Atam deyərdi
ki...
...VƏ YAXUD BİR
ŞEİRİN YAZILMA TARİXÇƏSİ
“Həyat səni güldürəndə, gülmüsən,
Hünərin var, ağladanda gül görüm”.
Bəxtiyar Vahabzadə
Universitetin şərqşünaslıq fakültəsinin də bir vaxtları var idi. Ən hörmətli, ən elitar bir fakültə sayılardı vaxtı ilə. Hər adam bu fakültədə təhsil ala bilməzdi. Bu fakültədə oxuyan tələbələri şəhərdə az qala barmaqla göstərərdilər. “Vostfak” deyəndə bir də ağızdan “vostfak” düşərdi. O dövrdə respublikanın ən nüfuzlu, ən sözükeçən, ən hörmətli adamlarının övladları bu fakültədə təhsil alardılar. Mən 60-cı illərin sonu 70-ci illərin əvvəllərini nəzərdə tuturam. Hə... bu o vaxtlar idi ki, fakültənin Azərbaycan və rus bölmələri, ərəb, fars və türk şöbələri tələbələrinin ümumi sayı hamılıqla birlikdə heç yüz nəfər də olmazdı. Çünki hər bölmədə 5 ya 6 tələbə təhsil alardı. Vəssalam. Çünki tələbə qəbulu az, arzu edənlər isə çox idi. Lap çox idi. Dediyim kimi təsadüfi adamların övladları bura düşə bilməzdi. O dövrdəki beynəlxalq münasibətlər institutu, diplomatiya akademiyası, nə bilim kəşfiyyat məktəbi, daha nə bilim nələr və bir də nələr, deyilənlərə görə, guya ki, hamısı elə bu fakültədə öz əksini tapmışdı. Burada cəm olmuşdu. Amma yox. Bu əslində belə deyildi. Nə kəşfiyyat məktəbi, nə də başqa şeylərin bu təhsil ocağına heç bir aidiyyəti yox idi. Yox qətiyyən yox... Bu bir mif idi yaranmışdı. Biz də küyə düşmüşdük. Bu fakültənin bir üstün cəhəti var idi ki, burada təhsil alan tələbələr 3-cü, 4-cü kursdan sonra, yaxın şərq ölkələrindən birinə tərcüməçi qismində ezam olunur, 1-2 il orada işləyir və qayıdandan sonra o vaxtlar adı dillər əzbəri olan, hamının yuxusuna haram qatan “Volqa Qaz-24” markalı avtomobil gətirir və bununla da özlərini xoşbəxtliyin ən son həddində hiss edərdilər. O ki qaldı nə bilim ali diplomatiya akademiyasına, beynəlxalq münasibətlər institutuna, ali kəşfiyyat məktəbinə, bütün bunlar boş və mənasız söhbətlər idi. Ay hay... Heç rus imperiyası, sovet quruluşu özünün işğal etdiyi ölkənin vətəndaşına apardığı, xarici siyasətini öyrədərdimi, öz alçaq niyyətlərini açardımı, fırıldaqlarını, kələklərini başa salardımı? Xüsusilə də müsəlman ölkələrində, bizim kimi müsəlmanlara. Hələ bu azmış kimi ömür boyu düşmən olduğu türklərə. Əttövbə yox. Qətiyyən yox. Əlbəttə bizim əlimizlə həmin o ölkələrə çox şeylər elətdirə bilərdi, çox tələlər qura bilərdi. Çünki elə həmişə çayın daşı ilə çayın quşunu vurmaq rus siyasətinin ən başlıca mahiyyəti olub, məğzi olub. Amma bir şərtlə ki, gərək əvvəlcə həmin çay və çayın daşı özləri tərəfindən özəlləşsin, özününkü olsun. Sonra isə çayın daşı ilə çayın quşunu vurmaq, vurub yerə salmaq asan məsələdir. Çay daşının özəlləşdirilməsinin isə ancaq bir yolu var idi... Bu barədə bir qədər sonra.
