Söyüş
KULTUROLOJİ
İCTİMAİ MESAJ
“Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!”
Mirzə Ələkbər Sabir
Söyüş
nədir?
Elə bilirsiniz, mənim cavabım birdəfəlik və qəti olacaq? Əsla. Amma söyüşdən və söyüş söyən adamdan o qədər zəhləm gedir ki, bu haqda ciddi fikirləşməyi heç vədə ağlıma belə gətirməmişəm. Nahaq... özümü indi qınayıram. Deyim sizə niyə? Əgər bir nəsnə ki, dil qatında, düşüncə qatında, gündəlik məişətdə və ictimai həyatda özünə yer eləyə, bədii mətnlərə, səhnəyə, ekrana ayaq aça, bundan üz döndərməyinə dəyərmi? Söyüşdən qaçmaq nə demək? Bu nə kübarlıq, nə vasvasılıq? Hamıya darğa kəsilib söyüşə qadağa qoymaq absurd, nonsens. Hər söyüş söyənin də ağzına pambıq tıxasan, Mazandaranda pambıq qalmaz. O boyda Amerika söyür, o boyda Rusiya söyür, söyüşlə yatıb söyüşlə durur, bizə çatanda nə olur ki?
Axır vaxtlar teleekranlarda, internet səhifələrində tez-tez görürəm ki, cavan yazarlar bu barədə həvəslə bir-birilə paylaşırlar, bu sosial-psixoloji təzahürün həqiqətinə varmaq istəyirlər. İstəyirlər ki, öz mətnlərinə söyüş sözlərini birbaşa daxil etməklə rəsmi nitqlərin pafosunu, yalançı ura-patriotizmin gurultusunu, əsassız iftixarın şirintəhərliyini “söndürsünlər”. Lap yaxşı: deməli, məsələni aydınlatmaq məqamıdır. Gərçi bu mövzu XXI əsr Azərbaycanında gündəmə gəlibsə, aktuallaşıbsa, çağdaş mədəniyyət koordinatlarında niyə də ondan ciddi danışılmasın? Məgər Mirzə Ələkbər Sabir bu məsələni karikatura çərçivəsində lağ müstəvisinə çıxarmamışdı ki, bəlkə əhli Azərbaycan ayıla? Onda bəs o necə olsun ki, dahi Seyid Əzimin həcvləri “üçmərtəbəli” söyüşlərlə “qaynayır”? Kimdir haqlı? Seyid, yoxsa Sabir? Söyüş yaxşıdır, ya pis; yaradıcıdır, ya dekonstruktiv? Azərbaycan poeziyasına söyüş Seyid Əzimlə birgə addımlayır. Sabirdə isə söyüşə qarşı güclü təpki var. Amma bununla yanaşı Mirzə Ələkbərin bütün satirası söyüşün astanasında gəzişir, latent söyüş konstruktunu özündə saxlayır.
Buradan da belə məlum eləyir ki, heç yeni deyil bu
tendensiya. Çünki söyüş o nəsnədir ki, mədəniyyətdə
çəkisi var. Söyüş o nəsnədir ki, bir
özgə xalqı, bir əcnəbi dili, bir yad mədəniyyəti
öyrənmək vasitəsi kimi mətbəx ənənələrinə
bərabər tutulur. Söyüş o nəsnədir
ki, insan övladı yaşadıqca yaşayır. Söyüş o nəsnədir ki,
aktuallığı cəmiyyətin sərhədlərinə
qədərdir. Bizdən savayı heç
bir canlı söyüş söymür. Təlim
görmüş tutuquşu söyürsə də, mənasını
anlamır: onun üçün söyüş kəlməsi
ilə “şəkər” sözü arasında heç bir fərq
yoxdur.
Söyüş adicə sözdür. Quruca
sözdür. Di gəl ki, coşdura, qəzəbləndirə,
güldürə, ağlada bilir. Söz səsdir.
Səs dalğadır. İnsan
gəzən su cəlləyidir. Su hər bir dalğaya
qarşı aşırı həssasdır: çünki
özündə dalğa genomunu daşıyır. Bu mənada insanın özü də
dalğadır, sözü də. Beynəlxalq Dalğa
Energetikası Mərkəzinin direktoru akademik Pyotr Qaryayevin
dediyini sitatlaşdırıram: “Yadda saxlamaq lazımdır ki,
hər bir tələffüz edilmiş söz dalğavari
genetik proqramdır və bu proqram hər bir orqanizmə təsir
edir”.
Mənim məqaləm kontekstində həmin fikrin sonucu
budur ki, söyüş də dalğavari genetik proqramdır. Əgər
dalğavari proqramdırsa, yayılacaq və onun
qarşısını bir kimsə ala bilməyəcək.
