“Şekspir”... yaxud
HARMONİYAnın təntənəsi...
VƏ YA BƏYAZ
DONLU QƏMLİ KOMEDİYA...
... Biri vardı, biri yoxdu...
... Məchul məmləkətdə məkanı
bəlli olmayan, Zaman anlayışının isə heç vədə
hökm sürmədiyi bir dəlixana vardı... Buranın
sakinləri özlərini xəyallarında qurduğu cənnətdə
hiss edər və azad – dəlisayağı xoşbəxt
günlər yaşayardılar...
lll
... Tamaşa salonuna daxil olan andaca
quruluşçu rejissor (Petru Vutkereu – Moldaviya Respublikası) və
quruluşçu rəssamlar (tərtibat rəhbəri Xalq Rəssamı
Nazim Bəykişiyev, quruluşçu rəssam Ramin Bəykişiyev)
bizi həməncə görkəmli yazıçı və
dramaturq Elçinin “Şekspir” pyesinin mürəkkəb və
qeyri – adi tamaşa ovqatına salmağa cəhd edirlər...
... Səhnə bəyaz rəngin
hökm sürdüyü əsrarəngiz bir səltənəti
xatırladır. Bu dəfə
onun “əbədi geyimi” olan məxməri, parıltılı
qumaşları cunadan tikilmiş və tənzif
parçaları yapışdırılmış sirli-sehrli
şəffaf bəyaz pərdə (superpərdə) əvəz
edərək, həm paklığın, saflığın, həm
də xəstələyin işarəsi kimi
tamaşaçını bu axşam səhnədə baş
verəcəklərə hazırlayır. Onun arxasında isə
hər şeyin bəyaza boyanmasına rəğmən
xoşbəxt həyatın... şən gülüşlərin...
günahsız uşaq oyunlarının... topun... velosipedin...
qaçdı-tutduların... səsi-sədası
eşidilir... səmiri duyulur. Bir sözlə, tamaşa tam
yaradıcı vəziyyətdə olan aktyorların gəzişmələri...
gülüşləri ilə başlayır...
... Ön səhnədəki
(avansəhnə) su ilə dolu hovuzun başında isə ilk
gördüyümüz adam – dəlixananın Baş həkimi
intihar etmək arzusunu həməncə faş edir və hətta
yarızarafat buna ehmallıca bir cəhd də göstərir...
... Bəyaz cuna
pərdə açılır və səhnədə elə
bil ki, qədim bir malikanənin xarabalıqları əsasında
bərpa edilmiş xəstəxana məkanı
görünür. Qədim malikanədən qalan isə sanki
küncə qoyulmuş dirəkli fənər və qapı,
bir də ki, Sara Bernarın yelləncəkli kreslosudur. Bir tərəfdə
Baş həkimin ənənəvi şirmalı kabineti, o biri
tərəfdə isə sonsuz kainata açılan pəncərə
(Veneralı düz 17 ildir ki, hər gün bu pəncərədən
baxaraq veneralıların gəlib onu aparacaqlarını
usanmadan gözləməkdədir...), hər yanda qurumuş və
xəstəymiş kimi cunaya bükülmüş qupquru
ağaclar, yuxarıdan asılmış köksüz, quru bəyaz
budaqlar buranın qeyri-adi sakinlərinin ayrılmaz bir
parçası kimi diqqətimizi cəlb etməyə
başlayır.
Beləliklə
də, quruluşçu rejissor və quruluşçu rəssamlar
qəmli komediyanın oynanması üçün
tamaşanın obrazına çevirdikləri, minimalizmin
hökm sürdüyü bəyaz donlu məkanı
oyunçuların ixtiyarına verirlər...
Bəs, bu məkanda
gəzib-dolaşanlar kimlərdir?
... Yeknəsək
həyatından bezib-usanmış, tez-tez intihar barədə
düşünən Baş həkim (əməkdar artist A. Məmmədov)...
Gün-güzəranından narazı Baş həkim A.Məmmədovun
ifasında ruhi xəstəliyin astanasının bir
addımlığındadır. Tamaşada guya ki,
“sağlamlar qütbünü” təmsil edən Baş həkim
ağ xalatı geyərkən sanki azadlığını
itirir, “bunları... etməliyəm!” çərçivəsinə
girir, azadlıq istəyinin boğulduğunu azad pasientləri
ilə söhbətlərində anlayır, özü ola bilmədiyi
üçün çırpınır... A.Məmmədovun
Baş həkimi çoxdan onu evdə və işdə əhatə
edən mənfiliklərlə barışıb: ailəsindəki
sevgisizliklə, etinasızlıqla, işdəki yalan və
oğurluqla, bir sözlə, şərlə... Təbiətindəki
bu keyfiyyətlər onu – əslində, ağıllı və
dürüst insan olan Baş həkimi naqisliklərlə
barışan, ona baş əyən, bir az qorxaq, bir az itaətkar
birisinə çevirib... Nəticədə, bu mədəni, yumşaq
insan sosial şərə qarşı fəal olmayan bir
mövqedə qərarlaşır... Getdikcə isə
müdhiş bir fikrə – özünün şirmalı
iş otağı ilə pasientlərin palatası arasında
mahiyyətcə heç bir fərqin olmaması fikrinə gəlir...
