XX əsrin 20-ci illərindəki
Ağdam...
VƏ YA MİR CƏFƏR
BAĞIROVUN “QARABAĞ” SEVGİSİ..
XX əsrin 20-ci illərində tək Ağdamda və
Qarabağda deyil, bütün Azərbaycanda mürəkkəb
siyasi vəziyyət yaranmışdı. Həmin vaxt
Azərbaycan Demokratik Respublikası ciddi təhlükə ilə
üzləşmək zorunda qalmışdı. Rusiyada
baş vermiş “Oktyabr” İnqilabının dalğası
Bakıdan sonra Qarabağa da çatırdı...
Müraciət etdiyimiz mənbələrdə Ağdam
rayonuna gələn XI Qızıl ordu hissələrinə Mir
Cəfər Bağırovun şəxsən
başçılıq etdiyi qeyd olunur. Həmin vaxt
ordu hissələri Bərdədən keçib Ağdama
istiqamətlənərkən Qərvənd kəndi
yaxınlığında Xaçın çayının
sahilində yerli əhali ilə qarşılaşmalı olur.
Mənbələrdə ciddi qarşıdurma
olmadığı deyilir. Bununla bağlı “Lenin yolu” qəzetində
yazılmış məqalədə belə qeyd olunur:
“Bağırov yoldaş Ağdam zəhmətkeşlərinin
Qızıl Ordu hissələri ətrafında birləşməyə
çağırdı. Rayonumuzun zəhmətkeşləri
Qızıl Ordu ətrafında toplaşaraq böyük bir dəstə
yaratdılar.” Müəllif yazır ki, həmin
dəstəyə Misir Qurbanov rəis təyin edilir. Misir Qurbanov əslən Seyidli kəndindən idi.
Gənc yaşlarından milis sıralarına daxil olmuş, az bir zamanda nahiyyə milis şöbəsinə
rəis təyin edilmişdi. Qiyaslı və Tərnöyüt
kəndlərinə olan qaçaqlara ( oxu
yerli –bəylərə qarşı –V.T.) qarşı
mübarizə aparmışdı. 1928-ci ildə
Ağdam Qəza Siyasi Şöbəsində fəaliyyətini
davam etdirmişdi. O zaman siyasi şöbənin rəisi
Qara İlyasov idi. Göyçay qəzasından
olan bir neçə qaçaqla ciddi söhbət əsnasında
qaçaqlardan biri Qara İlyasovu cəld tərpənərək
güllə ilə öldürür. Digər
mənbələrdə Qara İlyasovu ağdamlı Qara bəyin
öldürdüyü deyilir. Məhz həmin
qaçağın izlənib tutulmasında Misir Qurbanovun xidməti
nəticəsində həyata keçirilir. Bərdədə Əsəd bəyin
bandasının, Tərtərdə Şahmalının
qaçaq dəstəsinin ləğvində Misir Qurbanov fəal
iştirak edir. Əsəd bəyin
bandasının zərərsizləşdirilməsi zamanı
güllə yarasından Misir Qurbanov dünyasını dəyişir.
İmarətdə dəfn olunan azsaylı şəxslərdən
biri də Misir Qurbanov idi.
Yazıda
qeyd olunur: “...M.C.Bağırov Seyidli kəndində qərargah
yaradaraq Qızıl Orduya hərtərəfli kömək
etdi. Zəhmətkeş xalqın birgə mübarizəsi ilə
düşmən qüvvələri darmadağın edildi...”
Göründüyü kimi, M.C.Bağırov Ağdama
birbaşa daxil olmayıb. Qərargahını
Seyidli kəndinə salmaqla, məhz o istiqamətdən şəhərə
daxil olmuş və yerli hakimiyyəti devirmişdi. Bu həmdə yerli əhalinin yeni quruluşa
qarşı ciddi müqavimət göstərdiyindən xəbər
verir. Xatırladaq ki, M.C. Bağırovun təşkil
etdiyi qərargahın yerində sonradan Seyidli kəndində Mədəniyyət
evi inşa edilmiş və M.C.Bağırovun adı
verilmişdi.
Yazıda
sonra qeyd edilir ki, M.C.Bağırovun şəxsən rəhbərliyi
ilə Ağdamda təşkil edilmiş dəstə 3 hissəyə
bölünərək bir hissəsi Zəngəzuru erməni
daşnaklardan azad etməyə, bir hissəsi Sultana bəyə
qarşı mübarizəyə, üçüncü hissə
isə Ağdamdakı “ yerli silahllara” qarşı mübarizə
üçün saxlanılır.
