Ramiz Əzizbəylinin yaradıcılığının 55 illiyi Tədris Teatrında qeyd edilib

 

Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında Avropa Peşəkar kino və televiziya Rejissorları Federasiyasının üzvü, universitetin kafedra müdiri, professor Ramiz Əzizbəylinin yaradıcılığının 55, onun çəkdiyi “Bəxt üzüyü” filminin 20 illiyi münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə filmin quruluşçu operatoru, əməkdar incəsənət xadimi, professor Amin Novruzov, aktyorlar – Xalq artisti Valeh Kərimov və əməkdar artist, professor Gülşad Baxşıyeva Ramiz Əzizbəyli yaradıcılığı, xüsusilə də onun mükəmməl işi olan “Bəxt üzüyü” filmi haqqında danışıblar.

“Bu gün bizim universitetimizin akt zalında dostumuz – incəsənət xadimi Ramiz Əzizbəylinin yaradıcılıq gecəsi təşkil olunub. Mən onu təbrik edirəm və arzu edirəm ki, qoy həmişə yaşasın-yaratsın. Çünki incəsənət var olmaq üçün məhz belə insanlarda ilham alır” – deyə Valeh Kərimov bildirib. Aktyor “Moşu”nun dilindən arzusunu da ifadə edib: “Xoşbaxtlıq, xoşbaxtlıq, xoşbaxtlıq”.

Ramiz Əzizbəyli tədbirlə bağlı açıqlamasında deyib: “Mən bu tədbiri düşünən və burda əməyi olan hər kəsə, xüsusilə tədbirin rejissoru Vidadi Həsənova minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, heç biriniz bəxtinizi itirməyəsiniz”.

Rejissor Vidadi Həsənov da ürək sözlərini bölüşüb. O, bildirib ki, tədbirin yaxşı təşkil olunması üçün əlindən gələni edib: “Çox sağ olsunlar ki, tələbələrim də məni tək buraxmadılar və onlar da Ramiz müəllimə hədiyyələri kimi öz kiçik səhnəciklərini təqdim etdilər”.

Tədbirin sonunda “Bəxt üzüyü” bədii filmi nümayiş olunub.

 

 

525-ci qəzet.- 2012.- 21 aprel.- S.17.