Hə... əlbəttə bu mümkün olan məsələ deyildi ki, bizə nəsə mühüm bir şey öyrətsinlər, tikinti və zavod tərcüməsindən kənara çıxmağa qoysunlar. Dünya dağılsa da bu mümkün olası məsələ deyildi. Bəli... bizə dolayı yolla başa salırdılar ki, Moskva tərəfindən dəfələrlə, diqqətlə yoxlanılıb xarici ölkəyə gəlmisən, madam ki, yoxlamadan yaxşı çıxmısan, lap yaxşı, indi də başını aşağı salıb öz tərcüməçiliyini elə, başqa işlərə qarışıb eləmə, tərcümədən kənara çıxma. Başqa işləri bizim özümüzünkülər görəcək, onlar bunu daha yaxşı bacarırlar (əlbəttə əgər içməkdən başları ayılsa). Sən də onlar deyəni elə. O necə deyərlər şunu götür, şunu qoy. Çünki sən bizə yamaqsan, bizdən deyilsən. Belə ayrı-seçkilik bu cür münasibət hər addımda istər-istəməz açıq-aydın özünü göstərirdi. Yox əgər yamaq olmaq istəmirsənsə, heç olmasa müəyyən qədər bizlərdən biri olmaq istəyirsənsə “müəyyən qədər, çox yox” hə... onda zəhmət çək bizə qulaq as... Biz də sənə məsləhət görürük ki...
Hər addımbaşı özümün yamaq olmağımı hiss edir və tez-tez özümə sual verirdim, axı niyə mənə inanmırlar, axı mən ki canla, başla onların bütün tapşırıqlarını yerinə yetirirəm. Təki bunların işini öyrənim, təki nəsə mənə öyrətsinlər. Gizli mətləblərini mənə izah etsinlər. Çünki bilirdim ki, gələcəkdə bu öyrəndiklərim mənə çox lazım ola bilər. (Elə oldu da). Bəzən də hər bir şeydən bezib, usanıb, işimi yarımçıq qoyub geriyə, Bakıya qayıtmaq istəyirdim. Madam ki mənə heç nəyi etibar etmirsiniz, mühüm və gizli əhəmiyyətli tərcümələri mənə tapşırmırsınız, mənə də heç nə lazım deyil. Sərbəst, azad olmaq istəyirdim. Bakıya qayıdıb, adi bir işdə işləyərəm düşünürdüm. Vəssalam.
“Dağ olub üstümə qat-qat qalınca,
Məndən uca dağlar kölgə salınca,
Daş olub dağlardan uzaq olaydım.
Ay olub
nurumu gündən alınca,
Bir evi nurladan çıraq olaydım”.
(Bəxtiyar
Vahabzadə. “Yollar və oğullar” poemasından)
Amma yox.
Uşaqlıq eləmək olmaz. Hər bir işi öyrənmək, rus
imperiyasını öz üsulu ilə, öz
çayının daşı ilə, öz quşunu
vurmağı öyrənməlisən – deyə
düşünür, səbr edirdim.
1976-1979-cu illərdə İranın hərbi
zavodlarından birində tərcüməçi işləyirdim. Cavan oğlan
idim. 21-22 yaşım ancaq olardı. Bizim işlədiyimiz korporasiyanın rəhbəri
Vyaçeslav Matveyeviç Klyuşkin adlı mülki geyimli
50-52 yaşlarında bir nəfər podpolkovnik idi (Bu ad indiyə
kimi yadımdadır və heç bir vaxt da yadımdan
çıxmayacaq. Çünki həyatımın
bəzi mühüm epizodları bu adamla bağlı olub.
Amma bu bizim mövzuya aid deyildir).
Aramızda xeyli yaş fərqi olmasına baxmayaraq, bu adam nəyə görəsə mənimlə
dostluq edirdi. Mən adi bir tərcüməçi.
Hm....yaxşı, deyək ki mülki geyimli,
kiçik rütbəli zabit, o isə iri bir korporasiyanın rəhbəri,
yüksək rütbəli bir zabit idi. Niyə və nəyə
görə mənimlə belə dostluq etməyə can
atdığını isə mən bilmirdim. Hara
gedirdisə, xahiş edirdi ki, mən də onunla gedim. Tez-tez məni evinə qonaq çağırardı.
Birlikdə nahar-şam edərdik, gələcək
planlarımla maraqlanardı. Bir dəfə yenə də
növbəti dəfə onlarda olanda məni bir nəfər
rus qızı ilə tanış etdi. Dedi
ki, bəs bu qız Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunu yenicə bitirib, ingilis dili tərcüməçisidir.
Bizim filan departamentimizdə
çalışır. 3-4 aydır bura gəlib.
Adı da Olyadır. Tanış olduq. Gözə gəlimli, sifayi bir qız idi. Axşam evə gedəndə Klyuşkin məndən
xahiş etdi ki, qızı evlərinə ötürüm.
Beləliklə qızla tanış olduq,
sonra isə... tez-tez görüşməyə
başladıq.
Bir
müddətdən sonra Klyuşkin mənə dedi: “Cavan
oğlansan, bütün ömrün irəlidədir, əgər
ağıllı tərpənsən gələcəkdə
özünə çox böyük karyera düzəldə
bilərsən, çox qabağa gedə bilərsən. Bilirəm, Olya ilə görüşürsən.
