Yaxın və uzaq İran

 

Yaxınlaşırdıq. Axırıncı dəfə bu yerlərdə uşaq ikən olmuşdum. O vaxt gördüklərimin çox azı xatirimdədir. Xəzərin sahili boyu uzanan ensiz yol da yadımdan çıxmışdı. O yol isə bizi necə deyərlər, cənub darvazalarımıza doğru aparırdı. Çox getməmişdik ki, çatdıq. Dayandıq Azərbaycana məxsus sonuncu giriş-çıxış qapısının önündə. İçəri daxil olmaq, yəni ölkəni tərk etmək üçün növbəyə durmuşduq. Günorta saat üç idi. Gözləyirdik ki, sərhəd məntəqəsində keşik çəkənlər nahardan qayıtsınlar. İndiyədək daha çox Azərbaycan-Gürcüstan sərhəddini keçmişdim. Heç zaman bu idarələrin səhər yeməyi, nahar və ya şam səbəbindən bağlandığına rast gəlməmişdim. Hərçənd ötən il Gürcüstan-Türkiyə sərhədində türkiyəli sərhəd məmurunun iftar səbəbindən keçiddə tıxac yaratması yaddaşımdan silinmir...

Nahar bitdi. Avtomobillərin bir-bir qapıya yaxınlaşaraq orada dayanmış mülki geyimli şəxsə pul uzatmaları diqqətimdən yayınmadı. Bir az irəlilədikdən sonra məbləği dəqiqləşdirə bildim – 4 manat. Ağzımı doldurmuşdum ki, bunun nə üçün yığıldığını soruşam, qapıdakı şəxs əli ilə içəriyə doğru gedən yola işarə verdi. Deyəsən, gözünə problemli adam kimi göründüyümdən, baş qoşmaq istəmədi. Ardımca gələn avtomobilin sürücüsü də içəri pul ödəmədən adladı. Ondan sonrasını görə bilmədim. Beləcə Azərbaycan-İran sərhəddini keçmək yolundakı ilk mərhələni geridə qoyduq.

İrana aid olan məntəqədə bildirdilər ki, heç bir halda şəxsi avtomobillə ölkənin içərilərilərinə doğru gedə bilmərik. Sərhəddi keçdiyimizə görə maşını oradakı məntəqədə saxlayıb yolumuza davam etməli idik. Ani olaraq gözümün önündən Bakının küçələrində şütüyən İran İslam Respublikasına məxsus dövlət nömrə nişanlı avtomobillər keçdi və hazırda üzləşdiyimiz vəziyyətə izah tapmağa çalışdım. Tapdım da. Baxın və düşünün, sizlər bu izahımı, daha doğrusu İranın sərhəd buraxılış məntəqəsindəkilərin izahını anlaya biləcəksinizmi?

Sən demə, Sumqayıt dövlət nömrə nişanlı bir “Mersedes”in sahibinin sərhədi keçərək avtomobilini paytaxt Tehranda satmasınadək (İranda bir çox xarici maşınların ehtiyat hissələri çox bahadır) Azərbaycan avtomobillərinin İran ərazisində hərəkətinə heç bir maneə olmayıb. İşini görən zirək həmyerlimiz təyyarəyə minərək Bakıya qayıdıb. Sərhəd məntəqəsinin rəisi isə belə qərar verib ki, həmin maşın geri qayıtmayınca, Azərbaycandan İrana bir dənə də olsun avtomobil keçməyəcək (?). Keçməyəcək, keçməyəcək. Maşını göstərilən yerdə saxladım. Dayanacaqda qərb qonşumuza məxsus avtomobillər də var idi. Düşündüm ki, İranın sərhəd məmurları çox güman, Gürcüstanda maşının daha ucuz olduğunu bilirlər. Deməli, bu ölkədə bizdəki “qoçaqlardan” çoxluğunu nəzərə almaları da mümkündür. İstənilən halda məsələ absurd təsir bağışladı. Güman edirəm ki, sizlər də qənaətimi bölüşərsiniz. Amma nə edək, gəmidə oturub gəmiçi ilə mübahisə yersizdir, deyiblər.

