“Çətinliklə, pillə-pillə ucalmışam...”

 

Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.

Pərvin: Salam, Misir müəllim!

Misir Mərdanov: Salam, Pərvin xanım! Xoş gəlmisiniz.

Pərvin: Misir müəllim, deyirlər ki, bütün problemlərin kökündə savadsızlıq dayanır. Bu fikirlə razısız? Ümumiyyətlə, sizcə, savadlının savadsızdan əsas fərqi nədir?

Misir Mərdanov: Əlbəttə, cəmiyyətdəki bir çox problemləri, qeyri-sabitliyi, ilk növbədə savadsızlıqla əlaqələndirmək olar. Dünyanın aparıcı alimləri, sosioloqları, psixoloqları son il yarımda dünyada gedən prosesləri izləyərək belə qənaətə gəliblər ki, ərəb ölkələrində baş verən hadisələrin əsas səbəblərindən biri həmin ölkələrdə savadlılıq səviyyəsinin aşağı olmasıdır. Mən də belə fikirləşirəm ki, savadı, biliyi, dərin zəkası olan insan etirazın daha sivil formalarını seçər, öz baxışları, yanaşmaları ilə bağlı mətbuatda, digər kütləvi informasiya vasitələrində çıxışlar edər, kitablar yazar... Bu baxımdan cəmiyyətdəki mövqeyinə, davranışına görə, şübhəsiz ki, savadlıyla savadsız əsaslı şəkildə fərqlənir.

Digər tərəfdən savadlı insanlar cəmiyyətdə nüfuzlu şəxslər kimi qəbul olunduğundan onların digərlərinə təsir imkanları daha çox olur. Belə insanlar ətrafdakılar üçün təhsillənmək, sağlam həyat tərzi keçirmək, milli-mənəvi dəyərlərə yiyələnmək, bir sözlə, inkişafa yönəlmək baxımından nümunə rolunu oynayır. Obrazlı desək, yüksək təhsilli insanlar tərbiyə məktəbidir, onlar öz biliyi və davranışı ilə daha nümunəvi həmkar, ailə üzvü, valideyn və sivil vətəndaşdırlar.

Pərvin: Doğrudur! Amma məncə, meyarlar da bir qədər dəyişilib. İndiki zamanda hansı adama savadlı demək olar?

Misir Mərdanov: Təbii ki, cəmiyyət inkişaf etdikcə meyarlar da dəyişir, tələblər artır. Keçmişdə sadəcə yazıb-oxumağı bacaranlara “mirzə” deyirdilər və onlar savadlı hesab olunurdular. Müasir dövrdə isə o adam savadlı hesab olunur ki, yazıb oxumaqdan əlavə bir və ya bir neçə xarici dil bilsin, internetdən sərbəst istifadə etməyi bacarsın, təcili yardıma ehtiyacı olan insanlara kömək etsin, gündəlik mütaliə ilə məşğul olsun və s.

Eyni zamanda, düşünürəm ki, savadlılıq həm də başqalarına qarşı dözümlü olmaq, bütün vəziyyətlərdə tolerantlıq nümayiş etdirmək, qarşısındakını sonadək dinləmək qabiliyyətini özündə ehtiva edir.

Böyüklərimiz danışırdılar ki, ötən əsrin 20-30-cu illərində bizim kənddə məktubu yalnız bir nəfər oxuya bilirmiş. Amma indi həmin kənddən 30-a yaxın elmlər namizədi və elmlər doktoru yetişib. Bu mənada ötən 100 il ərzində vətənimiz Azərbaycanda ümumi savadlılıq səviyyəsi hiss olunacaq dərəcədə yüksəlib və BMT-nin hesabatlarına əsasən 99,6 faiz təşkil edir, indi ölkəmizdə yazıb oxumağı bacarmayanları barmaqla saymaq olar.

Pərvin: Amma heç bir savadı olmayan müdrik, səmimi insanlarla da çox qarşılaşmısınız yəqin ki...

