Gözün xəzinəsi
Sufi poeziyasında geniş yayılmış deyimlərdən biri qüdsi hədislə bağlıdır: Bu hadisdə Xaliqin dilindən: “Mən gizli bir xəzinə (kənz-i məxfi) idim. Tanınmaq istədim. İnsanları və cinləri yaratdım ki, məni tanısınlar,” – deyilir. Təbii ki, hədisdə İlahi substansiyanı bildirən xəzinə anlamı qaş-daşla bağlı assosiasiyalar yaratmışdır. Təsadüfi deyildir ki, İbn Ərəbi peyğəmbərlərdən bəhs etdiyi əsərini “ Fusus əl-Hikəm” (Hikmət gövhərləri) adlandırmışdır. Allahın özünü Kənz-i məxfi adlandırması Sufi şerində xəzinə anlamı ilə bağlı olan dürr, gövhər, yaqut, ləl və sairə kimi bənzətmələrə geniş meydan açdı. Gözəlin üz cizgiləri bu cür obrazların istifadəsi üçün çox münasib idi. İnci kimi göz yaşları, mirvariyə bənzər ağ dişlər, lələ bənzər dodaqlar, yanaqlar və bir sıra başqa bənzətmələr Gözəlin poetik vəsfində dönə-dönə müraciət edilən ənənəvi deyimlərə çevrildi. Kəsrəti bildirən göz-yaşları, dişlər və s. müqabilində vahid bir gövhər anlamı da təkrarlanan obrazlardan oldu. Bu anlamın arxasında yaradılışla bağlı başqa bir sufi deyimi – Nur-i Məhəmməd dayanırdı.
Nadir gövhərlə bağlı obrazların qaynaqlar şəbəkəsi geniş olub, qədim miflərdən tutmuş qnostik təlimə, ənənəvi islam ədəbiyyatından tutmuş müxtəlif qeyri-ortodosk, o cümlədən, sufi düşüncəsinə xas deyimlərədək cürbəcür fikir laylarından bəhrələnmişdir. Yunan mifologiyasında mirvari sevgi ilahəsi Afroditanın adı ilə bağlıdır. Qnostisizmdə bu təlimin paralleli olaraq İlkin Mirvarini göstərə bilərik. Bu anlamla İlkin Ruh başa düşülmüşdür. Qədim miflərdə və nağıllarda xəzinələrin, qiymətli daş-qaşın ilan və əjdahalar tərəfindən qorunması badədə rəvayətlər haqqında danışdığımız nəğmədə də əks olunmuşdur; burada dənizin dərinliklərinə baş vurub əjdahanın ağzındakı nadir mirvariyə sahib durmaq əsl igidlik sayılır.
Qnostik ideyalardan bəhrələnmiş Sufi təlimində nadir gövhər anlamının xüsusi əhəmiyyətindən bəhs etməzdən öncə, ümumiyyətlə, İslam ədəbiyyatında Nur-i Məhəmmədlə bağlı deyimləri xatırlatmaq istərdik. İslam ədəbiyyatında Məhəmmədin Allahın xəlq etdiyi ilkin cövhər olması ilə bağlı fikirlər həm ortodoks sünni, həm də müxtəlif məzhəb və təriqət ədəbiyyatında geniş əks olunmuşdur. Bir qayda olaraq Məhəmmədin ilkin substansiyasının digər peyğəmbərlərin zatından əvvəl yaranması göstərilir. Bu məsələ ilə bağlı çoxsaylı hədislərdə deyilir: “Mən yaradılış etibarilə peyğəmbərlərin birincisi, dünyaya göndərilmə baxımından axırıncısıyam.” Məhəmmədin nuru anlamı İslam ədəbiyyatında ilkin başlanğıcın material (nütfəvari) və ruhi substansiyası olmaqla iki şəkildə təqdim olunmuşdur. İlk müsəlman mənbələrinə görə, Məhəmmədin ruhu nütfəvari substansiya şəklində onun dünyaya gəlməsindən çox əvvəl əcdadlarının bədənində daşınmış, Məhəmmədin cismani varlığında reallaşanadək nəsildən nəslə, atadan oğula keçmişdir. Peyğəmbərin atası Abdulla ilə bağlı rəvayətlərdə göstərilir ki, nütfəvari substansiya onun belində olarkən, Abdullanın alnında qəribə bir parıltı yaranmışdı.
