda keçirdiyi bədbəxtliklərin üzərinə, edamından sonrakı rəylər də əlavə olunmaqla, bu qadın haqqında ziddiyyətli, bir-birindən diametral qaydada fərqlənən fikirlər meydana gəldi. Onun həyatında baş verən hadisələr müasirləri tərəfindən tam müxtəlif qaydada ifadə olunurdu və sonrakı tarixçilər, müəlliflər də onları bir-birindən kəskin surətdə fərqlənən boyalarla təsvir etməkdə davam edirdilər. Həqiqət yalanla, faktlar isə uydurmalarla elə sıx qarşıdırılırdı ki, bunları arqument kimi götürməklə istənilən nöqteyi-nəzəri əsaslandırmaq mümkün idi.

Bu qadın hər şeydən əvvəl ehtirasın hökmranlığı altında idi. O, elə nadir qadın tipinə, qadınlar qrupuna mənsub idi ki, onlar yalnız ani gur çiçək açmasının sehrini bilirlər və özlərini tədricən deyil, məhz bu ehtirasın kurəsində yandırmaqla sərf etməyə üstünlük verirlər. İyirmi üç yaşına qədər onun hissləri sakit gölməçədə mürgüləmişdi, ancaq qısa iki il ərzində tufan qaldıran stixiya səs salmağa başladı. Beləliklə, adi, gündəlik tale antik miqyaslı faciəyə çevrildi. Bu iki il müddətində Mariya Styuart əsl faciəvi fiquraya çevrildi. Yalnız bu təzyiqin altında olduqda, o, özündən yuxarı qalxır, qızğın həvəsində öz həyatını dağıtmaqla, həm də onu əbədiyyət üçün saxlayır. Yalnız insana xas olan, hər şeyi öldürən ehtiras hesabına onun adı bu gün də şeirlərdə və sonsuz mübahisələrdə yaşayır. İki il, onun faciəvi ehtirasını nişan verən zamana çevrilir. Yalnız qüssəli düşüncələrin tam şəkildə olması könül üçün ölçü rolunu oynayır. Gününü sayan xəstələr kimi, bu qadın da daxilində ötən saatların növbələşməsinin hesabını aparır. Ehtirasdan uzaqlaşdıqdan sonra o, yenidən ardı kəsilməyən illərin, sürüşkən kölgələrin boşluğuna düşür. Onun bəxtinə düşən gərgin, həyəcanlı anlar bəlkə də sayı onlarla ölçülən adamların həyatına bəs edərdi.

İnsanın ruhu yanıb, dəmir kimi qızaranda və alovlananda, bu, görünən obraz xarakteri alır. Hələ sevinməyin belə, nə olduğunu bilməyəndə Mariya Styuart taleyin ən bədxərc hədiyyələrini qəbul edir, ölkəsinin, xalqının kraliçası kimi yüksək və şərəfli adı daşımağa başlayır. Atası da körpəliyindən onunkuna bənzər taleyi yaşamışdı , bir yaşı olanda Şotlandiya kralı olan atası IV Ceyms öldükdən sonra V Ceyms adı altında taxt-taca sahiblik hüququna yiylənmişdi.

1542-ci ilin dekabrında onun qızı anadan olanda V Ceymsin viran qalmış könlündə sevincə və ümidə artıq yer yox idi. O vəziyyətinin ağırlığını dərk etdiyindən, bunu qismətin, fatumun adına yazmağa cəhd edərək demişdi ki, “Qadın bizə tacı gətirmişdir, qadınla da biz onu itirəcəyik”. Bu sözləri dedikdən az sonra o, ölmüşdü. Bu vaxt qızcığazın dünyaya göz açmasından altı gün keçmişdi. Kralın, elə bil ki, lənətlənmiş nəslindən heç kəsə qoca yaşa çatmaq nəsib olmamışdı, onlardan heç birinə taleulduzlar uzun sürən əlverişli şərait yaratmamışdı.

Mariya Styuart Elizabetdən fərqli olaraq daha sərt qaydaları olan və çəkişmələrin fasilə vermədiyi bir ölkədə dünyaya göz açmışdı. Bu ölkə Şotlandiya idi. Burada həmin vaxtlarda yaşayıb yaratmış fransız şairi PyerRonsar sərt olsa da, həqiqətə xilaf çıxmadan həmin məkanı və xalqı “barbar ölkəsi və qəddar tayfa” adlandırmışdı. Şotland baronlarının təbiətini çəkişmələr, onların ilhamını isə paxıllıq xarakterizə edirdi. Onların fikirlərinin hamısı hakimiyyət və ona yaxın olmaq üzərində cəmləşirdi. Şotland ağalarını qızıl və təmənna daha çox cəzb edirdi. Fransız səfiri yazırdı ki, onlara hökmdar qarşısında borcun, ədalətin, nəzib əməllərin nə olduğunu öyrətmək istəyi, bu adamlarda sadəcə olaraq istehza doğurur. Hətta Şotland milli poeziyasının banisi sayılan Robert Berns öz həmvətənlərini “Bir ovuc əclaf” kimi damğalayırdı. Qılınc işə salınmayanda, qatilin iti xəncəri onların sərəncamında olurdu.

Həmin dövrün Şotlandiyası İngiltərədən və Avropadan ən azı bir əsr geri qalırdı.