həyatının sonuna qədər bax, bu gedişlə də
davam edəcəkdir...
Baş həkimə
görə dəlilərdən xoşbəxt adam yoxdur: “Onlar
xoşbəxtdirlər, qohum-qardaşı, işi-gücü
unudublar”... Baş həkim – A.Məmmədov pasientlərin istər
xəstəliklərini, istərsə də fərdi təbiətlərinin
özünəməxsusluğunu nəzərə almadan,
hamıya ənənəvi müalicə üsulunu tətbiq
edir. Bu zaman quruluşçu rejissorun kinayəsi aktyorun mükəmməl
oyun üslubunda özünü qabarıq göstərir. Bəlli
olur ki, öz gülünc müalicə üsulu ilə o, nəinki
pasientləri müalicə edə bilməyəcək, əksinə,
onların formalaşmış – artıq öz qanunları ilə
yaşanan mühitinə zərbə vuracaq. Rejissor təklif
etdiyi komik situasiyaları bu aktyorun çoxlaylı psixoloji
oyunu, plastikası, səs tembri, danışıq tərzi
vasitəsilə bizə təqdim etdikcə komikliyin
anlaşılmazlığa... anlaşılmazlığın
isə qəm gətirən ovqata... çevrildiyini
görürük. Beləliklə də, quruluşçu
rejissor əsas götürdüyü janrın bədii-estetik
xüsusiyyətlərinə eklektikaya yol vermədən riayət
etməklə, “qəmli komediya” janrının təbiətini
tamaşaçıya epizod-epizod, pərdə – pərdə
aşılayır...
Tamaşada daxilən
azad olmayan və iradəsizlikləri üzündən
qapalı, dar məkanın məngənəsindən
çıxa bilməyən insanlar (Baş həkim, Həkim və
Sanitar) miniatür çərçivədə təqdim
edilir. Onlar azadlıq istəyi olan, amma daxilən azad ola bilməyən,
bu arzunu ürəklərində öldürən naçar
insanlardır, xəstələr isə uydurduqları
dünyada azaddırlar... xoşbəxtdirlər...
... Son dövrdə
bir-birindən fərqli obrazlar yaradaraq onların daxili
dünyaduyumu ilə zahiri plastik rəsmini vəhdətdə təqdim
etməyi bacaran gənc aktrisa N.Güləhmədovanın
ifasında vicdandan məhrum, bədbəxt ailə həyatının
çıxılmaz girdabında sona qədər
çapalamağa məhkum, cinsəl həyatında normal
kişi-qadın münasibətləri tamarzısı, şəhvət
hissləri doyumsuz, hətta Sara Bernarla Drob 13-ün romantik
duyğularına belə həsəd aparan Həkim qadın...
...İnsanlıq,
ləyaqət, şəfqət hisslərindən bixəbər,
oğru, əliəyri (...“oğurlamıram, götürürəm...”),
qəddar, yalnız özünü (...mədəsini!)
düşünən Sanitar (A.Şirinov)... Teatrın aktyor heyətində
heç kimə bənzəməyən fərdiliyi ilə
qabarıq seçilən A. Şirinov yaratdığı
Sanitar obrazının çoxsaylı naqis cəhətlərini
qroteskə... sarkazma əsaslanaraq dəqiq rəsm edir. O, nəinki
səhnədə təklif olunan vəziyyətlərdə
gözlənilməz və sərrast olur, həm də
Sanitarın – bu qorxunc, miskin məxluqun (insanın yox!) törətdiyi
yaramazlıqları... bu yaramazlıqları hər an
artırmaq niyyəti ilə daim pusquda durmasını... əlinə
keçən hər şeyi qəfil qamarlayıb
oğurlamasını... zavallı pasientlərə qəfildən
cumaraq, onları incitmək, təhqir etmək və qeyri –
insani əməllərindən sonsuz keyf almaq kimi (aktyor bu
keyfin yaratdığı ekstaz halını əcaib
gülüşləri... mimikası... cəld plastikası...
ilə ustalıqla faş edə bilir) nifrətə layiq hərəkətlərini
bu mənfi personajın yalnız kəskin zahiri deyil, həm də
daxili eybəcərliklərinin parlaq portret cizgilərinə
çevirir. A. Şirinov öz obrazının qeyri – insani
içini... yox, yox... oğurladıqları ilə dolu olan
içalatını tamaşaçı zalına
virtuozcasına translyasiya edə bildiyindən Sanitar bizim nifrətimizi
qazanır.