Misir Mərdanov: Əlbəttə, Pərvin xanım! Çox! Uzun illərin müşahidələrindən deyə bilərəm ki, təhsilsiz adamın səmimiyyəti, saflığı, mərdliyi, müdrikliyi, ziyalılığı ola bilər. Ölkəmizin tarixində elə müdrik adamlar olub ki, bir qərarı ilə insanları öz arxasınca aparıb, böyük regionda hörmət və nüfuza malik olub, ən mürəkkəb məsələləri, münaqişələri həll edib, xalqımızın milli-mənəvi dəyərlərinin inkişafında misilsiz xidmətlər göstəriblər, belələrinə savadsız deməyə adamın dili gəlmir. Amma bütün bu üstün cəhətlər elmə, təhsilə, savada söykənəndə daha gözəl olur.

Pərvin: Misir müəllim, uzun illərdir, təhsil naziri vəzifəsində çalışırsınız. Və işlədiyiniz sahə demək olar ki, Azərbaycanın hər bir ailəsi ilə bağlıdır. Bu illər ərzində minlərlə adamla ünsiyyətiniz olub, kifayət qədər şikayət də dinləmisiz, təşəkkür də. Bəlkə də millətin ümumi xarakterini Siz sosioloqlardan, psixoloqlardan daha yaxşı izah edə bilərsiniz...

Misir Mərdanov: Elədir, Pərvin xanım! 1978-ci ildən bu günə kimi müxtəlif vəzifələrdə işləmişəm, fərqli insanlarla qarşılaşmışam. Fəxr edirəm ki, bütün həyatımı xalqımızın təhsilinə, inkişafına həsr etmişəm və hazırda da bu şərəfli missiyanı davam etdirirəm. Gördüyümüz işləri bəyənənlər də olub, bəyənməyənlər də. Tənqidi də, tərifi də yetərincə dinləmişəm. Şübhəsiz ki, bir millət kimi malik olduğumuz üstün, qeyri-adi, eləcə də çatışmayan cəhətlərimizi də yaxşı bilirəm.

Pərvin: Müsbət tərəflərimizdən çox danışmışıq, məncə. Bədii əsərlərimizdə də milli-mənəvi dəyərlərimiz, gözəl adətlərimiz təbliğ olunur. Amma mənfi cəhətlərimizi də etiraf etməliyik. Paxıllıq, gözü götürməzlik, inkişafa mane olmaq da var xasiyyətimizdə. Təəssüf ki, bu münasibəti çox vaxt elə yaxınlarımızdan görürük.

Misir Mərdanov: Doğrudur! Mən bu tipli məsələlərlə bağlı rəsmi dövlət tədbirlərində də, öz daxili yığıncaqlarımızda da çox demişəm. Məncə bizim əsas çatışmayan cəhətimiz bir çox hallarda əksəriyyətin öz işi, məhz ona həvalə edilmiş vəzifə ilə məşğul olmaq əvəzinə, başqasının işinə yerli-yersiz qarışmasıdır. Qəti əminəm ki, əgər hamı öz məsuliyyətini dərk edib, başqalarının işlərinə yersiz müdaxilə etmədən funksiyalarını icra etsəydi, uğurlarımız daha çox olardı.

Bir neçə il öncə Cənubi Koreyaya rəsmi səfərə getmişdim. Koreya elə bir ölkədir ki, adam orada olanda ilk növbədə müasir texnika ilə maraqlanır. Bizim üçün ayrılmış sürücüdən xahiş etdik ki, bizi texnikanın alış-veriş mərkəzinə aparsın. Amma o özünü elə apardı, sanki bizi başa düşmür. Sonra çox mədəni şəkildə, hərəkəti ilə izah etdi ki, bu onun vəzifələrinə daxil deyil. Onun vəzifəsi bizi proqram üzrə tədbirlərə aparmaqdır. Bu hadisə məni çox düşündürdü, qayıdandan sonra da bunu yoldaşlara, dostlara danışdım. Bir neçə müddət sonra mən Koreyanın milli bayramını hökumətimiz adından təbrik etməyə getmişdim. Orada çıxışımda dedim ki, dağılmış ölkənin 40 il ərzində dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilməsinin əsas səbəblərindən biri burada hər kəsin öz işi ilə məşğul olması, vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsidir.

Pərvin: Bu məsələlərdə koreyalılardan çoxmu geri qalırıq?

Misir Mərdanov: Çox, ya az olduğunu deyə bilmərəm. Hər halda bu çatışmayan cəhətimizdir. Böyük şairimiz Şəhriyar deyib:

“Bizdən irəlidədir avropalılar,

İşi iş bilənə tapşırır onlar...”

