Ədəbiyyat və incəsənət

 

Əbu Turxanın hikmət dünyası

 

İnsanı idarə edən onun düşüncəsi və hissiyyatıdır. Müxtəlif insanlarda bu iki amilin nisbəti də müxtəlif olur. Kim isə hər şeyi ölçüb-biçir, başqası daha çox duyğusal olur. Kim isə hər işdə məhz fayda axtarır, başqası gözəlliyə daha çox üstünlük verir və s. Təəssüratdan çıxış etmək, qəlbinin hökmü ilə iş görmək Şərqdə yaxşı hal sayıldığı halda, Qərbdə bir çatışmazlıq kimi dəyərləndirilir. Hər şeyə ani reaksiya verməkdənsə, ölçüb-biçmək, qərarı ağıl süzgəcindən keçirmək daha düzgün sayılır. (Yeri gəlmişkən, bizdə də “yüz ölç, bir biç” hikməti yaranmışdır. Lakin təəssüf ki, əməli fəaliyyətdə bunu nəzərə alanlar azdır. Qərbdə isə bu hikmət ictimai şüura, mentalitetə daxil olmuşdur). Lakin Qərbdə pozitivizm və praqmatizmlə yanaşı, ekzistensialist yanaşma da vardır ki, bu yanaşmaya görə hadisələrin özü və ya məntiqi dərki yox, ancaq emosional yaşantısı həqiqi mövcudluqdur.

İnsanların ixtisas fəaliyyəti maddi istehsal və ya xidmət, elm və ya mədəniyyət, yaxud istənilən başqa sahədə olmasından asılı olmayaraq, ən çox əqli və əməli biliklərə, peşə vərdişlərinə əsaslanır. Bununla yanaşı, hər bir insan təbiətə, ətrafındakı hadisələrə, ünsiyyətdə olduğu insanlara müəyyən estetik münasibət bəsləyir. O, hadisələrdən təsirlənir və təəssüratlarını hansı isə formalarda ifadə etməyə çalışır. Bədii təfəkkür də, bədii yaradıcılıq da gerçəkliyin estetik dəyərləndirilməsi prosesində ortaya çıxır.

Bədii yaradıcılıq insanın özünüifadə formalarından biridir. Lakin sənət əsərlərində məqsəd ancaq müəllifin öz mənəvi-emosional vəziyyətini, estetik duyğularını, təəssüratlarını şərh etmək, “sadəcə ürəyini boşaltmaq” deyil. Əgər sənət əsərinin oxucusu, dinləyicisi, tamaşaçısı, bir sözlə, istehlakçısı yoxdursa, bu nə dərəcədə sənət əsəri sayıla bilər?

Əgər kimsə səhrada, özü üçün oxuyursa, iş görə-görə zümzümə edirsə, kimsə özü üçün şer yazır və bunu gizli saxlayırsa, yazı yazarkən dəftərin kənarında şəkil çəkirsə və s. və s. – bunlar sənət sayıla bilərmi? Elə olsa idi, hamı sənətkar sayılmalı idi. Hamı harda isə özünü bədii vasitələrlə də ifadə edir. (Düzdür, ancaq özünüifadə ehtiyacından doğan, heç bir başqa məqsəd daşımayan yaradıcılıq da sonralar nə vaxtsa sənət nümunəsi kimi təqdim edilə bilər (Puşkinin illüstrasiyaları, Eynşteynin skripka çalması və s.). Biz rəssam kimi tanınmış Toğrul Nərimanbəyovun müğənniliyini misal gətirmirik, çünki indi o, sənətini bu sahədə də tamaşaçılara təqdim edir; deməli, hər iki sahədə peşəkardır.

Əslində əsər yalnız o zaman sosial status kəsb edir və sənət aləminə daxil olur ki, onun istehlakçısı, istifadəçisi olsun. Əsl sənət əsəri müəllifin sağlığında olmasa da, gec-tez öz dəyərini almalıdır.

Bədii əsərin ifadə etdiyi məna heç bir rasional vasitə ilə çatdırıla bilməz, zira obrazlı təsvir, incəsənətin özü ən optimal ifadə formalarından biridir. Deməli, sənətşünasların və ədəbi tənqidçilərin yaratdığı rasional izahat körpüsü – sənətkarın yəqin ki, daha gözəl üsulla çatdırmış olduğu mənaların “adi şüura, danışıq dilinə çevrilməsi” kimi başa düşülə bilər və bu, geniş oxucu kütləsinə əlavə olaraq çox az şey verir.

