Ağdamın “İmarət”li günləri...

 

Xeyli müddət idi ki, Ağdamın əsas “sima”larından sayılan “İmarət” haqqında bilgilər toplamaq niyyətindəydim. Bir sıra elmi mənbələri, qəzet arxivini vərəqləsəmdə, mənə lazım olanı tapa bilmirdim. Etiraf edilməlidir ki, elmi mənbələrdə “İmarət”in tarixi tədqiq edilib. Lakin “İmarət”in başqa bir tərəfinə, indiyədək yazılmamış, deyilməmiş tərəflərinə toxunmaq istəyi məni rahat buraxmırdı...

Xəyalən həmin illərə qayıdanda stadiona bitişik, hündür çinar ağaclarının kənardan ayrı bir mənzərə yaratdığının şahidi olmuşdum...

Bu gün əlçatmayan tarixi vərəqləmək, “İmarətli” günlərə qayıtmaq mənim üçün agırdır. Amma tək mənim üçünmü ?!...

Günbəgün bizdən sanki uzaqlaşan “İmarətli” yaddaşımızı səhifələmək, olub keçənləri, yeniyetmə və gənclik illərində yaxasından yapışıb düşmək istəmədiyimiz çinar ağaclarının bu günkü vəziyyətini dilə gətirmək hər bir AĞDAMLI, QARABAĞLI, AZƏRBAYCANLI üçün o faciəli günləri bir daha yaşamaq demək idi...

Amma hər zaman danışmalı, xatırlamalı və hər xatırladıqca xatirələri gerçək reallığa çevirmək haqqında düşünməliyik...

Beləliklə, tədbirlərin birində tanış olduğum Qarabağ qazisi, Hacı Elməddin Səfərovla söhbətimiz bu səmtə kökləndi. Uşaqlığını imarətdə keçirən Elməddin bu ocağın hər kvadrat santimetrinədək hissəsini yaddaşıma yazmağa çalışdı...

...Hindarxı yolu ilə “Ət Kombinatı”nı keçib köhnə “Kommunist”, sonrakı illərdə “20 yanvar” adlanan küçəsi tərəfdən “İmarət” tərəfə dönməklə dalana dirənirdin.

“İmarət”ə Fazil Qasımovun direktoru olduğu “Dostluq” kinoteatrı istiqamətində gələndə sağ tərəfdə birinci Məleykə xala (oğlanları Nüsrət, Dünyamalı və Tahir) və “montyor” Kamilgilin evi gəlirdi. Polad həkimgilin evi, rəhmətlik Mayaf əmigilin, taksi Nurəddin əmigildə “İmarət”də qonşu idilər. Yəhya əmigilin evindən oyana Pənahəli Xanın vaxtında inşa edilmiş dalan gəlirdi. Dalanda Qulu həkimgil, maşın düzəldən Eldar və Cabir qardaşlarının (yurnalist Gunel Musanın atası –V.T.) evləri idi.

Beləliklə, “İmarət”in girişi sağ tərəfdən gələndə bununla qurtarırdı.

Həmin istiqamətdən sol tərəfdə təxminən “İmarət”in girişi ilə üzbəüz Mirsiyabgilin evi idi. Onlar “Kommunist” küçəsinin İmarətə baxan hisəsində olurdular. Buradan “İmarətə” dönəndə Familgilin evi, ondan aşağıda taksi Sabir, qardaşı Fazil, sonra başqa bir taksi Sabirin evi idi. Bəşirgildə onlara qonşu idi. Ondan sonra yenə dalan içində dalan var idi. Və bu dalanda rəhmətlik Asifgilin (Fred Asif – Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmov nəzərdə tutulur V.T.) evi idi. Novruz kişi gilin evi də bu dalanda idi...

“İmarət”in arxa girişi Füzuli küçəsindən başlayırdı. Əvvəllər arxa giriş olmamışdı. Sonradan Məhiş kişi və Qəmər xala öz razılığı ilə hərəyə beş metr enində torpağı “İmarət”in girişi üçün pay verdilər. Füzuli küçəsindən İmarətə girişdə məhz həmin yerdən başlayası oldu.

“İmarət”ə bitişik olan evlərdən mebel Şükürgilin evi, ona bitişik ovçu – Məhişin evi gəlirdi. Şükür kişi Ağdamın ağsaqqallarından idi. Məhiş kişi isə Ağdamda Ovçular Birliyinin sədri olmuşdu. (Ovçu Məhiş Elməddin Səfərovun babası olub-V.T.)

Stadiona bitişik həyətlərdə yaxşı yadımdadır- deyə,- Elməddin Səfərov çay içə-içə sanki həmin anları bir də yaşayır. Amma içində keçirdiyi təlatümü hiss etdirmir...Beləcə bir qədər sakit, bir qədər gərgin notlarla söhbətimiz davam edir...

