Yazıçı Yunus Oğuzun kitablar toplusunun təqdimat mərasimi keçirilib

 

Dünən Azərbaycan Atatürk Mərkəzində yazıçı Yunus Oğuzun 6 nəşrdən ibarət kitablar toplusunun təqdimatı olub. Qeyd edək ki, kitablar toplusu “Əmir Teymur zirvəyə doğru” əsərinin 1-ci hissəsinin rus və Azərbaycan dillərində nəşrləri, “Əmir Teymur dünyanın hakimi” əsərinin 2-ci cildinin Azərbaycan dilində nəşri, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında” əsərinin Azərbaycan və türk dillərində nəşrləri, “Atilla” əsərinin türk dilində nəşrindən ibarətdir. Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərov Yunus Oğuzun özünü tarixi əsərlər müəllifi kimi təsdiq etdiyini, qısa müddətdə “Atilla”, “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur” kimi dəyərli kitablar yazıb ərsəyə gətirdiyini bildirib. Professor bu əsərlərdə müasir dünyada tarixə münasibəti hiss edən, tarixi düşüncələrini onun üzərində quran yazıçının dəsti-xəttinin aşkar hiss olunduğunu, Y.Oğuzun bu baxımdan bir müəllif kimi seçildiyini vurğulayıb: “Əsas məsələ ondan ibarətdir ki, Yunus Oğuz tariximizi uzun illər öyrəndikdən sonra bu materiallardan istifadə edərək tarix nasiri kimi ortaya çıxa bildi. Burda da onun xeyli xüsusi cəhətləri var. Təbiidir ki, tarix yazıçılığı, tarixi romanlar yazmaq sahəsində Azərbaycan ədəbiyyatı kifayət qədər böyük təcrübəyə malikdir. Yunus Oğuz bu təcrübədən faydalandı, eyni zamanda “bu gün tarix necə yazılmalıdır” məntiqindən, metodologiyasından çıxış edərək tarix danışmağı bacardı”. Professor bu sahədə Yunus Oğuzun yaradıcılığının görkəmli yazıçımız Məmməd Səid Ordubadinin yaradıcılığı ilə bənzərliyini, romançılıqda diqqətini çəkən bir neçə ortaq cəhəti də qeyd edib.

 N.Cəfərov Əmir Teymur haqqında həm Şərqdə, həm də Qərbdə xeyli əsərlər yazıldığını, ancaq bu əsərlərin tendensiyalı olduğunu, Yunus Oğuzun isə bütün tarixi əsərlərində olduğu kimi, burada da özünəməxsusluq nümayiş etdirdiyini diqqətə çatdırıb. Yazıçı Aqil Abbas Yunus Oğuzun son illərdə çox çətin, eyni zamanda məsuliyyətli bir yükü öz çiyinlərinə götürdüyünü deyib: “Təbii ki, bütün dövrlərdə tarixi şəxsiyyətlər haqqında əsərlər yazılıb və yazılacaq. Tarix tarix olaraq qalır, ancaq tarixi şəxsiyyətlərə hər kəsin baxışı fərqlidir. Yunus Oğuzun tarixi romanlarında onun həmin şəxsiyyətlərə fərqli baxışını görmək mümkündür. O, əsərlərində şovinizmə gedib çıxmır. Sadəcə olaraq, özümüzə qayıtmağı, özümüzü tanıtmağı vacib cəhət kimi qabardır”. Filologiya elmləri namizədi Sona Vəliyeva Yunus Oğuzun əsərlərində yaratdığı obrazların özü ilə birbaşa bağlılığının duyulduğunu, onun bu romanları tarixə gənclərin nöqteyi-nəzərindən yanaşaraq qələmə aldığını deyib: “Mən Yunus Oğuzu şəxsən tanıdığım üçün əminliklə deyə bilərəm ki, o, bütün əsərlərində yaratdığı obrazlarda özünü hiss etdirir. Hesab edirəm ki, Yunus Oğuzun bütün əsərlərində dövlətçilik, millətçilik, xalqa bağlılıq xüsusiyyətləri, elmi, fəlsəfi, tarixi dünyagörüşü, aldığı təhsil özünü büruzə verir”. “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli Yunus Oğuzun yaradıcılığında son zamanlar diqqətini çəkən məqamlara toxunub: “Birinci növbədə onu qeyd etmək istəyirəm ki, Yunus Oğuzun qələmi son tarixi romanlarında daha çox püxtələşib. İlk romanlarında müəyyən boşluqlar, dialoqlarda bəzi problemlər var idisə, artıq bunlar aradan qalxıb. İkinci önəmli məsələ türkçülük məsələsidir ki, bu da Yunus Oğuzun yaradıcılığının əsas istiqamətinə çevrilib. Bu da yazıçının fikirlərinin, düşüncələrinin doğru istiqamət almasını təmin edir.