Kimliyi,
keçmişi, bura gəlib düşənə qədər
taleyi belə bəlli olmayan Sara Bernar (Əməkdar Artist
M.Atakişiyeva), Stalin (Xalq Artisti R.Novruz və Əməkdar
Artist P.Bağırov), Veneralı (Əməkdar Artist E.Cəbrayılov),
Ər-arvad (Ş.Şahvələdqızı) və Drob – 13
(E.Rüstəmov, A.Heybətov)...
Deyəsən, axı,
əsas personajlardan birini, bəlkə də ən əsasını-Ş
E K S P İ R-i unutdum... Amma yox, onu – Yer kürəsində
harmoniyanı bərpa etmək arzusunda olan dramaturq Elçinin
həmfikiri dramaturq Şekspiri unutmaqmı olar?!
Teatr dramaturji
materialdakı sözlə çətin izah edilən, mənəvi-psixoloji
əhəmiyyəti böyük olan mürəkkəb
anlayışların mahiyyətini tamaşanın sevgiyə...
harmoniyaya... inama ehtiyacı olan (səhranın suya ehtiyacı
kimi!) bütün “toxuma” və “hüceyrə”lərini
qidalandıran virtual obraz – Şekspir sayəsində laybalay
üzə çıxarır. Beləliklə də, pyesin
parlaq plastik tamaşa variantının yaranması baş verir.
Quruluşçu
rejissor və quruluşçu rəssamlar tamaşada mövcud
olan ağ bürüncəkli sadə geyimlərdən
tutmuş bütün elementləri, halı, əhvalı, ab –
havanı həm də sanki kosmik bir lal-dinməzlik, dumanlı,
alatoranlı görüntü şəklində (burada
göydən qar da yağa bilər... sabun köpüyündən
şarlar da oynaşar... rəqs edər və pasientlərin əhvalını
tamaşanın nəfis kosmik musiqisinə (musiqi tərtibatı
H.Kazımzadə) qoşulub müşayiət də edər...)
təqdim edir.
...Bəli,
gözümüz önündəki bəyaz səhnədə
ilk baxışda qeyri-adi heç nə ilə diqqəti cəlb
etməyən ruhi xəstəxananın işçiləri və
pasientləri dolaşır... Amma epizodlar bir-birini əvəz
etdikcə, vizual görüntülər daha dərin məna və
mətləb qatlarını işarələdikcə, ilk təəssüratımızın
bəsit olması qənaətinə gəlirik. Elçinin
dövrün çağırışına adekvat cavab vermək
hünərini (ədəbi hünərdir!) yadımıza
salanda isə mürəkkəb strukturlu, dramaturqun modern
düşüncəsinin məhsulu olan bu pyesin çox
kövrək, köməksiz, keçmişsiz və gələcəksiz
insanların düşdüyü zamansız-məkansız
bir həyat – dəlixana çərçivəsində təqdimatının
kökünə, mənasına, fəlsəfəsinə
varmağı bacarırıq...
...Orijinal bədii
təfəkkür sahibi olan dramaturqun qəmli təbəssüm
arxasında gizlənən mütəfəkkiranə
(böyük Mirzə Cəlilin “Dəli
yığıncağı” tragikomediyası yada
düşür...), ağrılı düşüncələrinin
katalizator təsirini qeydə alırıq...
...Elçin
dramaturgiyasının səhnə təcəssümünün
milli teatr prosesimizə dünya teatrının aktual mövzu və
problemlərini qatdığını görürük...
...
Görürük ki, Elçin özəl dramaturji
poetikasına sadiqdir. O, yalnız milli deyil, eyni zamanda, dünya
dramaturgiya məkanının sakinidir...
...
Görürük ki, o, “Şekspir” pyesində dünyanı
bürüyən və çoxdan apogeyinə çatan mənəvi
xaosa öz baxım bucağından yanaşa bilir...
...