Onun da sənə meyli var. (Hardan bilirsən meyli
var? Demək aranızda mənim barəmdə
danışığınız olub). Çox
gözəl. O da yaxşı qızdır,
ağıllıdır, ən başlıcası isə hiyləgərdir.
Atası Moskvada təhlükəsizlik
orqanlarında çalışır. Polkovnikdir.
Bugün-sabah general rütbəsi alacaq.
Moskvanın düz mərkəzində o “Vısotnıy” deyilən
binada beş otaqlı mənzilləri də
var. Atası çox əlaqəli və imkanlı adamdır.
Bir sözlə, bu qızla evlənməyin məsləhətdir.
(Hər şeyin məhz belə olacağını, belə
bir təklif alacağımı mən artıq əvvəlcədən
bilirdim, hiss etmişdim. Lakin özümü o
yerə qoymurdum). Sənin haqqında
Moskvaya artıq məlumat vermişəm. İşindən
də hələ ki çox razıyam (O, “hələ ki”
sözünü xüsusi vurğu ilə dedi), bir fikirləş.”
Klyuşkinin
həyat yoldaşı o biri otaqdan dərhal söhbətimizə
müdaxilə edərək:
– Niyə
fikirləşməlidir və nə fikirləşməlidir
ki.... Olya çox gözəl qızdır,
ağıllıdır. Bakıda belə
bir qız tapa bilməzsən.
Sözün düzü, bu söz mənə çox
toxundu. Necə
yəni Bakıda bu cür qız tapa bilməzsən... Bizim
öz qızlarımıza nə olub ki! Lakin
özümü o yerə qoymadım. Gülə-gülə
dedim:
– Əvvəla,
məsləhətinizə görə çox sağ olun. İkincisi, hardan bilirsiniz ki, Bakıda belə bir
qız yoxdur? Üçüncüsü,
niyə bizə belə aşağı gözlə
baxırsınız. Dördüncüsü, əlbəttə,
bu barədə fikirləşməyinə dəyər, siz
düz deyirsiniz, Olya həqiqətən ağıllı,
gözəl qızdır...
Amma fikirləşib-eləyən deyildim. Elə-belə
söz idi də, deyirdim. Ay-hay! Mən
Vahabzadə familiyasını daşıya-daşıya Olya
adlı bir qızla evlənim. Mənə
nə deyərlər? Gülməlidir.
Dünya dağılsa da, bu mümkün olan məsələ
deyildi. Ola da bilməz. Ondan
da başqa, hələ evlənmək fikrim yox idi. Əgər
olsaydı belə, daha bu qızla evlənməyəcəkdim
ki... Kimlə, kimlə onunla?
Cavan oğlan idim. Günümü bu qərib ölkədə
bu qızla çox şən və gözəl keçirə
bilərdim. Elə keçirirdim də... Amma onunla evlənmək...
Bu mümkünsüz bir məsələ idi.
Amma bir məsələ mənə çox maraqlı gəlirdi. Bu məsələdə
bir obyekt kimi niyə görəsən məhz elə mən
seçilmişəm? Axı burada istənilən
sayda elə mən yaşda olan azərbaycanlı,
gürcü, özbək tərcüməçi uşaqlar
çoxdur. Bəs onlar niyə nəzərdən
qaçıb? Mən niyə belə
gülməşəkər olmuşam? Nəyimlə
kimlərisə özümə cəlb etmişəm? Yaxşı. Uzağa niyə
gedirəm. Moskva Beynəlxalq Münasibətlər
İnstitutunu yenicə bitirib bura gələn digər rus gəncləri
də burada yetərincə idi. Onlar niyə
bəs kənarda qalıblar?
Hə...
bunu isə mən çox sonralar o dövrdə sovet səfirliyində
çalışan, vaxtı ilə Bakıda yaşayıb,
sonralar Moskvaya köçən, vaxtı ilə İranda
dostluq etdiyim Fərid Bədəlov adlı bir nəfər azərbaycanlı
diplomat başa saldı. Fərid Bədəlovu
İranda inqilab vaxtı qətlə yetirmişdilər.
Yazıq Fərid, görünür vaxtı ilə irəli
getmək üçün çox cəhdlər eləmişdi.
Hətta ona inansınlar deyə Moskvaya
köçüb, qeyri millətdən olan bir qızla da evlənmişdi.