Tarixi roman yazmaq olduqca çətin bir məsələdir. Ancaq Yunus Oğuz bu çətin işin öhdəsindən layiqli şəkildə gəlməyi bacardı”. Tanınmış ictimai xadim Ramiz Abutalıbov da tədbirdə çıxış edib: “Mən bir müdrikin sözünü yada salmaq istəyirəm, deyir ki, əgər bir xalq dilini, dinini və tarixi yaddaşını itirərsə, o xalq məhv olar, tarix səhnəsindən gedər. Çox şadam ki, Yunus bəy öz əsərlərində tarixi yaddaşı canlandırır və gənc nəsil bu əsərləri oxuyaraq tarixini daha yaxşı öyrənir. Kitabın rus dilində nəşr olunması da mühüm bir hadisədir. Çünki potsovet məkanında milyonlarla azərbaycanlı yaşayır. O insanların, 1992-ci ildən hesablasaq, 20 yaşlarında qızları, oğlanları var. Bu gənclər, vətəndə, Bakıda yaşayanlardan fərqli olaraq, tariximizi, dilimizi yaxşı bilmirlər, bu baxımdan kitabın rus dilində çap olunması təqdirəlayiqdir”. Şair və tərcüməçi Səlim Babullaoğlu Yunus Oğuzun kitablarının müxtəlif dillərdə, o cümlədən ingilis, rus dilində çap olunmasını müsbət hal kimi vurğulayıb: “Mən çox sevinirəm ki, kitabların həmin dillərə tərcümə edilməsində, az da olsa, bizim də xidmətimiz var. Əlbəttə, Azərbaycan dilində yaranmış dəyərli əsərlərin dünya dillərinə tərcümə edilməsi qürurverici bir faktdır. Mən əminəm ki, Yunus bəyin əsərləri bundan sonra da digər dillərə tərcümə olunacaq. Tarixi dövrlər haqqında yazılmış ədəbi əsərlər insanların tarixi düzgün anlamağına şərait yaradır. Dövrü yaxşı hiss etdirən əsas faktor həmin dövrün dilidir və Yunus bəy qələmə aldığı dövrlərə aid lüğət bazasından yaxşı istifadə edib, bu da onun yazdıqlarına xeyli əyanilik, canlılıq gətirib”.

Professorlar Əsgər Rəsulov, Şamil Vəliyev, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və digər tədbir iştirakçıları da Yunus Oğuzun yaradıcılığı haqqında fikirlərini bölüşüb, tarixi romanları barədə qeydlərini diqqətə çatdırıblar. Mərasimin sonunda çıxış edən yazıçı Yunus Oğuz tədbirə qatılanlara, yaradıcılığı haqda fikir söyləyənlərə, əsərlərini oxuyub öz mülahizələrini bölüşənlərə minnətdarlığını bildirib.

 

 

GÜNEL 

 

525-ci qəzet.- 2012.- 20 aprel.- S.7.