Anar: “Özlərini
“cavan yazıçı” kimi sırımaq istəyənlər
nə cavandır, nə yazıçı”
“MƏNİM BU ADAMLARA YAZIĞIM GƏLİR”
Xalq
yazıçısı Anar “525”in əməkdaşının
suallarına cavab verir.
–
Anar müəllim, “525-ci qəzet”də dərc olunan
“Daşlama”nız həm mətbuatda, həm də virtual məkanda
qalmaqala səbəb olub. Yazını dəstəkləyənlərin
və əleyhinə olanların mübahisələri səngimək
bilmir. Bu barədə nə düşünürsünüz?
– Məni
başa düşənlərə, dəstəkləyənlərə
təşəkkürümü bildirirəm. Əleyhimə
yazanlara da təşəkkür edirəm, çünki onlar
da öz iradlarıyla məni xeyli güldürdülər,
kefimi açdılar. Onlar da deyirlər ki, mənim yazım
onları çox sevindirib. Doğrusu, onları bu qədər
sevindirəcəyimi bilsəydim, bu yazını çoxdan
yazardım.
Məni
güldürən onların özlərini bu qədər
gülünc vəziyyətə salmalarıdır. İzah
edim: Mən ki, heç kəsin adını çəkmədən
ədəbiyyatımızda çoxdan mövcud olan bir
janrı – “Daşlama” adıyla yenidən canlandırmağa
çalışmışam. Bunlar niyə özlərindən
çıxıblar? Məsələn, Sirkə Badımcan deyəndə
konkret olaraq heç kəsi nəzərdə tutmurdum. “Heyvərə
Sirkə Badımcan” Mirzə Cəlilin “Zırraması” kimi
ümumiləşdirilmiş bədii obrazdır. Kimsə bunu
özünə aid edirsə, Rəşad Məcidin dediyi kimi,
qanadlanıb “Anar məndən yazıb” deyə kef çəkirsə,
bu onun sevincidir, mənim günahım deyil. Eləcə də
özü-özünün internet ünvanını “murdar”
kimi göstərənə bu adı mən yox, özü
verib. Özünə məhz bu adı münasib bilirsə, mənim
nə təqsirim var? Həmin zat (özü-özünə
qoyduğu adı daha işlətmirəm ki, incə qəlbini
qırmayım) yazır ki, Anarın “ayıbını sovet
senzurası örtürmüş, ordakı əjdahalar
yazılarının böyür-başını düzəldib
adam arasına çıxarılası şəklə
salırmış”. Bu sərsəm fikirləri deyəni normal
adam saymaq olar? Mən bir şey demirəm, qoy oxucu özü nəticə
çıxarsın. Belələri konkret olaraq mənim
adımı çəkir, mənə çirkab atırlar.
Amma mən bir yerdə də onların adını çəkmədən
“əzvaylar”, “cahillər”, “buyruq qulları” deyəndə dərhal
“qarğa, məndə qoz var” yaxud “soğan yeməmisən,
için niyə göynəyir” prinsipinə uyğun olaraq
bütün bu sözləri məhz özlərinə aid
edirlər, bəlkə, hələ pay-püşk edib öz
aralarında bölüşürlər, “məni deyir, yox məni
deyir” – deyə öcəşirlər... Belə
çıxır ki,bundan sonra da mən yazılarımda məsələn,
“dələduz”, “yekəbaş”, “mürtəd” sözlərini
işlətsəm, bunlar vay-şivən qoparacaqlar ki, bizi
deyir. Həm qəribə, həm də gülməli məntiqdir.
– Dəfələrlə
təkzib olunsa da, yenə də iddia edirlər ki, siz cavan
yazıçılara qarşısınız...
– Mənim
haqqımda dedikləri silsilə yalanlardan biri də budur.
İstedadlı cavanların gözüm üstə yer var,
onlara hər cür dəstək vermişəm, dəstək
verirəm və dəstək verəcəm. Amma gəlin
görək özlərini cəmiyyətə cavan
yazıçı kimi sırıyanlar, doğrudan da,
cavandırlarmı və doğrudan da
yazıçıdırlarmı? Məncə, onlardan bəziləri
nə cavandır, nə yazıçı. Məşədi
İbad yaşında da “cavan” olar? Əsər yazmadan da yazıçı
sayılmaq olar? Bu günlərdə hansı yazıdasa oxudum
ki, Anar özündən əlli yaş cavanlarla mübahisə
edir, əgər bu “cavan” əlli yaşındadırsa və məndən
əlli yaş cavandırsa, deməli məni yüz
yaşlı hesab edirlər. Allah ağızlarından
eşitsin. O ki qaldı yazıçılıq məsələsinə,
bunu hələ özləri öz aralarında həll edə
bilməyiblər. “Azadlıq” qəzetinin 23 mart nömrəsində
yazıblar ki, Göyçayda bir nəfər məni yox,
üç başqa adamı yazıçı sayır.
