Çingiz
Abdullayevin universitet tələbələrilə
görüşləri təşkil edilib
Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycandakı bir neçə universitetin tələbələri ilə görüşləri keçirilib. Görüşlərdə həmin təhsil müəssisələrinin pedaqoji kollektivi və tələbələr iştirak ediblər. Azərbaycan Neft Akademiyası, Dövlət Pedaqoji Universiteti, Bakı Avrasiya Universiteti, Dövlət İdarəçilik Akademiyasından gələn dəvət əsasında keçirilən görüşlər maraqlı alınıb.
Qeyd edək ki, yazıçının kitabları dünyanın müxtəlif xalqlarının dillərində nəşr olunmaqdadır. Bolqarıstan nəşriyyatı “Danqrafik”, Pyotr Milevin tərcüməsi əsasında Çingiz Abdullayevin iki romanını nəşr edib.
Fransada isə, təqdimatı may ayının 14-də Parisdə keçiriləcək, Rober Jironun tərcüməsində “İdeal hədəf” kitabı nəşr olunub.
Eston dilində Annelli Pekkonenin tərcüməsində “Özünə dünya yarat” və “Qorqonun baxışı” kitabları çap edilib. Qırğızca Ernis Tursunov və Çolpon Abdullayevin çevirdiyi “Apatiya” kitabı nəşr edilib.
Simon Andersonun tərcüməsində isə danimarka dilində “Djentlmen sövdələşməsi” kitabı çapdan çıxıb.
Məşhur Azərbaycan yazıçısının kitabları dünyanın iyirmi səkkiz dilinə tərcümə olunub. Onun əsərləri əsasında yeddi film və iki serial çəkilib. Çingiz Abdullayev – dünyanın bir çox ölkələrinin kitab mağazalarında xüsusi rəflərdə yer verilən azsayda ədiblərdəndir.
GÜNEL
525-ci qəzet.- 2012.- 26 aprel.- S.7.