Müxtəlif bədii yaradıcılıq formaları əqli və hissi təsir imkanlarına görə, düşüncəni, yoxsa duyğuları inkişaf etdirmək baxımından fərqlidirlər. Musiqi, təsviri sənət və poeziya daha çox dərəcədə duyğulara təsir etdiyi halda, epik bədii ədəbiyyat və onun üzərində qurulan kino sənəti həm də və daha çox dərəcədə düşüncənin, dünyagörüşünün inkişafına yönəldilmişdir. Dramaturgiya və teatrda isə bu nisbət təxminən bərabər olub, hiss və düşüncənin sintezinə əsaslanır. Bu sənət böyük emosional təsir gücünə malik olmaqla bərabər, tamaşaçı dünyagörüşünün inkişafına da xidmət edir.

Sənət var ki, ancaq duyğulandırır, sənət var ki, həm də düşündürür. Məsələn, mənzərə şəkli ancaq təbii gözəlliyi ifadə etdiyi halda, müəyyən bir hadisənin, süjetin təsviri hiss aşılamaqla bərabər, insanı həm də düşündürə bilər. Məsələn, İ.Repinin yaradıcılığında, İvan Qroznının öz oğlunu öldürməsi səhnəsinin təsviri sənətkarlıq baxımından dəhşət hissi yaratmaqla yanaşı, konkret tarixi faktla bağlı olduğundanmı, ata-oğul münasibətlərini ifadə etdiyindənmi, yoxsa rəyasətin, hakimiyyətin övlad məhəbbətinə üstün gəlməsi faktını vurğulamasındanmı, ya nədənsə, – insanı həm də düşündürür.

Poeziyada düşünə bilmək üçün pafosdan, hissin dinamikasından azad olmaq, diqqəti müəyyən bir hadisəyə, nöqtəyə yönəltmək tələb olunur. Qatarın pəncərəsindən görünən və bir-birini əvəz edən mənzərələr – dağ, meşə, çəmən – həyatın rəngarəngliyini və dinamikasını ifadə edir. Bunları təsvir edən şairin söz atı da çaparaq olur. Amma çəməndə hansı isə boynubükük bir çiçəyin əhvalını qələmə almaq üçün hərəkətin yox, sükutun ifadə etdiyi məna üzə çıxarılmalıdır.

Bədii ədəbiyyat insanın mənəvi-estetik inkişafı prosesində müstəsna əhəmiyyətə malik bir vasitədir. N.Çernışevskinin qeyd etdiyi kimi, elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir.

Pedaqoji fikir çərçivəsində bədii ədəbiyyatın tərbiyəvi rolu məktəb proqramları ilə məhdudlaşdırılır. Amma ədəbiyyat elə böyük miqyaslı bir hadisədir ki, o, dərs prosesinə, bütövlükdə təhsil sisteminə sığışa bilməz. Bu baxımdan, bədii ədəbiyyatın tərbiyəvi rolu iki miqyasda nəzərdən keçirilməlidir. Birincisi, dar mənada, məktəb miqyasında, şagirdlərin dünyagörüşünü və bədii-estetik zövqünü formalaşdıran vasitələrdən biri kimi. İkincisi, insanı bütün ömrü boyu müşayiət edən, ancaq bədii oxu vasitəsi ilə deyil, həm də teatr, kino, televiziya vasitəsi ilə ona mənəvi-estetik mühit yaradan universal vasitə kimi.

Osvald Şpenqlerin dediyi kimi, “millətin əsasında ideya dayanır”. Lakin ideyanın geniş xalq kütlələrinə çatdırılmasının ən optimal və anlaşıqlı vasitəsi nədir? Elmi-fəlsəfi fikir ancaq intellektual elita üçün əlçatandır. Bədii ədəbiyyat isə ən dərin ideyanı da obrazlarla ifadə etdiyi üçün onun oxucuları çoxdur və deməli, təsir dairəsi də qat-qat böyükdür. Xüsusən şifahi xalq ədəbiyyatı, aşıq sənəti əslində milli ruhun bilavasitə ifadəsi olduğundan onu dərk etmək üçün nəinki alim olmağa ehtiyac yoxdur, hətta alimlik burada milli kökdən uzaqlaşma mənasında, olsa-olsa ziyan gətirə bilər. M.Ə.Rəsulzadə bu məsələni çox gözəl qoymuşdur: “Milliyyət hissini itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq Kərəmdə, Koroğluda və bunun əmsalındakı nəğmələrdə o qədər ülvi hisslər və o qədər geniş zövqlər vardır ki, onu ancaq saz nəğməsi ilə oxunduğu zaman hekayə qəhrəmanının dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak ürəklərimiz anlaya bilərlər”.