Çox əcəb. Eşq olsun bu göyçaylıya!
Müəllifin sözlərinə görə,
göyçaylının yazıçı
saydıqlarından biri, əlbəttə ki, yazı müəllifinin
özüdür. Ancaq ən qəribəsi odur ki,
yazıçı elan edilənin bir başqası həmin
“Azadlıq” qəzetinin 18 aprel sayında təvazökarlıqla
etiraf edir ki, “ədəbiyyat adamı deyiləm”. Deməli,
öz etirafına görə ədəbiyyat adamı olmayan
şəxs, başqasının gözəl Göyçaydan
gətirdiyi şad xəbərə görə
yazıçı imiş. Həmin bu “ədəbiyyat
adamı” olmayan “yazıçı” mənim
yaradıcılığıma aid çox dəyərli fikirlər
söyləyir: “Anar Viktor Hüqonun Kozettanın
otağını təsvir etdiyi kimi bir bədii mətn yaza
bilərmi? Andrey Platonovun “Takır”ını icad edə bilərmi,
Berhard Şlinkin “Qiraətçi”si kimi əsər yarada bilərmi?”.
Ağıllı suallardır! Məntiqə də söz ola
bilməz. Yazıçıların bu qəribə
siyahısını oxuyanda əvvəl təşəkkür
etmək istədim, axı hər halda məni Viktor Hüqoyla,
Platonovla müqayisə edir, daha özü və özü qəbilindən
olan yazıçılarla yox. Fikirləşdim ki, axı nə
səbəbdən mən Kozettanın otağını təsvir
etməliydim. Sonra başa düşdüm, adı çəkilən
əsərlər, yəqin ki, bu müəllifin oxuduğu
yeganə kitablardır. Arzu edərdim ki,başqa kitablarla da
tanış olsun. Onda mənə verdiyi məsləhəti həyata
keçirəndə – “kimləri yamsılamağın vacib”
olduğuna aid daha geniş ədəbi siyahı tərtib edə
bilər.
–
Sizcə, bu “cavan yazıçılara”, ya da siz demiş,
çox da cavan olmayan müəlliflərə qarşı
çox kəskin mövqe tutmursunuz ki?
– Bu
dediyiniz “cavan yazıçılardan” bir sitat gətirim, sonra
kimin kəskin mövqe tutmasını özünüz deyin.
Birisi deyir: “Mən Anarın və digər 60-cı illər nəsli
nümayəndələrinin haqqında danışanda həmişə
Sorokinin bir sözünü xatırlayıram: 60-cılar nəsli
nə təhqirə, nə nifrətə layqdir. Onlar sadəcə,
fiziki cəhətdən məhv olmalıdır ki, ədəbiyyatın
canı onlardan qurtarsın” (“Yeni Müsavat” qəzeti, 16 aprel
2012). İndi özünüz deyin, kim-kimə qarşı sərt
və kəskin sözlər deyir? Mən heç kəsin
fiziki məhvini nə arzu etmiş, nə yazmışam. 37-ci
illərin ab-havasını qaytarmağı istəyənlər
kimlərdir, biz, ya bizi məhv etməyə can atanlar? Ən əxlaqsız
(amma bunlardan fərqli olaraq istedadlı) rus
yazıçısı Sorokini yamsılayaraq bizi məhv etmək
istəyən zat daha sonra yazır: “Bunlar (yəni biz,
“altmışıncılar”) “çox istedadın
anasını ağladıblar!” Anasını
ağlatdığımız bircəciyinin özünün,
ya anasının adını çəkə bilərmi? Əlbəttə,
yox. Binədən istedadı olmayan adamlar
yazıçılıq, şöhrət, rəyasət həvəsinə
düşübsə və buna nail ola bilmirsə, səbəbi
bizdə niyə axtarırlar?
İndiyəcən
mən heç kəsə birinci olaraq hücum etməmişəm.