İlkin cövhərlə bağlı geniş yayılmış deyimlərdən biri də Nur-i Məhəmmədin dünyanın yaradılmasında ilkin kosmogonok başlanğıc kimi təqdim olunmasıdır. Bu halda onun material hala gəlməsindən öncə uzun illər ruhani bir varlıq, nur, loqos kimi mövcud olması söylənilir. Bu ruhani varlıq illər boyu Allaha səcdə etmiş, sonra Allah həmin nurdan Adəmi xəlq etmişdir. Burada maraqlı bir məqam kimi, göz yaşlarının inciyə bənzədilməsinin arxetipik köklərinin də bu rəvayətlə bağlılığına toxunmaq istərdik. Rəvayət olunur ki, Allah Təala ilkin nurdan bir ovuc götürüb ona sevgi dolu bir nəzər salmış, nur həya təri tökmüş, və hər tər damlasından bir peyğəmbər yaranmaqla yüz iyirmi dörd min peyğəmbər dünyaya gəlmişdir. Klassik poeziyada qətrə-qətrə süzülən göz yaşlarının inciyə bənzəməsi təbii bənzərliklə yanaşı, həm də bu deyimlərin və onlar əsasında yaranmış bədii obrazların şair yaddaşında həkk olunmasından doğur. Konkret olaraq, Füzuli şerində dərd, kədər motivlərinin bolluğu da göz yaşı ilə bağlı obrazların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirirdi. Füzulinin sıx bağlı olduğu şiə ədəbiyyatının əsas qayələrindən biri şəhid imamları ağılamaqdır. Sufizmdə də ağlamaq xüsusi önəm kəsb etmişdir. Sufilər ağlamağın Qurani-Kərimdə mərifətlə, göz yaşları sayəsində haqqın sirlərini bilməklə (Maidə;83) bağlı olmasını əsas tutub ağlamaqla bağlı öz təlimlərini yaratmışlar. Annemari Şimmelə görə, Şərqdə istifadə olunan mürəkkəbin su ilə yuyulması əməl kitabındakı günahların da göz yaşları ilə yuyula biləcəyi fikrini doğurduğundan, bəzi sufilər gecə-gündüz ağlayırmış. Təsadüfi deyil ki, Sərrac Tusi ağlamağın on səkkiz növünü göstərmişdir. Bütün bu amillər öz-özlüyündə kədər şairi olan Füzuli şeirində göz yaşlarının əsrarəngiz vəsflərinə gətirib çıxarmışdır:
Gözlərimdən saçılan qətrey-i əşkim gühəri, Ləblərindən tökülən löle-yi şəhvarə fəda.
Bu beytdə şair birinci və ikinci misralar arasında bir-birinə yaxın iki istiarə (gözyaşı anlamında gövhər; söz anlamında şahlara layiq mirvari) işlətməklə fikir parallelizmi yaradır. Məcazi mənada şair sevgilinin sözünü, səsini eşitmək üçün göz yaşları axıdır. Şeirin irfani mənasında aşiqin kəsrətdən keçib vəhdətə çatmaq istəyi dayanır. Gözəlin ləbindən tökülən löley-i şəhvar ilahı kəlam – loqosdur. Buna çatmaq üçün aşiqin gözlərindən yaşlar saçılır. Amma burada təcəlli anlamına yaxın “saçılır” sözünün işlənməsi ilə, sanki İnsan-Allah, Aşiq-Məşuq sərhədləri Füzuliyə xas bir tərzdə aradan qalxır. Aşiqin göz yaşlarını Məşuqun sözlərinə fəda etməsi ilə bu fərq yenidən nəzərə çarpır və bu yaşlar ağlar sufilərin Haqqa qovuşmaq üçün axıtdığı yaşlara bənzəyir. Başqa bir şeirə nəzər salaq:
Göz ki, peykanın qapub, göydən saçar hər yan sirişk, Bir sədəfdir, qətrey-i barani eylər dürr-i nab.
Oldu əbr-i dud-i ahim pərdey-i ruxsar-i mah. Ah kim,
almaz cəmalından hənuz ol məh niqab.
Burada olduqca dinamik bir səhnə – döyüş səhnəsi
canlanır. Gözün peykanı qapması təşxisdir.
Burada müharibəyə aid “peykan” sözü ilə
bağlı “qapmaq” sözünün işlənməsi yerinə
düşüb döyüş səhnəsinə xas
çevikliyi ifadə edir. Ləff-ü nəşr sənəti
ilə birinci misradakı gözün ikinci misradakı istiarəsi
sədəf, göz yaşınınkı (sirişk) isə
qətrey-i baran (yağış damlası) və dürr-i nab
(saf mirvari)-dir. Göz yaşının bolluğu onu
yağış damcısına, şəffaflığı
isə saf dürrə bənzədir. Mirvari sədəfə
düşən hər hansı bir yad cisim, qum
dənəsi və sairədən yaranır. Amma
görünür, Füzulinin zamanında mirvarinin sədəfə
düşən su damlasından yaranması fikri olmuşdur ki,
bu da ilkin cövhərin su ilə əlaqələndirilməsi
ilə bağlı təsəvvürlərə uyğun
deyimlər doğurmuşdur.
