Ağsuda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə aid konfrans keçirilib

 

Azərbaycanın Ağsu şəhərində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuşTarixi şəhərlərimizdə kərpic memarlığı” mövzusunda respublika konfransı keçirilib. APA-nın məlumatına görə, konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Konfrans iştirakçıları əvvəlcə 2010-cu ilin mart ayından Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntıların nəticələri, burada görülən konservasiya işləri və sərgi ilə tanış olublar. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin sektor müdiri Arif Əliyev kərpic memarlığının əhəmiyyətindən danışaraq qeyd edib ki, Çin Səddi qədər əhəmiyyətli abidəmiz olan Gilgilçay Səddi də məhz çiy kərpicdən tikilib. Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev Şirvan memarlıq məktəbinin daş memarlığı olmasına baxmayaraq son arxeoloji qazıntılar zamanı burada kərpic memarlığının da geniş yayıldığını bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev Azərbaycanda erkən şəhər mədəniyyəti haqqında danışaraq kərpic memarlığının qədim dövrdə geniş yayıldığını qeyd edib. AMEA-nın müxbir üzvü Cəfər Qiyasi Səlcuq memarlığında bəzək elementlərinin hazırlanmasında kərpicdən ustalıqla istifadənin örnəkləri haqqında məlumat verib. Türkiyə Respublikasının “Arxeologiya və sənət” jurnalının redaktoru, professor Mustafa Nezih Başgelen son arxeoloji tədqiqatlar zamanı dünyada çiy kərpicdən istifadənin ən qədim örnəyini Anadoluda aşkar etdiklərini və bunu radiokarbon analizlərlə müəyyən etdiklərini bildirib.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli son orta əsr (XIV-XVIII əsrlər) şəhərlərində nəinki adi yaşayış binalarının, hətta qala divarları, saraylar, məscidlərin də çiy kərpicdən tikildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Memarlıq və İnşaat Universitetinin doktorantı Uğur Qiyasi son zamanlar bərpa və konservasiya olunan kərpic memarlığı abidələrindən və gələcək layihələrdən danışıb.

 

 

525-ci qəzet.- 2012.- 19 aprel.- S.7.