Yalnız haqqımda yazılan hədyanlara hərdən-birdən
cavab vermişəm.
Bir
gülməli cəhəti də qeyd edim. Mən internetə
qatılmıram, orda haqqımda deyilənlərdən xəbərim
yoxdur. Odur ki, qanımı internetdə qaraltmaq istəyənlər
boşuna zəhmət çəkməsinlər, qızıl
vaxtları hayıfdır. Amma görəsən “Azadlıq”da
yazanlar heç olmasa öz yazılarını oxuyurmu? Fərqinə
varırlarmı ki, mən “Daşlamam”da yalnız onların
özlərinin mənim haqqımda işlətdikləri
sözlərin bəzilərindən istifadə etmişəm.
İndi deyirlər ki,bu ifadələri işlətmək Anara
yaraşmır. Deməli, işlətdiyi sözləri və
ifadələri özlərinə yaraşdırırlar, amma
mənim işlətməyimi rəva bilmirlər. Yaxşı
ki, aramızdakı fərqi başa düşüblər. Hər
halda haqqımda belə yüksək fikirləri
üçün təşəkkür edirəm. Deyəsən,
bizim bu qalmaqal elə ancaq qarşılıqlı təşəkkürlərdən
ibarətdir. Əleyhdarlarımdan biri acı-acı etiraf edir
ki, illər boyu məndən yazmasına baxmayaraq, üç
tək-bir cüt curundan başqa kimsəni inandıra bilməyib.
Yazıq. Axır cəhdlərinin boşa
çıxdığını dərk edib qərara gəlib
ki, daha məndən yazmasın. Amma elə səhərisi
gün dolu qəlbi dözməyib başqa qəzetdə
yazıb ki, “Mən artıq onun (yəni mənim, Anarın)
qıcıq olduğu (qıcıq olduğu nə deməkdir,
Allah bilir, bir də bu yazını yazan), məqamları
müəyyənləşdirdim (əhsən, min əhsən!)
Onları təkrar-təkrar yazacam”. Yazacaq, ya yazmayacaq, hələ
ki, özü də bilmir, amma məsələ ondadır ki, mənim
“qıcıq olduğum məqamları” axır ki, tapıb.
Cavan, ya o qədər cavan olmayan ömrünü
“anarşünaslığa” həsr edən adamın get-gedə
püxtələşməsi, yeni-yeni məqamlar kəşf
etməsi məni sevindirir. Zarafatı buraxıb, tam ciddi deyirəm,
mənim bu adamlara yazığım gəlir.
Yazığım gəlir ki, həyatlarının yeganə
sevinci kiminsə qanını qaraltmaq, kiminsə təzyiqini
qaldırmaq, şəkərini artırmaqdan ibarətdir, ən
yüksək amalları kiminsə ad gününü burnundan
tökməkdir. Yenə ciddi deyirəm, bir də ona
yazığım gəlir ki, bunların dünyasında ən
böyük kef demə Kislovodska, ya Yesintukiyə getməkmiş,
bu “kefi” heç cür bağışlaya bilmirlər
“altmışıncılara”.
Birisi ağlayıb-sızlayır ki, “qəzetlərdən qovula-qovula, heç kəsə heç nə izah edə bilməyə-bilməyə, aşağılana-aşağılana illər boyu “aqrar düşüncəylə” mübarizə aparıb. Görünür, “aqrar” sözünün mənasını bilmir. Azərbaycan dilinin izahlı lüğətinə baxsın, “aqrar – torpağa, əkinçiliyə aid olan” deməkdir. Anar dura-dura bu biçarə illər boyu əkinçiliklə niyə mübarizə aparır? Anara aid planları da maraqlıdır “Biz onu qəhrəman kimi ölməyə qoymayacayıq” – deyir. Əzizim, əvvəla kimin haçan və necə ölməsi Allahın əlindədir, ikincisi də qəhrəman kimi ölmək bir yana dursun, sənin kimilərlə bir vaxtda yaşamaq və buna dözmək özü elə qəhrəmanlıq deyilmi?
– Anar müəllim, bəs dediklərində cüzi də olsa bir doğru məqamlar yoxdurmu?
– Olsaydı, nə dərdim vardı? Bir
yazıçı xanım da “Yeni Müsavat” qəzetinin iki
nömrəsində məndən yazıb. Birincisi onu deyim ki, “Yeni Müsavat”
anarfobiyada “Azadlıq”a çatmaz. “Azadlıq”da məni hər
gün sancırlarsa, “Yeni Müsavat”da bu savab işi həftədə
bir dəfə edirlər.