Yola düzəldik. Tehrana gedirdik. Bizi təxminən 8-9 saatlıq yolçuluq gözləyirdi. Avtobusun çox yavaş hərəkət etdiyini, tez-tez dayandığını, paytaxtın girəcəyində güclü tıxacın olduğunu, üstəlik dumanı və yağışı nəzərə alsaq, məsafə 12 saata qədər uzandı.

Yol boyu köhnə binalar, bəzən uçuq-sökük komalar bir-birini əvəzləyirdi. Onlara baxdıqca İran rəhbərliyinin, o cümlədən prezident Mahmud Əhmədinecatın ABŞ-a və İsrailə münasibətdə səsləndirdiyi sərt fikirləri, ölkənin nüvə proqramı ilə bağlı yaranan münaqişəli durumu xatırladım. Əcəba, düşmənin qarşısına bunlarlamı çıxacaqlar, deyə düşündüm. Amma nə olsun, Astarayadək bütün yol və xiyabanlarımız abaddır, Ermənistan xarabaxanadır, amma Qarabağı ala bilmirik –fikrimdən bu da keçdi.

Avtobusdakıların demək olar, hamısı azərbaycanlılar idi. Daha doğrusu, Cənubi Azərbaycan türkləri. Daha öncə isə sərhəddəki əsgərin türkcə danışdığını görüb təəccüblənmişdim. Düşünmüşdüm: məhz Azərbaycanla sərhəddə keşik çəkən sıradan bir müddətli hərbi qulluqçu necə olub ki, azərbaycanlı, yəni bizim anlamımızda Cənubi Azərbaycanlı olub? “Sən azərbaycanlısanmı” deyə sormuşdum da. Cavabı kifayət qədər qəti olmuşdu: “Ağa, mən iranlıyam”.

Əvvəlcə əsgərin belə söyləməsi, sonra həmsöhbət olduğum şəxslərin düşüncələrindən anladım ki, ölkədə bir xalq var ki, o da İran xalqıdır. Fərqi yoxdur türkdür, farsdır, bəlucdur, əfqandır, kürddür, lordur, hamısı iranlıdır. Onlar özlərini İran adlı böyük məmləkətin vətəndaşları sayırlar və bu meyl kifayət qədər güclü ideoloji, mənəvi dayaqlara söykənir. Ola bilər, ölkədə milli zəmində hansısa ziddiyyətlər var. Amma düşündüyüm qədərilə belə hallar məsələyə hansısa fərqli pafos vermək üçün əsla yetərli deyil. Bu məqamda “Günaz TV”nin rəhbəri Əhməd Obalının bir müddət öncə Azərbaycan mediasına ünvanladığı alov püskürən tənbehedici müraciətinin də əslində ucuz populizmdən o yana getmədiyi, sırf siyasi mahiyyət daşıdığı qənaətinə gəldim.

Hə, avtobusdakıların böyük əksəriyyəti türklər, azəri türkləri idilər. Bakıdan olduğumuzu biləndə çox sevindilər. Hal-əhval tutdular. Hərçənd içərilərində qəribə də olsa, Azərbaycanın müstəqil dövlət olduğunu bilməyənlər də var idi. Əslində bu adamların çoxunun təsəvvüründə böyük hesabla Azərbaycan deyil, Bakı var. Onlar şəhərimizə bir fərd kimi ehtiyac duyduqları azadlıqlarını gerçəkləşdirmək, belə demək mümkünsə, gizli şəkildə, hürkərək etdiklərini aşkar həyata keçirmək məkanı kimi yanaşırlar. Bəli, arzulayırlar ki, vətənləri İranda insanın azad yaşayış tərzi haradasa bizdəki kimi olsun, cəmiyyətə hakim kəsilmiş ehkamçılıq aradan qalxsın. Amma şimalı da tam tanımırlar. Bizdə olmadığını düşünərək elə dəyərlərin vacibliyini önə çəkirlər ki, həmin dəyərlər Azərbaycan Respublikasında adi həyat normasıdır.

