“Bey pervım, Fred”, yaxud cənnətdən gələn üç göyərçin nağılı

 

“FRED ASİF”in MÜHARİBƏ ŞƏKLİ...

 

“Müharibədə insanlar üç yerə bölünür: bir hissə torpaq uğrunda vuruşur, digəri intervü verir, bəziləri isə tankın üstündə şəkil çəkdirir”... Bilmirəm niyə, amma mənə elə gəlir ki, bu sözlər Qarabağ müharibəsinin şəklidir. Fırçasız çəkilən şəkli. Tökülən qanları, şəhid məzarları, itirilən torpaqları, qəhrəmanlıqları və satqınlıqları ilə birlikdə. Onun müəllifi Fred Asif isə sadəcə torpaq uğrunda döyüşənlər üçün fanat və nümunə... Bəlkə də ona görə ki, o, tankın üstündə şəkil çəkdirənlərdən və müsahibə verənlərdən deyildi. Sadəcə, vuruşanlardan idi və buna görə də heç bir təmənna güdmürdü. “Bütün həyatım torpağa bağlılıqdan və milliyyətindən asılı olmayaraq əsl insana kişi sevgisindən ibarət olub. Millətə dönə-dönə “sizi sevirəm, sizə mənim canım qurban” deməklə onu sevmək olmaz. Əsl millət sevgisi odur ki, onu öz torpağında əsl insan kimi yaşatmağa can atasan”.

 

lll

 

Bəlkə də belə təzadlı taleyi yalnız o yaşaya bilərdi. Onun özü də yaşadığı taleyi heç kimə arzulamazdı. Hamı onun şəxsiyyətinə həsədlə baxardı. Amma heç kim onun yaşadıqlarını yaşamaq istəməzdi. Ta əvvəldən haqsızlığa qarşı nifrəti vardı və bu nifrət onun həyat yolunu müəyyənləşdirmişdi. Sonadək şərəflə daşıdığı Fred adı kimi... Ad insanın həyat yolunu bu qədər müəyyənləşdirərmiş... Bəlkə də elə buna görə əsgərliyə gedən gün gözləri qabağında kiminsə haqsız döyülməsinə dözə bilmədiyi üçün həbsxana taleyi yaşamalı oldu.

Fred Asifin – Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov xatırlayır:

“Mən Asifdən 9 yaş balacayam. Həmişə deyərdi ki, pulunuz yoxdursa, şəxsiyyəti, mənəviyyatı qorumağa güc lazımdır. Ona görə də bizi idmana yönəltmişdi. Cavan yaşlarından özü də idmanla məşğul olurdu. Həmişə də zərbəni əlinin içi ilə vururdu. Həmin illərdə məşhur “Bey pervım, Fred” filminin qəhrəmanı da Asif kimi döyüşürdü. Ağdamda Es Kamal kimi tanınan dostu vardı. O deyib ki, Asif, bax, o da sənin kimi döyüşür. Bundan sonra hamı onu “Fred” çağırmağa başladı.

Oktyabrın 31-də əsgər gedirdi. Axşamtərəfi dostları ilə Ağdamı gəzib, sonuncu dəfə həmin kinoya baxmaq istəyiblər. Çıxanda Asif görür ki, 3-4 nəfər yığışıb, Qasım adlı oğlanı döyür. Buna dözə bilmir və davaya qarışır. Asifi skamyanın ağacları ilə vurmuşdular, amma o, daha qüvvətli zərbə endirmişdi, birinin dişi tökülmüşdü, birinin burnu qırılmışdı. Həmin 3-4 nəfər pul verdi, canlarını qurtardılar. Bizdən də 2500 manat pul istədilər. Pulumuz olmadı verməyə. Asifi tutdular. 2 il iş verdilər Asifə. 8 ayını yatdı, ondan sonra işini məcburi əməklə əvəz elədilər. Dərnəgüldə yataqxanada qalırdı. İş yerindən harasa gedəndə təcili yardım maşını bunu vurmuşdu, əslində günah təcili yardım maşınında olmuşdu, amma üstündə artıq dustaq damğası olduğundan yenə də Asifi tutdular, 3 il 8 ay iş verdilər. Yenə də pul istədilər. Atam dükanda işləyirdi, gətirdi 4 min manat verdi. Asifi buraxmadılar. Üstəlik, atamı da tutdular. Bilirdilər ki, 4 min veribsə, demək, dükanda əskik var. O zaman sanki həyatımız birdən-birə dağıldı. Brejnevə qədər yazdıq, Asifin günahsız olduğunu, 11 uşaq olduğumuzu əsas gətirdik. Atamın işini azaldıb 4 il 6 ay elədilər. Amma olan olmuşdu. Asifin həyatı alt-üst idi...”

