Əhməd Ağaoğlu: Malta sürgünü

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

“Yəhudi əsilli bir tatardır. Gənc yaşlarında “Oxrana” təşkilatının təhrikçi agenti olmuşdu. 1904-cü il erməni hadisələrində (? – V.Q.) iştirak edib. Panislamist təbliğatı apardığından rus hökumətinin nəzərində suçlu sayılmışdır. Türkiyəyə mühacirət etmişdir. “İslama xidmətlərinə görə” Məşrutə inqilabı zamanı (contürklər hərəkatı nəzərdə tutulur – V.Q.) Osmanlı vətəndaşlığı almışdır. Almanpərəst və sionist “Jeune Turc”un əməkdaşı olmuşdur. “İttihad və Tərəqqi”nin mühüm üzvləri sırasında idi. Müharibə vaxtı almanlar tərəfindən bəslənmiş, müttəfiqlər əleyhinə kəskin məqalələr yazmışdır. Konkret cinayətdə günahlandırılması üçün əldə dəlil-sübut yoxdur. Amma son dərəcə yaramaz bir tip olduğu vurğulanmalıdır”.

Şübhəsiz, buradakı bir sıra məqamlara aydınlıq gətirilməlidir. Əhməd bəyin yəhudi əsilli olduğu iddiası haradan meydana çıxmışdı? Əgər həqiqətən belə idisə o zaman dünyanın bir çox dövlətlərinə, eləcə də ingilis hökumətinə təsir mexanizminə malik olan sionust qurumlar nə üçün onun müdafiəsinə qalxmamışdılar, bu cür məşhur və tanınmış soydaşlarının günahsız yerə həbsə atılmasına dözmüşdülər?

Əhməd bəy bioqrafiyasında yeddi arxa dönəninin türk olduğunu, əcdadlarının XVII əsrdə Ərzurum çevrəsindən gələrək Qarabağa yerləşdiklərini yazırdı. O, türkçülük ideyasının ən fəal təbliğatçılarından, “Türk ocaqları”nın qurucu üzvlərindən biri idi. İngilislər belə bir şəxsi yəhudi əsilli elan etməklə əslində türkçülüyün türk mühitindən kənarda, hansısa əcnəbi emissarlar tərəfindən yaradıldığı fikrini qabarıqlaşdırmağa çalışırdılar. Digər tərəfdən özlərini türk millətinin qaymaqları sayan şəxsləri yəhudi əsilli birinin arxasınca getməkdə günahlandırmaq istəyirdilər.

Onun guya çar gizli polisi ilə əlaqələrinin mövcudluğu, hətta “Oxranka”nın təhrikçi agenti olması haqqındakı iftiralar da eyni məqsədə xidmət edirdi. Maraqlıdır ki, ingilislər bəlkə də fərqinə varmadan məlumatda yer alan növbəti cümlə ilə özlərini inkar etmiş, haqqında iftiralar uydurduqları adamın panislamist təbliğatı apardığını görə rus hökumətinin nəzərində suçlu sayıldığını bildirmişdilər. Sual oluna bilər: “Oxranka” agenti nə üçün hökumətin əleyhinə işləyir? Əgər bunu rəsmi dairələrin tapşırığına əsasən edirsə, o zaman nə üçün təqiblərlə üzləşir, həyatı təhlükə qarşısında qaldığından ölkədən qaçmağa məcbur olur? Ortaya çıxan bu anlaşılmazlıqlar tələm-tələsik uydurulan məlumatın başdan-başa yalandan ibarət olduğunu göstərir.

“Almanlar tərəfindən bəslənmək” məsələsinə gəldikdə isə Əhməd Ağaoğlu 1916-cı ilin sonunda Osmanlı parlamentinin deputatları ilə birlikdə Almaniyada olmuşdu. Səfərin məqsədlərindən biri Rusiya ordusunda vuruşan və almanlara əsir düşən türk əsilli insanların (əsasən Qazan tatarları, başqırdlar, azərbaycanlılar, Dağıstan türkləri və b.) taleyi ilə maraqlanmaq, onların hüquqlarını qorumaq idi.

