Çoxzövcəlilik

  

Əksər müsəlmanların, eləcə də müsəlman olmayanların İslam dininə aid bildiklərində və bilmək istədiklərində çoxzövcəliliyin xüsusi yeri var. Xüsusən də qeyri-müsəlmanların İslam adına düşündüklərində təsəvvürlərinə ilk gətirdikləri, təəssüf ki, bununla bağlı olur. Hərçənd təktanrılıq dinləri yəhudiliyin, xristianlığın tarixində və dini ədəbiyyatında da çoxzövcəlilik zaman-zaman mübahisə və müzakirə mövzusu olmuşdur.

Müqəddəs Törədə İbrahim, Yaqub, Davud, Süleymanbaşqa peyğəmbərlərin timsalında çoxzövcəliliyin ilk baxışdan keçərli olduğunu görürük. Bu keçərlilik mütləq anlamda onunla şərtlənir ki, birinci evlilikdən olan qadın haqq etdiyi geyim-keçim, qidalanmacinsi ehtiyaclarının ödənilməsilə bağlı ona göstərilən qayğılardan ərinin sonrakı zövcələrinin xeyrinə olaraq məhrum edilməsin (Törə, Çıxış 21:10). Müqəddəs Törənin çoxzövcəliliyə işıq tutan başqa bir ayəsi vərəsəlik məsələsinə də toxunurqeyd edir ki, ailə başçısı birinci zövcəsindən xoşu gəldi, ya gəlmədi, ondan olan birinci oğluna düşən vərəsəlik payını lazımi həcmdə verməlidir. Bəzi yəhudi təriqətlərində Törədəki çoxzövcəlilik elə təfsir olunur ki, bunun şərtlərinə əməl edilməsi praktiki baxımdan mümkünsüz görülür. Ayələrdən birində deyilir: “Öz zövcənin üstünə onun bacısını da rəqib bir zövcə olaraq alma, zövcən sağ ikən bacısı ilə cinsi əlaqədə olma” (Levililər, 18:18). İzahını belə inkişaf etdirirlər ki, ər yalnız birinci zövcəsinin razılığı ilə ikinci qadını zövcəliyə götürə bilər. Hazırda bəzi şərq ölkələrindəki yəhudi icmaları istisna olmaqla çoxzövcəlilik yəhudilər arasında ümumiyyətlə yayğın deyil. İsrailin özündə də bu, qanun dışıdır.

Xristianlıqda çoxzövcəliliyə ilkin tarixi-teoloj münasibət qərb dini ədəbiyyatında Müqəddəs Auqustin kimi tanınan 4-5-ci əsrin məşhur latın folosofu, xristian ilahiyyatçısının nəzəri-teoloji müddəaları ilə gəlişmişdir. Onun fikrincə, Əski Əhddə adları keçən peyğəmbərlərin həyatına dair çoxzövcəlilik hallarını Yaradan yalnız onların yaşamış olduqları müəyyən dövr üçün və nəsil artımına təkan vermək səbəbilə məqbul saymışdır. Əslində isə, İlahi planda nəzərdə tutulan ailə quruculuğu Adəmlə Həvvanın timsalında bir kişilə bir qadından ibarət birlikdə təmin olunmalıdır. Avqustin İlahinin yaradılış ssenarisindəki bu məqamı qabardaraq təkzövcəliliyin bir kişilə bir qadın arasında bağlanan müqəddəs əhdnamə olaraq qəbulunu vacib görürYeni Əhdin bu ayəsindən gəldiyi nəticəyə də istinad edir: “Mən sizə deyirəm ki, öz zövcəsini cinsi xəyanət üzündən deyilbaşqa səbəbdən boşayanbaşqa bir qadınla evlənən kəs əxlaqsızlıq etmiş olur” (Matta, 19:9). Avqustin hesab edirdi ki, evlilik kişiylə qadının ilk birgəliyi zamanından bəri müqəddəs məzmun daşımaqdadır və yalnız o halda zavala uğraya bilər ki, ikisindən hansısa biri vəfat etmiş olsun.

