Maarif, mədəniyyət və azadlıq mücahidləri – Naxçıvan Şeyxovları

 

XIX yüzillikdə və XX əsrin əvvəllərində yazılan kitablarda, arxiv sənədlərində Naxçıvan ziyalılarının maarif, mədəniyyət sahəsində gördükləri işlər adamda iftixar hissi oyadır. Çünki əsl ziyalılıq təkcə diplomla yox, həm də vətənpərvərliklə təyin olunur. Lazım gələndə bu vətənpərvərlik səni yaşadığın vətənin müstəqilliyinin qorunması yolunda azadlıq mücahidinə də çevirə bilir. Belə ziyalılar sanki parlaq bir ulduz pleyadasını xatırladır: Məhəmməd Tağı Sidqi Səfərov (Səfərəlibəyov), Əsəd ağa Kəngərli, Məhəmməd ağa, Baxşəli ağa və Həmid ağa Şahtaxtinskilər, Cümşüd bəy (Paşa ağa) Sultanov-Kəngərli, Nəsrullah, Fərəcullah və Abdulla Şeyxovlar, Mirzə Məmmədqulu Novruzov, Əliməmməd Xəlilov, Nəcəfqulu Nəcəfov, Mirzəlibəy Bektaşov, Ağaməhəmməd Əkbərov (Ərbab Məhəmməd) və sair. Bu siyahı bitmək bilmir. Vətən sevgisi sonsuz olduğu üçün bu siyahı da zamanın hər yeni səhifəsində yazıla-yazıla gedir... Adlarını çəkdiyimiz və çəkmədiyimiz ziyalıların hamısını Naxçıvan mühiti yetirmişdi. Naxçıvanın ziyalı işığı İrəvanı, Tiflisi də maarif, mədəniyyət sarıdan canlandırmışdı. Elə təkcə yazıçı Mirzə Cəlil Məmmədquluzadənin və Eynəli bəy Sultanovun, şair Əliqulu Qəmküsarın, Hüseyn Cavidin və digərlərinin adlarını çəksək, Naxçıvanın “Ziyalılar Məclisi”nin mənəvi gücü duyular... Məlumat üçün deyək ki, sənədlərin çoxunda Mirzə Nəsrullah “Nəsrulla” kimi yazılıb. Naxçıvanın belə ziyalı nəsillərindən biri də az qala unudulmuş Naxçıvan Şeyxovlarıdır. Bu yazımızda onlar haqqında söhbət açmaq istədik. 1830-cu ildən sonra Naxçıvan tarixinə aid arxiv sənədlərində Şeyxovların adları çəkilir. Aparılan axtarışlar nəticəsində məlum oldu ki, Naxçıvanda yaşayan bu nəsil özünü Şeyx Səfi nəslinin davamçıları sayır. Naxçıvanın Culfa gömrükxanasında işləyən və yaxşı gəlirli “komisyon mağazaları” olan Hacı İsmayılın oğlu Məşədi Əsəd öz dövründə “Məddah” ədəbi ləqəbi ilə, əsasən, dini şeirlər yazarmış. Ata-babadan tacirliklə məşğul olsalar da, elmi, ürfanı sevdikləri məlum olur. Məşədi Əsədin həyat yoldaşı Fatma qohumları olan Hacı Nəcəfin qızı idi. Onların nikahından Nəsrulla, Fərəcullah, Abdulla, Məmmədhüseyn və Bilqeyis adlı övladları olmuşdur. Qeyd edək ki, Bilqeyis xanım şair Əliqulu Qəmküsarın (Nəcəfovun) anasıdır. Yeri gəlmişkən deyək ki, Şeyxov qardaşları haqqında yazıçı Məmməd Səid Ordubadinin, tədqiqatçı alim Əziz Şərifin, Həmidə xanım Məmmədquluzadənin və akademik İsa Həbibbəylinin yazdıqları kitablarda, həmçinin Naxçıvan teatrına aid ensiklopedik nəşrlərdə maraqlı məlumatlar vardır. Biz, əsasən, yeni tapılan faktlar haqqında danışacağıq. Mətləbimizə qayıdaq. Nəsrulla Şeyxov 1863-cü ildə Naxçıvan şəhərində anadan olmuş, ömrünün bir neçə ilini atası ilə birlikdə Kərbəlada yaşamışdır. Ona görə də sənədlərdə onun adının qarşısında “Kərbəlayı” yazılıb. Onun atası Məşədi Əsəd Naxçıvansız yaşaya bilmədiyindən Ərəbistandan Naxçıvana qayıdır. Nəsrulla Şeyxov atasını erkən itirdiyindən 15 yaşından işləməli olur ki, ailələrini dolandırsın. Bu işdə ona kürəkənləri Məşədi Ələkbər Nəcəfov köməklik edir. Nəcəfovlar da Şeyxovlar kimi gildalı tacirlər idilər.

