Emin Həsənli: “Ordumuzun
kadr potensialının artması, maddi-texniki bazasının yüksəlməsi
göz önündədir”
Torpaqlarının
20 faizi işğal altında olan Azərbaycanın
torpaqlarını azad etməsi üçün güclü
orduya ehtiyacı var. Bəs Azərbaycanda ordu quruculuğu sahəsində
hansı addımlar atılıb və atılır?
Silahlı Qüvvələrə ictimai nəzarət hansı
səviyyədədir? Silahlı Qüvvələrə
İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli bu
sahələrdə görülən işlərdən
danışır...
– Azərbaycan
Silahlı Qüvvələri ilə NATO arasındakı əməkdaşlığın
səviyyəsini necə qiymətləndirmək olar?
–
Ümummilli lider Heydər Əliyev 1994-cü ilin may
ayının 4-də Brüsseldə NATO ilə Sülh Naminə
Tərəfdaşlıq Proqramı imzaladı, Azərbaycan
Silahlı Qüvvələri NATO ilə əməkdaşlığa
başladı. Bu istiqamətdə qardaş Türkiyə
dövləti bizə dəstək verdi. 1997-ci ildə əvvəlcə
NATO sülhyaratma tağımı, sonra bölüyü
yaradıldı. Bizim bir tağım Kosovoda Türkiyə
taborunun tərkibində Kosovada sülhyaratma əməliyyatlarında
iştirak etdi. 1997-ci ildə hərbi təhsil sistemi
ümumilikdə NATO sisteminə
uyğunlaşdırıldı, 2001-ci ildə ilk
buraxılış oldu. Türkiyə Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi də həmin buraxılış mərasimində
iştirak edirdi. Türkiyə ulduzları da Bakıda şou
göstərdi. Həmin buraxılışda ulu öndər
Heydər Əliyev də iştirak edirdi. Ondan sonra ənənə
yarandı, hər il Ali Baş Komandan olan prezident
buraxılışda iştirak edir, kursantları özü
şəxsən mükafatlandırırdı. Sonradan Azərbaycan
NATO-nun Fərdi Tərəfdaşlıq Proqramına
qoşuldu. Artıq Silahlı Qüvvələrimizin
bütün ştat strukturları NATO standartlarına
uyğundur, kadrlar NATO standartlarına uyğun
hazırlanır. NATO ölkələri ilə ikitərəfli
və hərtərəfli hərbi əməkdaşlıq
var. Artıq Əfqanıstanda Azərbaycanın bir
bölüyü Türkiyə taborunun tərkibində,
İraqda 150 nəfərlik kontingentimiz ABŞ-ın yaratdığı
koalisiya tərkibində sülhyaratma əməliyyatında
iştirak edir.
Hərbi
tibb sahəsində də xeyli uğurlar var. Müasir tibbi
avadanlıqlar alınıb, qardaş Türkiyədə
Gülhanə Hərbi Tibb Akademiyasında bizim hərbi həkimlər
hazırlanır.
Bakıda
tez-tez NATO təlimləri keçirilir, hərbçilərimiz
NATO-nun ayrı-ayrı kurslarında iştirak edir. Bu proses
get-gedə sürətlənəcək. Azərbaycanın
iqtisadi gücü artdıqca hərbi büdcəsi də
artır və bu yöndə islahatlar da aparılır. Bu,
sevindirici haldır. Bəziləri deyir ki, bu proses sürətlənsin.
Bu proses elmi əsaslarla aparılır. Bu gün
Gürcüstanla Ukraynanın NATO ilə daha böyük sərhədləri
var. Bizim NATO-ya üzv Türkiyə ilə cəmi 11 kilometr sərhədimiz
var. Gürcüstanın isə NATO dövlətləri ilə
həm dəniz, həm quru sərhədi var, daha yaxındırlar.
Lakin NATO hələ də onları üzvlüyə qəbul
etməyib. Azərbaycanın NATO ilə əməkdaşlıqda
məqsədi odur ki, ordusunu gücləndirsin, dövlətimiz
güclənsin, milli maraqlarımız qorunsun, müstəqil
kurs aparılsın.
– Bu
siyasət özünü doğruldurmu?