“Dil
dolaşıb düzün deyər”, əgər çox nadir
hallarda “Azadlıq”da, ya “Yeni Müsavat”da bir namuslu jurnalistin mənim
haqqımda obyektiv yazısı çıxırsa, dərhal
onun özünün üstünə düşürlər,
o da abrına qısılıb, ya da şantajdan qorxub susur,
cavab vermir. Demokratiya, fikir müxtəlifliyi budursa, onda mənəvi
terror, qanqster üsulu necə olur görəsən?
O ki
qaldı həmin xanıma, mən onu doğrudan da
yazıçı sayıram. Hadisələri düzgün
qiymətləndirə bilmədiyi köşə
yazılarına görə yox, oxuduğum iki-üç hekayəsindən
aldığım xoş təəssürata görə onu
yazıçı hesab edirəm. Fikrət Qoca çox
mülayim şəkildə bu cavan xanıma məsləhət
görmüşdü ki, gələcəkdə xəcalətini
çəkəcəyi yazıları yazanda bir az
düşünüb-daşınsın. Amma kimə deyirsən?
Əvvəllər əleyhimə yazdıqlarını qoyuram
bir yana (amma gələcək üçün
hamısını saxlamışam), elə son günlərdə
“Yeni Müsavat”da “Özünü basdıran adamlar”, “Anara vida
məktubu” adlı yazıları çıxıb. Adamı
bir dəfə basdırırlar, bunlar bizi neçə dəfə
basdırıblar, neçə dəfə vidalaşıblar
bizimlə? Heç cür basdırıb qurtara bilmirlər,
heç cür vidalaşıb əl çəkmirlər.
Xanım yazıçı da kişi həmfikirlərinin
metoduna əl atır, mənim demədiyim sözləri
adıma yazır, sonra özü uydurduğuna özü irad
tutur. Mənim adımdan yazır “Qrant alanlar, ölkədəki
inkişafı bəyənməyənlər”. Guya dırnaq
arasında verdiyi bu sözlər mənim “Daşlamam”dır.
Götürüb bir də oxusun həmin “Daşlama”nı, əgər
orda inkişaf haqqında bir söz tapsa, mən bu xanımdan
üzr istəmyə hazıram. Tapmasa (tapmayacaq da!) onun məndən
üzr istəyəcəyinə inanmıram. İndiyəcən
hansı təkzib olunmuş yalanlara görə üzr istəyiblər
ki...
– Anar
müəllim, amma bu dəstədən olmayan bəzi
tanınmışlar da, məsələn, Əkrəm Əylisli
və Aqil Abbas sizin şeirinizdən narazıdırlar, gərək
Anar bunu yazmayaydı deyirlər.
– Köhnə
palan içini tökmək istəmirəm. Amma indi mənə
qarşı yazanların bir çoxu bir vaxtlar
hücumlarını elə vaxtiylə Aqil Abbasın redaktə
etdiyi qəzetdə çap etmirdilərmi? Sonra Aqil dəfələrlə
mənə peşman olduğunu deyib. Tutalım mən bu
üzrxahlığın səmimiyyətinə inandım. Amma
məgər Aqil Abbas, ya Əkrəm Əylisli, ya başqa
susub səsini çıxarmayan “dostlarım” mətbuatı
izləmirlər, illər boyu mənə qarşı, ailə
üzvlərimə qarşı ən çirkin, ən iyrənc
atmacalardan xəbərsizdirlər? Niyə bir dəfə mətbuatda
buna münasibət bildirməyiblər? Belə yerdə “Yəqin
belə yazılar onların da ürəyindəndir” deyə
düşünməyib neyləyəsən? İyirmi-iyirmi
beş il bir vəzifədə qalanlar da var, iyirmi-iyirmi beş
il bu vəzifələrin xiffətini çəkənlər
də... Yaxud mənə deyirlər ki, internetdəki tərəfdarlarımın
bəziləri də mənim şeirimdən narazıdır,
bəs mənə qarşı yazılanlardan necə,
razıdırlar? Razı deyillərsə, onlara haçan
münasibət bildiriblər? İllər boyu özlərini
görməməzliyə, eşitməməzliyə qoyublar,
indi nə üzlə mənə irad tuturlar? Gündə qətrə-qətrə
zəhərləndiyimi görən xeyirxahlarım nəyi
gözləyirlər, gözləyirlər ki, bu zəhərlər
haçan axırıma çıxacaq, bunlar da dəsmal
çıxarıb üstümdə ağlayacaqlar? “Heyf qədrini
bilmədik, heyf qoruya bilmədik” qəbilindən riyakar nitqlər
kimə gərəkdir?