Füzuli şeirində göz yaşının təzadı
kimi alışıb yanan ürəyin odu, alovu,
tüstüsü tez-tez təsvir olunur. Göz,
baxış, görmə ilahi manifestasiya ilə
bağlıdırsa, alov, tüstü hicab anlamı ilə
bağlıdır. Füzulinin
yuxarıdakı şeirində aya bənzər Gözəli
görməyin imkansızlığı, Onun öz
niqabını açıb Camalını göstərməməsi
anlamı ortaya gəlir. Birinci misradakı
pərdə anlamı ilə ikinci misradakı niqab anlamları
fikir assosiasiyası yaradır. Mübaliğəli
bir tərzdə ayın üzünün aşiqin ğöz
yaşları nəticəsində və onun odlu ahının
tüstüsü səbəbindən örtüldüyü
bildirilir.
Çeşmimi əşk ilə gənc-i dür-i məknun
etdin, Mərdüm-i çeşmimi ehsan ilə Qarun etdin. (Q.202)
Əgər göz yaşları dürdürsə,
gözün də xəzinə olması ağlabatandır. Xəzinələr
isə adətən gizlin yerdə olur. “Gənc-i məxfi”
ilə yuxarıda qeyd etdiyimiz və sufi ədəbiyyatında
geniş yayılmış “Mən gizli bir xəzinə idim” –
deyiminə işarə edilir. Göründüyü kimi, yenə
də göz simvolizmi varlığın yaranma səbəbi ilə
bağlı sufi təsəvvürləri
ilə əlaqələndirilir. Xəzinə
olan yerdə Qurandakı Qarun obrazı yada düşür.
Burada “mərdüm” sözünün həm bəbəkləri,
həm də insanı bildirməsi isə təşxis sənətinə
qüvvət verir:
Dəmbədəm
gər düşsə gözdən dürr-i əşkim, vəchi
var, Yaş uşaqlardır yetim,
onlarda
yox rəsm-i ədəb.
Cövrü
könlümdür çəkən, gözdür görən
rüxsarını, Allah, Allah! Kam alan
kimdir, çəkən kimdir təəb.
Göz yaşı Füzuli şeirində
ayrılıq, həsrət motivləri ilə vəhdətdə
verilir. Göz yaşlarının gözdən
ayrılıb düşməsi, həm də ayrılıq dərdi
çəkən insanların bir qayda olaraq ağlaması bu
deyimlərə rəvac verir. “Yaş
uşaqlardır yetim” sözü ilə gözdən
ayrılan yaşlar yetim uşaqlara bənzədilir.
“Yetim” (ərəbcə: nadir, yeganə) sözü Məhəmməd
peyğəmbər və nadir mirvari ilə bağlı
assosiasiyalar yaradır.
Füzuli şeirində dürr, mirvari anlamlarının
dəniz və sədəflə əlaqələndirilməsi
də təbii olub sədəfin məkanının dəniz
olmasına əsaslandığı kimi, göz
yaşlarının mübaliğəli bir tərzdə dənizə
bənzədilməsi kimi ənənəvi obrazlardan da
qaynaqlanır.
Qıldı
şövqün, əşk ğəvvası gözüm mərdümlərin,/ Ey dür-i tər,mənzilin guya bu dəryadır
sənin.
Bu şerdə göz-insan obrazı canlanır. Aşiq
eşqdən o qədər ağlayır ki, onun göz bəbəkləri
göz yaşları içərisində üzən ğəvvasa
bənzəyir. Bununla şair birbaşa
olmasa da mübaliğə yaratmış olur; ğəvvaslar
ancaq dənizə baş vurur. Deməli,
göz yaşları dəniz kimi boldur. İkinci
misrada şair yenicə yaranmış mirvariyə (dür-i tər)
müraciət edir. Şerin məzmunundan
bununla göz bəbəklərinin nəzərdə
tutduğu aydınlaşır. Mənzili dərya
olan dür-i tər də göz bəbəklərinin istiarəsidir.
Çeşm
tar-i cismimə düzmüşdü əşkim gövhərin,
Ah kim, çərx üzmüş ol
tarı, dağılmış gövhərim.
Bu bənzətmədə də dinamika, hərəkət
vardır. Göz öz incilərini (göz
yaşlarını) sapa (aşiqin arıqlayıb sapa
dönmüş bədəninə) düzür. Amma bu anda çərx gəlib həmin sapı
qırdığından göz yaşları sapı
qırılmış muncuqlar kimi dağılıb axmağa
başlayır. Birinci misrada “ifrat fis-sifət”
(konkret olaraq litota) poetik fiquru ilə aşiqin
arıqlamış cismi gövhər düzülən sapa bənzədilir.
