Kimin ağzı əyiləcək?
Anarın
“Daşlama”sıyla bağlı qalmaqalda tutarlı dəlillərlə
ifşa edilib məğlub olanlardan, açıq-aşkar
iflasa uğrayanlardan birisi yenə bəd əməllərindən
əl çəkmək istəmir.
“Yeni Müsavat” qəzeti ( 25 aprel 2012)
yazır:
“Elnur Astanbəyli bildirdi ki, Z.Məmmədlinin
Anarın yaradıcılığı haqqında xoş
sözlərini dünya ədəbiyyatından məlumatsızlğı
ilə əlaqələndirir. Onun fikrincə dünya ədəbiyyatından
bir neçə normal kitab açıb oxuyan adam Anara
yazıçı deyə bilməz: “Yox, inad eləyib bunu desə,
o zaman ağzı əyilər”.
Bu sözlərə şərh vermək
artıqdır. Amma bu sözlərdən sonra
“Çağdaşları Anar haqqında” adlı kitabı vərəqlədik
və oradan bəzi parçaları bura
köçürürük ki, kimin ağzının əyiləcəyi
aydın olsun. Elnur Astanbəyli dünya ədəbiyyatından
bir neçə kitab oxumaqla ədəbiyyat haqqında fikir
yürütməyə girişir. Ondan fərqli olaraq dünya
ədəbiyyatına daha artıq bələd olanlar (bəziləri
də bu ədəbiyyatı yaradanlar) Anarın
yaradıcılığı haqqında tamam başqa fikirdədirlər.
Ancaq bir neçə sitat:
– Hörmətli Anar bəy! Sizi – Azərbaycan
ədəbiyyatının və incəsənətinin
görkəmli xadimini anadan olmağınızın 60 illiyi
münasibətiylə təbrik edirəm. Siz Azərbaycan ədəbiyyaının
Rəsul Rza və Nigar Rəfibəyli kimi təmiz ziyalı
ailəsində, xalqımızın keşməkeşli
mürəkkəb həyatını yaşayan bir ocaqda
böyüyüb boya-başa çatmış,şəxsiyyət
və yazıçı kimi formalaşmısınız. Yeni
milli təfəkkürün formalaşmasında 60-cı illər
nəslinin öndərlərindən biri kimi ədəbiyyat
muzeyində, radioda, “Qobustan” toplusunda, Azərbaycan
Yazıçılar Birliyində
çalışdığınız illərdə
yaradıcılığınızın çoxşaxəli
və zəngin örnəkləri Azərbaycana yeni
ab-hava,düşüncə və təsəvvür gətirib.
Azərbaycan milli-azadlıq hərəkatı tarixində və
milli dövlətçilik şüurunun formalaşmasında
Sizin bədii əsərləriniz müstəsna rol
oynayıb. Eyni zamanda milli-azadlıq hərəkatında
iştirakınız minlərlə insanların oyanmasında,
ziyalıların hərəkata qoşulmasında böyük
rol oynamışdır. Bu gün Azərbaycanın ümumilli
dəyərlərinin formalaşmasında, Bütöv Azərbaycan
uğrunda hərəkatın genişlənməsində,
Türk dünyasının iç-içə
bağlanmasında Sizin gördüyünüz işlər,göstərdiyiniz
xidmətlər çox böyükdur.
ƏBÜLFƏZ
ELÇİBƏY 14 mart 1998
– Anarın
“Qobustan” jurnalı dili ilə, məsələsi ilə təzə
gəlmişdi. Sonra hamı düşdü onun üstünə,
başladılar Rəsul Rzanın əleyhinə yazmağa,
Anarın əleyhinə yazmağa. Qrup ilə bir yerdə
vurmağa başladılar... O dövrün ziyalıları
haqqında ayrıca yazı da yazmaq lazımdır. Onların
qiyməti də verilməlidir. Mənim yadımdadır “Molla
Nəsrəddin 66” – Anarın yazıları, hamı oxuyurdu. Butun
cavanlar bir-birindən soruşurdu ki, oxumusan? Onun müzakirəsini
keçirirdilər, danışırdılar cavanlar. Yəni
bu Sabir ruhunun qayıtması idi. İndi necə ki, biz Azərbaycan
Demokratik Cümhuriyyətini bərpa etməyə
çalışırıq, o zaman da bunlar həmin o məfkurəni
bərpa eləyənlər idi və elədilər də.