Görürük ki, artıq dünya teatrlarının diqqətini
cəlb etmiş “Şekspir” dördüncü pyesidir ki, eyni
bir bədii ideyanı müxtəlif rakurslardan hər dəfə
yenidən sınayır və şərti olaraq, “Kimdir dəli?”
adı altında birləşən komediyalarında onu
“Gerçəklik və mənəvi – əxlaqi
sağlamlıq”... “patoloji gerçəklik və onun
sağlam olanlarda inikası”... “patoloji dəlilik və onun
gerçəklikdə inikası”... nəhayət... “məhvərindən
çıxmış dünya”da (“Hamlet” faciəsi) Şekspir
dühasının işığında H AR M O N İ Y A N I
N T Ə N T Ə N Ə- S İ N Ə Ü M İ D və
İ N A M maraqlandırır...
... “Şekspir”də
dramatik model-situasiya paralel müstəvidə yetişir: bir
yanda dəlixana və pasientlər, o biri yanda isə planetimizi
– reallığı təmsil edən tibbi personal... Planetimiz –
reallıq müstəvisi sanki boşluqda dolaşan və mənasızlığı
işarələyən Baş Həkim, Həkim və
Sanitarın timsalında absurd həddə
çatdırılırsa, pasientlər müstəvisi əslən
absurd ab-havanın, azadlıq və irrasionallığın,
yuxunun, xəyalın və reallığın eyni vaxtda bir
yerdə olub, dramaturq tərəfindən bir-birinə
calandığı “çəkisizliyin” sonsuz fəzasına
çevrilir...
... Yeni dramaturji
strukturu, tam yeni tipli konflikt və kolliziyaları, gözlənilməz
süjet kombinasiyalarını, düşüncə və
hissləri stereotipdən uzaq olan yeni məzmunlu insan tiplərini,
xarakterləri ortalığa qoyan “Şekspir” pyes –
tamaşasında maraqlı dramatik, lirik-romantik, komik subyektlərin
varlığı, aktual mənəvi
konflikt-qarşıdurmalar, dövrə adekvat dünyaduyumu
dramaturq tərəfindən yüksək professionallıqla
bir-birinə hörülüb. Bizə təqdim etdiyi süjet
gedişatında XIX, XX və XXI əsrləri bir araya gətirən
(əcəba, Sara Bernarla Stalinin görüşü... Sara
Bernarla Şekspirin telefon danışıqları...
görüşləri və s. XXI əsrdə adiləşmiş
virtuallığa söykənmirmi?) dramaturqu və
quruluşçu rejissoru situasiyaların komikliyini yetişdirib
faciə həddinə çatdırmaq məşğul etmir.
Nə yaxşı ki, nə müəllifi, nə də
rejissoru buradakıların xəstəlik tarixi də heç
maraqlandırmır...
Quruluşçu
rejissor bu xəstəxanadakı anlaşılmazlıqlara
güclü romantik bir don geydirir və obrazları bizə təqdim
etdiyi konteksdə adi görünən virtual sürətin
dolanbaclarına ustalıqla salıb-çıxarır.
Baş Həkimin Sanitarla... Həkimlə
qarşılıqlı münasibətləri, iş əlaqələri
göz önündə anbaan dəyişir, az qala ciddi sosial
problem səviyyəsində təqdim edilir. İlk
baxışda hər şeyin öz qaydasında olduğu bu xəstəxanada
pasientlər intensiv müalicə edilir, dava-dərman alır,
hətta onların asudə vaxtlarının belə
qayğısına qalınır... kitab oxuyurlar... oyunlar
oynayırlar... amma... və lakin...
... Bəli,
tamaşadakı ən füsunkar və ən qəmli romantik
oyunu oynayanlar da elə dəlilərdir... Xəstələrdən
biri Sara Bernarın, digəri isə Stalinin donuna giribdir, hətta
geyimləri, ədaları, plastikaları belə onların bu
cildə əbədi pərçim edilməsindən xəbər
verir. Sözügedən hər iki səhnə obrazı
aktyorların ifasında tamaşadakı romantik vüsətin
dərəcəsini artırır.
E.Cəbrayılovun
cazibəli ifasında saf çöhrəli, qılman qiyafətli
həlim, təmənnasız, nəvazişkar, dinc, xəyalpərvər,
səhərdən axşamacan bütün fikri-zikri pəncərədən
göylərə baxmaq (düz 17 ildir!) və
özününküləri (veneralıları) gözləmək
olan Veneralının ümidi sonsuzdur... İstedadlı aktyor səhnədə
təklif olunmuş vəziyyətdə təbii tərzdə
mövcud ola və Veneralının həsrət, intizar və
ümid işartılarını bədii biçimdə
görümlü edə və bizi veneralıların məhz
belə olduqlarına inandıra bilir.
