“Varlı qadın”ın Özbəkistan
premyerası
Özbəkistan
informasiya agentliyi “Uzinform”un verdiyi xəbərə görə
Y. Şəkərcanov adına Fərqanə Vilayət Musiqili
Dram və Komediya Teatrında Əli Əmirlinin məşhur
“Varlı qadın” komediyası əsasında
hazırlanmış eyni adlı tamaşanın premyerası
baş tutub.
Tamaşanın
quruluşçu rejissoru Özbəkistanın xalq artisti,
dövlət mükafatları laureatı Muhammadsoli Yusupov
tamaşada “hansı dövrdə, hansı quruluşda və
şəraitdə yaşamasından asılı olmayaraq insan
ümumbəşəri dəyərlərə və humanizm
prinsiplərinə sədaqətli olmalıdır” fikrini
qabartmağa çalışıb.
Pyesin
süjeti sadədir: kasıblıq həddinə
çatmış ailə birdən-birə varlanır, nəticədə
mənəvi dəyərlər çox böyük sürətlə
iflasa uğrayır, ailə ənənələri
dağılmağa başlayır. Pyesin maddi cəhətdən
varlanmış qəhrəmanları mənəviyyatca
müflisləşirlər.
Tamaşanın
baş qəhrəmanını oynamaq teatrın aparıcı
aktrisası Məlahət Toirovaya həvalə edilib. Qalan
rollarda isə Ədhəm Kirgizbəyov, Akmal Mirzəyev, Əlişir
Qafurov çıxış edirlər. Rejissorun fikrinə
görə tamaşanın epataj obrazlarından olan Pəhləvan
rolunda Özbəkistanın Əməkdar artisti Xolmat
İkromovun oyunu çox təsirlidir.
Qeyd edək
ki, Ə.Əmirlinin bu komediyası 2008-ci ildə M.Vohidov
adına Tacikistan Dövlət Gənclər Teatrının
ifasında Alma-Atada Orta Asiya ölkələrinin ll Beynəlxalq
Teatr festivalında iki nominasiya üzrə qızıl medala
layiq görüləndən sonra Orta Asiya
respublikalarının və Dağıstanın səkkiz
teatrında rus, qazax, qırğız, tacik, kumık, ləzgi
və özbək dillərində tamaşaya qoyulub.
“Krımskaya pravda” qəzetinin verdiyi xəbərə görə
“Varlı qadın” hazırda Krım Muxtar Respublikasının
paytaxtı Simferopol şəhərində Akademik Krım-Tatar
Musiqili Dram Teatrında tamaşaya hazırlanır.
HÜSNİYYƏ
525-ci qəzet.-
2012.- 25 aprel.- S.7.