Əflatun Amaşov: “Jurnalistika
fakültəsinin ayrı-ayrı auditoriyaları sanki iş
otağıdır”
“MEDİANIN
ÖZÜNÜTƏNZİMLƏMƏSİ İLƏ
BAĞLI MƏSƏLƏ BÖYÜK BRİTANİYADA
BAŞLICA MÜZAKİRƏ MÖVZULARINDANDIR”
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov Böyük
Britaniyaya səfərinin yekunları ilə bağlı APA-ya
müsahibə verib.
– Böyük Britaniyanın Şikayətlər
Komissiyası medianın özünü tənzimləməsi ilə
bağlı dünyanın ən effektiv və çevik qurumu
sayılır. Təşkilat 20 il əvvəl yeniləşmiş
formada fəaliyyət göstərməyə başlayıb.
Həmin vaxtadək ictimai rəydə o qədər də
populyar olmayıb. İndi ölkənin aparıcı media
orqanları onun təsisçiləri
sırasındadırlar. Hazırda qurumun fəaliyyət
missiyası ətrafında geniş diskussiyalar yaranıb. Bu
fikirlərin gündəmə gəlməsi isə ötən
il baş verən bir hadisə ilə əlaqədardır.
Söhbət tanınmış media maqnatı Rupert Merdokun
qrupuna daxil olan, birləşmiş krallığın
1843-cü ildən fəaliyyət göstərən ən qədim
və tirajlı qəzeti “News of the World” tabloidi ilə
bağlı qalmaqaldan gedir. Baş vermiş hadisə
ümumilikdə Britaniya cəmiyyətini silkələmişdi.
Məlum olmuşdu ki, nəşrin rəhbərliyi polislə,
müxtəlif vəzifə sahibləri ilə işbirliyi
quraraq, ən əsası isə onlara rüşvət verərək
mindən çox insanın, əsasən məmurların,
habelə sadə vətəndaşların telefon danışıqlarını
izləyib, müxtəlif qrup adamların şəxsi həyatlarına
dair materialları dərc edib. Əlbəttə, məsələ
aşkara çıxdıqdan sonra qəzet fəaliyyətini
dayandırdı. İctimai reaksiya o qədər güclü
oldu ki, holdinqdəki bir sıra şəxslər də işdən
getmək məcburiyyətində qaldılar. Lakin
narazılıq bununla səngimədi. İctimaiyyətdə məsələ
ətrafında geniş diskussiyalar açıldı.
Mövcud
durumda cəmiyyətin tələbindən qaynaqlanan
üç cəhətin zəruriliyi önə çəkildi.
Bunlardan birincisi qanunların sərtləşdirilməsi,
inzibati orqanların səlahiyyətlərinin
artırılmasıdır. Ölkədə müəyyən
qrup adamlar hesab edirlər ki, media fəaliyyətinin
ayrı-ayrı təzahür formaları yeni qanuni nəzarət
funksiyalarının predmetinə şamil edilməlidir.
Növbəti bir qütb istəyir ki, ölkədə kifayət
qədər nüfuza malik Şikayətlər Komissiyası
mövcuddur və bu qurum haqqında ayrıca qanunun qəbuluna
ehtiyac var. Üçüncü bir qrup isə belə demək
mümkünsə, sırf media təəssübkeşliyi
nöqteyi-nəzərdən çıxış edir. Bu qrupa
daxil olanların fikrincə, komissiyanın əsasən ictimai
müstəviyə söykənən səlahiyyət dairəsinin
artırılması zəruridir.
Hazırda
Böyük Britaniya parlamentinin İcmalar Palatasında
tanınmış hakim Levessonun rəhbərliyi ilə
yaradılmış xüsusi komitə məsələni
araşdırmaqdadır. Qurumun oktyabrda geniş məruzə ilə
çıxış edəcəyi nəzərdə tutulur.
–
Sizin ünsiyyətdə olduğunuz mütəxəssislər
haqqında bəhs etdiyiniz hadisə və onun təfərrüatları
barədə nə düşünür?
– Londonda
Böyük Britaniyanın Şikayətlər
Komissiyasının eksperti, professor Robert
Pinkerlə görüşdüm. Onunla müntəzəm
əlaqələrimiz var. 2006-cı ilin sonunda Mətbuat
Şurasının Bakıda medianın özünütənzimləməsi
ilə bağlı keçirdiyi beynəlxalq konfransdakı
tanışlığımızdan sonra səmərəli əməkdaşlığımız
yaranıb. Cənab Pinker bildirir ki, “News of
the World” tabloidi ilə bağlı qalmaqal ölkə ictimaiyyətini
sarsıdıb. Cəmiyyəti daha
çox narahat edən informasiya azadlığı ilə
şəxsi həyatın toxunulmazlığı
arasındakı balansın pozulmasıdır. Bu, sıradan bir fikir deyil. Britaniya
cəmiyyəti qəzeti, ümumiyyətlə, medianı
müqəddəs sayır. Orada yazılan
hər bir söz, işlədilən hər hansı fikir cəmiyyətdə
böyük mənfi və ya müsbət assosiasiyalar
doğurur, ictimai rəyin formalaşmasında avanqard rol
oynayır. Belə bir durumda haqqında bəhs
etdiyimiz naqisliyin meydana çıxması həm medianın
öz nüfuzunun tapdalanması, həm də onun uğrunda
mübarizə apardığı dəyərlərə
qarşı bir növ, təcavüzün həyata
keçirilməsi, həmin dəyərlərin müdafiəsiz
qalması anlamındadır. Amma o da var ki,
mütərəqqi insanlar qatı mühafizəkar yanaşma
tərzinin demokratik prinsipləri kölgə altına
almamasının vacibliyini də düşünürlər.