Çox şey elədilər.
ƏBÜLFƏZ
ELÇİBƏY 1991
– 60-cı illərdə ədəbiyyatımıza
gələn, ilk əsərləri ilə də diqqəti cəlb
edən Anar o vaxtdan bu günə qədər böyük,
mürəkkəb və şərəfli
yaradıcılıq yolu keçmişdir.
Hekayə, povest,
roman, dram, kino-ssenarilər, müxtəlif mövzulu məqalələr...
70-ci illərdə
yazılan “Ağ liman” dünyanın bir çox ölkələrində
nəşr olunmuşdur... Əsərləri ABŞ-dan
tutmuş Türkiyə, İrana qədər
dünyanın həm Qərb, həm
də Şərq ölkələrində tanınan qələm
dostumuz Anarı 70 illik yubileyi münasibətiylə təbrik
edir, ona daha böyük uğurlar və yaradıcılıq
sevincləri arzulayıram.
Əzizim
Anar, sən son 30-40 illik ədəbiyyatımızda öz dəsti-xəttini
qoyan, bu aləmdə özünməxsus təzə iz
açan və bu izin dolayların da xalqına namusla xidmət
edən qüdrətli bir sənətkarsan.
BƏXTİYAR
VAHABZADƏ
– Ziyalı
beyni bizim mənəvi sərvətimizdir. Bununla belə milli sərvəti
qorumaq, ona qayğı göstərmək də vacibdir. Amma
etiraf edək ki,qiymətli adamlarımızı qorumaq,onlara
qayğı göstərmək bir yana,ömrünü millətinin
dərdlərini dilə gətirməyə, uzun illər
içində yaşadığımız totalitar rejimin
kökunü baltalamağa həsr etmiş Anar kimi
ziyalılarımızı yerli-yersiz sancmağa,
özümüzdən incitməyə ehtiyac var idimi? Axı
son 2-3 ildə bəzi qəzetlərimizin işi-peşəsi
Anar kimi hörmətli ziyalılarımızı neştərləməkdən
ibarət olmuşdur. İstiqlalımızı qazanandan sonra
sovet imperializminin kökünü baltalayan “Adamın
adamı”, “Anlamaq dərdi”, “Yaxşı padşahın
nağılı” kimi o vaxt böyük cəsarəti tələb
edən əsərləri yazmış Anarın xidmətlərini
bu gün qiymətləndirmək əvəzinə, atmacalarla
onun yersiz “ifşası” ilə məşğul olmaq mədəni
xalqa yaraşarmı?
BƏXTİYAR
VAHABZADƏ
– Anar
altmışıncılar nəslinin ən parlaq və
maraqlı nümayəndələrindəndir. Anarın son əsərlərini
maraqla oxudum. “Otel otağı” povesti Türkiyə təəssüratlarından
yaranıb. Anarın son iri əsəri “Ağ qoç,qara
qoç” da bənzərsizdir.
İstanbulda
ən müxtəlif simpoziumlarda, konfranslarda iştirak edərkən
Anarın Türk dünyasında necə böyük nüfuz
sahibi olduğunu görmək mənə çox xoşdur.
Əgər ədəbiyyatı
keçmiş sovet dövrü miqyasında, ən azı MDB
miqyasında götürsək Anar ən görkəmli
müasir yazıçılardandır. O yalnız öz
zamanının ifadəçisi deyil, dərindən
düşünən ədib-filosofdur. Bununla da o Azərbaycan ədəbiyyatının,
Azərbaycan dilinin imkanlarını, potensial
ehtiyatlarını nümayiş etdirir. Bu mənada o müasir
ədəbiyyatın çox əyani, aparıcı fiqurudur.
