Ramil Səfərov
– canlı xalq qəhrəmanı kimi
Bu
günlərdə, “əsl kişi necə olmalıdır?”
sualı ətrafında televiziya kanallarımızda müzakirələr
aparıldı. Ümumiyyətlə, bu mövzu elə hər
zaman aktualdı. Bunun da səbəbi yəqin hər kəsə
aydındı. Fikir verirsən ki, kişi deyəndə birinci
vətənpərvər, cəsur, igid və s.bir obraz
canlanır göz önündə. Bu gün müharibə
şəraitində olsa da atəşkəs (hər gün
pozulan atəşkəs) dövründə
yaşayırıq. Məncə, indi əsl qəhrəmanlar
o hər an ölüm təhlükəsi ilə üz-üzə
qalan adamlardı. Düşmən gülləsi altında əkin
əkən, ev tikib, yurd salan adamlardı. 11 yaşlı Fariz Bədəlovun
atasıdı, anasıdı, düşmənlə
üz-üzə bu dağı sinəsində daşıyan
doğmalarımızdı. Bu insanlar köçüb
başqa səmtə də gedə bilərlər, bir qarın
çörək pulunu hardan olsa qazana da bilərlər. Amma məsələ
başqa şeydi, torpaq, yurd qoymur insanı aralı
düşməyə, ölümü gözünə
alıb yaşayır bu Vətən fədailəri...
Bir də təkcə mənim yox,
çoxlarının fikrincə, əsl canlı qəhrəman
leytenant Ramil Səfərovdu. Yalnız bir evin, bir
ocağın yox, cümlə Vətənin təəssübünü
çəkən, gələcək karyerasını,
arzularını doğma yurdu üçün qurban verən
qardaşımız. Bütün köçkünlərin
balası, qardaşı, canı-qanı, cümlə azərbaycanlıların
fəxri Ramil Səfərov. Erməni başımıza
açdığı min bir oyuna görə cəzasız
qaldığı halda nədən R.Səfərov
ömürlük həbs edilib görəsən? Xocalıda hələ
doğulmayan körpəni süngüyə keçirən,
qadına-qocaya min bir işgəncə verən, mənim
atamı öldürən, yurdumuzu talayan qaniçənlərin
cəzası nə olub görəsən? Amma R.Səfərov
nə bir körpəyə əl qaldırıb, nə də
özgənin torpağını talayıb. Erməni yetirməsi
özü onu məcbur edib ki, bu qətli törətsin. Onun
millətini, bayrağını, mənliyini təhqir edib
dönə-dönə. R.Səfərov yurdunu-evini talayıb
doğmalarını öldürən, qalanları didərgin
salan, hələ o uzaq ölkədə- Macarıstanda da hər
an yarasının közünü qoparıb ona göz verib
işıq verməyən düşmən bəlasına
axı hansı dildə cavab verməliydi? Deyirlər
babalarının yoluna “çıraq” tutan bu erməni
dığasının vətənində heykəlini
ucaldıb qəhrəman sayırlar. Ürəyində Vətən
təəssübü, yurd yanğısı olan bütün
insanlarımız Ramil Səfərovu canlı xalq qəhrəmanı
hesab edir. Özü də qondarma yox, əsl qəhrəman...
Mən bunu hiss elədim, bir daha anladım. Onun adı çəkiləndə
bir el qızımız söylədi ki, R.Səfərov mənim
ürəyimin yaralı yeridi, həm də qürur yeri. Səkkiz
ildən artıq yad, uzaq ölkədə həbsxanada ona
ömürlük cəza verildiyini bilsə də
sınmayıb bu igid oğlan. Həm də biliyi,
bacarığı ilə millətimizin başını uca
edib. Həbsxanada kitablar yazıb, həbsə
alındığı ölkənin dilindən tərcümələr
edib, fırçayla əsərlər yaradıb və.s.
Sübut etməyə çalışıb ki, Azərbaycan
insanı mənən çox güclüdü. Sən
havadarlarını toplayıb onun torpağını zəbt
edə bilərsən, fəqət ona qalib gəlməyə
gücün yetməz... Bu gənc leytenantın gözündə-könlündə
elə bir Vətən sevdası yurd salıb ki, harada olur-olsun
qəlbi onunla döyünür. İnanıram ki,
bütün varlığıyla, işi, əməli ilə
igid oğlumuzun taleyinə biganə olmayan insanların sayı
möhtəşəm bir ordunun sayından artıqdı...
Çünki qeyrət bu millətin mayasındadı. Bu da bir
qeyrət məsələsidi axı... Bu canlı xalq qəhrəmanını
unutmağa haqqımız yoxdu, bizdən ötrü
cavanlığını, karyerasını qurban verən, həbsxanada
da Vətən üçün çarpışan bu əsl
igidlik nümunəsini unutmağa ixtiyarımız yoxdu...
...Əvvəllər yataqxanada qonşu olduğum Sahib kişiyə – Ramilin atasına da sözüm var. Sahib dayı, adam var ata namussuzluğundan, qardaş qeyrətsizliyindən, ər nadürüstlüyündən elə əziyyətlər çəkir ki, heç dilinə alıb danışa da bilmir, içində qovrula-qovrula qalır. Qeyrəti-namusu satmırlar axı. Qeyrət insanın öz canında olur. Mən bunun irsi olduğuna da inanmadım gördüklərimdən. Qeyrətsiz qardaşına görə dili ağzında yanan bacının paralanmış ürəyini bir Allah görür... Amma sən xoşbəxt adamsan, oğlunun qeyrəti ilə öyünə bilirsən...
Mina RƏŞİD
525-ci qəzet.-
2012.- 27 aprel.- S.5.