Bu səfərdən sonra Osmanlı imperiyasının Budapeştdəki baş konsulu Əhməd Hikmət Vyanadakı türk səfiri Hüseyn Hilmi Paşaya göndərdiyi 22 may 1917-ci il tarixli raportda Türkiyəyə sədaqətlərini əməlləri ilə sübut edən, eyni zamanda Rusiyada da yaxşı tanınan Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Yusif Akçura kimi ictimai xadimlərin nüfuz və bacarığından istifadə ilə bağlı təklif irəli sürmüşdü. Konsulun fikrincə, bu şəxslər həm alman əsirliyindəki türklər arasında, həm də Rusiyada müəyyən işlər apara bilərdilər. Bu yolla da həm almanların, həm də müttəfiq Osmanlı imperiyasının maraqlarının daha yaxşı qorunması təmin edilə bilərdi. Hüseyn Hilmi Paşa öz növbəsində müraciəti İstanbula, sədrəzəm Tələt Paşaya göndərmişdi. Sədrəzəm dəftərxanasından alınan 30 may tarixli sənəddə təklifin qeyri-məqbul sayıldığı və qəbul edilmədiyi bildirilirdi. Beləliklə, Əhməd Ağaoğluna isnad verilən almanlarla əməkdaşlıq iddiasının əslində heç bir real əsasının olmadığı ortaya çıxırdı.

Maltada saxlanmasına baxmayaraq Əhməd bəy həm İstanbul, həm də Londondakı ingilis rəsmiləri üçün problem yaratmaqda davam edirdi. İki paytaxt arasındakı yazışmalarda onun adına sıx-sıx təsadüf olunması da buradan irəli gəlirdi. Xarici işlər naziri Lord Kerzona 9 avqust 1919-cu il tarixli məktubunda admiral Vebb yenidən “yaramaz bir tip” kimi qələmə verdiyi Əhməd Ağaoğlu üzərinə qayıdaraq bu dəfə onu “son dərəcə arzu olunmayan şəxs” kimi səciyyələndirir, növbə ilə Rusiya, Osmanlı və Azərbaycan vətəndaşlığı daşıdığını, ittihadçıların təbliğat işlərinin əsas ağırlığını öz üzərinə götürdüyünü, fəaliyyət və əlaqələrinin Qafqazdan tutmuş Ərəbistan yarımadasına, Məkkəyə qədər uzandığını, oradakı ingilis dairələri arasında da qıcıq doğurduğunu yazırdı. Konkret cinayətdə günahlandırılması imkansız görünsə də, susdurulmasının vacibliyini vurğulayırdı. Təbii ki, bütün bunlardan sonra 2674 saylı dustağın lord Kerzona və digər Britaniya rəsmilərinə istər Limnidən, istərsə də Maltadan göndərdiyi çoxsaylı məktub və şikayətlərin cavabsız qalması başa düşülən idi.

Amma azərbaycanlı məhbusa münasibətdə ingilislər arasında müəyyən fikir ayrılığının olduğu da diqqətdən yayınmamalıdır. Forin ofisdəki Azərbaycan masasının rəhbəri polkovnik Stoks onun Azərbaycan – İngiltərə münasibətləri ilə bağlı mövqeyinə müsbət yanaşırdı. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hələ Versal konfransında de-fakto tanınmasa da, iki ölkə arasındakı əlaqələr tərəflərə perspektivli görünürdü.

Həmin ilin oktyabr ayında Parisdəki Sülh nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov Londonu ziyarət etmişdi. Çətin vəziyyətdən çıxmaq və müstəqilliyi nəyin bahasına olursa olsun qorumaq üçün hətta Azərbaycanın İranla birgə müəyyən dövrə qədər Böyük Britaniya himayəsini qəbul etməsi məsələsi də gündəlikdə idi. Ermənistanın soyqırımı siyasəti, “ağ” və “qırmızı” Rusiyanın hərbi təcavüzü qarşısında Britaniya protekratı mümkün xilas yollarından biri kimi nəzərdən keçirilirdi. Çox güman ki, bu situasiyadan çıxış edən polkovnik Stoks 1920-ci il martın 29-da xarici siyasət idarəsinə raportunda Azərbaycanda ingilis mənafelərinə dəstək verə biləcək nüfuzlu ziyalılardan və siyasi simalardan biri kimi Əhməd Ağaoğlunun müəyyən şərtlərlə Malta sürgünündən azad edilib vətəninə qaytarılmasını mümkün saymışdı. Lakin bir ay sonra Azərbaycanda hakimiyyətin bolşeviklərin əlinə keçməsi Britaniya maraqları baxımından bu məsələni təbii şəkildə gündəlikdən çıxarmışdı.