Özünü
bir vücudda həm ər, həm arvad hiss edən Ər-arvad
Ş.Şahvələdqızının ifasında həm də
aktrisanın əsl bədii başqalaşma
bacarığının nümayişidir. Bu zaman sanki bədii
başqalaşma ilə yaradıcı hiss-həyəcanın
peyvənd olmasının şahidi oluruq. Aktrisanın
ifasında bu proses həm psixolojidir, həm patolojidir, həm
fiziolojidir və o, səhnədə öz personajı
üçün düzgün yaradıcı əhval, hal tapa
bilibdir. Ş.Şahvələdqızı bu obrazda
özünün yaradıcı fantaziyasını sərgiləyə
bilir, obrazına xas olan ən xırda detalların,
ağılla, düşüncə ilə dərk edilməyən
ani hal sayrışmalarının, cinsdən-cinsə
keçidin yaratdığı çətinliklərin öhdəsindən
gəlir. Aktrisa Sanitar tərəfindən amansızlıqla
hovuza itələndikdə də, yamyaş hovuzdan
çıxıb yarpaq kimi əsdiyi, sanki nə olduğunu dərk
etmədiyi anlarda da günahsız, məsum körpə təbəssümünü
üzündən əskik etmir, bu isə onun bir oyunçu
kimi təklif olunan vəziyyətdə düzgün emosional
reaksiya tapmasından xəbər verir.
Ər-arvad
obrazında Ş. Şahvələdqızının
obrazlı – emosional təfəkkür tərzi maraq doğurur,
o çox zaman bəzən qallüsinasiya halında söylədiklərini
belə aydın təsəvvür edə və dəqiq
göstərə bilir. Bir sözlə, aktrisa öz
düşüncəsində şəxsiyyətin haçalanmasının,
ikiləşməsinin, vücudunda əri ilə bərabər
mövcud olmasının psixoloji-fizioloji
ağırlığını daşıyır. Onun
ifasında Ər və Arvadın ani dialoqları çox təsirlidir.
Ş.Şahvələdqızı düzgün
tapdığı yaradıcı hal, əhval nəticəsində
səhnədə bədii başqalaşmaya nail olur və həm
də aktrisa kimi özünün gizli potensialını sərbəstcəsinə
faş edir... Bir də ki, qrimsiz, açıq, bapbalaca
üzü (obraza girmək üçün aktrisa hətta
saçını da keçəl qırxdırmaqdan çəkinmədi!...),
jest və hərəkətlərindəki tam sərbəstlik,
gənclik enerjisi və qrasiyası, improvizəyə əsaslanan
üzvi oyun tərzi ona obraz yaradıcılığında
çox kömək edir.
Tamaşada hər
personajla bağlı təklif olunan vəziyyətlər
müxtəlifdir və nəticədə, yaranan hadisələr
sırası həyatın bir parçası... bir anı...
bir anın kiçicik tarixçəsi olmaq etibarilə əsl
teatr materialına çevrilib bizi sarsıdır...
...Quruluşçu
rejissor çox incəliklə hər bir aktyoru yaradıcı
hiss-həyəcan vəziyyətinə sala bilir. Hər
ifaçı rolunu və pyesi bütövlükdə dərk
edir və rolu özünə, özünü rola
yaxınlaşdıraraq xarakterin inkişafı prosesində
dramaturqun aktyorlar üçün yaratdığı improvizə
imkanlarından maksimum istifadə edir.
M.Atakişiyevanın
Sara Bernarı daim Cülyetta rolundadır, qulaqlarına gələn
alqış səsləri ona gözqamaşdıran səhnə
uğurları eyforiyasını yaşadır. Aktrisa
Sara Bernarı romantik bir şövq ilə, sevinc ilə
yaradır. M. Atakişiyevanın Sarası öz
duyğularının – Cülyettanın hiss-həyəcanlarının
ağuşuna atılır (Mətanət xanımla birlikdə!),
duyduqlarını, yaşadıqlarını, istək və
arzularını tamaşaçıya dolğun tərzdə
çatdıra bilir, özünü səhnədə
eşidərək, reaksiyalarını məhdudlaşdırmır.
Ona görə də hər tamaşada yeni Sara Bernarla
rastlaşırıq...
