Zərdüşt
Şəfizadənin “Başqa
adamlar”ının yaratdığı düşüncələr
Azərbaycan
ədəbiyyatı çoxəsrlik, zəngin tarixi
keçmişə malikdir. Bu ədəbiyyat illərin
sınağından qətrə-qətrə
süzülüb gələrək öz imzasını
dünya ədəbiyyatında qoruyub saxlayır. Söz sənəti
həmişə yüksək qiymətləndirilib, əziz
tutulub. Bədii ədəbiyyat hadisələri, insan taleyini,
onun hiss və düşüncələrini daha əhatəli,
mükəmməl ifadə edir. Bədii söz sənətkara
incə mətləbləri, ən mürəkkəb ziddiyyətli-ictimai
münasibətləri yerli-yataqlı əks etdirməyə
imkan verir. Ədəbiyyatımız humanizmi, insan gözəlliyini,
dərin ictimai mətləbləri əks etdirməsi ilə
seçilib, elə buna görə də dünya şöhrəti
qazanıb.
Nəsillər bir-birini əvəz edir. Hər nəsil bu söz xəzinəsindən
dürr kimi parlayan sədəf seçir, öyrənir və onu yeni
töhfələrlə daha
da zənginləşdirib
gələcək nəsillərə
ötürür.
“Başqa adamlar”
adlı ilk kitabı ilə oxucuların görüşünə gələn
Zərdüşt Şəfizadə
də ədəbiyyat
aləmində hələ
ilk kövrək addımlarını
atan gənc yazıçılarımızdandır. Kitabdakı hekayələri
oxudum və təəssüratlarımı bölüşmək ehtiyacı
duydum.
Ədəbiyyatımızda silsilə hekayə yazmaq ənənəsi M.C.Paşayevin “Ötən
günlər”, M.İbrahimovun
“Cənub hekayələri”
silsilələrindən bizə
tanışdır. Gənc ədib
də bu ənənəyə sadiq
qalaraq böyük sənətkarlarımızdan qaynaqlanıb,
oxuculara verdiyi ilk müjdəsində bu ənənəni davam etdirib.
Kitaba “Başqa
adamlar”, “Başqa zamanlar”, “Günlərin bir günü” başlıqları altında
silsilə hekayələr,
bir ssenari və esse daxildir.
Müəllif kəskin süjetli, bəzən isə lirik-sentimental üslubda qələmə aldığı
hekayələrdə həyata,
insanlara, keçib gedən zamana olan münasibətini, duyğularını ortaya
qoyur.
Gənc
ədibin mövzuca bir-birinə bənzəməyən
əlvan məzmunlu, insanı düşündürən,
narahat edən hekayələrində həyat
birrəngli və birmənalı deyil, müxtəlif sahələri,
əxlaqi-tərbiyəvi motivləri,
həyat hadisələrini,
bəzən biganəlik,
aclıq və çatışmazlıq, hətta
öldürməklə bundan
ləzzət alan, bəzən də adi əhvalatları,
dərin mətləbləri
aktual və gərəkli hadisələri
ilə tədqiq edir.
Adından da göründüyü kimi kitaba daxil
olan hekayələrin əsas tədqiq və inikas obyekti, hər şeydən əvvəl insandır, onun mənəvi dünyası,
fikri-hissi həyatı,
mübarizə və fəaliyyətidir.
Məncə, gənc ədib
obrazların, xarakterlərin
canlı və real çıxması üçün
öz var qüvvəsini sərf etmiş və buna nail ola
bilmişdir.
Müəllifin realist qələmlə canlandırdığı surətlər
bir-birinə oxşamır,
hərənin öz daxili aləmi, həyata öz baxışı, öz təfəkkür tərzi,
orijinal xarakteri, bu xarakteri fərdiləşdirən
və ümumiləşdirən
keyfiyyətləri var. İstər
müsbətin təsdiqində,
ona yol açılmasında,
istərsə də mənfinin inkarında, onun aradan qaldırılmasında
müəllif düzgün
prinsiplərə arxalanmağa
çalışmışdır. Elə ilk hekayəsinin ilk cümləsində
insan xarakterindəki kəskinlik oxucuda maraq doğurur və onu əsərin
sonrakı gedişatını
izləməyə vadar
edir.
“- Heç öldürdüyün
insanlara yazığın
gəlməyib ?
– Yox.
– Niyə ?
– Bilmirəm. Heç ağlına gəlib canavardan soruşasan ki, o qabağına keçən hər şeyi niyə parçalayır ?
– Canavar onları yeyir, ona görə
də canavara parçalamaq ləzzət
edir.
– Bax bu da
mənə ləzzət
verib...”
Gözlənilməz sonluq, qeyri-adilik! Budur gənc ədibin metodu, fəlsəfəsi!
“Sonuncu çiçək dükanı” hekayəsində
isə ədibin oxucuların diqqətini tarixə – 1990- cı il 20 Yanvar
hadisələrinə yönəltmək
cəhdi aydın hiss olunur. Ənənəsinə
sadiq qalan Z.Şəfizadə hekayəni
belə başlayır : “O müdhiş gecənin sabahı bütün çiçək
dükanları bağlandı”.