Bolşevizmlə barışmaq məcburiyyətində qalan milli qüvvələr də Əhməd bəyin aralarında olmasına müsbət yanaşırdılar. Onun siyasi və ədəbi potensialı xalq arasında yeni hakimiyyətə nüfuz qazandıra bilərdi. Azərbaycanın bolşevik lideri Nəriman Nərimanov imkanları daxilində uzun illərdən bəri tanıdığı, fikirlərinə və əqidəsinə hörmət bəslədiyi qələm dostunun azadlığa çıxmasına çalışmış, bunun üçün Bakıdakı bir neçə ingilis müharibə əsirini Əhməd Ağaoğlu ilə dəyişməyə təşəbbüs göstərmişdi. Bu barədə Əhməd bəyin sürgündən döndükdən sonra, 1921-ci ilin iyun ayında Azərbaycan XKS sədrinə yazdığı məktubda bəhs olunurdu.

Həqiqi xilas isə Anadoludan, Türkiyə Böyük Millət Məclisi hökumətindən gəldi. Mustafa Kamal Paşa da Maltadakı həmvətənlərini – hərbi, siyasi və zehni yardımlarına ehtiyac duyduğu türk vətənpərvərlərini xilas etmək üçün bütün mümkün yollara baş vururdu. Və sonra təkcə əsir türk torpaqlarına deyil, əsarətdə olan türk soydaşlarına da xilas qapısını aça bildi. Bu təntənəli anı görmək üçün Əhməd Ağaoğlu və həmfikirləri iki il məhrumiyyətlərə dözməli, gah ümidsizliyə qapılmalı, gah da azadlığın yaxınlaşmasını hiss edərək həyəcan keçirməli olmuşdular.

 

lll

 

Maltada əsir həyatı yaşayan türklərin sosial tərkibi fərqli idi. Sürgünlülərin bir qismini uzun illər boyu yüksək vəzifələrdə çalışmış zəngin adamlar, yaxud əsilzadə kimi doğulmuş sərvət sahibi insanlar təşkil etsələr də, həm özü, həm də vətəndə ailələri ehtiyac məngənəsində çırpınanlar da az deyildi. Azərbaycanlı məhbusların hamısı, eləcə də Əhməd bəy ikinci kateqoriyaya daxil idilər.

Britaniya komandanlığı sürgünlülərin sosial tərkibinə yaxşı bələd olsa da, az-çox normal şərait yaratmaq barəsində düşünməmişdi. Tam müdafiəsiz qaldıqlarından, arxalarında güclü dövlət, yaxud beynəlxalq təşkilat (məsələn, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti) dayanmadığından onlarla istənilən şəkildə rəftar etmək mümkün idi. Odur ki, yalnız ən minimal tələblər nəzərə alınmışdı. Malta valisi ilə Böyük Britaniya xarici işlər nazirliyi arasında aparılan yazışmalar müstəmləkəçilərin hətta bu cüzi məbləği də son dərəcə həvəssiz və xəsisliklə ayırdıqlarını göstərməkdədir.

Amma məhbusların yaşayışlarını təmin etmələri nöqteyi-nəzərindən tezliklə hər yerdə olduğu kimi burada da əlahəzrət pul öz rolunu oynamağa başlamışdı. Tale eyniliyinə baxmayaraq sürgünlülər arasında sosial təbəqələşmənin yaranması özünü çox da gözlətməmişdi. Maddi imkan sahibləri “lazımlı adamları görərək” həyatlarını istədikləri şəkildə qurmuşdular. İmkansızlar isə Poliverista qəsrinin yarı nəm otaqları, cüzi və keyfiyyətsiz dustaq yeməyi ilə kifayətlənməli olmuşdular. Ona görə də qəribə deyildi ki, Maltaya eyni yolun yolçuları kimi gətirilənlər onu fərqli yollarla, bəzən bir-birlərindən incimiş halda, hətta son anda “sağ ol” demədən tərk etmişdilər.

Çətinlik və sarsıntılarla dolu bu iki il Əhməd bəyə uzun müddət birlikdə çalışdığı, ürək, məslək və əqidə dostu saydığı bir sıra insanları daha yaxından tanımağa imkan yaratmışdı. Bu yenidən tanıma prosesi bəzən sevinc və qürur, bəzən isə yeri heç nə ilə doldurulmayan təəssüf və peşmançılıq hissləri doğurmuşdu. “Malta sınağından” üzüağ çıxanlar onun tək özünün deyil, övladlarının da ömürlük dostu olmuşdular.