 

lll

 

80-ci illərin sonunda həbsxanadan qurtardıqdan sonra getdi Moskvaya. Orada yaxşı dostları vardı. Bir az qaldı, müalicə olundu, tam sağlam qayıtdı Ağdama. İmarətdə ona bir restoran tikdilər. Həyat bizim üçün yenidən başlayırdı. Biz də böyümüşdük, əlimiz çörəyə çatmışdı. Təzə-təzə özümüzə gəlirdik ki, Qarabağ hadisələri başladı....

 

lll

 

...Bəlkə elə bu təzaddan idi ki, həbsxana qanunlarının fövqündə duran və əmri dinlənilən Asifi adi bir yarpağın titrəməsi belə kövrəldə bilərdi. Qarabağ müharibəsinin qəhrəmanı və xoş avazı, gözəl şeirləri olan adi bir insan. Tanrı onun qoluna güc və ürəyinə ilahi bir ədalət vermişdi. Bir dəfə bacısından soruşmuşdu: “Bilirsən, hava niyə belə təmizdir? Çünki hələ pis adamlar yuxudan oyanıb nəfəsini havaya qatmayıb. Hələ heç kim qarğış etməyib. Hələ yalandan and içilməyib. Hələ biri yeyib, biri baxmayıb...” Ürəyinin səsinə həmişə qulaq asırdı və bu səs onu Asif Məhərrəmovdan “Fred Asif”ə çevirdi. Qarşıda isə Qarabağın müdafiəsi vardı...

“Xalq Cəbhəsi yarananda Asif bildirdi ki, sədr kim olur-olsun, amma məqsəd ermənilərə qarşı mübarizə olsun, kolxoz sədri dəyişmək bizim işimiz deyil. Fikirlər haçalandı. O zaman Asif “Haqq cəbhəsi”ni yaratdı.

Əvvəlcə 5 avtomat olub “Haqq cəbhəsi”ndə. Sonradan avtomatlarımızın sayı 17-yə, daha sonra 34-ə çatdı. Elə olub ki, 34 silahla 80 nəfər döyüşə getmişik. 92-ci il yanvarın 31-də Xramortu alanda. Hamı çaşıb qalmışdı ki, neynəyək, silah yoxdu. Asif deyirdi ki, hər silahın böyründə 3 adam olsun. Birinə güllə dəysə, o biri götürsün. Hamı da razılaşdı. Uşaqlar döyüşə bir dənə qumbara ilə gedirdi. Bu, komandirə olan inamdan irəli gəlirdi. O döyüşdə bir maraqlı məqam da olmuşdu. Asif xəstə idi döyüş vaxtı, hava da möhkəm soyuq idi, sulu qar yağırdı, yer də palçıq idi, O, kürklə irəliləməkdə çətinlik çəkdiyindən onun kürkünü dostu Adil geyinir. 3 dəqiqədən sonra onu kürəyindən vurdular. Elə bildilər Asifdir. Xoşbəxtlikdən Adil sağ qaldı. O vaxt belə təxribatlar da çox olurdu.

 

lll

 

Aranzəmini alan zaman Asif maraqlı taktika qurmuşdu. Artilleriya atəşi vaxtı kəndə girmək. Axı artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizlənir. Asif oturur maşına ki, sür kəndə. Üç nəfər olurlar: Asif, dostu Adil, bir də sürücüsü Cəbi.

Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edir, əməliyyat fikirləşirmiş. Görür ki, bir UAZ atəş altında girdi kəndə. Atəş dayanan kimi batalyon da getmişdi dallarınca. Bir dənə BMP, 6-7 avtomat götürdülər. Ermənilər qoyub qaçmışdı. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev deyir: “Bu hərəkəti ancaq fanat edə bilərdi”.

