Şair Qəşəm İlqarın “Üfüqdən Qüruba” kitabının təqdimatı olub

 

Aprelin 20-də Mirzə Ələkbər Sabir adına kitabxanada “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə şair-publisist Qəşəm İlqar Ruhdaşın 70 illik yubileyi və “Üfüqdən Qüruba” adlı kitabının təqdimatı keçirildi. Kitabdakı şeirlər 6 bölmədə – “Qara mənim, ag mənim”, “Satirik qələmlə”, “Daha sevə bilməyəcəyəm”, “Qəzəllər,rübailər,bayatılar”, “Xəstə günlərimin gündəliyindən səhifələr”, “İthaflar” başlıqları altında təqdim olunur. Tədbiri İctimai Birliyin rəhbəri Tofiq Əlizadə açaraq, şairi doğum günü və yeni kitabının oxuculara təqdim olunması münasibətilə təbrik etdi. O, Qəşəm İlqarın yaradıcılığını izlədiyini, şeirlərindəki vətənə, xalqa, torpağa bağlılığı yüksək qiymətləndirdiyini, şairi dəyərli ziyalı hesab etdiyini bildirdi.

M.Ə.Sabir adına kitabxananın direktoru Gülşən Abbasova tədbir iştirakçılarını salamladı və Qəşəm İlqarın yaradıcılığından danışıb, ona yeni nailiyyətlər arzu etdi.

“Kredo” qəzetinin baş redaktoru, yazıçı Əli Rza Xələfli qiymətli söz sahiblərini yalnız keçmişdə axtarmağın düzgün olmadığını , onlarin bizim zəmanəmizdə də yaşadıqlarını bildirdi. Bu baxımdan o, Qəşəm İlqar Ruhdaşı zəmanənin dəyərli söz adamları sırasında gördüyünü vurğuladı: “Qəşəm İlqar açıq alınla “Mən də bu dünyada yaşamışam” deməyə haqqı olan insandır”.

Tədbirin bu məqamında yubilyar şair onun haqqında səsləndirilən fikirlərdən təsirləndiyini bildirdi və “Dünyaya gəlişim nahaq deyilmiş” şeirini söylədi.

 

...Kiminsə qəlbinə iz salmışamsa,

Kiminsə dərdindən hal olmuşamsa,

Kiminsə qəlbində mən qalmışamsa,

Dünyaya gəlişim nahaq deyilmiş.

 

Həkim, şair Şahlar Baba Qəşəm İlqarla 40 ilə yaxın dostluq etdiyini, onu ləyaqətli insan, əvəzolunmaz dost kimi tanıdığını bildirdi və şairə həsr etdiyi şeiri söylədi.

Jurnalist Cəmaləddin Dostəli də yubilyar barədə fikirlərini bölüşdü.

“Üfüqdən Qüruba” kitabının redaktoru İşıqlı Atalı şairi təbrik etdi, onun həm şair, həm də insan kimi üstün cəhətlərindən söz açdı: “Qəşəm İlqar anadan saf doğulub. Onda sözlərə can vermək kimi hər kəsdə olmayan istedad var. Hər zaman halallıqla yaşayan, Azərbaycan mənəviyyatına dərindən bağlı bir insandır”.

Qəşəm İlqarla tələbə vaxtlarından tanış olduğunu deyən musiqiçi Oqtay Hacıyev şairin şeirinə bəstələnmiş “Hara tutaq uzumuzumahnısını ifa etdi.

Qonaqlardan Aqşin İbrahimov, Tural Salmanov da yubilyarla bağlı ürək sözlərini dedilər, ona xoş arzularını çatdırdılar.

Sonda şairin özünə söz verildi. Qəşəm İlqar qonaqlara təşəkkürünü bildirdi, yaradıcılıq planlarından danışarkən növbəti kitabından bəhs etdi, yeni nəşrinXatirələr limanı’’ adlanacağını dedi.

 

 

Röya VƏLİYEVA

 

525-ci qəzet.- 2012.- 24 aprel.- S.7.