Oğlunun yazdığına görə, Əhməd bəyin sağ gözü gəncliyindən xəstə idi. Uzun müddət müalicə almadığından tədricən görmə qabiliyyətini də itirmişdi. Maltada birdən-birə bu fəaliyyətsiz gözdə dəhşətli ağrılar başlamışdı. Bir müddət sonra sol gözünün də zəiflədiyini hiss etmişdi. Müalicə üçün yanına getdiyi həbsxana həkimi kənardan yaxşı mütəxəssis çağırılmasını tövsiyə etmişdi. Dəvət olunan mütəxəssis isə xəstə gözü dərhal çıxarılmasını lazım bilmişdi. Əks-təqdirdə sağlam gözə xəsarət yetişəcəyini söyləmişdi. Əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəmişdi. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi.

Əhməd bəy aralarındakı zənginlərdən sayılan həmkarı Hüseyn Cahid Yalçına üz tutmuşdu. Səməd Ağaoğlunun “Atamla dostluğu həmişə rəsmi hüdudlarla qapalı qaldı. Biri-birlərini az sevdilər. Hətta deyə bilərəm ki, atamı heç sevmədi” – sözləri ilə xatırladığı Hüseyn Cahid (1875-1957) “Sərvəti-fünun” jurnalı çevrəsində fəaliyyət göstərən tanınmış qələm sahiblərindən biri idi. Bir türk milliyyətçisindən daha çox “bəşəriyyətçi” (kosmopolit – V.Q.) kimi tanınırdı. Varlı ailədə böyümüşdü. Erkən yaşlarından yazıçı, jurnalist və siyasət adamı kimi şöhrət tapmışdı. 1914-1918-ci illərdə ikinci Osmanlı Məclisi-Məbusanına (Parlament) sədrlik etmişdi.

Sürgünə göndərildikdən az sonra maddi imkanı sayəsində ingilislərlə anlaşmış, ailəsinin yanına gətirilməsinə nail olmuşdu. Ayrıca bir villada, İstanbuldakı məişət və güzəranından o qədər də fərqlənməyən asudə həyat tərzini yaşayırdı. Bədii yaradıcılıqla, habelə italyan və ingilis dillərindən tərcümə ilə məşğul olurdu. Fərqli yaşam tərzinə görə dustaq yoldaşları önündə vicdan əzabı çəkməsi hiss edilmirdi. Hətta ara-sıra onların yanında “paranı verən düdüyü çalar !” ifadəsini işlətməkdən də vaz keçmirdi.

Çıxılmaz vəziyyətdə qalan Əhməd bəy Hüseyn Cahidi ilk növbədə həmkarı və ziyalı şəxs kimi tanıdığından xahişinə həssaslıqla yanaşılacağını düşünmüşdü. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: “Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, övladların bunu edəcəklər. İşdir, ikimiz də sağ qayıtmasaq, pulu mənim övladlarım səninkilərə ödəyəcəklər. Bütün bu şərtləri də burada yoldaşlarımızın gözü önündə bir sənəd halına salıb altına imza atacağıq” – deyə həmkarında ziyana düşməyəcəyi ilə bağlı əminlik yaratmağa çalışmışdı.

Hüseyn Cahid isə qətiyyən halını pozmadan “Xeyr, Əhməd bəy! – deyə cavab vermişdi. – İnsan əsirlikdə nə borc istər, nə də borc verər”.

Çətin vəziyyətdən Əhməd bəyi gənclik illərini Parisdə birgə keçirdikləri göz doktoru, Mudros anlaşmasına qarşı çıxan Milli Komitənin qurucularından biri kimi Maltaya sürgün edilən Mehmet Esat İşıq (1885-1936) qurtarmışdı. Zəruri dərmanlar və tibb alətləri tapılarsa, cərrahiyyə əməliyyatı aparmağa boyun olmuşdu. İngilislər bu işin nəticələri üçün heç bir məsuliyyət daşımadıqları ilə bağlı həm həkimin, həm də xəstənin dilindən kağız almışdılar. İstanbulda Avropa standartlarına uyğun ilk göz klinikasını quran Mehmet Esat çətin şəraitdə əsl peşəkarlıq nümunəsi göstərmişdi. Əhməd bəy korluq təhlükəsindən xilas olmuşdu.