Söhbətləşdiyim şəxslər İranda son illər insan azadlığının müxtəlif təzahür formaları baxımdan kifayət qədər irəliləyişlərin mövcudluğunu vurğulayırdılar. Gördüyüm qədərilə də İran bizlərin əksəriyyətinin təsəvvürlərindəki kimi deyil. Bunu avtobusdakı ən yaxın həmsöhbətim də təsdiqlədi. Ərdəbilə, ata mülkünə baş çəkmək üçün gəldiyni deyən Hüseyn Tehrandakı mağazalarını bacısının həyat yoldaşı ilə birgə işlətməsindən tutmuş ABŞ və İsrailin İrana hücumuna qədər hər şeydən danışdı. İstər, bu ali təhsilli müəllimin, istərsə də avtobusdakı digər şəxslərin fikirlərindən belə başa düşdüm ki, ölkədə Qərbə, o cümlədən Birləşmiş Ştatlara qarşı pataloji nifrət var. Onlar Amerikanı imperializm yuvası sayırlar. Söhbəti nisbətən sakit məcraya salmaq üçün Hüseyndən iki saata yaxındır, yol gəldiyimiz avtobusda nəyə görə yalnız fars musiqisinin səsləndiyini soruşdum. Sualım gözlənilməz alındığından nə deyəcəyini bilmədi. Təkcə onu bildirdi ki, ailəsində yalnız türkcə danışırlar. Hüseyn başqa nələrisə də dedi, amma sözlərinin fərqinə varmadım. Bir anlığa xatırladım ki, vaxtilə Şimali Azərbaycanda doğma dildə danışmağa pis baxır, ruscaya üstünlük verirdilər. İndi İranda da azərbaycanlıların ana dili sahəsindəki vəziyyəti necə deyərlər, ruscadır. Hərçənd bu mənada Tehranla Təbriz arasında fərqin mövcudluğunu diqqətdən kənarda qoymaq olmaz.

Ölkənin böyük hissəsinin, paytaxt Tehranın yetmiş faizinin azəri türklərindən ibarət olduğu məmləkətdə türk dilində məktəb yoxdur, qəzet çıxmır. Hər halda İrandakı 40 milyon soydaşımız heç də kölə vəziyyətində yaşamır. Əksinə gözəl həyat tərzi sürür. Çalışqanlıqları müqabilində durumları farslardan və digər millətlərdən də qat-qat yaxşıdır. Hamı ilə eyni imtiyazlara malikdirlər. Əslində o imtiyazları müəyyənləşdirən, nizam-intizamı formalaşdıran da elə onların özləridir. Zənnimcə, burada bir çoxlarımızın izah tapa bilməyəcəyi mətləblər, baxışlar, təsirlər var. Bir az da düşündükdə görürsən ki, şimal azərbaycanlısı ilə cənub azərbaycanlısı arasında dil, adət-ənənə, məişət yaxınlığı olsa da, əslində tikanlı mənəvi sərhəd var və o sərhədi müəyyənləşdirən təkcə Araz çayı deyil.

Mənim kimi yuxusu gözündən tökülən azəri türkü Hüseyn danışdıqca gözümün önündə əzəmətli İran dövləti canlanır və sanki söhbət yorğunluğumu çıxarırdı. Yavaş-yavaş İslam Respublikası rəhbərliyinin nəyə güvənərək ABŞ-a hərbə-zorba gəldiyini başa düşürdüm. İranın belə demək mümkünsə, dekorativ ölkə olmadığını anlamışdım. Loru desəm, fikirləşirdim ki, burada “loqonda” var, ancaq onun imkanlarından binaların üzünü ağardıb onlara gözəl görkəm vermək üçün istifadə etmirlər.