 

lll

 

“O heç vaxt qardaşları ilə əsgərlərə fərq qoymurdu. Bir dəfə Asifə deyiblər ki, balaca qardaşım Səxavət yoxdu. Rəhmətlik Çingiz Mustafayev hələ sağ idi. O xəbər gətirmişdi ki, orda bir oğlan vurmuşdular, dedilər, Fredin qardaşıdır. Güllə ağzından dəyib. Gəldim ki, ay Asif, Səxavət yoxdu. Əsgərləri göstərib dedi ki, onlar sənin nəyindi? Dedim ki, əsgərlərdi. Dedi ki, əsgərlər yox, qardaşın. Dava meydanında hər kəs öz əzizini qorumaqla məşğul olsa, heç vaxt qalib gəlmək mümkün olmaz. Ölüb, Allah rəhmət eləsin, qalıb, Allah şəfasını versin. Səxavət də o qardaşlarımızdan biridir”.

“Müharibə qələbə gününə qədər ürəyimizə daş bağlamağı tələb edir, düşmənə nifrət müqəddəs hissdir” fəlsəfəsi var idi Asifin. Amma bu fəlsəfənin içində bir ayrı fəlsəfə də vardı. İnsanlıq fəlsəfəsi. “İlahi, atılan mərmilər kaş ki, uşaq, qadın və qocalardan yan keçəydi. Əsir düşmüş əsgərə işgəncə verməyin. İllah da yaşı altmışı ötmüş qocaya, qadına. Döyüşçüyə qarşı döyüşün”.

Fred Asifin tabeliyində olan əsgərlərə münasibətdə qəribə özünəməxsusluqları vardı. Hərbi qaydaların tələb etdiyi qədər sərt, böyük qardaş qədər qayğıkeş. Çətin döyüş qabağı hamıdan soruşardı ki, bəlkə kiminsə bir narahatlığı var, bəlkə kiminsə evdə xəstəsi var, bəlkə kimsə özü xəstədir. Amma bununla belə onun yanında döyüşdən geri qaçmağı kimsə ağlına gətirə bilməzdi. Ağır döyüşlərdən birində geri qaçan üç-dörd gənci Asifin “Hara qaçıqsız?” sualı saxlayır. “Deyirsən havayı ölək?” sualının cavabını Asifin özü yox, şilləsi verir. Döyüş başa çatandan, erməni geri çəkiləndən sonra Asif geri qaçan oğlanı çağırıb deyir: “Görürsən, bu qələbədə sənin də payın var”.

1992-ci ildə qəzetlərə verdiyi müsahibədə isə deyirdi: “Mən realistəm. Əgər qüvvələrimizi vahid komandanlıq altında birləşdirə bilsək, qələbə bizimdir”. Amma qüvvələrimizi birləşdirə bilmədik. Bu reallığı yaşamaq Asif üçün həddən artıq ağrılı oldu. O bircə bunu edə bildi ki, bütün siyasi qruplaşmalardan kənarda qaldı və yalnız bir düşmənə – erməniyə qarşı döyüşdü...

“Biz sənin haqqında dərindən-dərinə düşünüb doğru qərara gəlməyə bir millət olaraq nə qədər də gecikmişik”. Vətən haqqında deyirdi bu sözləri. “Mən həmişə milli mənsubiyyətim ilə fəxr etmişəm. Amma indi fikirləşirəm ki, bizə nə olub? Axı niyə biz ermənilərin qarşısında dayana bilmirik. Siyasi oyunlar mane olur. Şəxsi mənafelər mane olur. Erməninin qarşısında dayana bilmirik, amma Milli Qəhrəmanlarımızın sayı da günü-gündən artır. Bax, bunu qəbul edə bilmirəm”. Bəli, Fred Asif bütün bunları qəbul edə bilmirdi. Ona Milli Qəhrəman adı veriləndə bu addan imtina etməklə, o, baş verənlərə etiraz edirdi.