İngilislər Malta sürgününə qədər Türkiyə Hilali-Əhmər (Qırmızı Aypara) Cəmiyyətinin sədri olan bu nəcib insanı ağır xəstəliyinə baxmayaraq həbsdən buraxmamış, vəziyyətini yüngülləşdirmək üçün heç nə etməmişdilər.

Aradan illər keçəndən sonra o, xatirələrində Britaniya müstəmləkəçilərinin türk əsirlərinə qarşı sayğısız, həqarətli münasibətlərini təsvir etdikdən sonra yazırdı:

“İngilislərdən soruşurdum:

– Mədəniyyət budurmu?

– Yes (bəli –V.Q.) –deyə cavab verirdilər.

Deyəcəyim köhnə həqiqətdir və bizim nəsildən ötəri dəyəri acı xatirədən başqa bir şey deyildir. Fəqət gənclərimizi üçün hər zaman böyük mənası var:

– Məğlub olmamalısan !

Əhməd bəyin və sürgün yoldaşlarının üzləşdiyi faciələr də tarixin həlledici anında türk millətinin, türk dövlətinin savaşdan məğlub çıxmasının nəticəsi idi!

Malta sürgünü ona təkcə əqidə dostlarını deyil, bütünlükdə türk insanını daha yaxından tanımaq baxımından həyat məktəbi olmuşdu. Burada o, imkansız yoldaşlarının ehtiyac içərisində çapaladıqlarını bildiyi halda lüks həyat tərzindən əl çəkməyən Hüseyn Cahid kimilərlə bir sırada son tikəsini başqaları ilə bölən mərd, əliaçıq insanlarla da rastlaşmışdı. Məsələn, vaxtı ilə partiyanın rəhbərliyində təmsil olunan zəngin şəxslərdən biri hər ay ünvanına göndərilən pulu son quruşuna qədər imkansızların arasında paylayır, sadə yataq dəstini hər gün bir məhbusun yanına çəkərək hamının dərdindən halı olmağa, hər kəsə ürək-dirək verməyə çalışırdı.

Anadolu kəndlərindən olan sadə bir çavuş isə Əhməd bəyin çox çay içdiyinə diqqət yetirib bir gün ona yaxınlaşmış, kiçik torbadakı bir ovuc qəndi qarşısına qoymuşdu: “- Fikir verdim, gördüm çox çay içirsiniz. Mənim çayla o qədər aram yoxdur. Odur ki, şəkər payımı topladın, sizə gətirmişəm” – demişdi.

“Atamın dostları” kitabında Səməd Ağaoğlu haqlı olaraq yazırdı ki, “Malta əsarəti “İttihad və Tərəqqi” liderləri üçün bir çox mənada məhək daşı oldu. Orada bir məmləkətin taleyini illər boyu idarə etmiş insanlar sanki ilahi bir məhkəmə önündə durublarmış kimi ruhlarının ən gizli nöqtələrinə qədər bütün sirlərini açıb ortaya qoydular. Vəfa, qədirşünaslıq, dözümlülük, qürur, xülasə, insan ruhunun mayasında var olan bütün hər şey meydana qoyuldu. Yenə Malta əsarəti sırasında bir millətin başında dayananlarla o millət arasında bəzən nə böyük təzadlar, necə fərqli əxlaq anlayışları olduğu da əyani şəkildə üzə çıxdı”.

Sürgünün ağırlığını Əhməd bəylə birlikdə onun ailə üzvləri də yaşayırdılar. Ailənin cəmisi 9 il əvvəl Azərbaycandan gəlib İstanbulda yerləşdiyi nəzərə alınarsa, çətinliklərin miqyasını təsəvvürə gətirmək olar. Həbslərindən az sonra Osmanlı hökumətinin ingilislərə yarınmaq istəyən maarif naziri Əli Kamalın əmri ilə Ağaoğlunu və Ziya Göyalpı İstanbul darülfünunu müdərrisliyindən (universitet müəllimliyindən – V.Q.) azad etmişdilər. Beləcə, Sitarə xanım və böyüyü 17 yaşlı qız olan beş övladı yeganə sabit gəlirdən məhrum qalmışdular.

İztirablar bununla bitməmişdi. Kirayə yaşadıqları evin sahibi Əhməd bəyin qatı ittihadçı və ingilis əsirliyindəki adam kimi hökumətin nəzərində etibarını itirdiyini düşünüb onun uşaqlarını küçəyə atmaq istəmişdi. Sitarə xanım köhnə ailə dostu, terrorçu Misak Torlakyan tərəfindən öldürülən Behbud xan Cavanşirin prosesindəki müdafiə vəkili, tanınmış hüquqşünas Heydər Rifət bəyə üz tutmuşdu.

