Mədəniyyət və İncəsənət Universitetinin layiqli övladı

 

90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti təşəkkülü boyu təmsil etdiyi xalqın mədəniyyətinin bir sıra sahələrini özündə birləşdirmiş, çoxlu sayda fakültə və kafedraların yaradılmasına, ixtisasların açılmasına nail olmuşdur. Hələ 1962-ci ildə “Dram və kino aktyorluğu” fakültəsinin tərkibində “Musiqili teatr aktyorluğu” şöbəsinin açılması ilə əlaqədar institutda “Vokal” kafedrasının təşkilinə də ehtiyac olduğu meydana çıxdı. Hərçənd ki, “Musiqili teatr aktyorluğu” şöbəsinin məhz Dövlət Konservatoriyasının nəzdində yaradılmasına cəhd göstərilirdi, ancaq o zamankı Teatr İnstitunun rəhbərliyinin təkidi ilə həmin fakültənin Azərbaycan Teatr İnstitutunda açılmasına icazə verildi. Beləliklə, elə həmin il vokal pedaqoqlarından A.Milovonov, İ.Lvoviç, musiqi nəzəriyyəçisi N.Kərimova, bəstəkar Ş.Axundova, pianoçu G.Əliyeva kimi sənətkarların iştirakı ilə belə bir kafedra yaradıldı və “Musiqili teatr aktyoru” şöbəsinin ilk qəbulu baş tutdu.

Bu gün yaranmasının 50 illiyini qeyd edən “Vokal” kafedrası zaman-zaman Azərbaycan musiqi dünyasına onlarla görkəmli ifaçılar bəxş etmişdir. Sevindirici haldır ki, müasir vokal ifaçılığının ən qabaqcıl nümayəndələri bu gün də öz doğma evləri bildikləri ADMİU-nu unutmur, onun auditoriyalarında gənc nəslə bilik və səriştələrini həvəslə öyrədirlər. Universitetin geniş foyesində kafedranın yaradılmasının 50 illiyi münasibəti ilə keçirilən təntənəli mərasimdə bunun bir daha şahidi olduq. ADMİU-nun “Elm və yaradıcılıq” işləri üzrə prorektoru, professor M.Manafovanın təşəbbüsü ilə təşkil edilən təqdimat mərasimini giriş sözü ilə açan kafaedranın müdiri, Azərbaycanın Xalq artisti, professor Azər Zeynalov kafedranın tarixi, buranı bitirən sənətkarlar, ADMİU-nun 90 illiyinə hazırlaşmalarından ətraflı danışdı. Daha sonra sözü kafedranın sənətkar-pedaqoqlarına verdi. Yox, onlar öz sözlərini məruzə, nitq halında deyil, ifaları, oxumaları ilə dedilər. Bu isə əsl bayrama, şouya, mötəbər musiqi paradına bənzəyirdi. Burada iştirak edən tamaşaçılar tenorun da, metso sopranonun da, dramatik sopranonun da klassik nümunələrinin şahidi oldular. İradə Xəlilovanın, Yaqut Abdullayevanın, Əli İbrahimovun, Zenfira İsmayılovanın, Qərinə Kərimovanın Azərbaycan və Avropa bəstəkarlarından oxuduqları vokal nümunələri dinləyiciləri sözün əsl mənasında ovsunladı.

Yubiley mərasiminin sonunda çıxış edən ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev rəhbərlik etdiyi təhsil ocağında oxuyan tələbələrə məhz belə mötəbər sənətkar-pedaqoqların dərs deməsindən qürur duyduğunu bildirdi və yaxın günlərdə onların bəzilərinə professor və dosent vəzifələri veriləcəyi ilə müjdələdi.

Mərasim “Vokal kafedrası” nın müəllimlərinin böyük ustalıqla birlikdə oxuduqları Tofiq Quliyevin “Sevgi valsı” ilə sona yetdi.

 

 

İntiqam

 

525-ci qəzet.- 2012.- 24 aprel.- S.7.