Beləliklə, söyüşün kainata
dağılmaq xassəsi mövcuddur, eynilə ibadət
sözü, ritual sözü, dua sözü kimi. Harada nə qədər neqativ və çirk varsa,
söyüşlər orada “çiçəklənib” boy
atır. Söyüş dildə pırtlayıb
böyüyən zəhərli göbələk kimi bir
şeydir: içərinin acısından, kinindən, nifrətindən
qidalanır. Çox zaman psixoloqlar deyirlər
ki, söyüş batinin mənfi enerjisindən qurtulmaq cəhdidir,
neqativdən azad olmaq imkanıdır. Fikri bir ayrı
cür ifadə etmək də caiz: söyüş
söz-tüpürcəkdir; pisi bayıra daşıyır,
çölə tullayır. Hərçənd Matta (Matvey)
İsa Məsihin dilindən “İncil”də bunları
yazıb: “İnsanlar söyləyəcəkləri hər
boş söz üçün hökm günü hesab verəcəklər.
Zira, öz sözlərinə görə bəraət
qazanacaq və öz sözlərinə görə də məhkum
olacaqsan” (Matta, 12:36-37).
Muhammad peyğəmbər də buyurur ki, “dilini saxla! Həqqən
ki, insanların çoxusu cəhənnəmə öz dilləri
ucbatından düşəcək”.
Yahu “boş söz”, “quruca söyüş” nədir ki,
ondan ötrü axirət zamanında insana cəza kəsilə? Və ya insan bir ləntərani
sözdən ötrü cəhənnəm oduna yana? Bəlkə psixoloqlar
haqlıdırlar, söy ki, ürəyin boşalsın, stresdən
qurtulasan. Kimə inanaq – sinir sistemi üzrə
mütəxəssislərə, yoxsa müqəddəs
“İncil”ə və ya müsəlmanların peyğəmbərinə?
Bax, seçim yenə fərdiləşdi: burada qanun işləmir;
yəni “nə ədəb vaxtıdı, qoy söysün,
ufaqdır uşağım!” Onda
söyüşün qeyri-rəsmi şəkildə yasaq edilməsi
nə ilə bağlı?
Fikirləşək.
Söyüş nədir?
Dedim ki,
sözdür, bir az da obrazlı yazsam,
söz-qumbaradır; dil onu batindən götürüb
bayıra tullayır. Odur ki, söyüş
ağır sözdür, için ağrısıyla, mənfisiylə,
dərdiylə, azarıyla və 1001 problemilə yüklənmiş
sözdür. Bu aspektdə
söyüş ağrını obyektivləşdirir; hikkəni,
qəzəbi, nifrəti obyektivləşdirir; seksual
basqıları obyektivləşdirir; çarəsizliyə
ani çarə bulur; aqressivliyi bildirir; bəzən isə həqiqəti
pərdələyir, yalançı güc nümayişinə
çevrilir. Söyüş hücumdur, həm
də – müdafiə.
“Çarəsizliyə
ani çarə” anlamında söyüş arxadan atılan
daş kimi bir şeydir: insan özünü ovudur ki, mən də
bacarıram, mən də zor tətbiq edə bilərəm,
qorxuda bilərəm. Əməldə
bacarıqsızlıq dilinə güc verməklə
kompensasiya olunur.
Söyüş ekstravertin aksiyasıdır.
İntrovertlər söyüş söymür.
Söyüş
söyən insan hörmətsiz olur: amma hamı ondan
ehtiyatlanır, qorxur; öz abrını, həyasını
saxlayır. Çünki bilir ki, söyən də,
söyülən də, söyüşü eşidən də
həməncə urvatdan düşür. Ona görə
ki, söyüş söymək çılpaq görünmək
kimi bir şeydir, camaat arasında soyunmaq kimi bir şeydir:
pornoqrafiyanın verbal variantıdır.
Varıb da gedək məsələnin
xırdalığına.
Söyüşün məkanı var. Onun bol-bol işləndiyi
yerlər məhəllədir, meydandır, bazardır. Müəyyən
bir ərazidə insan sıxlığı artdıqca
söyüş intensivliyi də çoxalır. Deməli, söyüş yaşamaq uğrunda
mübarizə vasitələrindən biri kimi yozula bilir.
Bu, həqiqətən də belədir: ruslar “döyüş
meydanı”nı əbəsdən “söyüş meydanı”
adlandırmırlar!!! Nədən ki, döyüş həmişə
söyüşdür: söyüş həm
döyüşün səbəbi, həm də nəticəsidir;
yəni bu, permanent qırılmaz əlaqədir.
Söyüş döyüşdə çoxalır:
çünki məhz döyüşdə affekt, zor tətbiqi
və ağrı qaçılmaz olur.