Səməd Ağaoğlunun “Atamın dostları” kitabında “Qəribə vəkil” adlı ayrıca bir fəsil həsr olunan Heydər bəy məsələnin qanuni yolla həllinin çətinliyini görərək Sitarə xanıma belə məsləhət vermişdi: “Dərhal evə get, köhnə paltarlarını geyin, üst-başını bir az cır, saçlarını dağıt, düz ingilis işğal qüvvətləri komandanın qarşısına çıx, “ərimi sürgün etdiniz, indi bu ev sahibi məni döyür, belə günə salır !” – deyə fəryad qopar. Mənə də oradan telefonla xəbər elə ki, tez özümü yetirim”.

Lakin Sitarə xanım həm yalan danışmaq istəmədiyindən, həm də ingilislərin ayağına getməyi öz qüruruna sığışdıra bilmədiyindən vəkilin planı baş tutmamışdı.

Vəziyyət isə gözlənilmədən dəyişmişdi. Dünənə qədər təhdid və hədə dili ilə danışan ev sahibi kirayənişinlərini görəndə özü əldən-ayaqdan getməyə başlamışdı.

Yalnız sonradan məlum olmuşdu ki, Heydər Rifət bəy ev sahibini yaxalamış, “Nə cür olsa da, Anadolu (Qurtuluş Savaşı nəzərdə tutulur – V.Q.) zəfər çalacaq, ingilislər gedəcək, o zaman evini başına uçuracağam” – şəklində hədə-qorxu gəlmişdi. Sonra da onun ingilis yüksək komissarlığına mümkün şikayətinin qarşısını almaq üçün “Bu barədə kimsəyə danışma. Yoxsa sənin Anadolunun adamı olduğunu ingilislərə çatdıraram” – deyə xəbərdarlıq etmişdi.

Vəkilin insanların psixologiyasına əsaslanan profilaktikası öz təsirini göstərmişdi. Əhməd bəy sürgündən dönənə kimi ailəsinə dəyib-dolaşan olmamışdı.

Digər Malta sürgünlülərinin ailə üzvləri və yaxınları kimi Sitarə xanım da əri ilə bağlı İstanbuldakı ingilis məqamlarına müraciət etmişdi. Admiral Qaltropa 7 iyul 1919-cu il tarixli ərizəsində o, həyat yoldaşının iftira nəticəsində xəstə yatağından qaldırılaraq məhbəsə aparıldığını, özünün isə azyaşlı övladları ilə hər hansı maddi yardımdan məhrum şəkildə yaşadığını, böyük çətinliklərlə üzləşdiyini yazırdı. Londona göndərilən ərizəyə Britaniya bürokratik maşınından heç bir cavab gəlməmişdi.

Çətin günlərdə Əhməd bəyin dostları, ilk növbədə isə gənclik illərindən bir amal uğrunda mübarizə apardığı həmvətəni, böyük fikir adamı Əli bəy Hüseynzadə (1864-1940) ailəyə sahib çıxmışdı. “Atam Maltada qaldığı müddət ərzində Əli bəy evimizin mənəvi dayaqlarından biri oldu, – deyə Səməd Ağaoğlu “Həyat bir macəradır !” xatirələr kitabında yazırdı. – Özü maddi yardım göstərə bilməyəcək dərəcədə kasıb idi. Amma mənəvi yardımlarından bizim hər birimiz üçün bol-bol pay ayırdı. Anam bütün dərdlərini, elədiyimiz yaramazlıqlardan tutmuş ərinin fikrini çəkməsinə qədər heç bir şeyi ondan gizlətmirdi. Əli bəy bizi başına toplayır, şirin söhbətlər edir, öyüd-nəsihət verir, atamla bağlı xatirələrini danışırdı. Bəzən yalandan özünü hirsli göstərməsi, əsəbi halda üstümüzə yeriməsi, yenə də şirin bir tərzdə danlaması da olurdu...”