Tərbiyə problemləri heç də bəzi pedaqogika kitablarında qabardıldığı kimi atalar sözləri, ibrətamiz fikirlər, hədislər vasitəsilə həll oluna bilməz. İnsan psixikasının, mənəvi aləmin daha dərin qatlarına nüfuz etmək üçün mürəkkəb dramatik təhkiyənin rolu əvəzedilməzdir. İnsanın mahiyyəti, iç üzü, qəlbinin ən dərin guşəsində yerləşərək, gündəlik həyatda üzə çıxmayan həqiqi Məni, Eqosu məhz gərgin dramatik yaşantılar, sarsıntılar, iztirablar zamanı üzə çıxır. Hər bir insan öz şəxsi həyatında bu anları yaşamaya da bilər. Məhz ədəbiyyat, klassik ədəbi əsərlər insanları bədii obrazların yaşantılarına qoşmaqla, onlara öz qəlblərinin sirli-sehrli guşələrinə bələd olmaq, öz Mənlərini psixik səviyyədə, duyğularla ifadə etmək imkanı yaradır. Mənəvi kamillik yolu informasiya, soyuq bilik şəklində qəbul olunan aforizmlərdən, nəsihətlərdən deyil, həyəcan və iztirablardan, ülvi duyğulardan, gözəllikdən, katarsisdən keçir.

İnsanla mühit arasında, bir əqidə ilə başqa əqidə arasında, habelə, ayrıca bir insanın daxili aləmindəki müxtəlif fikir və istək yönümləri arasında ziddiyyətlər bir-birini tamamlayaraq, bütövlükdə dövrün sosial-siyasi və psixoloji-mənəvi səciyyəsini verir.

Gerçək ictimai həyatda gedən bu proseslər, heç şübhəsiz, sənətdə və ədəbiyyatda da bu və ya digər dərəcədə öz əksini tapır. Bu baxımdan, pul və mənəviyyat, güc və həqiqət mövzuları özü-özlüyündə ədəbiyyat üçün bir yenilik sayıla bilməz. Lakin necə ki, insanlar çox vaxt hadisələr içərisində itib-batır və daxil olduqları böyük ictimai-siyasi prosesləri, ictimai axının əsas istiqamətini görə bilmirlər, eləcə də sıravi ədəbiyyat bir qayda olaraq bir-birindən maraqlı hadisələr silsiləsini təsvir etməkdən usanmır. Nəticədə neçə-neçə detektivlər, melodramlar yaranır və hadisələr dənizinin ucu-bucağı olmadığı kimi, onları əks etdirən dizilər, çoxseriyalı filmlər də nə qədər istəsən uzadıla bilir.

Melodramla fəlsəfi dramın əsas fərqi nədədir? “Hamlet”, “İblis”, “Aydın” hind filmlərindən, Cənubi Amerika seriallarından nə ilə fərqlənir? Bu suallara cavab verilməsi bu gün həm də ona görə vacibdir ki, melodram komediantlığın o biri qütbünə çevrilərək həyatımıza hər tərəfdən müdaxilə edir. Hadisəçiliklə dolu olan videofilmlər, teleseriallar bütün texniki vasitələrlə bizi mühasirəyə alır və çox vaxt “Hamlet”lərin, “İblis”lərin, “Aydın”ların bizdə yaratmış olduğu mənəvi özünümüdafiə səddini keçərək içərimizə daxil olur. Və bir də başımızı qaldırdıqda özümüzü hadisələr, təsadüflər dünyasının axar-baxarında görürük.