“Müdhiş gecə
“ ifadəsi isə bizə artıq 1990-cı il 20 Yanvardan sonra tanışdır. “Sonuncu çiçək
dükanı” hekayəsi
Bakının – faciə
şəhərinin təsviridir.
Bu faciə şəhərin
sakinlərini birləşdirir.
Hüznün böyüklüyü çiçəksatanların da
birləşərək o gün
öz mağazalarının,
istixanalarının qərənfillərini
yollara səpməyə,
dərdli, hüznlü
insanlara paylamağa şövq etmişdir.
Gözdən uzaq bir binanın zirzəmisində,
ancaq öz ikiotaqlı torpaq və soxulcan qoxan mənzilində yetişdirdiyi gülləri
satmaqla çörək
pulu qazanan qoca, şəhərin bu dərdli günündə, özü
də dərd içində boğula-boğula
çiçək dükanını
bağlamağa gücü
çatmır. Lakin qoca
gülsatan bu məşum günlərdə
dükanı açmağının
günahını bəslədiyi
çiçəklərin qanadlarını, budaqlarını
qırmaqla yumaq istəyir. Onların gözəlliyini korlayır. Onları dükanın dalda
yerinə yığır.
Ancaq nə edirsə, dükan daha gözəl görünür.
Qocanın alveri qalxdıqca
insanların kədərindən
pul qazandığını
düşünərək utanır. Yenə də hekayədəki ideya : tərəddüdlər, peşmançılıqlar.
Çiçəklər insanın həm sevincini, həm də kədərini ifadə ediblər. İnsanlar toya
da çiçək
aparıblar, qəbir üstünə də, ad
gününə də,
xəstə yanına
da. Doğurdan da çox fəlsəfi və düşündürücü fikirdir.
“Qarışqa adam”
hekayəsində nə
pəncərəsi, nə
doğru-düzgün işıqlanması
olan otaqda qaçqınlarla bərabər
yaşayan bu kiçik qəhrəmanın
amalı hər kəsdən xəlvəti
peraşki satmaqla yığdığı pula atasını
müalicə etdirməkdir.
Lakin hər gün peraşki satarkən üzləşdiyi haqsızlıqlar
onu mənən əzir.
Hekayələrinin mövzusundan gənc ədibin kənd həyatına yaxından bələd olduğu və bunu sevə-sevə
qələmə alması,
düzgün təhlil
çıxarması, buna
biganə qalmaması
“Bekarçılıq” hekayəsində
də aydın hiss olunur. Bekarçılıqdan, heç bir dəyərli işlə məşğul olmayan, qocaman şabalıd ağacının altında,
onun asfalta dəfələrlə girib-çıxan
köklərinin üstündə
oturmuş, siqareti- siqaretə calayaraq zamanlarını keçirməyə
çalışan bir
qrup gənc də ,”ZİL” maşının
vurub asfaltın üstünə atdığı
camışın necə
can verməsinə tamaşa
edə-edə yeni bir mövzu taparaq xısınlaşırdılar.
Yenə də biganəlik, məsuliyyətsizlik,
laqeydlik... Gənc ədib heç
bir geniş açıqlama, izahat və təsvir vermədən oxucunun ixtiyarına buraxır bu səhnəni. ”Cavanlar bir-biri
ilə heç bir kəlmə də danışmadan qəfil ayağa qalxaraq cəmdəyə doğru yönəldilər.
Bədbəxt camışın cəmdəyi indi də yenə asfaltın tən ortasına uzadılmış
halda hövbəti zərbələri gözləyirdi”.
“Qarışqa adam
“və “Xanın ölümü” hekayələri
bir növ bir-birini tamamlayan, məzmunca bir-birinə yaxın hekayələrdir.
“Əppək” deyə-deyə sızlayan
və “Əppək ağacının çiçək
açdığı” anda
heç kəsə xəbər eləmədən
ölən Xanbalanın
acı taleyi də oxucuda təəssüf hissi doğurur.
Yazıçının fəlsəfi düşüncələri
esselərində xüsusilə
qabarıqdır. Burada yaşamaq, həyat,
yazmaq barədəki təsəvvür və düşüncələrin qələmə
alınması oxucuda daha çox maraq doğurur, insanı fikirləşməyə
sövq edir.
Gənc yazar, hələ ömrünün ilk baharını
yaşayan, adında da, soyadında da tariximizdən nişanlar daşıyan Zərdüşt Şəfizadə
istedadı, yaradıcılığı
ilə bir gün özü də tarix yazanlar
sırasında olacaq. Əminəm ki, onun ilk uğuru
gələcəkdə daha
böyük nailiyyətlərlə
əvəzlənəcək.
Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər R.Yusifov
adına
texniki fənlər təmayüllü
tam orta
məktəb-liseyin dil-ədəbiyyat
müəllimi
525-ci qəzet.- 2012.- 24 aprel.- S.7.