İkinci misrada həmin sapın
üzülüb qırılması səbəbindən
gövhərlərin dağılıb səpələnməsi
bildirilir. Burada şair təlil təxyili
(xəyali izah) sənəti yaradaraq göz
yaşlarının axma səbəbini “izah edir”; sən demə
bu incilərin axmasının səbəbi onların
düzüldüyü sapın (aşiqin cismini) dəhr
anlamına gələn çərx tərəfindən
qırılmasıdır. Çərx həm də
üzərinə sap dolanan cəhrəni bildirdiyindən poetik
deyim çox uğurlu alınıb. Bu obraz həm
də qədim miflərdəki tale ilahələrinin cəhrəsini
yada salır. Şerdə olduqca dinamik bir səhnə
görsənir: antropomorfik göz incilərini sapa
düzür, dəhr isə bu sapı qırır. Dəhrin zalım, ziyankar obrazı şərq ədəbiyyatında
möhkəm ənənələrə malikdir. Şərq poeziyasının bir növ obrazlar
qaynağı olan İslamaqədərki ərəb şerində
dəhrin aşiqlərin (ruhunu) bir-birinə bağlayan
sapı qırmasından bəhs edilir. Füzulidə
dəhrin inci kimi düzülmüş göz
yaşlarının sapını qırması da unikal bir
obrazdır.
Göz
tökər israf ilə xunabə ləlin guya,
Kim, cigər dağında ol ləlin bulubdur mədənin.
Bu şeirdə gözün sel kimi
axıtdığı (israf ilə tökdüyü) inci
deyil, ləldir. Ləl, yaqut qanlı göz
yaşlarının istiarəsidir. Göz
yaşlarının bolluğunu bildirmək üçün
şair yenə də təşxis sənəti ilə
canlandırdığı Gözün eşqdən
alışıb yanan və qəlb anlamına gələn cigərdə
ləl mədəni tapdığını bildirir. Yenə də təlil təxyili sənəti işlənir.
Şair xəyali bir səhnə ilə göz
yaşlarının axmasını “izah edir”.
Füzuli göz yaşı ilə bağlı
çeşidli mənalar yaradarkən eşq qəminin
çoxluğundan göz yaşlarının quruması, qəlb
daşlaşdığından gözlərin ağlaya bilməməsi
mənasına da toxunur. İnsanlara tanış olan bu deyim
İslam ədəbiyyatında da əks olunmuş, Quran oxuyarkən
ağlayan insanları görən Əbu Bəkrin: “Bir zamanlar
biz də bu cür ağlayardıq. Sonra qəlblərimiz
daşlaşdı”-söyləməsi də geniş
yayılmış bir deyim olmuşdur. Füzulidə bu mənanın
əksinə nəzər salar:
Qurutmuş
qaliba şövq odu Fərhadın gözü yaşın,
Ki, gər axsaydı ləl eylərdi bişək Bisutin
daşın.
Göründüyü
kimi, hər bir yaşı, suyu qurudan od
olduğu kimi, Fərhadın göz yaşlarını qurudan
da oddur – qəlbini yandıran eşq odu. Əgər bu od aşiqin – Fərhadın göz
yaşlarını qurutmasaydı qanlı göz
yaşları Bisutin dağını lələ çevirərdi,
yəni qıp-qırmızı edərdi.
Gövhəridir eşq bəhrinin, Füzuli, ab-i
çeşm, Leyk bir gövhər ki, Lütf-i Həqq
onadır müştəri. (Q.
Ab-i çeşm göz yaşını bildirir. Şair
göz yaşının eşq dənizində gövhər
olduğunu bildirir. Bir az öncə
qeyd etdiyimiz kimi, geniş yayılmış bir rəvayətə
görə, Allah bütün məxluqatı bir dürrdən,
gövhərdən yaratmışdır. Məhz
buna görə də, şair Lütf-i Həqqin bu gövhərə
müştəri olduğunu, yəni ona lütf dolu nəzər
saldığını bildirir. Bu şeir
İlkin Cövhərin kosmoqonik mahiyyəti ilə
bağlı deyimlərə çox uyğun gəlir.
Bütün bu obrazlar, çalarlı poetik ifadələr bir daha Füzuli sənətinin ecazkarlığından, onun şair təxəyyülünün intəhasızlığından xəbər verdiyi kimi həm də onun poeziyasının xalq ədəbiyyatı və sufi rəvayətləri ilə sıx bağlılığına dəlalət edir.
Aida QASIMOVA,
professor
525-ci qəzet.- 2012.-
25 aprel.- S.6.