Lakin bütün bu dəqiqliklə
düşünülmüş cəhdlərinə baxmayaraq,
ahıl yaşında sovet səfirliyinin
üçüncü katibi vəzifəsinə qədər
yüksələ bilmişdi. Ondan kənara
çıxa bilməmişdi. Görüb-götürəcəyi
elə üçüncü katib vəzifəsi olmuşdu.
Ömrü və karyerası elə orada da
bitmişdi. Lakin Fərid boş adam
deyildi. Yox, dünyanın gəliş-gedişindən
baş çıxarda bilirdi. Həyatı
qanırdı. Amma görünür
haradasa səhv etmişdi ki, irəli gedə bilməmişdi.
O deyirdi: “Axı burada başa düşülməyən nə
var ki! Sənin atan dissident bir şairdir. 52-53 yaşı var. Hələ cavandır.
Allah ömür versə, hələ bundan sonra da 20-25 il yazasıdır. Ömrünün
sonuna qədər də eyni mövzuları davam etdirəcək.
Sovet sistemindən əlhəzər edəcək.
Ömür boyu antisovet şeirlər yazıb,
rus imperiyasına qarşı çıxıb. Rusları lənətləyib. Gecə-gündüz
soveti söyür. Elə bilirsən Moskva
bunu bilmir? Ay-hay! Moskva onu əla
tanıyır. Sən də onun oğlusan.
Onun tərbiyəsini görmüsən. Onun çörəyini yemisən. Heç ola bilməz ki onun oğlu atası kimi
düşünməsin. Amma bir məsələni
heç cürə başa düşə bilmirəm ki, səni
niyə məhz bu korporasiyaya işə göndəriblər.
Bura xüsusi adamları göndərirlər.
Çünki sizin korporasiyanın
sifarişçiləri İran hərbçiləridir.
Sizin iş bilavasitə hərbi ilə bağlıdır. Məgər burada SSRİ-nin tikdiyi başqa zavodlar,
başqa kombinatlar yoxdur? Səni o zavodlardan
birinə də göndərə bilərdilər? Onda görünür səni ələ almaqla,
öz tərəflərinə çəkməklə,
atanın ağzını yummaq istəyirlər. Sən mənə baxma, mən heç. Mən adi bir fəhlənin övladıyam. Yox, əgər sən belə bir addımı atsan,
atanın beli qırılar. Qələmi kəsərdən
düşər. Bununla da bir nəfər
antisovetin, antirusun, qatı bir millətçinin ağzı
bir dəfəlik yumulmuş olar. Sən də
buradakı xidməti, işini bitirəndən sonra Moskvaya
dönərsən, bu deyilən qızla evlənərsən.
Yavaş-yavaş irəli çəkilərsən.
Sən də milli azlığın nümayəndəsi
olduğuna görə və sənə inansınlar deyə dəridən-qabıqdan
çıxacaqsan. Onlara sadiq olacaqsan.
Amma yadında saxla, sən orada müəyyən
həddə qədər irəliləyə bilərsən.
Elə ki o həddə gəlib çatdın,
hər şey qurtardı. Ondan artıq irəliləyə
bilməzsən. Qoymazlar. O həddən
o yana hər şey özlərininkidir. Özlərinə aiddir. Sənə
orada qətiyyən yer yoxdur. Lap belə
ağzınla quş da tutsan o yerlərdə sənə yer
yoxdur. Səni o yerlərdə yeyərlər...”
Söz ağlıma batdı. Onsuz da bütün
bunları bilirdim. Çünki atamdan dərs
almışdım. Amma bu məsələ
bir o qədər inandırıcı deyildi.
Çünki əgər mənim atam Bəxtiyar Vahabzadədirsə
və o da ömür boyu elə millət deyən, vətən
deyən Bəxtiyardırsa, yüz nədir, lap belə min mənim
kimi oğul onu öz əqidəsindən döndərə
bilməz, onun ağzını yuma bilməz, qələmini əlindən
ala bilməz. Nə onun ağzı yumulan
ağızlardandır, nə də ki qələmi kəsərdən
düşən qələmlərdəndir. Onun öz sözü olmasın, min mənim kimi
oğul qurban olsun bu vətənin daşına,
torpağına. Hə... onda
görünür atamı yaxşı tanımırlar.
Yox, əgər mən də onun, o kişinin
oğluyamsa, onun belindən gəlmişəmsə, onun tərbiyəsini
götürmüşəmsə, çörəyini
yemişəmsə, dünya dağılsa da, belə bir
addımı atmaram. Belə bir qələti eləmərəm...
(Ardı var)
İsfəndiyar Vahabzadə
525-ci qəzet.- 2012.- 21 aprel.- S.19.