“Azərbaycan səhnəsinin
fəxri” - Abbas Mirzə Şərifzadə
yad edilib
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə görkəmli aktyor A.M.Şərifzadənin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş “Azərbaycan səhnəsinin fəxri” mövzusunda tədbir keçirilib. Tədbirdə sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. A.M.Şərifzadənin 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olduğu, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atası olduğu bildirilib. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımovun isə görkəmli səhnə ustasının nəticəsi olduğu da qeyd edilib. Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən görkəmli aktyorun vaxtilə ifa etdiyi “Nadir şah”, “Müsibəti-Fəxrəddin”, “Hamlet”, “Aydın” və digər əsərlərdən monoloqlar təqdim olunub. Həmçinin A.M.Şərifzadə adına mədəniyyət mərkəzinin “Arzu” xalq çalğı alətləri ansamblı və “Şəms” rəqs kollektivi çıxış etmişlər. “Azərbaycan səhnəsinin fəxri” adlı tədbirdə Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, İttifaqın əməkdaşı Kəmalə Cəfərzadə, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, truppa müdiri Ələsgər Muradxanlı və mədəniyyət işçiləri qonaq qismində dəvət olunub. Qeyd edək ki, “Azərbaycan səhnəsinin fəxri” mövzusunda tədbirin rejissoru və ssenari müəllifi Xalq artisti Ağaxan Salmanlıdır. GÜNEL
525-ci qəzet.-
2012.- 18 aprel.- S.7.