“Bizim əxlaqı dəyərlərlə yetişməyimiz, böyük-kiçik yeri bilməyimizin bünövrəsi “İmarət”dən başlayır.”- deyə Qarabağ Qazisi sözünə davam edir...

Hacının bu fikri məni də özüylə 70-80-ci illərə aparır...

Tez-tez Ağdam Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Bakıdan təşrif buruyan mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz İmarətdə təşkil edilərdi.

Futbol komandamızın respublika və ittifaq səviyyəli oyunlarını da bura əlavə etsək, demək “İmarət” hər gün qaynayırdı.

80-ci illərdə Ağdam RPK-nın birinci katibi, tanınmış ziyalımız Sadıx Murtuzayevin təşəbbüsü ilə beynəlxalq səviyyəli “Xarı bülbül” festifalının təşkili isə həm “İmarəti”, həm də Ağdamı tək ittifaqa yox, həmdə dünyaya daha yaxından tanıtmış oldu...

Bildiyimə görə, stadionun direktoru əvvəlki illərdə tanınmış şair Germanın atası Əli Hüseynov olmuşdu. O dünyasını dəyişəndən sonra isə Asif Mustafayevi direktor təyin etmişdilər. Qeyd etməliyəm ki, hər iki şəxsin stadionun mühafizəsində, onun abadlaşdırılmasında müəyyən xidmətləri var idi...

...Məhişgildən, o tərəfə isə Qəmərxalagilin evi, ondan o tərəfə Imarətin gözətçisi Məhərrəm kişinin evi idi...

Söhbətində bir çox məqamlara ötəri toxunsada Qəmərxaladan danışanda müsahibimin səsinin tonunda kədər açıq-aydın hiss edilməyə başladı...

... “İmarət” stadionunun otu həmişə öz təbiiliyi ilə seçilirdi. Stadion inşa edilən illərdən başlayaraq Ağdam gəncləri öz aralarında komanda yaradaraq futbol oynamağa adət etmişdilər. Hakim də öz aralarından olardı. Sonradan respublika və o vaxtkı SSRİ yığmasına layiq bilinən, onlarca ağdamlı futbolçuların əksəriyyəti məhz İmarətin yetirməsi idi. Çox nadir hallarda oyunlarda çığallıq olar, bu çığallığın da sonu yaxşı qurtarmazdı...Amma kin-küdurət olmazdı. Gənclər səhər yenidən heçnə olmamış kimi oynamaga davam edərdilər. Belə oyunlarda isə hər zaman gənclər zərbələrini yoxlamaq istəyində olurdu. Nəticədə isə top məhz qonşuluqdakı Qəmər xalagilin həyətinə düşərdi...

Müsahibim danışır ki, Qəmər xala qədim dövrün xanım-xatın arvadlarından idi. Səliqəli, təmiz, gözü özündə olan bir ağdamlı qadın idi Qəmər xala. Təsəvvür edin ki, “İmarət”də məşq gedir. Əlli-altmış nəfər stadionda top oynayır. Hər dəqiqə bu qadının bostanına top düşür. Hər dəfə qadının bostanına düşən top əkin biçinə ziyan vurur. Hər dəfə də o qadın topu qapısından “İmarət”ə tərəf atır və deyir: “Oğul, bura top vurmuyun!” Və yenidən az keçməmiş top yenidən həmin həyətə düşür, yenə qadın yenə təmkinini pozmadan oğlanlara tapşırır ki, oğul bura top atmayın. Hadisə demək olar ki, hər gün təkrarlanır. Lakin o qadın futbol oynayanları çıxıb ağır bir söz demirdi. Hər dəfədə topu özü geri qaytarırdı. Bir dəfə onu nə kəsmir, nə də bıçaqlamazdı...

Hacı sözünə davam edir: “İmarətin əsas qapısı “Kommunist” küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə “İmarət” yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi...

“İmarət”in əsas girişinə daxil olanda sol tərəfdə restoran, ondan sonra futbolçuların bazası idi. Bununlada sol tərəfdən “İmarət”in sərhəddi bitirdi. “İmarət”in qonşularla çaylaq daşından qədim barısı var idi.

Həmin istiqamətdə Rəşid və Misir qardaşlarının evi var idi.

