Zahid Oruc: “ Məhəlli partiyaçılıqdan çıxmaq üçün qeydiyyatla bağlı tələb olunan rəqəm qaldırılmalıdır”

 

Müsahibimiz Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədr müavini Zahid Orucdur.

– Zahid bəy, “ Siyasi partiyalar haqqında ” qanuna dəyişiklikləri nəzərdə tutan yeni qanun layihəsi yenə də müxalifətin, xüsusilə, parlamentdən kənar müxalifətin kəskin etirazı ilə qarşılandı. Bəs, siz bu sənədi necə dəyərləndirirsiniz, hərçənd ki, bununla bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müəyyən fikirlərinizi bildirmisiniz...

– Bilirsiniz, bu qanunun dəyişdirilməsini tələb və təklif edən ən çox elə müxalifət özü olub. O cümlədən, parlament müxalifəti, hətta, Pənah Hüseynin təmsil olunduğu dövrdə məhz “Müsavat” fraksiyası olub, əgər onlara da fraksiya demək olarsa. İkincisi, Venesiya Komissiyasının bu məsələ ilə bağlı verdiyi rəylə yəqin çoxları tanışdır və söyləyim ki, bu, mənə onların 2009-cu ildə referenduma, Konstitusiya layihəsinə verdiyi rəyi xatırladır. Estoniyaya, məsələn, digər Baltikyanı ölkələrə verdiyi rəylərdə müsbət saydıqlarını Azərbaycan Konstitusiyasında mənfi qiymətləndirmişdilər. Bunu da çoxları yaxşı xatırlayır.

Məsələ nədədir? Xarici vətəndaşlara partiya yaratmaq hüququnun verilməsi. Çox açıq deyim ki, bu aşkar şəkildə, – demirəm sakral, demirəm loja, demirəm mistik qüvvələrin – məxfi mərkəzlərin Azərbaycanı ələ keçirmələrinə yol açar. Mən demirəm erməni vətəndaşı gəlib Azərbaycan dövlətinin mühüm məqamlarına yiyələnə bilərdilər, hakimiyyət uğrunda mübarizədə önəmli mövqe qazanardılar, amma faktiki olaraq, bu, Azərbaycanın ələ keçirilməsinə yol açan bir müddəa olardı. Bunu axı, necə qəbul edə bilərdik? Venesiya Komissiyası isə bu müddəanı Azərbaycanın əleyhinə saxlayıb ki, onu biz niyə qəbul etməmişik...

Bundan başqa, Azərbaycanda bu gün 50-dən artıq partiya var və Azərbaycanın siyasi sistemi bu vəziyyətdə işləyir. Ancaq bu partiyaların hamısı Azərbaycan cəmiyyətində görünürmü, təqdim olunurmu? Bir fərd bir iddia, bir fərd bir qovluq partiyası, bir bəyanat bir partiyadır. Bizdə məhz bu model işləyir. Mən isə belə hesab edirəm ki, Azərbaycanda məhəlli partiyaçılıqdan, lokal partiyaçılıqdan, paytaxt partiyaçılıqdan çıxmaq üçün yeni qanunda partiyaların qeydiyyatı məsələsinə mütləq qayıdılmalıydı...

–Sizcə, qeydiyyat üçün nə qədər imza tələb olunmalıdır?

Fikrimcə, 5 min rəqəmi optimal idi. Heç kimə diskriminasiya yaratmırdı ölkə üzrə kvota tətbiq etmək olardı ki, məsələn, daha Azərbaycanın bir zonasının partiyası olmasın, ölkə miqyasında o əhatə olunmuş olsun. O cümlədən, burada bir sıra məsələlər var ki, düşünürəm, onlar da çox önəmlidir ki, biz həmin məqamlara qiymət verək. Məsələn, partiyanın adı ilə bağlı. Bütün digər ölkələrin qanunvericiliyinə baxmışam, orada partiyanın adı altı sözdən ibarət olmalıdır, yəni, çox olmasın. Bizdə isə çoxlu uzun adlardan ibarət partiyalar, xarici ölkə adını daşıyan partiyalar yaradıla bilər, bizlərdə bu da mümkündür . Ona görə biz onu qanunla qadağan edə bilərik.