...“Şekspir” Sara Bernarı və bizi
Stalinlə də görüşdürür. Mən bir
neçə dəfə bu tamaşaya baxsam da, hər dəfə
Stalini P.Bağırovun ifasında gördüm. Bu istedadlı
aktyor milyonların qanının tökülməsində,
ölkənin fəlakət həddinə çatmasında
özünü günahkar bilən personajının günah
hissini, inamsızlığının qurbanı
olmasını, bəşəriyyət tərəfindən qəbul
edilməyən tövbə yanğısını sənətkarlıqla
qabardır. P.Bağırov öz personajını
canlandırarkən bütün tamaşa boyu təxəyyülünün
və təsəvvürünün fəallığını
da nümayiş etdirə bilir. Səhnədə “publika
üçün oyun” getmir və aktyorun təbii
yaşantılarını izləyən tamaşaçı dərindən
sarsılır. Stalinin qəlbindəki ən sezilməz
ağrıları duyduran P.Bağırov özünün
emosional cəhətdən çevik və hərəkətli
bir aktyor olduğunu, yaradıcı intuisiyasının itiliyini
nümayiş etdirir. Quruluşçu rejissor da aktyora öz
emosiyalarını maksimum sərbəstcəsinə təcəssüm
etdirmək üçün şərait yaradır.
Tamaşada ruhi xəstələrin
hamısına mənəvi saflıq və romantik əhvali-ruhiyyə
xasdır. Psixoloji problemləri fərqli olsa da, onları birləşdirən,
sanki vahid bir insana çevirən ürəkləri riqqətə
gətirən saflıqları... həssaslıqları...
körpə inamlarıdır...
...Hər şey Drob 13-ün gəlişi
ilə başlayır, yəni hadisələrin inkişafı
məhz bu personajın hadisələr sırasına daxil
olması ilə sürətlənir. A.Heybətovun Drob
13-ü ədəbi materialda da xüsusi yükə malikdir,
çünki məhz onunla ünsiyyət bütün obrazlara
ciddi təsir göstərir. M.Atakişiyevanın Sara
Bernarı Cülyettadırsa, Drob 13 də Romeodur. Baş həkim,
Həkim və Sanitardan tutmuş pasientlərə qədər
hamı onun düşüncəsinin təsiri altına
düşür. Sara Bernara – Cülyettaya heyran qalan Drob 13 –
Romeo tamaşa içində gözəl bir oyun
parçası olan “Romeo və Cülyetta”nın sayəsində
teatrın qüdrətini başa düşür. A.Heybətovun
təbii və istedadlı ifasında Drob 13 əsl Vanderprandur
planetindən gələndir: emosiyasız... ləng hərəkətli...
peyvənd görkəmli... saf, gözəl üzlü...
yalanın nə olduğunu bilməyən... yerdəki
yalanları anlamayan... sadəlövhcəsinə “siz dəlini
ağıllıdan necə ayırırsız?” sualını
qoyan... O da Sara Bernarın güclü romantik ovqatının əsirinə
çevrilir. Bunun səbəbi isə Ş E K S P İ Rdir, o
Şekspir ki, finalda hər kəsin sevimli kitabına, dilinin əzbərinə
çevriləcək...
Maraqlıdır, nə üçün
Şekpir? Əsərin “Şekspir” adlanması da təbii ki, səbəbsiz
deyil. Nə üçün hətta Həkim və insaniləşəcəyinə
ümid bəsləmədiyimiz Sanitar belə Şekspirə
aludə olur. Nə üçün məhz Şekspir
Veneralıya, Ər-arvada, Stalinə, Sara Bernara öz xəstə
iddialarını unutdura bilir? Hətta, Drob 13-ün özü
belə Şekspirdən xəbərsizliyini,
yaşadığı Vanderprandur planetində “teatrın nə
olduğunu bilməmələrini” acı təəssüflə
söyləyir...
...Belə ki, finalda onun ardınca gələn
“uçan boşqab” Şekspiri (kitabı!) də yad planetə
aparır. Və bu təbii səslənir, çünki o yerdə
ki, bəşər övladı var, o yerdə ki,
sivilizasiyanın inkişaf təmənnası var, orada
harmoniyaya ehtiyac var. Bu epizod inam və ümidin təntənəsinə
çevrilir. Drob 13 – A.Heybətov öz planetinə –
ucalığa – harmoniyaya yüksələrkən Sara ilə,
pasientlərlə görüşür: “Orada teatr
açacağam, gəlib sizi də aparacağam!” – deyir. Sara
onu gözləyəcəyini bildirir. Digər pasientlər də
Drob 13-ün ardınca gələn “uçan boşqab”a
böyük ümid və həsrətlə baxırlar,
hamı qəribə bir ekstaz halına düşür... Hətta
Baş həkim, Həkim və Sanitar da başqa planetə getmək
istəyirlər...
Bu məqamda quruluşçu rəssamlar
Nazim və Ramin Bəykişiyevlər səhnədə
tüğyan edən bu ekstaz halını daha da gücləndirən
ifadə vasitələrini işə salırlar...