Söyüş bir qayda olaraq kişilərin
oynatdığı söz-qumbaralardır. Qadınlar,
sadəcə, onları yamsılayırlar. Söyüş kişilərə, kişisəl cəmiyyətə
xas bir təzahürdür. Kişilər
yoxdursa, söyüş də yoxdur. Qadınlıq
təbiətinə söyüş söymək tamam yad bir
xüsusiyyətdir. Səbəbi gün
kimi aydın. Çünki
söyüş birbaşa zor işlətməklə, güc
tətbiq etməklə bağlı olan bir şeydir. Azyaşlı oğlan uşaqları
söyüş söymək bacarığını göstərməklə
özlərini kişilərə
yaxınlaşdırırlar.
Hər bir lokal davanın, döyüşün,
savaşın (istər küçə, istər ölkə
miqyasında) işarəsi, siqnalı söyüşdür
(təhqirdir).
Ona görə ki, kişilər hər zaman “kim
güclüdür?” sualına dəqiq cavab tapmaq həşirində
bulunurlar. Bu mənada söyüş dava salmadan,
döyüşmədən digər birisini acı sözlə
hədələmək, qorxutmaq, alçaltmaq, ram etmək,
tabe etmək yoludur.
Söyüş başqasını aşağılamaq,
öz üstünlüyünü qabartmaq variantıdır. Kazarmalarda,
türmələrdə, internatlarda və hətta düşərgələrdə...
və hətta məktəblərdə..., bir sözlə,
karnavallaşdırılmış kollektivlərdə qeyri-rəsmi
münasibətlər bu üsulla nizamlanır. Söyüş sürünün rudimentidir, zor tətbiqinin
mümkünlüyü barədə xəbərdarlıqdır.
Əgər söyüşə reaksiya yoxdursa,
dava da yoxdur. Yox, əgər
söyüşə cavab gəlirsə, məsələ
yumruqla həll olunur. Məhz bu aksiya ilə
yaltaqlığın, rüşvətxorluğun və daha min
cür çirkin əməllərin qapıları taybatay
açılır. Söyüşü
“götürmək” boyun əymək kimi, hər işə
razılıq əlaməti kimi qiymətləndirilir. Heç də “İncil” (“Əhdi-cədid”)
boş-boşuna bəyan eləmir ki, dildən çıxan
sözlər “ürəkdən çıxar və insanı
onlar murdar eləyər. Çünki pis
düşüncələr, qətllər, zinalar, əxlaqsızlar,
oğurluqlar, yalançı şahidliklər, küfrlər
ürəkdən çıxar” (15:18-19). Ürəkdən
çıxdımı, əlüstü dilə
yapışar və dillə dünyaya ayaq açıb yeriyər.
Söz dünyasının bir qütbü
söyüşdür, bir qütbü – dua.
Söyüş şər
daşıyıcısıdır. Gərçi
söyüş birisinin neqativini çölə
tullayırsa, deməli, bu neqativlə bir başqası yüklənir.
Söyüş neqativi (hikkəni,
acığı, qəzəbi) öldürmür, əksinə,
onu tirajlayır. Söyüş mənəviyyatın
bakteriyası kimi bir şeydir: qısa müddətdə
ildırım sürətilə yayılır. Ona
görə ki, söz dalğadır və bu dalğa digər
birisinin də neqativini maqnit kimi çəkib üzə
çıxarır. Söyüş yaxşı ola bilməz. Söyüş
fonetik irindir, söz üfunətidir. Lev
Nikolayeviç Tolstoy gözəl deyirdi ki, “sözlə ifadə
olunmuş hər bir fikir elə bir qüvvədir ki, təsir
dairəsi hüdudsuzdur”. Söyüş
permanent pisliklər törədir. Qulaq söyüş
eşidən kimi iç həməncə coşur, təlatümə
gəlir: kimisində bu partlayışla qurtarır, kimisisə
öz qorxaqlığında gizlənir.
Eksperiment
aparılıb: torpağa iki cərgə buğda əkilib. Birinci cərgə söyüş
söyülmüş su ilə suvarılıb; ikinci cərgə
isə dua oxunmuş su ilə. “Söyüşlü
su” cərgəsində məhsuldarlıq 49 faiz olub, “dualı
su” cərgəsində – 86 faiz. Buradan da həməncə
aydınlaşır ki, söyüş nifrindir, acıdır
və onun yaşatmaq qüvvəsi yoxdur.
Amma... bununla belə söyüş konkretləşdirir
və materiallaşdırır. Söyüş
dünyanın qrotesk şəklidir və dünyanı tərsinə,
baş-ayaq çevirmək, göstərmək
imkanıdır. Söyüş meydan mədəniyyəti
kontekstində ciddiliyin əksi kimi qavranılır: onun vasitəsilə
özünə də, başqalarına da, dünyaya da
gülmək mümkündür. Söyüşün
bir ucu həmişə gülüşə ürcah.