O cümlədən, burada bir çox məsələlər, qeydiyyata alınmaq, alınmamaq kimi məsələlər var- qeydiyyata alınmamışam, amma fəaliyyət aparıram. Azərbaycanda bu sistem uzun müddət işləyib. Bu təxminən bilirsiniz nəyə oxşayır, iqtisadi bir qurumdur, qeydiyyata alınmayıb, VÖEN-i yoxdur, amma məhsul istehsal edir. Yəni, partiya əslində siyasi ideya istehsalçısıdır, siyasi fikir istehsalçısıdır, mübarizə qüvvəsidir. Ancaq mahiyyətcə qeydə alınmırsa, o, necə fəaliyyət göstərə bilər?

Eyni zamanda, bir neçə seçkilərdə iştirak etməyən partiyanın bu statusu itirməsi müddəasının yeni qanunda yer almasını çox istəyirəm. Azərbaycanda bu gün boykotçuluq bir siyasi mübarizə ənənəsinə çevrilib. Partiyanın yaradılışının doğal prinsipi seçkilərdə iştirakla konstitusion səlahiyyətlərini gerçəkləşdirməkdirsə o, bunu etmirsə, bu necə partiya adına layiq görülə bilər?

Məsələn, “üç seçkidə iştirak etməmək bu hüququn itirilməsidirkimi müddəanın yeni sənəddə olmasını çox arzulayıram. Fakt da var. Azərbaycan Xalq Cəbhəsinin praktikası gözümüzün qabağındaydı. Partiyanın hüquqi varisini müəyyənləşdirmək mümkün olmurdu. Nizamnamə əsasmı götürülsün, Məclis üzvlərimi, yoxsa digər seçkili orqanlarmı? Bu məsələ ətrafında gördük ki, həqiqətən ciddi problemlər var. Odur ki, bu məsələ ilə bağlı müddəaları bura daxil edə bilərik...

Partiyaların qərargah məsələsi aktual məsələlərdəndir...

Mövcud qanunun müvafiq müddəasından yapışıb hamı dövlətin üzərinə belə bir yük qoyur ki, partiyaların qərargahla təminatı dövlətin vəzifəsidir. Yüzlərlə partiya yarana bilər, yüzlərlə ofis sistemləşə bilər. Halbuki bu partiyanın əsası xalqın ona verdiyi investisiyada bu vasitə ilə qazandığı səsin adekvatında, onun formatında büdcədən əldə etdiyi vəsaitdədir , daha doğrusu, bunda olmalıdır.

Maliyyələşmə məsələsi ilə bağlı deyərdiniz. Təklif olunan mexanizm sizcə, ədalətlidirmi?

Bilirsiniz, partiya xalqdan səs alırsa, onun maliyyələşməyinə səs alır. Biz bunu bu cür qəbul edirik. İkinci, məsələn, bir kvota seçmək olar. İndi kim müəyyənləşdirəcək bu 10 faiz, 40 faiz 50 faiz ümumilikdə dövlət büdcəsində ayrıca, təxminən qədər məbləğ edir? 20 min, 30 min, 50 min? Ölkənin büdcə imkanlarından asılı olmasın deyə, bunu bəlkə ümumi daxili məhsul kvotasına bağlamaq olar. Yaxud, hansısa bir kriteriyaya bağlamaqyəni, minimum əmək haqqının formatında bir model seçmək olar ki, partiyalar büdcədən çox götürsünlər, necə deyərlər, bunlara sadəcə, formal maliyyələşmə olmasın.

 

 

KAMİL

 

525-ci qəzet.- 2012.- 19 aprel.- S.5.