Kommunist küçəsi ilə Dostluqdan gələndə birinci imarətə çatamış sağ tərəfə dönəndə keçmiş Şura məhəlləsi, (Qızıl Əsgər küçəsi)sonar adı yəşilərək general Murtuz Quliyev adına olmuş küçə ilə başlayırdı. Həmin o “Qızıl əsgər küçəsi”, yəni bizim küçənin solu “İmarət”ə tərəf düşürdü. Qılıncxanovgilin həyətindən sərhəd “İmarət”ə keçirdi. Onlardan sonra Zahid əmi, qardaşı Zakirgil gəlirdi. Sonra müharibə veteranı, mahir saatsaz Qulamkişigilin evi idi. Sonra Kamil əmigil gəlirdi. Ordan keçirdin aşağı-dəmirçi Sabir əmigilə tərəf. Yelmar əmigildə “İmarətlə” sərhəddə idilər. Ordan da Camal və Tofiq əmigil evi başlayırdı. Sonra dalana çatırdın. Dalanda dərzi Arif əmigilin və taksi Əbülfət əmigil qonşu idilər. (oglu Ədalət). Bununlada “İmarət”in sərhəddi bitirdi. O yana olan evlər “İmarət”lə sərhəddə düşmürdü.

“İmarət”in içərisinə gəlincə – qapıdan daxil olub sola düşürdün stadiona, sağa düşürdün məzarlıq idi. Təxminən otuz metr gedirdin Xurşidbanu Natəvanın heykəli ucalırdı. Məmməd bəy Cavanşirin qəbri – Günbəzin birini keçəndən sonra idi. Birdə başqa bir qəbir vardı orda, desəm yanlışlıq olar, xatırlamıram. Çünki əski ərəb əlifbası ilə yazılırdı başdaşılar. Amma Məmməd bəyi mən çox sevdiyimdən, onun yaşadığı dövrü oxuduğum üçün o qəbirlə maraqlanmışdım. Həm də onun qəbrini mənə yaşlı kişilər çox göstərmişdilər. Günbəzin birində Mehdiqulu xanın qəbri, digərində isə Pənahəli xanın qəbri idi. Biri də yarımçıq qalmışdı. Bilmirəm tikilən künbəz kimin idi...

Məhərrəm kişi uzun müddət idi ki, “İmarət”in gözətçisi idi və orada yaşayırdı. O evdən bağ başlayırdı. Tribinanın arxasında – qəbirstanlıq olan yer böyük bir bağ idi. Məhərrəm kişi oranı böyük bir bağ-bağat düzəltmişdi. Ora girməyə quşda cürət etmirdi. Biz çox ərkəsöyün olduğumuzdan bağa girər, yeri gələndə Məhərrəm kişiyə hətta kömək də edərdik. Atamla dost olsa da, mənlə arası yox idi. Nadinc uşaq olduğumuzdan irəli gəlirdi, yoxsa nədən, bilmirəm, amma Məhərrəm kişinin mənimlə arası yox idi...

Bağda nadir “quşürəyi” üzümü var idi. Bu üzüm tənəyi ağacların üstünə dırmanardı. Yaxşı gözəl “hulu” şaftalılar var idi bağda. Bağın bir hissəni hər fəslə uyğun tərəvəzlər üçün ayırmışdı Məhərrəm kişi. Orada bostan əkərdi. Bir cərgə şaftalı, digər cərgə isə alma ağacları idi. Evinin qabağında, tut ağacları, fındıq, zoğal, alça ağacları var idi. Onlar peyvənd idi.

“Tribina”nın arxası ilə Pənahəli xanın evi, hamam kompleksi, tarixi abidənin qarşısında Pənah xanın vaxtından qalmış üç çinar ağacı var idi. Biri 1789-cu ildən qalmış çinar ağacı idi. Burda həmçinin ildə bir dəfə yanan çinar ağacı da var idi...

Deyilənə görə, “İmarət”də Sədi ilə Miri adında iki seyid olub. Pənahəli xan bu yeri hər iki seyiddən satın alıb və deyib ki, “burda yaşayın və istədiyiniz vaxt köçə bilərsiniz.” İlk qəbirlər də, çox güman ki, o seyidlərin qəbri olub. Həmin iki ornomentlərdə Sədi ilə Mirinin qəbirlərinin başdaşı idi. Bunu mənə Məhərrəm kişi danışmışdı.

Kompleksin daha iki çinar ağacı da vardı. 1947-ci ildə çinarın biri aşıbmış. Köhnə kişilərdən eşitmişəm ki, bunun odununu doğramağa gələndə, görüblər ki, ağacdan bal axır. Qonşu arvadların əllərində ləyənlər, qablar götürərək, aylarla ordan bal yığıblarmış.

Yeri gəlmişkən onu da deyim ki, atam – Sərdar kişi da Ağdamda böyüyüb. “İmarət”də olan 14 çinarın hər birinin başına çıxıb əlini vurub. İkisindən isə yıxılıb. İkisinə kəmənd atıb, elə çıxıb. Bir də o çinarların hamısını gəzən müasirlərdən rəhmətlik Fred Asifin qardaşı Səxavət olub. Atam birinin lap başından yıxılıb, polis rəisinin “Pobeda”sının üstünə düşüb. Birinə də çinarın başından futbola baxmağa çıxıbmış. Mənə köhnə kişilər söhbət edirdi bunları. Ordan qanadlara dəyə-dəyə yerə düşüb. Bir dəfə də yanan çinardan yıxılıb...