ÇİNGİZ
AYTMATOV
– Anarı
lap gənc yaşlarımdan dərk etdim ki, bu qeyri-adi şəxsiyyətdir.
Bu şəxsiyyəti eşidəcəklər, özü də
elə eşidəcəklər ki, bu doğrudan da Azərbaycan
ədəbiyyatının çox böyük hadisəsi
olacaq. Yadımdadır “Azərbaycan” jurnalında Anarın elə
ilk hekayələri məni sarsıtmışdı. O, yeni
süjetləriylə, yeni janrla, yeni üslub ixtiralarıyla
sarsıdırdı.
Bir neçə
kəlmə də onun son povesti “Ağ qoç, qara qoç”
haqqında. Bu – sözün yaxşı mənasında dəhşətli
əsərdir və jurnal bu əsəri çap etməklə
böyük cəsarət göstərmişdir. Hər halda
heç kəs inkar edə bilməz ki, Anar Azərbaycan ədəbiyyatında
böyük bir hadisədir.
ÇİNGİZ
HÜSEYNOV
– Anarın gəlişi
mənim üçün Azərbaycanın gəlişi və
azadlıq deməkdir. Çox istəyirəm bu
yazıçını. Əvvələn parlaq şəxsiyyətinə,
insani fəzilətlərinə, ikincisi sənətkar
gücünə görə. Elə qələm sahibləri
var ki, haqqında bircə epitet deməklə yetinirsən.
Anarınsa adı çəkiləndə qazandığı
bütün epitetləri tələb edir, yazıçı,
şair, publisist,tərcüməçi, dramaturq, ssenarist,
rejissor, folklorçu, tarixçi.
Üstəlik
poeziyanın, rəssamlığın, teatrın, musiqinin, incəsənətin
incəbiliçisi... Çağdaş Azərbaycanda bu qədər
dürlü ibrak sahələrini qavrayan və hər sahədə
özünün dürüst, sanballı sözünü deməyə
qadir ikinci alim və sənətkar tapmaq çətindir.
XƏLİL RZA ULUTÜRK
– Belə
ağır zamanda azərbaycanlı həmkarlarım özlərinin
Yaşıçılar Birliyini bir yaradıcı təşkilat
kimi qoruyub saxlaya bilmişlərsə, bu möhtəşəm
binanı əldən verməyiblərsə, başda Anar
olmaqla onların hamısına çox minnətdaram. Anar
özünün həm ədəbi – mədəni aləmdəki,
həm cəmiyyətdəki, həm də dövlət-hökumət
nümayəndələri arasında nüfuzuyla Azərbaycan
Yazıçılar Birliyini qoruyub saxlamağa müvəffəq
olub. Mən sizin yazıçılara olan dövlət
qayğısını – hələ dahi Heydər Əliyevin
zamanından verilməyə başlanan Prezident təqaüdlərinin,
rəsmi adların təqdim edilməsində Anarın
böyük rolundan danışmaqla vaxtınızı almaq
istəmirəm. Anar, bütün görülən işlərə
görə çox sağ ol.
OLJAS SÜLEYMENOV
– Mən Azərbaycana
çoxdan bağlıyam və Bakıya ilk dəfə gələrkən
–sizin adınız artıq əfsanəvi idi. Mən elə
hesab edirdim, siz elə bir zirvəsiniz ki, ora
çatmağı heç arzulamaq belə olmaz... İllər
keçirdi, mən həmişə sizin əsərlərinizi
oxuyurdum. Sizin sonuncu oxuduğum əsəriniz “Drujba narodor”
jurnalında dərc olunmuş “Ağ qoç,qara qoç”dur.