O ki qaldı yaxınlarımızdan, ətrafımızdakı adamlardan gördüyümüz paxıllıq, ayağımızın altının qazılması, bu məsələ həmişə düşündürüb məni. Hələ sovet dövründə fikirləşirdim ki, niyə bizdə bu qədər savadlı alimlər ola-ola SSRİ Elmlər Akademiyasının üzvləri sırasında azərbaycanlı demək olar ki, yoxdur. Bir çox misallar çəkə bilərəm ki, bizim millətin hər hansı üzvü bu və ya digər sahədə irəliyə doğru addım atıbsa, yaxud inkişaf üçün perspektivi olubsa, təəssüf ki, çoxları onu geri çəkməyə, badalaq vurmağa, ləkələməyə çalışıb. Nə yazıq ki, bütün bunlar bu gün də davam etməkdədir. Bəlkə də öz millətimiz haqqında bu sözləri söyləmək düzgün deyil, amma bunlar gündəlik həyatda rastlaşdığımız faktlardır.

Pərvin: Belə bir məsəl də var: “Ağacı qurd içindən yeyər...” Yanınızda olub, “içinizdən yeyən” adamlar həyatınızdan çox keçib?

Misir Mərdanov: Çox! Böyük şairimiz Mirzə Ələkbər Sabirin şeirlərindəki personajlar hər an yanımızdadırlar, hər gün qarşılaşırıq onlarla. İmkanların daxilində yaxşılıq etdiyin, çətin anlarında kömək əli uzatdığın, çörək kəsdiyin, dost hesab etdiyin adamın arxada əleyhinə iş görməsi, ayağının altını qazmağa çalışması o qədər adiləşib ki...Mən belə adamların əməllərindən xəbərdar olduğumu, onlardan hər cür hərəkət gözlədiyimi bəzən üzlərinə demişəm.

Pərvin: Təbii ki, bütün bunların bezdirdiyi, yorduğu, pessimistləşdirdiyi anlar da olur. Həvəsdən düşmürsüz ki?

Misir Mərdanov: Ara-sıra həvəsdən düşməyim, yorulmağım olub. Amma bu daha çox gənclik illərində belə idi. Bu cür adamlarla o qədər mübarizə aparmışam ki, indi çox da fikir verməməyə çalışıram...

Pərvin: Öyrəşmisiniz artıq...

Misir Mərdanov: Xeyr, öyrəşməmişəm. Baxışlarım dəyişib, belə hallara gənclik illərimdəki kimi yanaşmıram. Amma yenə təsir edir, düşündürür, adi hal kimi qəbul etmirəm. Lakin fikirləşəndə ki, mən uzun illər bütün bunlardan keçə-keçə gəlib müəyyən səviyyəyə çatmışam, nikbinləşirəm. Əleyhimə yazanlar, danışanlar, hərəkət edənlər çox olub, amma bunları adlayıb keçə bilmişəm. Şübhəsiz, dəstəkləyən, dayaq duran dostlar daha çoxdur. Amma bir məqamı uzun illərin sınağından keçirmişəm ki, hər gün görüşdüyüm, gündə bir xahişini dinlədiyim, əlimdən gələn köməyi əsirgəmədiyim insanlar ən çətin anımda yoxa çıxıblar.

Pərvin: Məncə, bütün depressiyalardan, sınmalardan qoruyan, xilas edən ən gözəl məkan insanın evi, ən yaxşı, effektiv dərman ailəsinin, doğmalarının sevgisidir. Yeri gəlmişkən ailəniz haqqında çox az məlumatlıyıq. İstərdim bir az ailənizdən, övladlarınızdan danışasınız...

Misir Mərdanov: Ermənistanın İcevan rayonunun Göyərçin kəndində ziyalı ailəsində böyümüşəm. Bu kənd tarixən azərbaycanlıların yaşadığı və Qaraqoyunlu dərəsi deyilən mahalda yerləşən 13 kənddən biri idi. Atam İrəvanda təhsil alıb və ilk vaxtlar kənd məktəbində müəllim, sonralar isə rəhbər vəzifələrdə işləyib. Anam ali təhsilli olmasa da, gənclik illərində atamla birgə kənd sovetində işləyib, sonra isə həyatını ailəsinə həsr edib. Ailədə 6 uşaq olmuşuq. Kiçik bacım Moskvada, qalan qardaş və bacılarım isə Bakıda yaşayır. 3 övladım var: 2 qızım, 1 oğlum. Oğlum polis orqanlarında işləyir, qızımın biri filoloqdur, Bakı Dövlət Universitetinin dosentidir, o biri qızım isə hələlik uşağı balaca olduğundan işləmir. 6 nəvəm var.