Ölkədə tikilmiş qəsrlər, alınmaz qalalar dinc qonaqpərvərlik üçün deyil, ancaq müharibə üçün nəzərdə tutulurdu. Avropanın şimal qurtaracağında yerləşən, təcrid olunmuş və dənizlərlə əhatə olunmuş bu kiçik ölkə həm də yoxsul idi, çünki onu ardı-arası kəsilməyən müharibələr taqətdən salırdı. Burada sərvət Bibiliyada təsvir edilən dövrlərdə olduğu kimi torpağın sahəsi və qoyunların miqdarı ilə ölçülürdü. Varlı FransaRoma Papası öz müttəfiqləri olan Şotland kralına çox şey bəxş edirdilər, lakin onun aldığı hər şey alçalmaq hesabına başa gəlirdi.

Dözülməz yoxsulluq çirk verən xora kimi gözəl və nəcib ölkə olan Şotlandiyanın siyasi qüvvələrini taqətdən salırdı. Yoxsulluq insan həyatının qiymətini də aşağı endirirdi. Əcnəbi dövlətlər şotland qanını həvəslə alırdılar. İngilis qoşunları Normandiyaya müdaxilə edən kimi, Fransa bu xəncəri İngiltərənin kürəyinə sancırdı və döyüşkən skottlar (şotlandlar) ləngimədən sərhədi keçib, özlərinin qatı düşmənlərini hədələyirdilər. Sülh dövründə də şotlandlar İngiltərə üçün əbədi təhlükə hesab olunurdu. Ona görə də ingilislər Şotlandiyanı Fransanın dal qapısı adlandırırdılar.

Mariya Styuartın elə beşiyi başında mübarizə başlandı. Bu, onun böyük bədbəxtliyi idi, o, daim həmin qumar oyununa cəlb edilirdi. Siyasət heç də hisslərə məhəl qoymur.

Bir dənizin himayəsi və təhlükəsi altında olan iki ölkə – Şotlandiya və İngiltərə bir adada yaşadıqlarından, onların qarşısında vahid ölkədə birləşmək kimi vacib vəzifə dururdu. Təbiət bu vaxt birmənalı qaydada öz iradəsini diqtə edirdi. Şotlandlarla isə yalnız bir dildə – güc dilində danışmaq olardı. Bu, kraliça qızcığazın taleyindən də yan keçmirdi. Mariya Styuartın hələ bir yaşı olmayanda, onun üstündə qan artıq çay şəklində axırdı. Bu vaxt, həmçinin yad iradə onun taleyini müəyyən edir və dəyişdirir. Yaxşı ki, bu kiçik yaşlı qız nələr baş verdiyini yaxşı anlamırdı. Axı çox şeydən hali olmamaq uşaqlığın böyük üstünlüyü hesab olunur. Bu yazıq qıza dəfələrlə bir taledən digərinə qaçmaq ehtiyacı yaranır. O, anasının vətəni olan Fransaya, oradakı kral sarayına yollanır. Dofin II Fransisk nişanlısı olacaq bu qızı Fransa torpağında salamlayır. Gənc oğlanın taleyinə isə bədbəxtlikdən xəstəliklər və qəbirə erkən yollanmaq yazılmışdı. Çünki onun damarlarında zəhərlənmiş qan axırdı. Bu dövrün özünə məxsus qaydaları var idi. Yeni ideal ondan ibarət idi ki, ölümə nifrət etmək, həm də həyatı ehtirasla sevmək eliminə yiyələnməlisən. İnsan özündə qütbvari əkslikləri – qüvvəni və zərifliyi, sərtliyi və nəzakətliliyi birləşdirməli idi, həm də döyüş üçün, bu mənəvi vuruş üçün bərabər şəkildə hazır olmalı idi.

Mariya Styuart hələ kiçik yaşlarında gözəlliyin bəzi cizgilərinə malik idi, sonralar isə bu lətafət daha cazibədar olmuşdu. İspan dramaturqu Lope de Veqa Mariya Styuart barədə yazırdı: “Ulduzlar onun gözlərinə zərif parıltı, saçlarına isə rənglər bəxş etmişdir, bunlar ona bu qədər təəccüblü gözəllik vermişdir”. IX Karl isə bu xoşbəxt nikaha malik olmuş böyük qardaşı II Fransisik barədə yazırdı:

Kim ki, yataqda unudub yuxusunu, onun döşlərini əzizləyəndə

Təlaş keçirməzdi əsla hətta tacı verməyə bu gözəllik naminə”.

Qadın gözəlliyi yalnız məhəbbət haləsində parlamağa başlayır, sevgi gənc qız üçün uçanda kəpənəyin qanadlarını cilvələndirən günəş rolunu oynayır. Yalnız ehtiras qadın könlündən pərdəni dartıb qoparır, təkcə məhəbbət və əzab vasitəsilə qadın özünün tam ucalığına yüksəlir.

15 yaşlı Mariya Styuartın toyunda da, öz həmyaşıdları ilə müqayisədə onun ömür saatının əqrəbinin daha da tələsməsi hiss olunur. Toy günü bu qız xüsusi məlahətə malik idi. Qonaqların gözündə, o, olduğundan da daha füsunkar görünürdü.

Lakin təzə bəylə gəlinin ailəsində bədbəxtlik baş verir. Fransa kralı II Henrix turnirdə məşq edərkən nizə onun gözünü yaralayır və atdan kral ölü kimi yerə yıxılır. 1559-cu ilin iyulunda onun ürəyi öz döyünməsini dayandırır. Altı yaşında Avropanın ən qüdrətli prinslərindən birinin nişanlısı olan qız, 17 yaşında artıq yeni fransız kralının kraliçasına çevrilir. Elə bil ki, onun üçün hər şey Amalteya keçinin tükənmək bilməyən bolluq buynuzundan tökülürdü. Lakin bu tez yetişən taledə, torpağa səpilən dəndə olduğu kimi, onu rahat buraxmayan, onun narahatlığına səbəb olan sirr gizlənirdi.

 

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2012.- 14 aprel.- S.14.