O ki qaldı
özü demiş, “köhnə dostum” Əkrəm Əylisliyə,
yeri gəldi-gəlmədi ədəbi vicdandan dəm vuran Əkrəmin
öz hücumları bir yana dursun, mənim kimi onun
özünü də bəyənməyənlərin həyasız
yazılarına bircə dəfə etiraz edibmi? Axı, son
vaxtlarda mövqeyini 180 faiz dəyişənə qədər,
onun özünü də mənə və ümumən
altmışıncılara qatıb söyürdülər. Yəqin
bu prinsiplə cavab vermirdi ki, “qoy ara-sıra mənə də
sataşsınlar, təki Anarı hər gün sancsınlar.
“Altmışıncılardan” ən çox hucümlara məruz
qalan mən olsam da,o biriləri haqqında da hərdən-birdən
ən təhqiramiz ifadələr işlədilir. Fikrət
Qocadan başqa hansı buna reaksiya verib? Ya Anarın
vurulmasından ləzzət çəkirlər, ya da sadəcə
olaraq qorxurlar. “Qoy məni beş dəfə söysünlər,
cavab verməyim, bəlkə insafa gəlib altıncı dəfə
söymədilər” – deyə düşünürlər.
“Onlar kimdir ki,onlara baş qoşasan” fikri də ancaq cəsarətsizliyin
ifadəsidir. Oğrulara,cibkəsənlərə müqavimət
göstərəndə məgər deyirsən ki, onlar kimdir mən
onlara baş qoşum?
“Heç
nə bilmirəm, heç nə görmürəm, heç nə
eşitmirəm” deyə dəvəquşu
davranışıyla yaşaya bilmərəm və nəyin
bahasına olur-olsun, ömrümün axırına kimi bu
sayaq yaşaya bilməyəcəm.
Əkrəm
yazır ki, Anar mənim ümidlərimi doğrultmadı.
Bilmirəm hansı ümidlərini doğrutlamamışam,
onun təki deputat olanda iqtidarçı, deputatlıqdan gedəndən
sonra müxalifətçi olacağımamı ümid bəsləyirmiş?
Amma Əkrəm son iyirmi beş ildə mənim bütün
ümidlərimi doğrultdu. Bilirəm ki, kimlə konfliktə
girirəm-girim, kim mənə hansı haqsız sözü
deyir-desin, Əkrəm həmişə mənim yox, onun tərəfində
olur və olacaq. Mən Əkrəmdən incimirəm, o da məndən
inciməsin. Əkrəm mənə dönük
çıxanların nə birincisidir, nə
axırıncısı. Bu da bir taledir görünür, kimə
yaxşılıq etmişəmsə, bir müddət sonra
onlardan bəziləri (əlbəttə, hamısı yox!) məndən
bunun hayıfını çıxıb. Kimisi karyerası
üçün, kimisi tamahına görə, kimisi həsəddən,
kimisi kiməsə yarınmaq üçün, kimisi də elə-belə
“muşğulatçün” üz döndərib.
Əkrəm
“Daşlama”mı zəif hesab edir. Etirazım yoxdur. Vaxtilə
köhnə dostum Əkrəm mənim haqqımda iri bir həcv
yazmışdı və əlyazması şəklində
“26-lar bağın”da keçib gedənlərə
paylayırdı. Bu həcv doğrudan da, minillik Azərbaycan
şeirinin ən yüksək zirvələrindən biriydi.
Onun bu şedevri hara, mənim şeirim hara?
– İndi
nə üzərində işləyirsiniz?
– Vacib
yaradıcılıq işlərim var, əl-ayağıma
dolaşmasalar, onları yazıb bitirməliyəm. Odur ki,
internetdə də, mətbuatda da əleyhdarlarıma atəşkəs
elan edirəm. Atəşkəsi pozsalar, cavab atəşiylə
susdurulacaqlar.
AZAD
525-ci qəzet.- 2012.- 21 aprel.- S.8.