Melodram ayrı-ayrı adamlar, şəxsi həyatlar və təsadüflər üzərində qurulmuş maraqlı və gərgin situasiyaları əks etdirir. Primitivliyin, diletantizmin bariz nümunələri kimi üzə çıxan melodram bəzən çox bahalı libas geyinir, yüksək dizayn və bədiilik elementləri ilə pərdələnir, müasir kino texnikasından, məşhur aktyorlardan istifadə edir. Lakin hansı libasa girirsə-girsin, onun əsas göstəricisi hadisəçilikdir. Burada fəlsəfi ümumiləşmə bir yana qalsın, bədii ümumiləşmə səviyyəsində də qanunauyğunluq axtarmaq əbəsdir.

Teleseriallar həyatda determinizmdən daha çox, təsadüflər üzərində qurulur. Hadisələr istənilən vaxt istənilən səmtə yönəlir. Müxtəlif gözlənilməz vaqeələr bir-birini sıçrayışlarla əvəz edir və ancaq zahiri tellərlə, süni şəkildə bağlanır. Belə əsərlər insanın mənəvi varlığının bütövləşməsinə, kamilləşməsinə deyil, “bu dünya beş gündür...”, “ayaq hara, baş da ora” “fəlsəfə”sinin təbliğinə xidmət edir.

Əvvəllər “boz ədəbiyyat” klassik ədəbiyyatla mübarizəyə girə bilmirdi. Məktəblərdə məhz klassik bədii ədəbiyyatın tədris olunması gənclərin böyük ideallar ruhunda tərbiyə olunmasına imkan verirdi. Lakin “boz ədəbiyyat”, “kütləvi mədəniyyət” televiziyaya ayaq açdıqdan sonra məktəblərin, pedaqoqların nəzarətindən çıxdı və birbaşa evlərə daxil olmaqla antitərbiyə vasitəsinə çevrildi. Yeganə qoruyucu amil məktəb dərsliklərinin əsasən klassikaya istinad edən məzmunudur ki, son dövrlərdə burada da “bozarma” meylləri hiss olunmaqdadır.

Bu gün gənc nəslin tərbiyəsi işi məhz belə bir təhlükə ilə üz-üzə dayanır. Əsrlər boyu bütün böyük zəka sahiblərinin səyləri hadisələrin alt qatındakı mahiyyəti, qanunauyğunluğu, zərurəti üzə çıxarmağa yönəldiyi halda, “kütləvi mədəniyyətin” dalğaları bizə seriallar, detektivlər, “qorxunc filmlər” formasında axın-axın streslər gətirir və bizim onlardan qorunmaq üçün müdafiə vasitəmiz olmadıqda bu dalğalar bizi də öz axınına qatmaq təhlükəsi yaradır. Yeganə çıxış yolu bu yabançı təsirləri milli ədəbiyyatın klassik nümunələri ilə, həmin mövzuda çəkilmiş televiziya tamaşaları ilə kompensasiya etməkdir.

Duyğular sənətdə, ağıl – elmdə, ruh – fəlsəfədə özünü ifadə edir.

lll

Şairə ilham sözün közünü üfürmək üçün lazımdır.

lll

İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, ucaldan – yaradıcılıqdır.

lll

Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir.

lll

Yaradıcı əql məhəbbət kontekstində ortaya çıxır.

lll

Bütün sənət növləri məhəbbət və ağlın bu və ya digər nisbətdə birləşməsindən yaranır.

lll

Sənətdə yaradıcılıq prosesi o dərəcədə fərdidir ki, həmmüəllif olmaq mümkün deyil.

lll

Hər bir sənət əsəri bütövlüyün və vahidin təcəssümüdür.

İki əsər yanaşı olanda bir-birinə kölgə salır.

lll

Sənətin missiyası ilahi gözəlliyi onun təzahürlərində görə bilməkdir.

lll

Yaradıcı fəaliyyət valideynlikdən daha uca, daha şərəflidir. Belə ki, bu halda passiv ideyanın bölünməsi deyil, canlı ideyanın təcəssümü ilə rastlaşırıq.

lll

Sənətdə təsvir olunan səma deyil, çay deyil, dəniz deyil...