Yeni Əhdin başqa bir ayəsi də var ki, burada başqalarına öz əxlaqı ilə nümunə olmalı bir şəxs kimi din rəhbərinin (bəzi tərcümələrdə sadəcə “yönətici”nin) keyfiyyətlərinə diqqət çəkilir və bu keyfiyyətlərin içində təkzövcəlilik də vurğulanır: “Deməli, yönətici eybcilliyin fövqündə, yalnızca bir zövcənin əri, mülayim, dəyanətli, hörmətli, qonaqcıl, öyrətməyə qadir olmalıdır.” (Paulun Timoteyə 1-ci məktubu, 3:2)

Təkzövcəliliyi təlqin edən xristianlığın tarixində çoxzövcəliliyini müvəqqəti hal kimi tətbiq olunduğuna dair maraqlı bir faktOtuz illik müharibə” kimi tarixə düşmüş qırğınlardan sonra Nürnberq parlamentinin 1650-ci il fevralın 14-də çıxardığı qərarla bağlı olmuşdur. Bu qərar müharibədə xeyli sayda kişilərin həlakı ilə əlaqədar kilsələrə 10 illik bir müddət ərzində 60 yaşdan aşağı olan kişilərin monastra qəbulunu yasaqlamış, monastrlarla bağlılığı olmayan xristian din xadimlərinə ümumiyyətlə evlənmək, sıravi kişilərin hər birinə isə 10-dək qadınla nigahlanma icazəsini vermişdi. Çoxzövcəli kişilərə təlqin edilmişdi ki, evlilikdə olduqları qadınların hər birilə şərəflə davransınlar, ailədə ayrı-seçkiliyə yol verməsinlər, qadınlar arasında mümkün ədavəti əngəlləsinlər.

Çoxzöğcəliliyin gələnəksəl müsəlman şüurunda tutduğu yerə gəlincə isə, bunu bir növ ehkamlaşdıran və bu üzdən də müzakirəsini əngəlləyən amilin üzərində dayanmaq lazım gəlir. Bu amil, heç şəksiz, onunla bağlıdır ki, indi istər dünyəvi, istər də şəriət qaydaları ilə idarə olunan müsəlman ölkələri və cəmiyyətlərində çoxzövcəlilik məişət normativləri içində bir növ İlahidən qanuniləşmiş kimi qələmə verilir. Belə bir dini qanuniləşməyə istinad kimi götürülən qaynaq ikili qaynaqdır – Quran və Sünnə. Yeri düşür qeyd edim ki, əksər müsəlmanların üstünlükcə diqqət yetirdikləri ikinci qaynaqdır. Peyğəmbər sünnəsi (Məhəmməd Seçilmişin öz zamanında onun əmrləri, söylədikləri, hədisləri əsasında gəlişmiş qaydalar toplusu) olaraq qəbul edilən qaynaq. Qurani Kərimdə, müqəddəs Oxuda riayət edilməsi gərəkən “sünnə” isə yalnızca Tanrıya aid bilinərək “Tanrıcıl qayda” anlamında ifadə olunan “sunnətu-llah” (“Allahın sünnəsi”) söz birləşməsi tərkibində işlənir. “Müsəlman” üləmasının peyğəmbər sünnəsi (“sunnətu-n-nəbi”) dediyi nəsnəyə müqəddəs Oxuda, ümumiyyətlə, yer yoxdur.

Hər halda çoxzövcəliliyi incələyən bir Quran ayəsi də var. Həmin ayə özündən öncəkinin davamıdır. Hər iki ayə dilimizə tərcümədə belə səslənir: “Verin özlərinə yetimlərin malını. İyrənci təmizə dəyişməyəsiz. Yeməyəsiz mallarını qataraq öz malınıza. Bu, böyük bir günah olar, şübhəsiz. Əndişəniz olsa ki, ədalət gözləyə bilməyəcəksiz yetimlər barəsində, könlünüzə yatmış olan qadınlardan ikisiylə, üçüylə, dördüylə nigahlanın. Əndişəniz olsa ki, ədalət gözləyə bilməyəcəksiz, onda biriylə... Yaxud sağ əlinizin yiyələnmiş olduğuyla. Bu sizə ən yaxını, ən azı ki, sapmayasız haqsızlığa” (Qadınlar surəsi, 2-3). Göründüyü kimi, burada nigah subyektləri – iki, üçdörd sayda olan qadınlar yetimlik taleyinə düçar olmuşlardırlar.