Güclü projektorlar bərkidilmiş səhnə tavanı
(ştanket) gah enir... gah qalxır... hətta qurumuş ağac
budaqları belə sayrışıb bərq vurmağa
başlayır... Səhnə məkanını üç tərəfdən
haşiyələmiş pərdə-divarlar...
uçub-dağılır... qırılır... Bax, beləcə
hər şey darmadağın olur. Əvəzində isə
ümid eyforiyası güclənir...
Bu məqamda güclü katarsis keçirən
tamaşaçı dramatik mətləblərdən, ədəbi
işarələrdən daha çox fəlsəfi ümumiləşdirmələrə,
hətta psixoanalizə köklənməli olur və bütünlüklə
tamaşanın yaradıcılarının istəyinə
qoşulur. Dramaturqun və teatrın bizə təqdim etdiyi qəmli
rəvayətdə misilsiz dəyər daşıyan H A R M O N
İ- Y A məhz Şekspir dühası ilə bərpa edilir.
Beləliklə də, yaranmış O B R
A Z (tamaşanın obrazı!) daha mükəmməl
dünyanın dərkində açara çevrilir... Aktyorlar
tərəfindən bizə təqdim edilən obrazların
dramaturji əsasında isə Elçinin şəxsiyyəti
mənəvi kamilliyə aparan gözəgörünməz
cığırları... yolları... arayıb-axtarmaq, təmizləmək
cəhdi... əzmi... görünür. Və bəlli olur ki,
sən demə, bir-birini anlamayan, sevgini, inamı, təmənnasız
münasibəti yadırğamış Yer insanları
harmoniyanı, ahəngdarlığı itirdikləri
üçün xəstələniblər... Cəmiyyət də
elə bu səbəbdən xəstələnib...
... Şekspir harmoniya mənbəyi kimi ona
üz tutan, ona iman gətirən insanlara ümid və sevinc bəxş
edir...
Bir az əvvəl qoyduğumuz “Nə
üçün Şekspir?” sualına cavab tapılır. Və
bu sual ətrafında gəzişməyimiz,
irili-xırdalı psixoloji müəmmalar, təfəkkürdə
dolaşan fəlsəfi krossvordlar dramaturq və teatr tərəfindən
bu sayaq cavablandırılır: burada hər kəs, hətta
yad planetlilər belə Şekspirə – harmoniyaya
möhtacdır...
Dramaturq Elçin bizə təqdim etdiyi bu
qəmli situasiyasının komik mahiyyətini aşkarlaya
bilir. Burada komizm daha çox situasiyalarda yetişsə də, əslində,
onlar hər zaman gülməli deyil, bizi onların komik mahiyyətinə
varmağa yönəldən də, dramatik situasiyada komediya
toxumunu tapan da dramaturqdur. Personajların möcüzəni
intizarla, ümidlə gözləməsi bu qəmli komediyaya
güclü romantik vüsət aşılayır. Və
dramaturqun təklif etdiyi vəziyyətdə möcüzənin
gözlənilməsi sonsuz, kosmik bir məchulluğun gözlənilməsi
ilə sanki mübahisə-münaqişəyə girir,
üzbəüz dayanır. Pyesdəki poetik möcüzə
fəlsəfəsi tamaşada pasientləri sanki xilas yoluna
çıxarır və onun ab-havasına çevrilə
bilir. Quruluşçu rejissor Petru Vutkereu yaratdığı
tamaşanın oynaq, hərəkətli, diri atmosferində məchul,
kosmik möcüzənin gözlənilməsi ilə
ümidin, harmoniyanın qələbəsinə olan inam
duyğusu arasında tərəddüd edən, ani olaraq dəyişən,
enib-qalxan, mütərəddid (lap personajlar kimi!) bir temp-ritm
tapa bilir.
Tamaşada bir personajdan digərinə
estafet kimi ötürülən motivlər (pyesdəki!)
içərisində poetik vüsətli Şekspir motivi əsas
motivə çevrilərək ideyanın
açılmasına xidmət edir. Tamaşanın dəqiq işlənmiş
daxili struktura əsaslanan atmosferində quruluşçu
rejissor Petru Vutkereu özünün psixoloji eşitmə-duyma,
qavrama qabiliyyətinin mütləqliyini də nümayiş
etdirir. O, aktyorların “içinin içinə” lağım
ataraq, onlarda kök sala bilir, özünün sərbəst
düşünmək və tamaşanı vahid bir tamlıqda
görə bilmək bacarığını oyunçulara da
sirayət etdirir. Ona görə də möhkəm bədii
bünövrəli bu tamaşada rejissor işi
yaradıcılıq prosesini buxovlayan primitiv nəticədən...
nöqtədən... aktyor oyununu çərçivəyə
salan bitkinlikdən... çox uzaqdır. Rejissorun bədii cəhətdən
bitkin tamaşa konsepsiyası, yozumu aktyorların improvizəsi
üçün səmərəli şərait yaradır və
tamaşa da nəticədə bu improvizədən qidalanaraq,
canlı bir orqanizm kimi artır, böyüyür... Petru
Vutkereu pyesdə sanki “qazma əməliyyatı” aparır və
əməl-hərəkət xəttinin çoxsaylı motivlərini
aşkarlaya-aşkarlaya özünü sözügedən
pyesin ədəbi materialının içində sudakı
balıq kimi hiss edir.
