Qara dənizin sevdalısı
ƏHMƏD CAVAD – 120
Azərbaycan şairı Əhməd
Cavadı Türkiyədə çox sevirlər, çox istəyirlər.
Şairin “Çırpınırdın, Qara dəniz (yaxud
“Yol ver türkün bayrağına”), “Al bayrağa”,
“İstanbul”, “Göygöl”, “Osmanlı ordusuna” və digər
şeirləri burada dillər əzbəridir. Azərbayçan
Prezidenti İlham Əliyevin “Əhməd Cavadın 120 illik
yubileyinin keçirilməsi haqqında” sərəncamı
Ankarada da rəğbətlə
qarşılanmışdır. Azərbaycanda olduğu kimi, Əhməd
Cavad bu günlər türkiyəli yazarlar arasında,
universitet, institut, kollec, kitabxana və orta məktəblərdə
daha tez-tez anılır, şairin şeirləri, həyat və
yaradıcılığı ilə daha ətraflı
maraqlanırlar. Bu mənada Bakıda, yubileyqabağı nəşr
olunan “Əhməd Cavadın yaradıcılıq yolu”
kitabı əlimizdən tutmuş, Əhməd Cavadsevərlərin
stolüstü kitabına çevrilmişdir.
lll
Azərbaycanın nüfuzlu mətbu
orqanı olan “Azərbaycan” qəzetinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru Rəhman
Salmanlı türk milləti üçün canını fəda
edən, Qara dəniz sevdalısı,
“Çırpınırdın, Qara dəniz” şeiri ilə,
mahnısı ilə dillər əzbəri olan türk
dünyasının yetirdiyi nadir insanlardan olan şair Əhməd
Cavad Axundzadə haqqında “Əhməd Cavadın
yaradıcılıq yolu” adlı dəyərli kitab çap
etdirmişdir. Əsəri yüksək dəyərləndirən
və çapına xeyir-dua verən “ön söz”ün müəllifiAzərbaycan
MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,
mərhum akademikBəkir Nəbiyev,elmi redaktoru filologiya elmləri
doktoru, professor Şamil Vəliyevdir.
Ə.Cavadın həyat və
yaradıcılığı haqqında bu kitab ölməz vətən
şairi Cavad bəyin məşəqqətli günlərinə
işıq tutur. Əsər Əhməd Cavadın həyatı,
poeziyasının ideya istiqaməti, əsərlərinin sənətkarlıq
xüsusiyyətləri, ön söz, giriş və nəticədən
ibarət olmaqla eyni zamanda müxtəlif jurnal və qəzetlərdə
çap olunmuş məqalələri əhatə edir. Əsərin
müəllifi R.Salmanlı Əhməd Cavad haqqında bu
kitabı yazmaqla üzərinə məsuliyyətli və
şərəfli bir iş götürmüşdür. Tədqiqatçı
Azərbaycan və Türkiyədə arxivləri
araşdırmış, Ə. Cavad haqqında hər iki
ölkədə nəşr olunmuş çoxsaylı əsərləri
nəzərdən keçirmişdir. Bu məqalədə əsərin
yalnız bir hissəsindən –Əhməd Cavadın həyat
yolundan danışacağıq, çünki bu hissə Ə.Cavad
haqqında doğru olmayan bəzi araşdırmalara
aydınlıq gətirir. Təbii ki, türk millətinin
yetişdirdiyi nadir sənətkarlar – Nizamı, Yunus,
Mövlana, Nəsimi, Füzuli, Məhmət Akif Ərsoy, Nazim
Hikmət, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl
Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Məmməd Araz...bu millətə, xalqa məxsusdur.
Amma Əhməd Cavadı Türkiyədə eyni adı
daşıyan bir elm adamı ilə
qarışdırmaqyaxşı deyil. Hər kəs
gördüyü işlə tanınacaq. Bu barədə bir qədər
sonra...
Əhməd Cavad haqqında bu kitabın
şairin daha geniş, ətraflı şəkildə
tanınmasında böyük rolu var. Xüsusilə Türkiyədə.
Həqiqətən, canımız Anadoluda Əhməd Cavada
böyük bir sevgi var. Əhməd Cavadı sevənlər vətən,
millət fədailəridir. Biz də bunu nəzərə
alaraq Əhməd Cavad haqqında bilinməyənləri
onların diqqətinə çatdırmaq istəyirik.
Deyirlər ki, dərd çəkmək
ən yaxşı insanların nəsibidir. Həqiqətən,
belədir.
Əhməd Cavadın bu həyatda nəsibi
dərd-kədər oldu. Döyüşə-döyüşə
qazandığı xoşbəxtliyinin ömürü
çox qısa oldu.