Pərvin: Övladlarınızın təhsilindən razısınızmı?

Misir Mərdanov: Əlbəttə, mən onların tərbiyəsindən, cəmiyyətdə tutduğu mövqedən razıyam. Özüm uşaq olanda ailəmizin heç bir maddi ehtiyacının olmamasına baxmayaraq, kəndimizdəki digər uşaqlardan seçilməməyə çalışırdım. Bu gün övladlarım da öz yaşıdları və dostlarından seçilmirlər. Amma təbii mən bir ata kimi istərdim ki, onları daha da yüksəklərdə görüm. Etiraf edim ki, arzuladığımı tam görmədim, adi adamlardırlar.

Pərvin: Bəlkə onlar atalarının yanında adi görünürlər?! Ola bilsin ki, sıradan bir adamın övladı olsaydılar, başqa cür yaşayardılar?!

Misir Mərdanov: Razıyam, Pərvin xanım! Belə bir misal da var ki, “Kölgədə bitən ağacın kölgəsi olmaz...” Mən onlara hədsiz diqqətli yanaşıram. İşimin nə dərəcədə çox, vaxtın isə məhdud olmasına baxmayaraq, hər gün hər biri ilə iki dəfə telefonla danışıram. Hətta həyat yoldaşım bəzən bunu mənə irad tutur ki, niyə narahat edirsən uşaqları.

Pərvin: Özünüz onlara zəng edirsiz?

Misir Mərdanov: Bəli özüm. Bəzən də inciyirəm ki, niyə onlar zəng eləmir. Amma bu da çox çəkmir. Heç vaxt qayğımı üzərlərindən əskik eləməmişəm ki, onlar üçün yaxşı olsun. Amma bəlkə də dediyiniz kimi, bunun özü də müəyyən məhdudiyyətlər yaradıb onlara.

Pərvin: Övladlarınıza baxanda “Biz belə deyildik” fikrini tez-tez işlədirsiz?

Misir Mərdanov: Çox da yox. Amma təbii bizim gəncliyimizlə indiki gənclik arasında fərqlər var. Bizə heç kəs “dur dərsini oxu” – deməyib. Nənəm mənə bir iş tapşıranda dərs oxuduğumu bildirib etiraz edərdim, o isə deyərdi ki, kitabı ver bacın oxusun... (gülür) Valideynlərimiz bizə bir dəfə də ağır söz deməyiblər, tərbiyəmizlə xüsusi məşğul olmayıblar, onların həyatı və qarşılıqlı münasibətləri, həyatdakı mövqeləri bizim gələcək təlim- tərbiyəmizin əsası olub. Böyük həyat və iş təcrübəsi olan bir insan kimi, mən o fikirdəyəm ki, uşağa “tərbiyəli ol”, “diqqətli ol”, “yaxşı oxu”, “böyüklərə hörmət et” deməkdənsə, valideynlər və müəllimlər öz hərəkətləri, davranışları ilə onları buna sövq etməlidirlər. O ki, qaldı “ Biz belə deyildik” məsələsinə, məncə hər bir dövrün özünəməxsus xüsusiyyətləri və meyarları olduğunu həmişə nəzərə almaq lazımdır.

Pərvin: Misir müəllim, doğulub böyüdüyünüz yerləri xatırladınız. Məncə, insan üçün ən ağır itki Yurd itkisidir. Bütün itkiləri düşünəndə təsəlli üçün nə isə tapmaq olur. İnsanın doğulduğu yeri, ocağı itirməsi isə daha ağırdır. Qarabağ torpaqlarının qaytarılacağına ümidimiz çoxdur. Amma sizin doğulduğunuz yerlərin yenidən Azərbaycana birləşdirilməsi çətin görünür. Necə keçirirsiz bu itkini? Nə ilə təsəlli tapırsız?