Atamın 1991-ci ildə İrana gedərkən drel və sair bu kimi texnikalar apardığını və qayıdarkən bir top zay parça və saqqız gətirdiyini də xatırladım. O zamanlar keçmiş SSRİ-nin məişət texnikasına ehtiyac duyan ölkə indi dreldən tutmuş ən mürəkkəb hərbi texnikayadək nəinki özü istehsal edir, hətta xaricə də satır. Təbrizdə buraxılan yük avtomobilləri bir sıra keyfiyyətlərinə görə Almaniya və Yaponiya maşınları ilə rəqabətdə üstün sayılırlar. Minik avtomobillərinə gəldikdə, ölkəyə kənardan gətirilənlərin sayı çox azdır. Xarici istehsal olan minik vasitələri barmaqla sayılacaq qədərdir. Yol boyu hərəkət etdiyini gördüyüm “Pejo”, “Reno”, “Suzuki”, “Nissan” və digər tanınmış markaların müxtəlif modelləri isə ölkədə uğurla hazırlanır. Ərzaq məhsulları, meyvə-tərəvəz sarıdan da bolluqdur və burada da daxili istehsalın üstün faiz nisbəti özünü qabarıq göstərir.

Günün ikinci yarısı, təxminən saat 4-dən başlanan Tehran yolçuluğumuz gecə saat 4-dək çəkmişdi. Paytaxtın girəcəyində elə bir tıxac var idi ki, düşdüyümüz üzücü durumu təsəvvürə gətirmək qeyri-mümkündür. Nəhayət, avtobus bizi məşhur “Azadi” meydanına çatdırdı. Gec olmasına baxmayaraq şəhərdə kifayət qədər canlanma var idi. Öyrəndim ki, bir çox sahələrdə çalışan şəxslər məhz bu saatdan başlayaraq iş-güc dalınca yollanırlar. Bir şeyi də nəzərə alaq ki, şəhər böyük olduğundan onun bir başından o biri başına yollanacaq şəxsin səhər xoruz banlamamışdan oyanması sadəcə zərurətdir.

Böyüklükdən söz düşmüşkən, Tehran eyni adlı Ostanın tərkibinə daxil olan şəhərdir. Ostanın ümumi sahəsi 18814 kvadrat kilometr, əhalisi isə 20 milyona yaxındır. 2012-ci ilin göstəricilərinə görə, ərazinin məhz şəhər hissəsində yaşayanların sayı 8778535 nəfərdir.

Nəhəng elmi-tədqiqat institutları, təhsil ocaqları ilə məşhur olan İranın paytaxtı müstəqil Azərbaycan vətəndaşları üçün ucuz, ən əsası isə keyfiyyətli tibbi xidmət məkanı kimi dəyərləndirilir. İslam Respublikasında son aylar geniş vüsət almaqda olan bahalaşma fonunda artıq düşündüyümüz ucuzluqdan əsər-əlamət qalmasa da, keyfiyyətlilik öz əhəmiyyətini saxlayır. Ümumən İranın azəri türklərinin kompakt məskunlaşdıqları Təbriz və Ərdəbil kimi şəhərlərinə də ölkəmizdən müalicə dalınca gedənlərin güclü axını var.

Əcnəbilərə aidiyyatı olmasa da, vətəndaşlara göstərilən sosial xidmətlər içərisində səhiyyə mühüm yer tutur. Tibbi sığortanın mövcudluğu hər bir vətəndaşı demək olar ki, müftə dərmanla təmin edir. Üstəlik iranlılar mövcud sahədə digər güzəştlərə da malikdirlər. Dərmanlara gəldikdə, onların da 95 faizi yerli istehsaldır. Amma ölkədə Kanadadan, Hindistandan, Avropanın bir çox yerlərindən idxal edilən preparatlara da rast gəlmək mümkündür.