Müharibə vaxtı atam görüb ki, bir tulaşa gəlib qonub ağacın başına. İstəyib ki, ağaca çıxa, həmin tulaşanı tuta. Atam həmin vaxtlarda cavan oğlan imiş. Valideynləri sürgün olunduğundan Ağdamda tək qalırmış. Çinara çıxıb əlini atıb kouşa. Kouş sınıb, o biri əlini atmaq istəyəndə o kouşda qırılıb, beləcə yanı üstə yerə dəyib. Bir anlıq elə onu görüb ki, yançaqları çıxıb. Sümükləri çölə çıxan atam sürünə-sürünə gəlib arxın içində oturub. Atam yaralarına su səpəndə bir də görür ki, qan axır. Ayağa qalxa bilmir. Maşındüzəldən Zakir əmi görər və onu götürüb aparar. Anası – rəhmətlik Kübra xala aparıb onu evində saxlayır, təpitmə qoyur, 10 gündən sonra çıxıqlar yerinə salınır. Düz bir ay Kübra xala ona qulluq edir....

Məhərrəm kişi əslən Ermənistanlı olsada, Ağdama Qubadlıdan köçmüşdü.

Mən 1 nömrəli məktəbdə təhsil aldığım illərdə, bir dəfə bizə müharibə veteranları haqqında inşa yazmağı tapşırmışdılar. Fürsətdən istifadə edib, Məhərrəm kişiyə yaxınlaşıb veteranlar haqqında yazı hazırlamaq istəyimi bildirdim.

O da tərəddüd etmədən tərcümeyi-halını danışdı: Nəcəf bəyin nəslindən olan Məhərrəm kişinin soyadı Nəcəfbəyli Məhərrəm Zəngəzurlu gedirdi. O vaxtı müharibədəki fəaliyyətindən həvəslə danışırdı. Məhərrəm kişi 1908-ci il Zəngəzur qəzasında anadan olub. Müharibəyə də getmişdi, öz hüququnu bilən adam idi. Müharibə dövründə Ağdama gəlib, orada ailə qurub və “İmarət”də məskunlaşmışdı. Həmin o seyidlərin evində yaşayırdı. Yeddi uşağı vardı. Onun uşaqlarının ikisi Şəmil və İsgəndər işğaldan əvvəl dünyalarını dəyişmişdilər...

–“İmarət”ə axşam girmək hər oğul işi deyildi,-deyə müsahibim sözünə davam edir, – gecə vaxtı “İmarət”ə girəndə adamı vahimə basırdı...

Çinarların böyründə çox qədimi daşlar da vardı. Burada artezian quyusu vurmuşdular. Artezian bütün “İmarət”ə paylanılmışdı. Hətta qonşulara bağ-bostan sulamaq üçün arxla su da gedirdi. “İmarət”in artezianı şirin su çıxmışdı...

Deyərdim bəlkə, “İmarət” bizim üçün “İsa” bulağından sərin idi. Hər tərəfdə sərinlik vardı. Biz yay görmürdük. ..

Məhərrəm kişinin evinin qarşısında çekist Qara İlyasovun qəbri var idi. Məhşur Qara bəyi də deyilənə görə, o öldürüb. Qara bəyin də qəbri orada idi. Qəribədir ki, taleyin qismətiydi bilmirəm qəbirləri yanaşı idi...

Girişdə sol tərəfdə köhnə qəbiristanlıq var idi. Pənahəli xanın ailə qəbiristanlığı idi. Orada iki ağ mərmərdən qəbir vardı. Ən sonuncu basdırılan qəbirlər Hümbətəliyev Göyüşün və nənəmin idi. Pənah xanın aliə üzvlərindən başqa İmarətdə doqquz qəbir varıydı.

Göyüş Hümbətəliyev 1951-ci ildə və sonuncusu isə nənəm Quliyeva Fatimə Cahangir qızının 1992-ci ilin aprel ayının 2-də dəfn edilmişdi...

...Araşdırmalarım zamanı məlum oldu ki, “İmarət” rəsmən müharibə veteranlarının istirahət parkı olub...

Hacı ilə söhbətim iki saatadək çəkdi. Çox məsələlərdən danışsaqda hər mövzunun sonu Ağdama və “İmarət”ə bağlanırdı...

Beləcə, “İmarət”ə qayıtmaq ümidilə qazidən ayrılıram...

 

 

Vüqar Tofiqli

 

525-ci qəzet.- 2012.- 17 aprel.- S.2.