1892-ci ildə Azərbaycanın Gəncəbasar
bölgəsində, Şəmkir mahalında – Seyfəli kəndində
ruhani ailəsində doğuldu. Şairin babası əslən
Cənubi Azərbaycandan idi, ərəb ölkələrində
dini təhsil almışdı, ömürünün sonuna qədər
Gəncədə yaşadı.
R.Salmanlının əsərindən
aydın olur ki, Cavad kiçik yaşlarından
ağıllı olması, bacarığıvə
uğurları ilə yaşıdlarından fərqlənirdi.
Yeddi yaşında ikən Quranı-kərimi oxuyur, bir
çox surələri əzbərdən deyirdi. 1900-cü ildə
atası axund Məhəmmədəlinin ölümü ailəni
və kiçik Cavadı pərişan edir... Az sonra, Cavad təxminən
5-6 yaşında olanda anasıYaxşı xanım balaca
Cavadı da götürüb Gəncəyə
köçür. Bu zaman Cavadın ögey qardaşları Məsimlə
Qulu bu ailəni çox mərhəm qarşılayır,
Cavadı doğma qardaşları kimi sevir və münasibət
bəsləyirlər. Cavadın oxumağa, təhsil almağa
böyük marağını görən qardaşlar onu
Şah Abbas məscidinin nəzdindəki məktəbə
qoyurlar. Yaxşı qiymətlərlə oxuduğu
üçün “Xeriyyə” cəmiyyəti ona hər ay yeddi
dinar (qızıl pul) məbləğində təqaüd
verir. O dövrün tanınmış ziyalılarından
Abdulla Tofiq (Abdulla Sur) məşhur şair Abdulla Şaiqə
yazırdı: “Şagirdlərimn içində Cavad adlı
çox bacarıqlı bir gənc var. Mənə oxuduğu
ilk mənzumələri gələcək üçün
böyük ümidlər verir. Dili sadə və gözəldir”.
Ə.Cavad 1913-cü ildə Gəncə müsəlman-ruhani
eminariyasını uğurla bitirir, Qafqaz Şeyxülislamı
Məhəmməd Pişnamazzadəyə imtahan verib “şərəfli
türk və fars dilləri müəllimi” adını
alır. Şair həyatının Gəncə və Şəmkirlə
bağlı olduğunu bir bayatısında belə deyir:
Mən aşiq, Gəncədənəm,
Şəmkirdən, Gəncədənəm!
Əslim, köküm türk oğlu,
Soy-soyadca Gəncədənəm.
Bu
dördlükdə dediyi kimi, ağlı kəsəndən
türklüklə qürur duyan, özünü şərəfli
türk oğlu hesab edən Əhməd Cavad bütün
varlığı ilə Anadoluya, buradakı türk
qardaşlarına bağlı idi. Bunun sübutunu onun
könüllü olaraq Balkan müharibəsinə getməsində
də görürük. R. Salmanlı bunu belə qələmə
alır: “1912-ci il Balkan müharibəsində Avropanın və
Rusiyanın işğalçı qüvvələri vandalizm
siyasəti yürüdürdü. Əsas məqsəd
Osmanlını Şərqi Avropadakı dayaqlarından məhrum
etmək idi. Bu isə türk-müsəlman aləmində
insanların ürəyində türkçülük və
millətçilik duyğularını daha da
alovlandırırdı. Millət, torpaq təəssübü
çəkənlər türk dünyasını
işğaldan qorumaq üçün ayağa qalxdılar. Azərbaycan
türkləri Qafqaz könüllü birliklərinə
yazıldılar və bu könüllülərin içində
gənc Ə. Cavad da vardı. O, yaxın yoldaşları, millət
və torpaq fədailəri – İ.Axundzadə, İ.Əlizadə,
Ə.Əsədulla və digərləri ilə birlikdə
İstanbula gələrək bir əlində silah, bir əlində
qələm Balkan müharibəsinə yollandılar. Bu hadisə
barədə türk alimi, əslən azərbaycanlı olan Sərvət
Gürcan da əsərində yazır: “Qafqaz
könüllü birliyi”nə qatılaraq Trakya cəbhəsində
Anadolu məhmətcik qardaşlarının yanında
döyüşənlərdən biri də Ə.Cavad idi”.
Bu müharibəyə
getməsi Ə. Cavadın ömürünə balta vurdu.