 İstər Nəcəfovlar, istərsə də Şeyxovlar çox dindar olmaqlarına baxmayaraq, elmə, maarifə və mədəniyyətə çox bağlı idilər. Onlar Culfada yaşadığı 1892-1909-cu illərdə teatr tamaşalarının səhnəyə qoyulmasında aktyorluq etməklə yanaşı, bu yolda maddi vəsaitlərini də sərf edirdilər. Bu illərdə onlar Culfada çayçı işləyən gənc Məmməd Səid Ordubadi ilə dostlaşırlar. Bu haqda bir az sonra danışacağıq. 24 sentyabr 1911-ci ildə yəhudi Kranfulovun teatrı Culfada olarkən Naxçıvan ziyalıları da onların verdikləri teatr tamaşalarında iştirak etmişlər. O uzaq illərdə birlikdə çəkdirdikləri fotoşəkil buna canlı sübutdur. Burada Şeyxov qardaşlarından ikisinin adı yazılıb: Mirzə Nəsrulla və Mirzə Abdulla Şeyxovlar. Artıq onlar Culfada və Naxçıvanda həm də maarifçiliklə məşğul olduqlarından “Mirzə” titulunu da qazanmışdılar. Şair Əliqulu Qəmküsarın qızı Qəmər xanım Salamzadə “Kiçik pəncərədən görünən dünya” adlı xatirələr kitabında (Bakı, 1990) yazır: “Çox vaxt Naxçıvan ziyalılarının hörmətli yazıçımız M.S.Ordubadinin Culfada açdığı çayxanada görüşləri olardı. Xaricdən çayxana kimi görünən bu yer əslində Naxçıvan və Culfa tərəqqipərvər ziyalılarının, necə deyərlər, bir növ, qərargahı idi”. Bu qərargahda toplaşan Naxçıvan ziyalıları 1907, 1908-ci illərdə Səttarxan hərəkatında iştirak edirdilər. Bunlardan Baxşəli ağa Şahtaxtinski, Ələkbər Məmmədquluzadə (Mirzə Cəlilin qardaşı), Nəsrulla və Abdulla Şeyxov qardaşları, Əliqulu və Nəcəfqulu Nəcəfovlar, Məmməd Səid Ordubadi həmin hərəkatın fəal iştirakçılarından idilər. Bu səbəbdən çar hökuməti 1909-cu ilin mayında Nəsrulla Şeyxovu İrəvanda həbs edir və 4 ay həbsxanada saxlayır. İstintaq məhkəməsi ona 1 il həbs cəzası təsdiqləyir. Sonralar ona Naxçıvanda yaşamaq yasaq olunur. Nəsrulla Şeyxov yaşamaq üçün Həştərxana (o vaxtlar Hacı Tərxan deyilirdi – müəllif) göndərilir. Ailəsi ilə birlikdə Hacı Tərxanda, Ukraynanın Kremencuq şəhərində yaşamağa məcbur edilən M.N.Şeyxov 1918-ci ildən sonra Bakıya qayıda bilir. Yaşamaq üçün Tiflisə gedir. Bu vaxtlar Naxçıvan çətin günlərini yaşayırdı. Daşnak dəstələri quldur Andronikin başçılığı altında Naxçıvana hücum etmişdi. M.N.Şeyxov İrəvan quberniyası müsəlmanlarının yerli cəmiyyətinin sədri vəzifəsini daşıyırdı. Tiflisdən 1919-cu il iyunun 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirinə teleqram göndərən M.N.Şeyxov erməni qoşunlarının Naxçıvanın kəndlərində törətdikləri vəhşiliklərdən xəbər verməklə yazırdı: “Bir həftə gecikmək belə müsəlman kəndlərinin məhvinə səbəb ola bilər”.