Misir Mərdanov: Fikrinizlə razıyam, Pərvin xanım. Bu barədə çox düşünürəm. Yəqin ki, nə iləsə təsəlli tapmalıyıq. Amma düşünün ki, doğulub böyüdüyüm həyətdəki ağacların hər birində izim vardı. Dağlarımız, yaylaqlarımız, uşaq vaxtı tapdığım bulaq, hamısı əlçatmaz olub indi. Amma mən sizə bu düşüncələrdən daha ağırını danışa bilərəm. 2001-ci ildə Azərbaycanın təhsil naziri kimi Avropa Şurasının Ermənistanda keçirdiyi tədbirə qatılmışdım. Tədbirdən sonra İrəvanda onların təhsil naziri, Parlament sədri və Prezidentləri ilə görüşdük. O zaman prezident Köçaryan idi. Dəyirmi stol arxasında söhbət edərkən məndən nə arzuladığımı soruşdular. Mən də bildirdim ki, iki arzum var. Birincisi gedib doğulub böyüdüyüm kəndi görmək, (bura İrəvandan 130 km məsafədə yerləşir.) evimizdə olmaq, ikincisi isə dedim ki, biz gənclik illərində kənddən Bakıya gedəndə İcevana yollanıb oradan Azərbaycana, Qazaxa keçirdik və o yolla Bakıya gedirdik, mən yenə öz kəndimizdən Bakıya həmin yolla getmək istəyirəm. Onlar xahişimin birinci hissəsinə çox müsbət reaksiya verdilər, lakin dediyim yolla Bakıya getməyin mümkünsüzlüyünü bildirdilər, çünki o yollar minalanmışdı. Beləliklə, mənim üçün sürücü, mühafizəçi ayırdılar və öz kəndimizə, evimizə getdim.

Pərvin: Öz evinizə qonaq kimi getmək və orda düşmənlərin yaşadığını görmək ağır idi təbii ki...

Misir Mərdanov: (kövrəlir) Əlbəttə, ağırdan da ağır idi. Evdə yaşayanlara əvvəlcədən bildirilmişdi ki, gələcəyik. Gözləyirdilər bizi. Həyətimizi gəzdim, əkdiyim ağacların bəziləri yox idi, əvəzinə yenilərini əkmişdilər. Yaxınlıqdakı, uşaq vaxtı “kəşf elədiyim” bulağa gedib su içdim, meşəni gəzib bir torba torpaq götürdüm. Babamın, nənəmin qəbirlərini ziyarət etdim. Videolar, şəkillər çəkdik. Düşmənin yanında nə kövrəlmək, nə də ağlamaq olmazdı. Amma qayıdandan sonra valideynlərimə, bacı-qardaşlarıma şəkilləri, videoları göstərəndə, təəssüratlarımı bölüşəndə xeyli ağlaşmışdıq. Sonra atam rəhmətə gedəndə ordan gətirdiyim torpağı onun qəbrinin üstünə səpdik.

Pərvin: Bəs indi həmin videolara, şəkillərə baxırsız?

Misir Mərdanov: Bəzən şəkillərə baxıram. Amma nadir hallarda. O görüntülərə baxmaq çox ağırdır mənə.

Pərvin: Misir müəllim, Pedaqoji Universitetdə tələbə olduğum vaxtlarda sizinlə görüş keçirilmişdi. Orda müəllimlərinizi kövrəkliklə xatırlamağınız yadımdadı. Sizcə, indiki dövrdə təhsil alan gənclər bu yaşa çatanda müəllimlərini eyni həssaslıqla xatırlayacaqlarmı?

Misir Mərdanov: Hər halda xatırlayan olacaq. Bizim ölkəmizdə müəllimə hörmət həmişə olubdur, bu gün də var. Məlumdur ki, müəllim millətin, xalqın inkişafında həlledici simadır. Bütün bunlarla yanaşı, indi cəmiyyətdə keçmiş dövrlərə nisbətən müəllim nüfuzunun aşağı düşməsi barədə fikir və mülahizələr səslənir. Hesab edirəm ki, bu fikirlərin müəyyən əsası vardır. Ötən əsrin 50-60-cı illərindən başlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada tədricən müəllim nüfuzunun aşağı düşməsi müşahidə edilməyə başlanmışdır. Müxtəlif obyektiv və subyektiv səbəblərdən müəllimlərin sayının artması və beləliklə onların sırasına bu peşə üçün təsadüfi olan insanların da daxil olması, informasiya cəmiyyətinin yaranmasıyla əlaqədar müəllimə aid tələblərin dəyişməsi və onların bu tələblərlə bəzən ayaqlaşa bilməməsi.