1937-ci ildə DTK-çılar onu dindirərkən Türkiyə
ilə əlaqələrini soruşurlar. Ə.Cavad isə
ölümün gözünə dik baxaraq deyir: “Bəli,
1912-ci ildə Türkiyədə olmuşam, Balkan-türk müharibəsində
türk ordusunda könüllü kimi
döyüşmüşəm”. Balkan müharibəsi
bitdikdən sonra
Yusuf Akçura Ə.Cavada Azərbaycana qayıtmağı və
orada ona böyük ehtiyac duyulduğunu söylədi. Amma
Y.Akçura bilmirdi ki, onu vətənə deyil, vətən
oğullarını addım-addım izləyən, DTK
zindanlarında min bir əzabla öldürən ruslara və
öz anqurtlarımıza qurban göndərirdi.
R.Salmanlının
kitabında tarix səhifələrində qaranlıq
qalmış, bir çox mübahisələrə səbəb
olan məsələlərə də aydınlıq gətirilir.
Onlardan biri də A.Şaiq və Ə.Cavadın birlikdə
Balkan müharibəsinə getməsidir. Həm Azərbaycandan,
həm də Türkiyədən bir çox alimlərin əsərlərini
araşdırdıqdan sonra Rəhman bəy belə bir qənaətə
gəlir ki, Ə.Cavadla müharibəyə gedən A.Şaiq
deyil, onun böyük qardaşı axund YusufZiya Talıbzadədir.
Tədqiqatçı
Əhməd Cavadın adı və soyadı haqqında
müxtəlif fikirləri araşdırır. O əvvəlcə
Əli Saləddinin 1992-ci ildə çap etdirdiyi “Əhməd
Cavad” kitabına istinad edir. Ə.Saləddinin
yazdığına görə, Ə.Cavad təxəllüs
götürərkən “əlif”lə başlayan bir ad
düşünmüş, o zaman “Əhməd
yaxşıdır” deyə qərar vermişdir. Ancaq Rəhman
Salmanlının yazdıqlarından məlüm olur ki bu,
yanlışdır.Əslində Cavad Axundzadə Gəncədə
Şah Abbas məscidi nəzdində Ruhani Seminariyasında
oxuyarkən Türkiyədən Gəncəyə gəlib
Cavada dərs dəyən Savad Cavad (türkiyəli Əhməd
Cavadın qardaşı) Ə.Cavadın həyatında əhəmiyyətli
rol oynamış, ona şeir qaydalarını öyrətmişdir.
Bu zaman da Ə. Cavad müəlliminə hörmət əlaməti
olaraq onun qardaşının adını və
soyadını özünə təxəllüs qəbul
etmişdir.
Böyük
araşdırmaların uğurlu nəticəsi olaraq
R.Salmanlı əsərində sübutlayır ki, istər
Türkiyədə, istərsə Azərbaycanda türkiyəli
dilçi-alim Əhməd Cavad Əmrə ilə şair Əhməd
Cavadı qarışdıranlar da var. Bəziləri
“Çırpınırdın, Qara dəniz” şeirini
dilçi Əhməd Cavadın adına, “Sərf və nəhv”
kitabını isə azərbaycanlı şair Əhməd
Cavadın adına yazırlar. “Xeyr,
“Çırpınırdın, Qara dəniz” şeirini azərbaycanlı
Əhməd Cavad yazıb” deyən R.Salmanlı çox
düzgün olaraq kitabında yazır
ki,”Çırpınırdın, Qara dəniz” şeiri azərbaycanlı
Əhməd Cavadın, “Sərf və nəhv” əsəri isə
türkiyəli Əhməd Cavad Əmrənindir. Biz bu və
digər bu kimi məqamlara R.Salmanlının
araşdırmalarından daha ətraflı və geniş
cavab aldıq.
Ə.Cavadın
həyatının müəyyən hissəsi Türkiyə
ilə bağlı olduğundan burada Türkiyə
üçün əhəmiyyətli tarixi hadisələrlə
rastlaşırıq. Məsələn, 1915-ci ilin yanvar
ayında baş vermiş Sarıqamış hadisəsi burada
dəqiqliklə verilmişdir. Tədqiqatçı yazır
ki, “1915-ci il yanvarın 18-də Osmanlı dövlətinin
tarixinə görünməmiş faciə yazılır.
Sarıqamışa doğru yol alan90 min məhmətcik
bir-birinə sarılaraq buz heykəllərə çevrilirlər.
Bu buz heykəllərin arasında canı bir, qanı bir
qardaşlarına köməyə tələsən yüzlərlə
azərbaycanlı könüllü də vardı” (s. 28).