– Azərbaycan
bu gün BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvüdür, gələn ay BMT Təhlükəsizlik
Şurasına sədrlik edəcək. Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi nə qədər
müstəqil siyasət apardığı ortadadır. Azərbaycan
xarici siyasətdə necə balanslaşmış, hərtərəfli,
milli maraqlarımıza uyğun siyasət aparırsa, hərbi
siyasət də o cür aparılır. Sırf Azərbaycanın
maraqları naminə dünyanın 50-dən artıq dövləti
ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq
edilir.
–
Silahlı Qüvvələrə ictimai nəzarət necə
həyata keçirilir?
–
Silahlı Qüvvələrə ictimai nəzarət məsələsi
də gündəmdədir. ATƏT-in Bakı ofisi və NATO
nümayəndələri daim bu məsələni diqqətdə
saxlayırlar. 2000-ci ildən Azərbaycanda bu proses
başlayıb. Azərbaycanda baş redaktorlar, millət vəkilləri,
hərbi yönümlü, insan hüquqları ilə
bağlı QHT-lərin rəhbərləri, ombudsman,
ayrı-ayrı təşkilatların rəhbərləri
tez-tez hərbi hissələrdə olurlar. Müdafiə
Nazirliyində, Silahlı Qüvvələrə İctimai Nəzarət
Birliyində qaynar xətt yaradılıb. Məlum nömrəsi,
internet ünvanı var. Biz tez-tez hərbi qulluqçularla təmasda
oluruq, onların sosial şəraiti, qidalanma, tibbi xidmət səviyyəsi
ilə tanış oluruq. Eyni zamanda müharibə
veteranları, şəhid ailələri, ehtiyata buraxılan hərbçilər
daimi olaraq bu prosesdə iştirak edirlər.
–
Silahlı Qüvvələrə ictimai nəzarət hansı
istiqamətləri əhatə edir?
–
Silahlı Qüvvələrə ictimai nəzarət iki
istiqamətdən ibarətdir. Birincisi, orduda xidmət edənlərə,
ikincisi, artıq orduda xidməti başa vurmuş insanlara diqqət
və qayğını əhatə edir. Orduda xidmət də
iki hissədən ibarədir. Birincisi, orduda məxfi sahələr
var və təbii ki, hər bir dövlət kimi Azərbaycan
dövlətinin də milli maraqları var. Məxfi sahə
qorunur, daimi nəzarətdədir. Ancaq əsgərlərin
yaşayışı, qidalanması, sağlamlığı,
insan hüquqları ilə bağlı məsələlər,
hərbi qulluqçuların, zabitlərin mənzil, əməkhaqqı
məsələləri, tabeli münasibətlər, hüquq
və azadlıqlar məsələləri daim nəzarətdə
saxlanılır və ictimaiyyətin də diqqətində
olur. Vaxtaşırı Silahlı Qüvvələrin rəhbərliyi
məlumat verir. Biz də tez-tez cəbhə bölgələrində
görüşlər keçirir, demək olar ki,
bütün hərbi hissələrdə olur, bu məsələni
daim diqqət mərkəzində saxlayırıq. Bu istiqamətdə
bəzi sahələrdə problemlər də var, bunlar da
zaman-zaman aradan qaldırılır.
– Söhbət hansı problemlərdən gedir?
– Məsələn, ehtiyatda olan zabitlərin paltar pulu məsələsi vardı. Artıq Müdafiə Nazirliyi bir neçə ildir ki, bu pulu ödəməyə başlayıb, bu proses demək olar ki, yekunlaşır. Zabitlərin mənzil problemi vardı, prezident keçən il dekabrın 28-də fərman imzaladı. Fərmana əsasən 20 ildən artıq qulluq edən zabitlərə ev veriləcək. Bundan öncə də prezident bir çox zabitlərə mənzillərin orderini təqdim edirdi. Prezident hərbi hissələrdə olan zaman hərbi qulluqçuların bütün problemləri ilə maraqlanırdı. Ali Baş Komandan xüsusən cəbhəyanı bölgələrə gedəndə hərbi qulluqçularla tez-tez görüşürdü. 1-2 ilə demək olar ki, bütün zabitlərin mənzil problemi həll ediləcək.