Çox
keçmir M.C. Bağırov Qarabagda istəyinə
çatır...
Yeri gəlmişkən
qeyd edək ki, Qarabagda silahlı dəstələr hər an rus ordusuna qarşı gizli və
açıq şəkildə mübarizə
aparırdılar. Ancaq bununla bərabər
M.C.Bağırov bölgə sakinlərinin ona göstərdiyi
diqqəti də heç zaman unutmadığı deyilir.
Belə ki, qeyd edilən illlərdə elə
bir məqam gəlir ki, M.C.Bağırov ya əsir düşməli
ya da, gizlənməklə canını qurtarmalı idi.
Ağdamda sayılan vəzifə sahiblərindən olan,
Sosialist Əməyi Qəhrəmanı Muxtar Məmmədovun
oğlu, Zərdabi irsinin tədqiqatçısı, filologiya
elmləri namizədi Vəli Məmmədov atasının
danışdığı xatirəni (bu xatirəni Vəli
müəllim ölümündən bir həftə əvvəl
danışmışdı- Allah ona rəhmət eləsin-
V.T.) bizimlə söhbətində bölüşür: “O
vaxt Ağdamda əsli Seyidli kəndindən olan Məmməd
deyilən imkanlı bir şəxs var idi. Cücəli
plovu xoşladığından ona cücə Məmməd deyərdilər.
Çox sakit və dinc adam olan Məmmədə
Bağırovu gizlətmək təklifi gəlir. O
razılaşır. Musiqi texnikumunun yanında
yerləşən ikimərtəbəli mənzilinin yük
yerində M.C.Bağırovu gizlədir. Bununlada
Bağırov real təhlükədən qurtulur.” Ancaq onun bir neçə dəfə bu cür real
hadisələrlə üzləşdiyi deyilir. M.C.Bağırovun Qarabağa və bu bölgədə
yaşayanlara onlardakı mərdlik hissinin yüksək
olmasına görə də hörməti daha böyük
olduğu deyilir.
1920-ci illərdə Sovet hökuməti ilə
barışmayan bəylər meşələrdə gizlənməklə
bərabər Qızıl ordu hissələrinə ciddi ziyan
vurmaqda davam edirdilər. Bununla yanaşı bəziləri
İrana, Türkiyəyə bir sıra imkanlı əsilzadələr
isə Fransaya mühacirət etmişdilər. Ancaq vətənpərvər oğulların bir qismi
isə vətənində mübarizə aparmağa
üstünlük verir.
M.C. Bağırov ona qaçaqlar tərəfindən
vurulan zərbələrin haradan qaynaqlandığını
yaxşı bildiyindən tez-tez dəstəsiylə Qarabağa
gələr və mübarizəni də özü
aparardı. Mübarizəni mərd şəkildə
aparanları isə bağışlayaraq vəzifə verərdi.
Belə hal bir dəfə Ağdamın
Abdal-Gülablı kəndində baş verdiyi deyilir.
“Damcılı bulağın” ətrafında oturub kabab yeyən
qaçaqlar hiss etməyiblər ki, alaqaranlıqda
M.C.Bağırovda kabab şişinin birinə əl atıb
dişinə çəkəcək və sonra onlara kim olduğunu söyləyəcək. Başqa çıxış yolun
olmadığı görən qaçaqlar (bəylər)
Bağırovun təklifi ilə razılaşmaq məcburiyyətində
qalırlar. Sonralar Bağırov həmin hadisənin
iştirakçılarının hər birinə vəzifə
verdiyi deyilir...
Ağdamda Kommunist Partiyasının özək təşkilatı
əslən Keşdazlı kəndindən olan Məhəmməd
Əliyevin Bakıdan Ağdama dönüşü ilə
başlayır. Həmin dövrdə Qiyaslı Mustafa Orucov, Rzaqulu
Ağaoğlu, Ətyeməzli kəndindən olan Məhəmməd
Zaman oğlu, Mikayıl Şərifov, Şelli kəndindən
Ədil Köçərlinski, Çullu Qəmbər kimi
tanınan Qəmbər Əliyevin bu sırada adları çəkilir.
Ağdam ərazisində “XI Qızıl Ordu”nun qoşun
birləşmələri ilə General Yadigarovun və Nuru
paşanın hissələri arasında ciddi qarşıdurma
və döyüşləri də olmuşdu.
Şuşa
qəzasında Hüsü Hacıyevin, Bahadur Vəlibəyovun,
Kərəf Əsgərovun, Mir Süca Ağamirovun
iştirakı ilə keçirilən toplantıda
Qarabağda Sovet hökumətinin qurulduğu elan olunmuşdu.