Əsas çətinlik isə, təbii ki, Əhməd Ağaoğlunun vəfalı və müdrik həyat yoldaşının – Sitarə xanımın üzərinə düşmüşdü. O, həm uşaqlarının maddi tələbatlarını qarşılamalı, həm də evdə ata hökmünün və zabitəsinin yarada biləcəyi psixoloji mühitin qorunmasına çalışmalı idi. Yenə də Səməd bəyin dəqiq müşahidə etdiyi kimi, “anam bizi atamın buraxdığı yerdən bir addım da geri çəkilmədən irəli götürməli, tez-gec geri dönəcəyinə inandığı ərinə övladlarını o, başlarının üstündə olsaydı, hansı nöqtəyə varacaqdılarsa, həmin nöqtədə təslim etmək istəyirdi. Daş-qaşını, xalı-xalçalarını, ev əşyalarını satacaqdı, amma Sürəyya, Tezer, Əbdürrəhman, Səməd dərslərindən qalmayacaqdılar, yoxsulluğun acılarını onlara bacardığı qədər az hiss etdirəcəkdi, ailənin sonbeşiyi Gültəkin uzaqda atasının olduğunu bilərək böyüyəcəkdi”.

Və bu mərd qadın qarşısına qoyduğu məqsədə çata bilmişdi. Əhməd bəy də Malta adasından, Poliverista qəsrindən göndərdiyi çoxsaylı məktublarla onun ən yaxın köməkçisi olmuş, övladları üzərindəki mənəvi təlqin və təsir gücünü yanlarında imiş kimi davam etdirmişdi. Bu barədə bir qədər aşağıda...

 

lll

 

Çətin vəziyyətdə qalan yalnız Malta məhbusları və onların ailə üzvləri, yaxınları deyildi. İngilislər də tələsik qərarları nəticəsində mürəkkəb durumla üzləşmişdilər. Osmanlı imperiyasının say-seçmə insanlarına münasibətdə yol verilən özbaşınalığa hüquqi don geydirməklə bağlı səylər yalnız məhbuslar Türkiyədən uzaqlaşdırılandan sonra başlanmışdı. Müxtəlif təkliflər səslənirdi. Mümkün həll yollarından biri kimi Versalda işini davam etdirən Sülh konfransının mandatı ilə Beynəlxalq məhkəmənin (İnternational Tribunal) qurulması nəzərdən keçirilirdi. Başqa variantlar da vardı.

Lakin Malta sürgünlüləri məsələsində Fransanın Britaniya ilə razılığa gələ bilməməsi bu qurumun yaradılmasını çətinləşdirirdi. İngilislərin İstanbulda təşəbbüsü ələ almaları və vəziyyətin ağası kimi davranmaları Parisi narazı salmışdı. Hələ Türkiyənin gələcək taleyi tam aydınlaşmadığından Malta əsirləri ilə bağlı məsələdə də hər şeyin yenə ingilis ssenarisi üzrə davam etməsi əzəli düşmənlərinin bölgədəki mövqelərini möhkəmlədə bilərdi. Bu isə Yelisey sarayının ssenarisinə uyğun deyildi.

Doğrudur, Maraş və Antepdə maraqları zərər gördükdən sonra fransızlar da Maltadakı türklərin Beynəlxalq Məhkəmə vasitəsi ilə cəzalandırılmasına razılıq verdilər. Buna qədər isə Paris mühakiməni türk ədliyyəsinin öhdəsinə buraxılmasına tərəfdar çıxır, Osmanlı türkləri ilə də onların müharibədəki digər müttəfiqləri – almanlar, avstriyalılar, bolqarlar və s. eyni şəkildə davranılmasını tələb edirdi.

Maltada əsarət həyatı yaşayan türk insanlarının taleyi isə London və Parisdə cərəyan edən hadisələrdən daha çox Anadolu ilə, günü-gündən genişlənməkdə olan Qurtuluş Savaşının zəfəri, yaxud məğlubiyyəti ilə bağlı idi. Mustafa Kamal Paşanın qələbəsi onların da azadlığa gedən yolunu aça bilərdi.

Hələlik isə vəziyyətin ağası ingilislər idi. 1919-cu il dekabrın 6-da İstanbuldakı Britaniya yüksək komissarlığı yenidən sürgünlülər arasında təsnifat apararaq onları A, B, və C adlı üç kateqoriyaya bölmüşdü. 16 nəfəri əhatə edən A kateqoriyasına “erməni soyqırımında” günahkar sayılanların adları salınmışdı. Əhməd Ağaoğlu da əsasən ordu komandanları və valilərdən ibarət bu qrupda idi. Təbii ki, bu ilk kateqoriyaya düşənlərə daha ağır cəzanın verilməsi nəzərdə tutulurdu. Həm də onların işinə mütləq Beynəlxalq Məhkəmə baxmalı idi. Digər iki kateqoriyadan olanların isə türk ədliyyəsi tərəfindən mühakimə edilməsi məqsədəuyğun sayılırdı.