Pərvin: Yəqin ki, müəllimin və məktəbin o dövrdəki funksiyası ilə bu günki funksiyası arasında da fərqlər var...

Misir Mərdanov: Fərqlər çoxdur! Əgər o dövrdə müəllim öyrədən, bilik verən hesab olunurdusa, bu gün müəllim daha çox dirijor, yol göstərən, bələdçi rolunu oynayır, indiki şagird də dünənki şagirdlə müqayisə edilə bilməz. Bu gün şagird müəllimlə mübahisə edir, sərbəst şəkildə mülahizələrini irəli sürür, rəy və mövqe bildirir, təkliflər verir, onun infomasiya mənbəyi yalnız müəllim və dərsliklər deyil, daha genişdir və s. Düşünürəm ki, bu və digər səbəblərdən müəllimin, məktəbin əvvəlki nüfuzunun bərpası üçün xeyli vaxt lazımdır. Bu vaxtın nə qədər olması isə bizim hər birimizdən asılıdır. Biz məktəbə məbəd kimi baxmalı, bu məbədə təsadüfi şəxslərin daxil olmasına imkan verməməliyik. Yalnız bu halda qeyd etdiyim müddəti xeyli azaltmaqla davamlı inkişafa nail ola bilərik.

Pərvin: Uşaq olanda hər birimizə “Böyüyəndə kim olmaq istəyirsən?” sualı verilir. Siz uşaq ikən bu suala necə cavab verirdiniz?

Misir Mərdanov: (gülür) Maraqlı sualdır. Amma doğrusu uşaq vaxtı hansısa peşəyə yiyələnməklə bağlı xüsusi arzularım, düşüncələrim yox idi. Lakin oxumaq, ali təhsil almaq həvəsim çox güclüydü. Onu xatırlayıram ki, valideynlərim məni həkim görmək istəyirdilər. Amma tale elə gətirdi ki, mən mexanika-riyaziyyat fakültəsinə qəbul oldum.

Pərvin: Deyirlər insanın müəyyən səviyyəyə çatmasının, yüksəlməsinin asan və çətin yolları var. Bu yolların hər ikisini sınaqdan keçirmisiz yəqin ki?

Misir Mərdanov: Məncə, bu səviyyəyə daha çox çətin yolla çatmışam. Cəmiyyətdən heç nə gizlin deyil. Kimin kim olduğunu hər kəs yaxşı bilir. Başqalarından fərqli olaraq, mənim əlimdən tutan, irəli aparan adamım olmayıb. Çətinliklə, pillə-pillə ucalmışam. Təhsil aldığım illərdə elə bir maddi çətinlik çəkməmişəm, ailəmiz həmişə imkanlı olub. Lakin bizim ailədən yalnız atamın məndən on yaş böyük bacısı oğlu universitetdə müəllim işləyib və gənclik illərində müəyyən məsləhətləri ilə kömək edib bizə. Yaşımın bu çağında keçdiyim yola nəzər salanda bir daha əmin oluram ki, karyera istiqamətində nailiyyətlərimin, irəliləyişlərimin əsasını zəhmətkeşliyim, işgüzarlığım, biliyim, bacarığım, vəzifəmə məsuliyyətlə yanaşmağım, insanlarla münasibətdə səmimiliyim və əlbəttə, ailəmin hərtərəfli dəstəyi təşkil edir.

Pərvin: Əvvəllər uşaqların ağlına belə arzular gəlməzdi bəlkə də, amma indiki dövrdə zaman dəyişdiyi, qəlizləşdiyi kimi, gənclərin istəkləri də dəyişilib. Böyüyəndə nazir olmaq istəyənlərə tövsiyəniz nədir?

Misir Mərdanov: Onlara tövsiyə edərdim ki, zəhmətkeş, inadkar, iradəli olsunlar, əziyyətdən qorxmasınlar. Böyüklərin sözünü eşitsinlər, oxumaqdan, öyrənməkdən yorulmasınlar, qarşılarına məqsəd qoyub ona çatmağa çalışsınlar. Əminəm ki, öz arzusuna doğru inamla addımlayan, bu yolda çalışan adam gec-tez istəyinə çatır.

 

 

525-ci qəzet.- 2012.- 21 aprel.- S.10