Vətəndaşların imtiyazları müftə dərman almaq imkanının mövcudluğu ilə məhdudlaşmır. Hər ay avtomobili olanların çox ucuz qiymətə 60 litr benzin əldə etmək hüququ var. Benzinin qiyməti isə bizim pulla təxminən 23 qəpikdir. Amma gələn aydan artımın baş verəcəyi gözlənilir. Vətəndaşlar mövcud durumu ABŞ-ın sanksiyalarının nəticəsi kimi dəyərləndirirlər. Hələlik bu təsir daha çox bananın qiymətində hiss olunur. Əvvəllər bizim pulla 50 qəpikdən 1 manat qalxan bananın hazırda kilosu 1 manat 50 qəpik – 2 manat arasında dəyişir. Qəribə də olsa, bahalaşma ən çox yerli istehsal olan püstəyə təsir göstərib. Bir ay öncə 12 min tümənə (bizim pulla təxminən 5 manat) satılan çərəzin qiyməti iki dəfə artıb. Nəzərə alsaq ki, ölkəmizə bu məhsulun əhəmiyyətli hissəsi məhz İrandan gətirilir, yaxın zamanlarda bizdə də onun qiymətində artımın baş verəcəyini proqnozlaşdırmaq mümkündür. Görünür, İran Qərbin təsirini ixrac etdiyi kənd təsərrüfatı məhsullarının qiymətini qaldırmaqla azaltmağa çalışır. Bahalaşma isə yerli əhalinin də mənafeyinə ziddir. Amma insanlar kənar amilləri dramatikləşdirməkdən uzaqdırlar. Onların fikrincə, ölkə özünə lazımi gəliri nefti Avropaya deyil, təkcə Çinə satmaqdan da götürür. Deməli, bürokratiyaya təsir göstərməklə güzəştlər əldə etmək şansları var. Onu da deyim ki, İran müxtəlif çeşidli ucuz Çin mallarının bazarı baxımdan da mühüm məntəqə sayıla bilər.

Tehran qədim və müasir ənənələrini özündə cəmləşdirən tipik Şərq şəhəri təsiri bağışlayır. Burada ilk baxışdan diqqətimi çəkən isə paytaxt küçələrinin kənarı boyu salınmış novlar idi. Bir-birilə zəncirvari birləşmiş bu novlar istənilən gücdə olan yağış suyunu yüksək sürətlə axıtmaq imkanındadır. Buna görə də orada olduğumuz müddətdə bir neçə dəfə leysan yağmasına baxmayaraq, gölməçələrinə rast gəlmək qeyri-mümkün idi.

Şəhər nəqliyyatında motosikletlər mühüm yer tutur. Bir dəfə işıqforun yaşıl işığının yanmasını gözləyən motosikletləri saymaq istədim. Bacarmadım. Sayları həddən artıq çox idi. Bəzən adama elə gəlir ki, şəhərdə hərənin ən azından bir motoru (sakinlər motosikleti belə adlandırırlar) var. Məsələn, bizə bələdçilik edən Cəmşid deyir ki, şəxsi avtomobilinin olmasına baxmayaraq, motosikletə üstünlük verir. Tıxaclı küçələrdə mənzil başına vaxtında çatmaq üçün ondan gözəl vasitə yoxdur. Beləcə Cəmşid motoru ilə öndə, biz də ondan geridə taksi ilə dolaşırdıq Tehranın dolanbac küçələrini. Hər yanda göz oxşayan parklar, meydanlar, xiyabanlar və İran İslam İnqilabının dövlət xadimlərinin divarlara vurulmuş iri şəkilləri bizi tək buraxmırdı. Qədim Şərq şəhərinin böyüklüyünü və əzəmətini yeni səhnələrdə görmək isə sadəcə zövq verirdi. Təbii ki, bir neçə gün ərzində Tehranı tamamilə gəzib-dolaşmaq mümkünsüzdür. Amma bu mənada az iş görmədiyimizi də düşünürəm.

Şəhərdə dünyanın brend sayılan firmalarının mağazalarından tutmuş yerli palaz-parça dükanlarınadək hər nə desəniz var. Kişilərin geyim tərzi ölkəmizdəki kimidir. Hətta Avropasayağı qeyri-ənənəvi saç düzümlərini gördükdə elə gəlir ki, bizlər daha radikalıq. Qadınlarla bağlı isə söhbəti bir qədər uzatmaq fikrindəyəm.