Təsvir olunan qəlbin ənginliyidir.

lll

İnsan cisimlərin özündə olmayan yeni bir şey yarada bilməz.

lll

Yaradıcılıq prosesi bu dünyada öncə gizli şəkildə olanların aşkarlanmasıdır.

lll

Əsl sənət hiss və duyğunu necə yaranıbsa, eləcə – hələ öz təravətini itirmədən, öz bakirəliyində təqdim edir.

lll

Sənət məmləkətində bütün məbədlər unikaldır; onlar heç vaxt bir-birinin üzərinə toplanmır.

lll

Hər bir sənət abidəsi canlıdır.

Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz.

lll

Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir.

lll

Bədii obraz ölçü, kəmiyyət hüdudları ilə məhdudlaşmır.

lll

Sınaq-səhv metodu elm üçündür.

Sənət əsərləri sınaq-səhv metodu ilə yaradıla bilməz, çünki qəlblərə ünvanlanmışdır.

lll

Əsl sənətkar ancaq demək istədiyini deyə biləndir. Amma əksər hallarda əsərdə müəllifin iradəsindən asılı olmayan çoxlu sayda yan-yörə var.

lll

Demək istədiyini çoxları deyə bilir.

Ən böyük sənətkarlıq demək istədiyindən başqa bir şey deməməkdir.

lll

Səhifəni axıra qədər doldurmağa çalışmayın, oxucu üçün də boşluqlar qalmalıdır.

lll

Bütün sənətkarlar ictimaiyyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar.

lll

Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir.

lll

Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir.

lll

Poeziyada sözün çalarları olar, elmdə – yox.

lll

Şair uzaq fəlsəfə dağından camaata sovqat gətirən Simurq quşudur.

lll

Şeirlə romanın nisbəti bulaqla dənizin nisbəti kimidir. Birinin hikməti səmimiliyində, o birinin hikməti ənginliyindədir.

lll

Şairlər öz dövrünün sərvətindən gələcəyə ərməğanı durna qatarı ilə, alimlər – elm qatarı ilə göndərirlər.

lll

Poeziya quş kimidir: tərlan kimi süzənlər; qartal kimi zirvəyə qalxanlar; hətta çəyirtkə kimi tullananlar da var.

lll

Poeziya göylərin ab-havasını yerə ərməğan gətirmək, yeri qanadlandırmaq,canlandırmaq, ona uçuş əzmi vermək üçündür.

lll

Poeziya qanadlarında yüksəyə qalxmaq olar, amma uzağa getmək olmaz.

lll

Hər müəllif sanki öz ömrünü uzatmaq, hətta əbədiyyətə qovuşmaq üçün yazır; yaxşı əsər müəllifinə (sağlığında ikən) ölməzlik gətirir, pis əsər ölməzlik ümidini öldürür.

lll

Ölü doğan müəllif nə vaxtsa dünyaya diri övlad gətirə bilsə, əvvəl ölənlər də dirilər.

lll

Maksima: Qatarın pəncərəsindən görünən və bir-birini əvəz edən mənzərələr – dağlar, meşələr, çəmənlər – həyatın rəngarəngliyini və dinamikasını ifadə edir. Bunları təsvir edən şairin söz atı da çaparaq olur. Amma çəməndə hansı isə boynubükük bir çiçəyin əhvalını qələmə almaq üçün hərəkətin yox, sükutun ifadə etdiyi məna üzə çıxarılmalıdır.

lll

Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır.

lll

Klassiklər keçmişlə bu gün arasında körpüdürlər.

lll

Klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunlarıdır.

lll

Hər bir əsər müəllif ideyasından daha zəngindir.

lll

Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir.

lll

Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir.

lll

Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz.

lll

Böyük şəxsiyyətlər haqqında yazanda adam özü onların səviyyəsinə qalxmır, əksinə, onları öz səviyyəsinə uyğunlaşdırır.

lll

Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb!

lll

Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər.

lll

Rəssamın böyüklüyü çəkməzdən əvvəl xəyalında yaratdığı ilə, sənətkarlığı isə iç dünyasında yaratdığını kətana köçürə bilmək məharətində üzə çıxır.

lll

Maksima: Bəzən böyük həyat səhnələrində oynamaq üçün yaranmış insanların ömrü kiçik və yeknəsəq səhnələrdə keçir. Bu halda onlar öz mənəvi potensialının təcəssümünü ancaq ədəbi qəhrəmanların həyatında tapa bilirlər.

lll

Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər.

 

 

Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında

 

525-ci qəzet.- 2012.- 21 aprel.- S.21.