Tamaşada obrazlı həllini
tapmış maraqlı epizodlar çoxdur: gəlin, pasientlərin
nahar zamanı stol arxasındakı robotvari yemək mərasimini
(sanki ipli kuklaya çevrilmiş xəstələrin...
qaşıqların... boşqabların monoton rəqsi...) yada
salaq. Bu zaman xəstələrə ürəkdən həsəd
aparan Baş həkim – A.Məmmədov onlarla yanaşı stol
arxasında oturub yemək mərasiminə qoşulmaq istəyir.
Amma görürük ki, boşluqda qalır... onun altında
stulu... əlində qaşığı... qabağında isə
boşqabı yoxdur... Sən demə, ruhi xəstələrə
qoşulmaq da asan iş deyilmiş...
Nəticədə, istər
quruluşçu rejissor Petru Vutkereu, istərsə də quruluşçu
rəssamlar Nazim və Ramin Bəykişiyevlər “Şekspir”
pyesinə elə bədii yozum verə, elə aydın və dəqiq
təcəssüm variantı tapa biliblər ki, uzun illər bu
yozumun sərrastlığı pozulmayacaq.
“Şekspir” pyes – tamaşasındakı
hadisə xəttində qəhrəmanların daxili hiss-həyəcanları,
romantik-patoloji çırpıntıları daha da mürəkkəb
şəklə düşür, yeni bir məna qazanır. Dərinləşən
mənanın mənbəyi yalnız süjetdəki əməl-fəaliyyət
xəttinin horizontal istiqamətli inkişafında
(ardıcıl inkişaf edən hadisələrin
sıralanması) deyil, bu məna həm də, ilk növbədə,
motivlər sisteminin bağlılığında, onların
ritmində, ziddiyyətlərin dəyişməsində və
daxili qatda dərinləşməsindədir. Beləliklə də,
yeni mənanın yaranaraq güclənməsindədir.
Elçin bu pyesində yumora, qroteskə, ironiyaya, sarkazma,
tragikomik məqamlara, paradoksal gəlişmələrə
geniş yer verib. Teatr dramaturqla birlikdə tragik və komik
olanı, “mənasız” cəhdləri, oyun məqamlarını
absurda gətirib çıxardan bir ab-havaya bürüyür.
Bu paradoksallıq acı ironiyaya çevrilərək, sosial
eybəcərliyə və sosial cəhətdən eybəcər
olan tiplərə qarşı yönəlir.
Tamaşa bizə dünyanın sonsuz və
tükənməz mənəvi-ruhsal qatına
yaxınlaşmaq imkanı verir.
Akademik Milli Dram Teatrının “Şekspir”
tamaşası həm pyesin zəngin potensialının yeni bədii
layının təcəssümü baxımından, həm
də iki fərqli milli teatr mədəniyyətlərinin
(Moldaviya və Azərbaycan) dialoqunun mükəmməl
alınması nöqteyi-nəzərindən əlamətdar
oldu. Onu da qeyd edim ki, Elçinin “Şekspir” pyesi getdikcə
dünyanın teatr səhnələrini bəzəmək
imkanlarını da sərgiləməkdədir.
Yalnız və yalnız
qapılarını yüksək professional səviyyədən
xəbər verən əsərlərə açan “Üns”
Yaradıcılıq Səhnəsində (antreprizində) ilk
sayalı addımlarını atan “Şekspir” daha sonra
Moskvanın “Dərviş”, Ukraynanın Krım-tatar Akademik
Musiqili Dram və nəhayət, Londonun “Avanqard”
teatrlarının səhnələrini fəth etdi...
Bəli, heç şəksiz ki, görkəmli
oyun yazarımız Elçin coğrafi sərhədləri
çoxdan aşmış “Şekspir”lə birlikdə hələ
dünyanın çox mötəbər səhnələrində
Azərbaycan teatrını uğurla təmsil edəcəkdir...
Məryəm Əlizadə,
Əməkdar İncəsənət
Xadimi,
sənətşünaslıq
doktoru, professor
525-ci qəzet.- 2012.-
17 aprel.- S.6.