Bilməmiş olmazsınız, burada zərif cinsin nümayəndələri ya çarşabla, ya hicabla, əksəriyyət isə sadə yaylıqla gəzirlər. Amma geyim dükanlarında onlar üçün elə paltarlar satılır ki, adam çaş-baş qalır. Düşünürsən ki, belə geyimləri qadınlar görəsən, nə vaxt geyinirlər? Hər halda libasları əbəs yerə manikenlərə düzmürlər. Demək, onları kimlərsə əyinlərinə keçirir. Amma harada?..

Zənnimcə, məsələdə saxtakarlıqlar yox deyil. Əgər hansısa qadın cəmiyyətin deməyək hakim düşüncə tərzlərinin nalayiq qiymətləndirdiyi paltarı altdan geyib üstən çadra ilə qıfallanacaqdırsa, burada mənəvi tərəfləri axtarmaq çətinləşir. Deməli, o, baş örpəyini vacibiyyət deyil, yalnız məcburiyyət kimi dəyərləndirir. Məcburiyyət isə nəyinsə şüurlu qavranmaması şəraitində pis fəsadlara gətirə bilər. Bu yerdə yadıma Azərbaycanın tele-tamaşalarından birində gördüyüm səhnə düşdü. Həmin səhnədə SSRİ zamanında bahalı paltar geyən birisinin evinin zəngi çalınan kimi qaçıb köhnə libası əyninə keçirməsi yer alıb. Düşünürəm ki, Sovetlər Birliyinin dağılmasının mənəvi tərəfləri içərisində bu cür saxtakarlıqların çoxluğu həlledici rol oynadı. Bahalı paltarları ala bilən zümrə onları evlərində geyinməkdən bezdi, üzə çıxardı. Aşkarlıq isə rejimin ideoloji mahiyyətinə zərbə vururdu ki, bu kimi halların çoxluğu isə yekun nəticədə süqutu şərtləndirdi. İndi məncə, İranda nə isə böyük dəyişiklik olacaqsa, onu nə Amerika, nə də bir başqası reallaşdıracaq. Başlıca rolu gizlilikdən aşkarlığa, sərbəstliyə can atan iranlıların özləri oynayacaqlar. Amma istənilən halda dəyişikliyin “ərəb baharı” ssenarisindəki kimi ölkəni parçalayacaq şəkildə getməsi qeyri-mümkün görünür. Əslində İranın bölünməzliyi XX əsrdə baş verən bir çox tarixi proseslər gedişində də isbatlanıb.

Tehran restoranlarında dünyanın müxtəlif ölkələrinin mətbəxlərinə xas nümunələr təqdim olunur. Əlbəttə, bizim üçün maraqlı olanı yerli yeməklər idi. Onları dadmaq istəyilə əyləşdiklərimiz məkanların əksəriyyətinin sahibi türklər idi. Belə yerlərdən birində tanış olduğumuz cənublu soydaşımız Kərimin fikirləri maraqlı gəldi. Başqalarından fərqli olaraq, hey müstəqil Azərbaycan Respublikasından söhbət açırdı. Deyirdi ki, Bakıdan müştəriləri çox olur. İstanbul Universitetinin məzunu olan Kərimin ana dilindəki danışığında diqqət çəkən xüsusiyyət fars sözlərindən daha az yararlanması, demək olar, heç bəhrələnməməsi idi. Bu mənada bəzi digər soydaşlarımızın nə dediklərini ümumiyyətlə anlamaq olmurdu.