Artıq zabitlərin məzuniyyət pullarının verilməsi məsələsi gündəmdədir. Əvvəllər məzuniyyətdə olmayan, xüsusən döyüş vaxtı, atəşkəs dövründən sonra xidmət edib məzuniyyət pulu almayan zabitlər məzuniyyət pullarını alacaqlar. Elə məsələlər var idi ki, 3-5 il əvvəl bunu etməyə dövlətin iqtisadi gücü yox idi, amma indi iqtisadi gücü var. Qarabağ əlilləri, şəhid ailələri mənzil təmin edildi, onlara avtomobillər verildi. Çernobıl əlillərinin sağlamlığı, reabilitasiyası ilə bağlı məsələlər həllini tapıb. Artıq onlar kurortlara, sanatoriyalara da göndərilir, övladları üçün xüsusi düşərgə yaradılıb. Şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl əlilləri üçün prezident təqaüdü var. Milli Qəhrəmanlar üçün xüsusi prezident təqaüdü nəzərdə tutulub. Bir çox sahələrdə Qarabağ əlillərinə, şəhid ailələrinə, Çernobıl əlillərinə, müharibə veteranlarına dövlət xüsusi diqqət və qayğı göstərir, güzəştlər verilir. Bu sahə də daim bizim nəzarətimizdədir. Silahlı Qüvvələrə Nəzarət İctimai Birliyində böyük bir koalisiya var. Bu koalisiyada millət vəkilləri, hərbi yönümü, insan hüquqları ilə bağlı QHT-lər, jurnalistlər, mədəniyyət xadimləri, elm adamları bu koalisiyada iştirak edirlər. Tez-tez cəbhə bölgəsinə səfər edirlər. Bu yaxınlarda da belə səfərləri ardıcıl olaraq davam etdirəcəyik.
Bütün bunlar bütövlükdə Silahlı Qüvvələrə ictimai nəzarəti təşkil edir. Biz tez-tez beynəlxalq tədbirlərdə oluruq. ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçən il də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bir tədbir keçirildi. Həmin tədbirə gələn qonaqlar içərisində Almaniya hərbi ombudsmanlığının, ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak edirdilər. Ondan öncəki təbirlərdə Kanadanın hərbi ombudsmanları iştirak edirdi. Onlar da çıxışlarında müqayisəli təhlil aparanda görürük ki, bu yöndə son illər Azərbaycanda da xeyli addımlar atılıb, işlər görülüb, proses davam edir. Biz arzu edirik ki, bu proses daha sürətlə getsin. Hesab edirəm ki, bu işlər bu il və gələn il xeyli sürətlənəcək və biz bu istiqamətdə xeyli nəticələr əldə edildiyini görəcəyik.
Mən təmasda olduğum zaman həm ATƏT-in Bakı ofisinin, həm Silahlı Qüvvələrin rəhbərliyinin, həm baş redaktorların, həm də QHT rəhbərlərinin bu işə nə dərəcədə həssas yanaşdığını görürəm. Silahlı Qüvvələrin rəhbərliyi də ümumi işə töhfə vermək üçün çox maraqlıdır ki, əsgər və zabitlərin hər hansı problemi olarsa, müraciət etsinlər və vaxtında bu problemlər araşdırılaraq aradan qaldırılsın.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi də bu istiqamətdə tez-tez monitorinqlər keçirir. Bu monitorinqlər zamanı hansı məsələlər aşkarlanarsa, aidiyyatı yerlərlə əlaqə yaradaraq bu problemləri aradan qaldırırıq. Mən yenə Silahlı Qüvvələrdə xidmət edən əsgər və zabitlərə, onların ailələrinə mətbuat vasitəsi ilə müraciət edirik ki, əgər belə məsələlər varsa, biz həmişə olduğu kimi bu məsələlərə həssaslıqla yanaşmağa hazırıq.