Ə.Cavad da
1915-ci ildə ikinci dəfə Türkiyəyə gəlir və
Bakıda yerləşən “Azərbaycan Xeyriyyə Cəmiyyəti”
adından Türkiyənin şərqindəki
döyüşdən zərər çəkən insanlara
yardım paylayır. O ağır günlərdə Xosrov bəy
Sultanovun köməkçisi olan Əhməd Cavad əqidə
yoldaşları ilə Qars, Ərdəhan, Trabzon, Ərzurum,
İstanbul və Gürcüstanın türklər yaşayan
bölgələrindəki xalqlara maddi və mənəvi
yardımlar edirdi. R.Salmanlı bu hissədə rusların
Qafqaz cəbhəsini açmasından, Türkiyənin şərq
bölgəsində ruslara arxalanan ermənilərin buradakı
insanların başına gətirdikləri fəlakətdən
ürək ağrısı ilə söhbət
açır. Ermənilər müsəlman kəndlərinə
hücum edərək dinc əhalini qılıncdan
keçirir və bu torpaqlarda rusların əli ilə Ermənistan
dövləti qurmaq istəyirdilər (s. 29).
Rəhman
Salmanlı Ə.Cavad haqqında bu araşdırmasında o
zamanlar türkçülük ideallarını yayan
insanlardan da danışmağı unutmur, çünki bu
insanların arasında türkçülük fikirlərini
dərindən öyrənən, bunları yayanlardan biri də
milli şair Əhməd Cavad idi.
Tədqiqatçı
Ziya Göyalpın, Əli bəy Hüseyinzadənin, Mirzə
Fətəli Axundovun, İsmayıl Qaspıralının, Məmmədəmin
Rəsulzadənin adlarını çəkir (s. 32-34). Ə.Cavad
Türkiyədə müharibə ucbatından çətin
günlər yaşayan insanlara kömək etmək
üçün Azərbaycanın məşhur neft
milyonçusu, xeyirxah insan Hacı Zeynalabdin Tagıyevə
müraciət edir. Tağıyev türk qardaşlarına
yardım edir və Əhməd Cavad 1915-ci ilin martında –
Novruz bayramı günlərində Qars və Ərzuruma gəlir.
O, burada ermənilərin türk millətinə etdiyi zülmləri
göz yaşı ilə seyr edir və bunu şeirində dilə
gətirir:
Ərmağanım
yaslı nəğmə,
Bir quş oldum,
çıxdım yola.
Getdim, gördüm dost elində,
Nə bir səs var, nə bir layla.
Bir yığıncaq gördüm, dedim:
Bəlkə, toydur, qızlar oynar?
Baxdım, ellər batmış yasa,
Nə oynayan, nə gülən var.
Sordum qərib minarədən,
Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə;
Deyən hanı, duyan hanı?
Ə. Cavad Hacı Zeynalabdinin maliyyə dəstəyi
ilə 1916-cı ildə Batumda 2.500 türk uşağı
üçün məktəb açmışdır.
Özü də o məktəbdə dərs deyirdi. 1917-ci ildə
2.500 türk qaçqın və didergini Gəncə və
Bakı ətrafında yerləşdirmişdir. Qars və Ərzurumda
ermənilərin türklərin başına gətirdiyi fəlakət
23 yaşlı şair Əhməd Cavadı dəhşətə
salmışdı. Şair gördüklərini göz
yaşı ilə misralara düzmüşdür:
Ziyafət görmədim, yaslıdır
ellər,
Çoxalmış məzarlar dərdini
söylər.
Talanmış şanələr, yolunmuş
tellər,
Olduğunu gördüm, imdada gəldim.
Qarlarla boyanmış məzlumlar qanı,
Ölənlər çox, fəqət məzarı
hanı?
Ayaqar altında şövkəti,
şanı,
Qalanları görüb fəryada gəldim.
Erməni daşnak dəstələrinin
başçısı olan Lalayan 1936-cı ildi yazırdı:
“Daşnak dəstələri tərəfindən tutulan
türk kəndləri canlı insanlardan təmizlənir,
xarabaya çevrilirdi”. Bunları görən Ə.Cavad fəryad
çəkirdi:
Soranlara, mən bu yurdun
Anlatayım, nəçiyəm:
Mən çeynənən bir ölkənin
“Haqq” bağıran səsiyəm!