Ayələrin izahını eniş səbəbləri və tarixi baxımından verməyə meylli çağdaş təfsirçilərdən bəziləri isə burada vurğulanan məqamın peyğəmbər dövrünün bütçülərilə müsəlmanlar arasında getmiş məşhur “Uhud” savaşının yetimlik taleyinə düçar etdiyi zavallı qızları ilə bağlı olduğu qənaətindədirlər. Təbii ki, ayələrin eniş səbəbləri və tarixinə söykənən təfsirlər yetərincə bəsit göründüyündən, mövhumatçılığa meydan açan hədis spekyulasiyalarına rəvac verdiyindən və ən başlıcası da Quranın minbir hikmətinin açılmasına maneçilik törətdiyindən bunlar hazırda çağdaşmodern ilahiyyatçılıqda etibarsız sayılır. İndi daha çox üstünlük verilən metod Quranın Quranla təfsiridir.

Bu metodla təfsirə üstünlük verərək öncə onu vurğulayaq ki, yuxarıdakı ayədə çoxzövcəlilik nigahına verilən icazə şərtidir, yəni nigaha daxil olanların yetimliyi və başsızlığı şərtinə bağlıdır ki, bu, cəmiyyətdə təbii və başqa məzmunlu fəlakətlər sonucu olaraq qadın-kişi tarazlığının faciəli tərzdə pozulduğu bəlli bir müddət içində meydana çıxa biləcək bir hal yaradır. Zamana bağlı olduğu üçündaimi səciyyədə deyil, keçicidir. Ayədə işarə olunan şərt aradan qalxdıqda dini həyatla yaşamağa üstünlük verən cəmiyyətlərdə çoxzövcəliliyə də təbii olaraq dərhal xitam verilməlidir.

Və çoxzövcəliliyin yalnız müvəqqəti icazəli olduğu zaman kəsiyində belə başqa bir ağır şərtə bağlılığı da var ki, bunu demək olar mümkünsüz edir. Söhbət bir əri paylaşan nigah iştirakçıları qadınlara münasibətdə ədalət prinsipinin gözlənilməsi zərurətindən gedir. Yuxarıda Qadınlar surəsindən gətirdiyim ayələr nümunəsində bu ədalət prinsipinin sərhədləri, cizgiləri, ölçülərilə əlaqədar heç nə söylənilmir. Və ümumiyyətlə, müqəddəs Oxuda buna dair bir konkret bir əlamət verilmədiyindən düşüncəmiz ona yönəldilir ki, bu ədalət məsələsi mütləqə yaxın bir məzmunda olaraq nəzərdə tutulur, yəni ailə-məişət, ər-arvad münasibətlərinə aid bütün məsələlərdə (ayrıntılarına xüsusi olaraq varmaq istəmədiklərimdə belə) gözlənilməlidir. Gözlənilməzsə, üstünlük verilir təkzövcəliliyə. Azacıq da olsa bu ədalətin pozula biləcəyindən narahat olan kimsələrə ayələrdə müraciətlə təlqin olunur ki, bir zövcə ilə yetinsinlər. Və bu bir zövcə ayələrin işığında göründüyü kimi, başqası deyilyetim bir qızdır. Yenə də vurğulayım ki, çoxzövcəlilik müvəqqəti bir din icazəsi kimi yalnız ailə müsibətlərinə uğramış yetimlərin timsalında məhz müəyyən zamanla sınırlı olaraq cəmiyyətdə qanuniləşə bilir. Və cəmiyyətin sosial durumunda tarazlıq yarandığında bu da aradan qalxmış olur.

Çoxzövcəliliyi məişət norması kimi əslində bir növ qanuniləşdirən ənənəvi İslam şəriəti Qadınlar surəsinin 129-cu ayəsində vurğulanan o təlqini də nəzərə almır ki, çoxzövcəlilik halında qadınlar arasında ədalətin gözlənilməsi praktiki olaraq mümkün deyil. Deyil ki, Rəbbimiz buyurur: “Ha istəyin ədalətli olasınız qadınlar arasında, əsla bacarmazsınız”. Deməli, qadınlarası ədalət şərti yuxarıda qeyd etdiyimiz kimi, mütləqə yaxın bir məzmun kəsb etdiyindən və bu nədənlə də həmin şərtə riayət ailə başçısının imkanı dışında olduğundandır ki, müqəddəs Kitabımız təkzövcəliliyi təlqin edir. Çoxzövcəlilik isə adi həyat şəraitində, cəmiyyətin təlatümlər keçirmədiyi durumlarda Quran dayağından sadəcə məhrum görünür.

 

 

Nəriman QASIMOĞLU

 

525-ci qəzet.- 2012.- 21 aprel.- S.18.