Ordu bizimdir, orduya müxalif gözü ilə baxmaq olmaz. Ordu nə müxalifətin, nə iqtidarındır. Ordu Azərbaycan dövlətinin, bizimdir. Biz orduda tənqidi məsələlərə də sevərək yanaşmalıyıq, nifrət edərək yox. Elə bir sahə yoxdur ki, orada çatışmazlıqlar, qüsurlar, problemlər olmasın. Təbii ki, hərbidə də bunlar var. Amma təəssüflər olsun ki, bir qrup orduya həmişə siyasi məqsədlərlə baxır, tənqid edir, hansısa xarici təşkilatların qrant layihələrini həyata keçirir. Qrant layihələrində də həmişə hansısa problemin qoyuluşuna maliyyə ayrılır. Xüsusən ordudakı “çatışmazlıqlar”, “nöqsanlar” ilə bağlı xüsusi qrantlar ayrılır. Bütün bunlar Azərbaycan dövlətinin güclənməsini, regionda nüfuzunun artmasını, ordusunun qüvvətlənməsini istəməyən qüvvələrin marağındadır. Təəssüflər olsun ki, həmin dairələrin maliyyələşdirdiyi təşkilatlar çox açıq tezislərlə Azərbaycan ordusunu gözdən salmaq istəyirlər. Azərbaycan ordusunda bir hadisə baş verərkən onu şişirdərək, böyüdərək cəmiyyətə təqdim edir və cəmiyyətdə orduya inamsızlıq yaratmağa çalışırlar. Ordu elə bir sahədir ki, hər bir kəsin yaxını, övladı orada qulluq edir. Bir daha qeyd edirəm ki, elə bir sahə yoxdur ki, orada fəaliyyət olsun, nöqsan və çatışmazlıqlar olmasın. Hər şey müqayisə ilə təhlil edilir. Qısa bir zamanda ordunun kadr potensialının artması, maddi-texniki bazasının yüksəlməsi göz önündədir. Bu yaxınlarda Azərbaycan İsraildən 1,6 milyard dollarlıq silah alıb. Bu silahlar təbii ki, Azərbaycan ordusunun güclənməsi üçün alınıb. Bu gün müdafiə sənayesi potensialımızı gücləndirmək istəyirik. Regiondakı dövlətlər, xüsusən Ermənistan yaxşı başa düşür ki, biz sabah ərazi bütövlüyümüzü təmin edəcəyik və bunun üçün ordumuzdan istifadə edəcəyik. Regionda balans dəyişir. İqtisadi gücümüz Ermənistandan 10 dəfə böyükdür, əhali resursumuz artıqdır, Azərbaycan günü-gündən dünyada daha çox tanınır və qəbul edilir. Ermənistanda regional tədbir də keçirilmir. Azərbaycanda elə ay yoxdur ki, idman, turizm, mədəniyyətlə bağlı beynəlxalq tədbir olmasın. Bu il Azərbaycanda “Eurovision” Mahnı Müsabiqəsi keçiriləcək. 2020-ci ildə olimpiya oyunlarını keçirmək istəyirik. Bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda qadınlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bütün bunlar artıq Azərbaycanı dünyaya tanıdır. 10 il əvvəl Azərbaycanı dünyada az tanıyırdılarsa, indi daha çox tanıyırlar. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, gələn ay da Təhlükəsizlik Şurasına sədrlik edəcək. Ermənistan və Ermənistan havadarları da narahat olur ki, Azərbaycan ordusu silahlanır, müasir silahlar əldə edir. Dünyanın hərbi cəhətdən güclü olan dövlətlərindən, İsraildən və digər dövlətlərdən ən müasir silahlar alır və çox müasir hərbi sənaye kompleksimiz var. Bu da torpaqlarımızın işğaldan azad edilməsi üçün istifadə ediləcək. 5-10 il əvvəl bu nailiyyətlər möcüzə kimi görünürdü, bu gün bunlar reallığa çevrilib. Qısa müddətdən sonra torpaqlarımızın işğaldan azad edilməsi reallığa çevriləcək. Bunu istəməyənlər, Azərbaycanın güclü dövlət olmasını istəməyənlər bütün vasitələrlə Azərbaycanı, xüsusən ordunu daimi hədəfdə saxlayırlar. Biz məsələlərə yanaşanda Azərbaycanın yerləşdiyi regionu, Azərbaycan ordusunun hansı düşmən ordusu ilə üz-üzə olduğunu, həmin düşməni hansı qüvvələrin himayə etdiyini, bu gün də onu təcavüzkar kimi tanımadığını, ikili standartlardan yanaşdığını unutmamalıyıq. İnsan hüquqlarından, demokratiyadan danışanlar, dədə-baba yurdlarından qovulan 1 milyon insanın mülkiyyət hüquqlarının pozulmasını, Xocalı faciəsini niyə dilə gətirmirlər? Onlar hansısa çatışmazlıqları önə çıxararaq müxtəlif layihələri maliyyələşdirirlər. Bunlar da açıq şəkildə ortada hansı maraqların olduğunu göstərir. Ona görə də vətənpərvər qüvvələr məsələlərə bu prizmadan yanaşmalı, milli, dövlət maraqlarını qorumalıyıq.
Ramiz MİKAYILOĞLU
525-ci qəzet.- 2012.- 18 aprel.- S.5.