Gərgin
vaxtlarda vəziyyətdən istifadə edənlər
Qarabağda Komsomol təşkilatını yaratmağa da nail
olurlar. Təşkilata Gərəf Əsgərov
başçılıq edəsi olur. Sonradan
o, Naxçıvan Ölkə İnqilab Komitəsinin ilk sədri
təyin edilmiş və qarşıdurma zamanı
öldürülmüşdür. Bir məqamda
qeyd edək ki, yuxarıda adları çəkilən qəza
üzvlərindən Bahadur Vəlibəyov və Hüsü
Hacıyev sonralar müxtəlif dövrlərdə Azərbaycan
Respublikasının prokuroru vəzifəsinə təyin
edilmişdilər.
Digər bir məqam isə erməni daşnaqları ilə
mübarizədə kəskin şəkil alması idi. Yaranmış
gərginlikdən onlarda öz məqsədləri
üçün istifadə etməyə
çalışırdılar. Hadrutda və ermənilərin
sıx yaşadıqları digər məntəqələrdə
qaldırdığı qiyam ciddi şəkildə
yatırılmışdı...
Ağdamın ilk kommunistlərindən olan Əşrəf
Əliyev, Həbib Axundov, Cəmil Muradov, Cəlal Həsənov
bu qiyamların yatırılmasında yaxından iştirak
etmişdilər. Həmin illərdə gizli yaranan komsomol təşkilatına
isə Əli İbrahimov başçılıq edirdi.
Ölümündən sonra onun adına
Ağdamda küçə verilmişdi...
Araşdırmalarımız zamanı məlum oldu ki,
1920-ci ilin sonlarından Nəriman Nərimanovun və Sergey
Kirovun Ağdama gəlişi baş tutur. Səfərdə
məqsəd əsas etibarilə mitinq keçirmək və
dinc əhali arasında təbliğat işini artırmaq idi.
Həmin vaxtadək isə artıq Ağdam qəza
mərkəzi olaraq müəyyən bərpa və inkişaf
dövrü keçirdi.
1923-cü ildə Ağdam Qəza Mərkəzi olarkən
rayonda Qadınlar şöbəsi də fəaliyyət
göstərmiş və ilk olaraq bu şöbəyə mərkəzdən
göndərilmiş Kövsər Axundova və Bilqeyis Məmmədova
rəhbərlik etmişlər. Onlar ilk fəaliyyətini
Ağdamda olan Heydər Hüsiyev küçəsində olan
Məşədi Hacılq deyilən binada göstərmişlər.
İnqilabın ilk illərində müəllimədən
Kübra Ağamirova, Zinyət Tutayuq, Ətyeməzli kəndindən
olan Hüsnü Mustafayeva, Xidirli kəndindən olan Qəmzə
Mustafayeva (uzun müddət kənd sovet sədri işləmişdi),
Muradbəyli kəndindən Səriyyə Zöhrabova, Mina
Hacıyeva (Qəza müəllilmlər ittifaqının sədri
olmuşdur), Sitarə Qarayeva belə ictimiyyətçi
qadınlar sırasıa aid edilir.
Keçmiş
sovet dövrünün gərgin illərində, 1925-ci ildən
Ağdamda ideoloji təbliğat vasitəsi kimi ilk mətbu
orqan “Ağdam şöləsi” qəzetidə çapdan
çıxır...
Qarabağda
Sovet hakimiyyəti qurulduqdan sonra Şuşa
Qarabağ Hərbi İnqilab Komitəsinin paytaxtı elan
olunur. Lakin bu proses 1923-cü ilin iyul ayına kimi,
Dağlıq Qarabağ Muxtar Vilayətinin yarandığı
günə kimi davam edir. Həmin ilin
sentyabrından isə Ağdam Qəza Mərkəzi olur, Tərtər,
Bərdə, Yevlax və Ağcabədi rayonları qəzanın
ərazisinə qatılır.
Daha bir addım isə 1930-cu ilin avqustun 8-də
atılır.
Həmin il təxminən indiki inzibati ərazisi
olmaqla Ağdamın qəza statusu ləğv edilir. Ağdam və yuxarıda adıçəkilən
yaşayış məntəqələrinə rayon statusu
verilir.
Beləliklə,
Ağdama inzibati rayon statusu 1930-cu ilin avqust ayının 8-də
verilir...
Vüqar Tofiqli
525-ci qəzet.-
2012.- 25 aprel.- S.2.