Haqq bağıran bu səs rusları, erməniləri
və öz içimizdən olan manqurtları narahat edirdi. Bu
kitabda Əhməd Cavadın ölümü haqqında da
mülahizələr var. Əvvəllər onun DTK tərəfindən
sorğu-suala tutulması və Sibirə göndərilməsi
fikri vardı.Amma oğlu Niyazi Axundzadənin “Atam Əhməd
Cavad” məqaləsində (“Ədəbiyyat və incəsənət”
qəzeti, 2 iyun 1989-cu il) şairin DTK-nın zirzəmisində
döyülərək öldürüldüyü
yazılmışdır. Rəsmi mənbələrdən məlum
olur ki, şair 1937-ci il iyun ayının 4-də həbs
edilmiş, həmin ilin oktyabr ayının 12-dən 13-nə
geçən gecə Bakıda vəhşicəsinə
güllələnmişdir.
Kitabda Ə.Cavadın dünyalar qədər
sevdiyi həyat yoldaşı Şükriyyə xanımdan da
söhbət açılır. Şükriyyənin atası
Süleyman Bejanoğlu idi. Süleyman bəy Batumda
tanınmış adam idi, adlı-sanlı bəylərdən
hesab olunurdu. Şükriyyə ilə şair Cavad bir-birinə
aşiq olurlar. Amma Süleyman bəy Əhməd Cavadı
çox sevsə də, yaxşı şeirlərinə
görə xətrini çox istəsə də”xeyr, mən
şiəyə, qızılbaşa qız vermərəm” (s.
43) deyir. Cavad bəy üçün elçi gedən Əli
Səbri Süleyman bəyə deyir: “Verməzsən, biz də
qızı qaçırarıq”.
Beləcə Əhməd Cavad
Şükriyyəni qaçırıb Gəncəyə gətirir.
Xoşbəxt bir ailə həyatı başlayır,
uşaqlar doğulur. Şairin 16 yaşlı dünya gözəli
qızı Almas həyata əlvida deyir. Bu vaxtsız
ölüm şairi üzür, Almasa şeirlər yazır.
1937-ci ildə DTK şairi həbs edərkən Şükriyyə
xanımı da Sibirə göndərirlər. Şükriyyə
xanım ölən günə qədər qorxu içində
yaşadı – indi DTK gəlib onu aparar. Şükriyyə
xanımın gözləri yolda qaldı, dünyalar qədər
sevdiyi, ona şeirlər yazan, onu canı qədər sevən
Cavadını gözlədi, məzarını istədi ki,
başını daşına qoyub ağlasın. Onu da
çox gördülər Şükriyyə xanıma...
İndi o, sevimli Əhməd Cavadı ilə Azərbaycanın,
Türkiyənin və Batumun səmalarında ağ göyərçinlər
kimi süzür. Bu gün Əhməd Cavadın da,
Şükriyyə xanımın da arzuları gerçək olmuş,
Azərbaycan və Türkiyə “bir millət, iki dövlət”
olaraq qaynayıb-qarışmışdır. Əhməd
Cavad bu günləri görmədi, amma həmişə
arzuladı...
Bir də Əhməd Cavadın həyatını,
əsərlərini diqqətlə araşdırıb
Türkiyə və Azərbaycan oxucularına, xüsusilə Əhməd
Cavad vurğunlarına təqdim edən alim, filologiya üzrə
fəlsəfə doktoru Rəhman Salmanlıya ürəkdən
təşəkkür edirik və deyirik: Əlləriniz var
olsun. Türk millətinə sevginiz için təşəkkür
edirik. Nə qədər ki, millətini sizin kimi sevənlər
var, türk milləti üçün qurban gedən Əhməd
Cavadlar unudulmayacaq...
P.S: Məqalə Ankarada (Türkiyə)
çıxan “24 saat” (5 yanvar 2012-ci il),“Yarın”(9 yanvar 2012-ci
il) qəzetlərində, “Çağri” jurnalında, Tokatda
çıxan “Kümbet” jurnalında (yanvar, 2012-ci il), Kayseridə
çıxan “Erciyes” fikir və sənət dərgisində
(mart, 2012-ci il) çap olunub.
Həmkarımız Rəhman
Salmanlının Türkiyədə geniş əks-səda
doğurmuş “Əhməd Cavadın yaradıcılıq
yolu” kitabı haqqında professor İsa Kayacan və diğər
türkiyəli müəlliflərin məqalələri.
Burdurda çıxan “Burdur” (16 yanvar 2012-ci il),Gimartepdə
çıxan “Zəfər” (14 yanvar 2012-ci il), Yozqatda
çıxan “Sorgün postası” qəzetlərində (21
mart 2012-ci il) dərc edilib, bütün materiallar internet vasitəsilə
yayımlanıb.
Tamella
ABBASXANLI,
Türkiyə,
Əskişəhər Osman
Qazi Universiteti,
filologiya elmləri
namizədi, dosent
525-ci qəzet.- 2012.-
25 aprel.- S.7.