Mirzə Nəsrulla Şeyxov 1918-1919-cu illərdə Naxçıvana dönür və həmyerliləri ilə birlikdə erməni işğalçılarına qarşı döyüşür. Onun kiçik qardaşı Abdulla Şeyxovun da adı Naxçıvan Milli Şurasının üzvləri arasında yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki, Nəsrulla Şeyxovun qardaşı Fərəculla Moskva Universitetinin Hüquq fakültəsini bitirmiş və Naxçıvana qayıtmışdı. O da maarifçilik və mədəniyyətə xeyriyyəçilik etmiş, 1904-cü ildə cavan yaşında vəfat etmişdi. Sonbeşik qardaşı Məmmədhüseyn də cavankən vəfat etmiş və onun oğlanları Əzizi, İzzəti Mirzə Nəsrulla Şeyxov öz övladları kimi böyütmüşdür. Nəsrulla Şeyxov “Hümmət” partiyasının üzvü olduğundan onu 1920-ci ildə Rəştə göndərirlər və 1921-ci ildə faciəli surətdə həlak olur. Mirzə Nəsrulla Şeyxovun Əsəd, Eynulla, Şüa, İzzət adlı övladları olmuşdur. Atalarını və analarını vaxtsız itirsələr də, hamısı təhsil almış və uzun illər incəsənət aləmində səmərəli fəaliyyət göstərmişlər. Nəsrulla Şeyxovun oğlu Şüa Moskvada məşhur rejissor Meyerholdun sevimli tələbəsi olmuşdur. Azərbaycana bacarıqlı bir rejissor kimi qayıdan Şüa Şeyxov Azərbaycan kinosu tarixində silinməz izlər qoymuşdur. O, 1970-ci ildə vəfat etmişdir. Şüa Şeyxov Meyerholdun tələbəsi olduğundan uzun illər təqiblərə məruz qalmışdı. Həm də onun yüksək vəzifələrdə işləyən böyük qardaşı 1937-ci ildə repressiyanın qurbanı olmuş, onu güllələmişdilər. Şüa ilə Aliyə xanımın izdivacından Nazim, Natəvan, Daqmara və Arif adlı övladları dünyaya gəlmişdir. Oğlu Nazim kino mühəndisi işləyirdi, hazırda dünyasını dəyişib. Qızı Daqmara filoloqdur, o biri qızı Natəvan xanım respublikanın Xalq artistidir və Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının dosentidir. Sonbeşik oğlu kino rejissoru təhsili alıb və Yerusəlimdə yaşayır. Qeyd edək ki, Şeyxovların varisləri Sovet hakimiyyəti illərində incəsənət aləminin tanınmış mütəxəssisləri olmuşlar. XXI əsrdə də Azərbaycan incəsənətinin inkişafında müstəsna xidmətlər göstərməkdədirlər. Sözarası deyək ki, Naxçıvanda hazırda yaşayan Şeyxovlar da Nəsrulla Şeyxovla yaxın qohumdurlar. Onların ulu babaları Hacı Şeyx Əli bəy Qurbanəli Şərifzadənin müasirlərindən olub. Naxçıvan xeyriyyəçilərindən olan Hacı Şeyx Əli bəyin Məmməd, Rzaqulu, Əhməd, Əli adında oğlanları və bir qızı sənədlərdə qeyd edilib. Rzaqulu Şeyxovun 1930-cu ildə Tiflisdə işləməsi haqqında arxiv sənədini də aşkarladıq. Hacı Şeyx Əli bəyin Məmmədhüseyn və Mahmud adlı qardaşları da olmuşdur. Ötən yüzilliklərdə tariximizdə mühüm izlər qoymuş Şeyxovlar bu gün də, sabah da naxçıvanlıların ürəkdən sevdikləri şəxsiyyətlərdir. Ana vətən üçün can əsirgəməyən maarif, mədəniyyət və azadlıq mücahidləri belə bir əbədi sevgiyə layiqdirlər. 

 

 

Musa QULİYEV,

AMEA Naxçıvan

Bölməsinin əməkdaşı

 

525-ci qəzet.- 2012.- 20 aprel.- S.7.