Kərimin sözlərinə görə, Türkiyədə təhsil aldığı müddətdə Azərbaycandan olan tələbələrlə ünsiyyəti dili yaxından mənimsəməsində başlıca amildir. Amma onun fərqliliyi təkcə bunda deyil. Söhbət əsnasında bildirir ki, Bakıdan Tehrana gələnlərin çoxu Azərbaycanda rüşvət və korrupsiya kimi faktlardan danışır, gileylənirlər. Kərimin isə məsələlərə öz baxışı var. Qəribədir, giley-güzarı eşitmək istəmir. Müşahidələrinə əsasən, beş-on il öncə vətənimizdən İrana yolu düşənlərin maddi imkanı az, geyim səviyyələri və əhval-ruhiyyələri aşağı olub. Dediyinə görə, indi tamam başqa mənzərənin şahididir. Prezident Heydər Əliyev tərəfindən həyata keçirilmiş siyasətin ölkəmizə böyük uğurlar gətirdiyini vurğulayan Kərim əsrin neft kontraktını, eləcə də Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin ərsəyə gəlməsini dünya şöhrətli siyasətçinin uzaqgörənliyi və ustalığı kimi dəyərləndirir. Azərbaycanın gələcəkdə daha böyük uğurlara imza atacağını əminliklə söyləyir.

Kərimlə çox söhbətləşdik, balaca kafedən danışdıqlarını necə görə bildiyini soruşdum. Maraqlı təbəssümü ilə başını arxaya doğru yırğaladı və “mən buradan dünyanın hər yerini çox gözəl görürəm. Siz şükr edin” dedi. Naqisliklərə gəldikdə, hədsiz müstəqil Azərbaycan nikbinliyinə köklənmiş Kərim xoşagəlməz halların dünyanın hər yerində mövcudluğunu dilə gətirdi. Ondan İrandakı vəziyyəti soruşdum. Yenə də gileylənmədi. Məmləkətin yalnız bir nəfər tərəfindən idarə olunduğunu dedi. O adamın kimliyini soruşdum. Gülə-gülə vurğuladı ki, həmin şəxsi İrana Allahın özü göndərib.

Maraqlı söhbətə və dadlı yeməyə görə Kərimə təşəkkür edib taksi saxladıq. Sürücü də Bəhman adlı azəri türkü idi. Bizi Tehran avtovağzalına aparacaqdı. Firdovsi meydanından ora xeyli məsafə olduğundan vaxtı hədər vermədik. Həm də ona görə ki, Kərim kimi Bəhman da söhbətcil idi. Özü də siyasətdən danışmağa üstünlük verirdi. Dediyinə görə, ötən müddətdə prezident Mahmud Əhmədinecat ölkəni pis idarə edib. Hər şey bahalaşıb, yaşayış səviyyəsi aşığı düşüb. Ondan növbəti prezidentin kim ola biləcəyi barədə soruşdum. Tərəddüd etmədən Tehran şəhərinin meri Məhəmməd Bağır Qalibafın adını çəkdi. Amma hazırkı merin də dövlət başçısından yaxşı mənada heç nə ilə fərqlənmədiyini vurğuladı. Vaxtilə məhkəmə məmuru olmuş Bəhmanın sözlərinə görə, İranda hakimiyyəti ABŞ və İsrailə qarşı mübarizə məsələsini gündəmdə saxlamaqla özünün varlığını sürdürür, ölkənin demokratikləşməsini əngəlləyir, cəmiyyətə heç bir fayda gətirməyən və onsuz da yerinə yetirilməsi formal səciyyə daşıyan dini ehkamçılığı saxlayaraq insanları müəyyən təzyiq altında yaşamağa sürükləyir ki, bu yol hakim zümrənin öz mənfəətini artırması baxımından əlverişlidir.

Əlbəttə, Bəhmanın narazılıq dolu baxışlarını olduğu kimi qəbul edərək İran cəmiyyəti haqqında fikir yürütmək düzgün olmaz. Nə də pozitiv ruhlu Cəmşid və Hüseynin söylədikləri mütləqdir. Əslində qarşılaşdığım ayrı-ayrı epizodlardakı istər mənfi, istərsə də müsbət cəhətlərin də birmənalılığını bölüşmürəm. Qənaətim bundan ibarətdir ki, İran haqqında həm bizim yüksək dəyərləndirdiyimiz, həm də mənfi saydığımız təsəvvürlərdə ciddi korrektələrə ehtiyac var. Yəni, ölkədə hər yerdə olduğu kimi, əyriliklər, saxtakarlıqlar və naqisliklərin müxtəlif formaları mövcuddur və qəddar bildiyimiz qanunlar belə halları aradan qaldırmır. Nə də ölkə bəzi video-görüntülərdə əksini tapdığı tək insanların ucdantutma edam edildiyi məmləkətdir.