“Biz dəfələrlə Naxçıvanik, Ağbulaq, Yeddi Xırman, Fərrux, Daşbaşı kimi yüksəklikləri əsgərlərimizin qanı bahasına ələ keçirmişik. Sutkalarla ac-susuz orada kömək gözləmişik. Heç bir kömək gəlməyib. Döyüşdə rəşadət göstərən döyüşçülərimiz heç vaxt lazımi qaydada stimullaşdırılmayıb. Şellinin bir neçə məntəqəsi alınanda 4 nəfərimiz həlak oldu. Bu vaxt döyüşən uşaqlara təltif vermək əvəzinə, bizdən izahat istəyirdilər ki, niyə icazəsiz döyüşdə iştirak etmisiniz. Bütün bunlar döyüşçülərimizin əzmini qırmaq üçün idi. Günahkarları qəbir və torpaq sahibləri içində axtarmazlar. Gecə səhərə qədər səngərdə erməniyə qarşı döyüşən adamları, oğlunu, qızını, qolunu itirənləri Yaqubu (“Qatır Məmməd” ləqəbi ilə tanınan Yaqub Rzayevi nəzərdə tutur – K.Q.), Vaqifi, Çingizi satqın kimi qələmə verməyə çalışırlar. Bu şərəfsizlikdi, allahsızlıqdı”. Asif bütün bunları qəbul edə bilmirdi...

1992-ci ilin iyun ayının 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurmuşdular, maşını aşmışdı. Asifin ağ ciyəri ciddi zədələnmişdi. Ağzından qan gəlirdi. Milli Qəhrəman adına təqdimatı onda yazdılar. 3 gün Ağdamda saxladılar. Dedilər, yola çıxmaq olmaz. Sonra Bakıda müalicə olundu, qayıtdı Ağdama...

Asif 1993-cü ilin iyulun əvvəlində Heydər Əliyevin qəbuluna girmişdi Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə. O zaman ən uzun çıxışı o eləmişdi, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını çatdırmışdı. İyulun 15-də “Qatır Məmməd” həbsxanada rəhmətə getdi. İyulun 17-də Heydər Əliyev Asifi bir də çağırtdırdı yanına . O zaman narahatçılıq vardı ki, Bakıda təxribat hazırlanır. O vaxt 3 saat söhbət eləmişdilər. Asif bildirib ki, nə mən, nə də mənim ətrafımdakılardan heç kim bu işlərə qarışmırıq.

 

lll

 

Ağdam işğal olunanda Asif xəstəxanada idi. Uzun illərin həbsxana və səngər həyatından sonra “qazancı” olan xəstəliklə əlbəyaxa mübarizədə idi. “Bir Allah şahiddir ki, başqaları kimi necə istəsəm elə yaşayardım. Amma mən o yolu yox, kişi kimi yaşamağı üstün tutdum. Kasıb yaşadım və günlərin birində elə bu halımla da öləcəyəm. Heç kimin yanında xəcalətli deyiləm. Qardaşlarım üçün bir gün də ağlamadım. Bəyan etmişəm ki, döyüşdə ölsəm, məni erməni əsirinə və ya meyitinə dəyişməsinlər. Çünki ora da mənim öz torpağımdır”.

“Asif qız götürüb qaçmışdı o vaxt, amma toy edə bilməmişdi. 1989-cu ildə deyirdi ki, iki qardaş toyumuzu bir yerdə eləyərik. O vaxt Moskvadan toy üçün hər şey almışdım. Sonra 20 Yanvar oldu, sonra Qarabağda müharibə başladı.... Asifin toyu qaldı. Mən isə 1999-cu ildə 39 yaşımda evləndim”.

İndi Asifin iki yadigarı var. Biri oğlu Azərdi. Adını özü qoyub. 34 yaşı var. 3 dəfə qol yarışı üzrə Avropa, dünya çempionu olub. Azərbaycanda işə düzələ bilməyib. Hazırda Rusiyada yaşayır.

Asifin ikinci yadigarı adıdır. Bu adı indi qardaşı Ədalətin oğlu balaca Fred Asif yaşadır.

 

lll

 

Asif Məhərrəmov Azərbaycandan kənarda vəfat etdi. Səhhətinin pis olduğunu görən yaxınları onu Yaltaya – müalicəyə apardılar. Oraya çatar-çatmaz vəziyyəti pisləşir. Və son... Amma yox, bu, son deyildi. Onun dəfni hər bir azərbaycanlı üçün ancaq ibrət ola bilər. Hərbi orkestrin himni, döyüş dostlarının yaylım atəşləri, məzarın üstündə dövrə vuraraq enən üç göyərçin...Bəlkə də bu həqiqətə çoxları inanmayacaq. Amma yəqin ki, behişt elə bu deməkdi....

 

 

Kəmalə Quliyeva

 

525-ci qəzet.- 2012.- 25 aprel.- S.8.