Azərbaycan Kazanda mədəniyyətlə bağlı beynəlxalq konfransda təmsil olunub

 

Azərbaycan Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən “Müasir şəraitdə qeyri-maddi etno-mədəni irsin qorunması problemləri” adlı beynəlxalq elmi-praktik seminarda və “Polietnik region şəraitində milli ənənələrin inkişafı” adlı elmi-praktiki konfransda təmsil olunub. APA-nın məlumatına görə, beynəlxalq tədbir Tatarıstanın Mədəniyyət Nazirliyi tərəfindən Tatarıstan Elmlər Akademiyası ilə birgə təşkil olunub. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyini mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib. Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində əldə olunan nailiyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, bu sahədə proqram və layihələrin hazırlanıb həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq arzusu ifadə olunub. Qeyri-maddi mədəni irsin qorunması sahəsində artıq Azərbaycan modelinin formalaşmasını və bu müsbət təcrübənin yayılacağı təqdirdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənəcəyini nəzərə alaraq, beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli beynəlxalq münasibətlərdə sözügedən amilin daha fəal istifadə olunması nəzərdə tutulur.

 

 

525-ci qəzet.- 2012.- 18 aprel.- S.7.