Söhbət İrandakı azərilərdən, yəni türklərdən gedirsə, zənnimcə, 40 milyonun haqqını yemək, dilini əlindən almaq, qəzetini cırmaq, məktəbini bağlamaq mümkünsüzdür. Tehranda yaşayan azərbaycanlı Nizamini fars şairi, Gəncəni İran şəhəri kimi görürsə, bu onun şovinist təbliğatın təsirinə uğradığı anlamını verməməlidir. Çünki həmin şəxs mahiyyətcə ideologiyanı yaradan və inkişaf etdirəndir. Necə ki, Rusiyadakı bəzi aparıcı dairələr vaxtilə Azərbaycanı suveren görə bilmirdilər, İran da farsının, kürdünün, bəlucunun, əfqanının və ən başlıcası isə türkünün, daha doğrusu azəri türkünün hesabına formalaşmış monalit komandasının timsalında böyük hesabla eyni düşüncəni bölüşür və belə düşüncə Azərbaycan Respublikasına yanaşmada müstəqil dövlətçiliyin qurulmasını haradasa tarixi səhv kimi qiymətləndirir. Buradakıların dünyagörüşünə görə, Azərbaycan 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında İrandan qoparılmış, Rusiyaya keçmiş, sonradan SSRİ-nin tərkibində yer almış ərazidir. Həmsöhbətim Hüseynə də anlatdım, dedim, qardaş, mənə ötən əsrin 90-cı illərinin əvvəllərində bir qrup Cənubi Azərbaycan türkünün sərhədi keçərək şimaldakı soydaşlarına ermənilərə qarşı mübarizədə yardım göstərdiyini xatırlatma! Çünki o zaman sular durulmamışdı, Azərbaycanın müstəqil dövlət kimi var olub-olmayacağı sual altında idi və Tehran dairələri də çalışırdılar ki, milli məsələni qabartmaqla şimaldakı əhalini özlərinə çəksinlər. Mənə de görüm, 40 milyonluq azəri türkü M.Əhmədinecatın Ermənistan prezidenti Serj Sarkisyanla qucaqlaşmasına, İranın təcavüzkara göstərdiyi köməyə qarşı hansı addımı atır?! Yeri gəlmişkən, nə Hüseyn, nə də digər söhbətləşdiyim azəri türkləri demək olmazdı, Qarabağdan xəbərləri yox idi, amma bilmirdilər ki, BMT-nin münaqişə ilə bağlı 4 qətnaməsi neçə illərdir, icra olunmamış qalır. Bütün bunlardan sonra bir daha onu düşündüm ki, heç fərqi yoxdur, Azərbaycan hansı tarixi şəraitdən asılı olaraq meydandadır, əsas odur ki, mövcud mürəkkəb regionda çatışmazlıqlara, problem və sıxıntılara baxmayaraq, yaşayır, varlığını sürdürür və çiçəklənir.

Səhər açılırdı. Tehrandan Təbrizə oradan da Astaraya doğru hərəkət edən avtobusun yol boyu tariximiz baxımdan mühüm bölgələrdən keçdiyinin fərqinə varırdım. Yol isə məni gəldiyim yerə – 50 milyondan artıq azərbaycanlının yalnız 9 milyonunun 86,6 min kvadrat kilometrlik müstəqil Azərbaycan Respublikası adlı VƏTƏNİNƏ aparırdı. Vətən isə yaşıla bürünmüş gözəl heyran dağlarından görünən sərhəddən başlayırdı.

 

 

Əvəz RÜSTƏMOV

 

525-ci qəzet.- 2012.- 25 aprel.- S.4.