Bu əsər məni sarsıtdı. Düşündüm
ki, müasir Azərbaycan ədəbiyyatında bu gün rus
yazıçılarının yazdıqlarından daha
güclü, daha ciddi, daha dərin əsərlər var, qoy
rus yazıçıları məndən inciməsin.
RİMMA
KAZAKOVA Moskvada Anarın 70
illik yubileyində
çıxışından
– Dünyanın qəribə işləri
var. Birisinin kitabları çıxır, hətta Nobel də
qazanır, amma bəhs olunan şəxsin kitablarını
alıb oxumağa başladım, iki-üç səhifə
oxuyub ardını oxuya bilmədim. Amma Anarın əsərləri
insanı elə cəlb edir ki, başladınmı, bitirmədən
yerə qoya bilmirsən. Anar sadəcə Azərbaycanın
deyil, bütün türk dünyasının böyük yazarıdır.
NAMİK KAMAL ZEYBƏK
Türkiyə Cümhuriyyətinin sabiq Mədəniyyət
naziri, Böyük Millət Məclisinin deputatı, Ankarada
Anarın yubileyində çıxışından.
– Anar
yaradıcılığının həqiqətən
Renessans genişliyinin istedad və maraq dairəsindən
başqa mənəvi qaynaqları da var: “Özgə” əməlləriylə,taleləriylə,səyləri
ilə bu qədər ürəkdən məşğul olmaq
yalnız ölümü unutmayan və həyatı sevən
adamın işidir. Anarın
şəxsiyyət, sənətkar, ictimai xadim kimi Azərbaycan
mədəniyyətində unikallığı aydın həqiqətdir.
İstedadın, geniş erudisiyanın,xalqına,ölkəsinə
gərəkli olmaq yolunda xidmətin və zamanı son dərəcə
dəqiq duymağın belə üzvü vəhdətini mən
başqa heç kəsdə görməmişəm.
RÜSTƏM İBRAHİMBƏYOV
– O, hər şeydən öncə bir vətənpərvərdir.
Xidmətlərini
nümayiş etdirən şöhrətpərəstlərdən,
mənəmlik duyğusuna aludə olanlardan deyildir. Tam tərsinə.
Çıxardığı jurnallar, uzun illər
Yazıçılar Birlyinə rəhbərliyi, hər
işi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin
dünya miqyasında tanınması üçündür.
Belə insanlar azdır, nadirdir, şübhəsiz ki, Nazım Hikmət belə idi.
Çox yaxından tanıdığım Əziz Nesin də
beləydi. Anar bu soydan, belə nadir və mənim
üçün mübarək yazıçılardandır.
Onlar heç bir zaman dar anlamda millətçi deyillər,
yüksək humanizm və hərtərəfli sevgilə
ölkəsini, xalqını, dilini tanıdan,müdafiə edən
və təmsil edənlərdirlər. Onlar xidmətlərinin
müqabilində heç vaxt heç bir əvəz gözləməz
və istəməzlər. Çünki bu onların şəxsiyyətlərindən
irəli gəlir. Azərbaycan ədəbiyyatının
müasir, modern üzünü Türkiyədə tanıdan
ilk yazıçı Anardır. Bu gün Türkiyədə
qardaş Azərbaycan ədəbiyyatına yönəlmiş
oxucu marağının baş memarı da Anardır.
ATAOL
BƏHRAMOĞLU
SÖZ ARDI. Elnur
Astanbəyli bu mətnlərlə tanış olandan sonra
ağzından muğayat olsun ki, əyilməsin. “Azadlıq” qəzetində(22
aprel 2012) Elnur Astanbəylinin “340 manat” adlı yazısıyla
tanış olanlar onun hansı meyyarlarla bir
yazıçını səmimi, başqasını qeyri-səmimi
saymasını başa düşər. Elnur Astanbəylinin
ölçüsüylə onun cibinə pul qoyanlar səmimi,
qoymayanlar qeyri səmimidirlər.
AZAD
525-ci qəzet.-
2012.- 27 aprel.- S.6.