Söyüş bir yandan zor tətbiqini
eyhamlaşdırır, digər tərəfdən isə həmən
zora lağ eləməyin, gülməyin
mümkünlüyünü bildirir. Çünki
söyüş karnaval sözüdür. Bu,
Orta çağların meydan mədəniyyəti
üçün xarakterik sayılan bir cizgi idi. Söyüşlə insanı, Mixail Baxtin demişkən,
“doğan qəbrə” göndərirdilər, daha doğrusu,
söyüşlə “ölü” taxtabaşı,
“ölü” danabaşı və ya “ölü”
danqabaşı dirildirdilər. Orta əsrlər
mədəniyyətində söyüş qrotesk realizminin əlamətindən
savayı bir şey deyildi. “Qrotesk
dünyası özgələşmiş dünya” (Kayzer) idi
və burada hamıya aid, amma heç kimə
ünvanlanmamış söyüş vurub mənasızlığı
dağıdırdı. Müasir söyüşlərə
isə bunun heç bir dəxli yoxdur: bu söyüşlər
həyasız, həqarətli söyüşlərdir, şəxsləndirilmiş
söyüşlərdir: dünyaya yalnız təhqir etmək
və alçaltmaq ehtirası daşıyır.
Hərçənd...
bütün bunlarla yanaşı...
söyüşün əsl səbəbi evdədir,
bağlı qapı arxasındadır, məişətdədir,
mətbəx və tualet marşrutu üzrə permanent hərəkətdədir,
ər və arvad arasındakı intim yaşantılardadır.
Bax, bu gündəlik həyatın neqativi
axırı söyüş olub məhəllədə
özünü gerçəkləşdirir. Yəni söyüşü təhrik edən
impulslar evdən gəlir. Söyüş
məhz evdən meydana (məhəlləyə) aparılan
neqativ enerjinin təzahürüdür.
Söyüş həm də mənəviyyatın
imtahanıdır. Söyüş söymək də narkomaniya kimi bir
şeydir: söyüb rahatlanmaq elə bunu bildirir. Sən hər dəfə söyüşü dilinə
gətirib rahatlandıqdan sonra gələn səfər
mütləq şəkildə söyüş dozasını
artıracaqsan. Ona da alışmaq, öyrəşmək
mümkün. Söyüş dağıdıcı
başlanğıcdır: ruha zərər gətirir. Şeyx Əhməd Kutti söyləyir ki, “əgər
sənin söymək xoşuna gəlirsə, bu, o demək
deyil ki, söyüş icazəlidir; bu, o deməkdir, səndə
nəsə qaydasında deyil”. Söyüş
xəstə psixikanın məhsuludur, kobudluq əlamətidir,
iradə zəifliyinin göstəricisidir, özünə
arxayın olmamaq nişanəsidir.
Söyüş hədədir.
Söyüş klinikadır.
Söyüşdə nərgizlik gizlənir. Pıçıltı
ilə söyüş söymürlər. Söyüş söyəndə
qışqırırlar. Qışqırırlarsa,
deməli, başqalarını çağırırlar.
Başqalarını
çağırırlarsa, demək, mərkəzdə olmaq istəyirlər.
Mərkəzdə olub öz oyunlarını
nümayiş etdirirlər. Təsadüfi
deyil ki, məhəllədə bərkdən söyüş
eşidilən kimi hamı bayıra cumur. Bu,
artıq küçənin, məhəllənin, meydanın
söyüş teatrıdır. Əgər
biz hamımız bu teatrda iştirak ediriksə, onda
hamımız günahkarıq.
Odur ki, söyüş bir nəfərin, bir ailənin,
bir məhəllənin problemi deyil. Söyüş tərbiyənin
problemidir: nə əxlaqın problemidir, nə də dilin. Yüz minlərlə azərbaycanlı körpələrini
dindirəndə fəxr eləyib onlara söyüş öyrədirlər
və bunu utanmayıb ərköyünlük ayağına
yozurlar. Olurmu, yahu? Axı
söyüş, birmənalı şəkildə, tərbiyəsizlik
əlamətidir. Mirzə Ələkbər Sabir yüz
min dəfə haqlıdır: ədəb vaxtı
uşağı söyüş söyməkdən
daşındırmaq gərək. Gərək
uşaqlıqdan biləsən ki, söyüş söymək
olmaz. Çünki insan söyüş söyəndə
hər şeydən öncə öz aurasını
çirkləndirir, ünsiyyətsizliyin təməlini qoyur, ətrafın
düzənini pozur, cəmiyyətdə qorxutmaq nümunəsi
yaradır, kainata neqativ enerji göndərir. Bu enerji isə əvvəl-axır bizim
özümüzə qayıdacaq.
Aydın Talıbzadə
525-ci qəzet.- 2012.-
17 aprel.- S.4.