Antanta və ona qoşulan dövlətlərlə sultan hökuməti arasında 1920-ci il avqustun 10-da imzalanan və əslində Osmanlı imperiyasını yarımmüstəmləkə vəziyyətinə salan Sevr anlaşması Malta sürgünlüləri ilə bağlı cəza mexanizminin tapılmasına müəyyən aydınlıq gətirdi. Bu anlaşmanın 226-230-cu maddələri müttəfiq dövlətlərin nöqteyi-nəzərindən “türk müharibə canilərinin və soyqırımı təşkilatçılarının” cəzalandırılması ilə bağlı idi. Sultan öz təbəələrinin Müttəfiqlərin hərbi məhkəmələrində mühakiməsinə razılıq verir, axtarışda olanların tutulması və təslim edilməsi ilə bağlı isə üzərinə öhdəliklər götürürdü. 230-cu maddə “savaş əsnasında soyqırımı cinayəti işləmiş olanların” Müttəfiq dövlətlərin hərbi məhkəməsi önünə çıxarılmasını bir daha təsbit edirdi. Sevr anlaşması hələ hüquqi qüvvə qazanmasa da, Lord Kerzon 230-cu maddənin mümkün qədər tezliklə tətbiqində maraqlı olduğunu əsla gizlətmirdi.

Böyük Britaniyanın İstanbuldakı yeni yüksək komissarı ser Horasio Rumbold 1920-ci il noyabrın 24-də Sevr anlaşmasının 230-cu maddəsinə əsasən hərbi məhkəmə önünə çıxarılmalarını zəruri saydığı 58 nəfərin siyahısını hökumətinə təqdim etmişdi. Onların arasında 2764 nömrəli dustaq Əhməd Ağaoğlu da var idi. Siyasi suçları da əhatə edən bu maddənin bütünlükdə 240 nəfərə tətbiqi nəzərdə tutulurdu. 58-lər isə sadəcə ingilislərin nəzarəti altında Maltada saxlananlar idi.

1921-ci ilin martında ingilis yüksək komissarlığı həmin şəxslərlə bağlı təxminən iki il ərzində topladığı sənədləri Londona göndərdi. Lakin Britaniya ədliyyəsi Sevr anlaşması Türkiyə tərəfdən ratifikasiya edilmədən (Türkiyə Böyük Millət Məclisi hökuməti 1920-ci ilin aprelində bu alçaldığı müqavilənin ratifikasiyasından boyun qaçırmışdı) onun müddəaları əsasında mühakimə prosesi qurmağı məqbul saymadı.

Paralel olaraq başqa bir proses də gedirdi. İstanbuldakı ingilis yüksək komissarlığı 1920-ci ilin noyabr ayında sürgünlülərin məsələsi ilə daha yaxından məşğul olmaq üçün öz tərkibində Xüsusi komitə yaratdı. Komitə bir daha həbs tarixçələrini və fəaliyyətlərini diqqətlə araşdırdığı 121 məhbusu A, B, C, D, E və F hərfləri ilə işarələnmiş altı qrupa bölmüşdü. Əhməd Ağaoğlunun daxil olduğu A qrupundakı məhbusların bundan sonra da adada saxlanması, beynəlxalq məhkəməyə verilmələri nəzərdə tutulurdu. Bütünlükdə ingilislər müxtəlif bəhanələrlə məhbusların yüz nəfərə qədərini gələcəkdə şərtlərini daha əminliklə diqtə etmək üçün əllərində saxlamaq istəyirdilər.

Lakin artıq hər şey onların istəklərinə, yaxud diqtələrinə bağlı deyildi. Türk xalqının qətiyyəti, Qurtuluş Savaşında qazanılan uğurlar Avropa müstəmləkəçilərinə indi əvvəlki ötkəmlik və hökmlə danışmağa imkan vermirdi. Daha onların qarşısında bütün istəklərinə boyun əyən sultan hakimiyyəti deyil, xalqı yadelli işğala qarşı səfərbər etməyi bacaran Türkiyə Böyük Millət Məclisi hökuməti dayanmışdı.

 

 

(Ardı var)

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2012.- 21 aprel.- S.24-25.