Buna görə də prosesin Şikayətlər
Komissiyası çərçivəsində tənzimlənməsinin
vacibliyi daha çox önə çəkilir.
– Konkret
olaraq söhbət nədən gedir?
– İctimai maraqlar tələb edir ki, Şikayətlər
Komissiyasının indiki statusu dəyişdirilsin. Çünki
komissiya “News of the World” faktı qarşısında aciz
qaldı. İndiki məqamda qurumun prosedur
qaydalara uyğun olaraq mövcud məsələyə
münasibətdə reallaşdıracağı hər
hansı tədbir də adekvatlıq nöqteyi-nəzərdən
düzgün qiymətləndirilmir. Bildirdiyim
kimi, ölkənin media ictimaiyyətindəki müəyyən
qrup şəxs komissiya haqqında ayrıca qanunun zəruriliyini
vurğulayır. Buna ehtiyac duymayanlar da var
və belələrinin fikrincə, ayrıca qanun deyil, qurumun səlahiyyətlərinin
artırılması məsələsi vacibdir. Mövcud xüsusda komissiya ilə onun təsisçiləri
olan redaksiyalar arasında müəyyən müddətə
müqavilələrin bağlanması təklifini irəli
sürənlər də tapılır. Bu
cür düşünənlərin qənaətincə, əgər
şikayət olarsa, qurum qəzetin fəaliyyətini
yoxlamalıdır. Hətta iqtisadi
sanksiyalar tətbiq etməsi də mümkündür. Vurğulanır ki, komissiyanın sanksiyalarından
narazı KİV-lər hüquqlarını məhkəməyə
müraciət edərək qorusunlar. Bütün
bu təkliflərin gündəmə gəlməsi komissiya
haqqında ayrıca qanunun qəbulunun qarşısını
almağa yönəlib. Səbəb sadədir.
Britaniyada qəzet və jurnalların daha
çox parlamentarlar, eləcə də məmurlar haqqında
yazdıqlarını nəzərə alsaq, belə bir fikir
var ki, ikincilər məsələdən öz xeyirləri
üçün bəhrələnə bilər.
– Son aylar
Britaniya daha çox qadağaları, haradasa sərt inzibati tədbirləri
nəzərdə tutan qərarlar çıxarması ilə
gündəmə gəlir. Azərbaycan mətbuatı
da bu barədə kifayət qədər yazıb. Konkret
media ilə bağlı bəzi məsələlərə
diqqət yetirəndə hətta belə təsəvvür
formalaşır ki, ölkədə söz və mətbuat
azadlığı boğulur... Britaniyada oldunuz,
orada görüşlər keçirdiniz. Ölkənin
media ictimaiyyətinin bu kimi qərarlara münasibəti necədir?
– Böyük Britaniya çoxəsrlik demokratiya ənənələri
olan oturuşmuş ölkədir. Demokratiya isə
heç də anarxiya demək deyil. Media da
bu prinsipə hörmətlə yanaşır, cəmiyyət
də. Sadəcə, birinci öz təbiətinə
uyğun olaraq bəzən daha fəallıq göstərir və
elə vəziyyət də yaranır ki, o fəallığın
ayrı-ayrı elementləri ümumən cəmiyyətin mənafelərinə
zidd təsir bağışlayır.
Qərbdə jurnalistika daha çox biznes sahəsinə
çevrildiyindən, bəzən mövcud məkanda ictimai
maraqlar kommersiya maraqlarına qurban verilir. Əslində
özünütənzimləmə qurumları belə mənfi
təzahürlərin aradan qalxmasına dəstək göstərmək,
eyni zamanda sivil media dəyərlərinin də təhlükəyə
düşməməsi üçündür. Yəni, tutalım “News of the World” səhvə yol
veribsə, məsələ barədə bildirilir, ictimai
qınaq qurulur, amma bu, heç də o demək olmur ki, nəşri
tamamilə sıradan çıxarmaq lazımdır. Digər tərəfdən, məram və istək
saflığı olmalıdır. Yenə
də deyirəm, Qərb cəmiyyəti demokratiyanı
heç də qanunsuzluq kimi dəyərləndirmir. Nəzərə alınır ki, sivil quruluşun
mövcudluğu fərdlərin mənafelərinin təminatından
asılıdır. Buna görə də həmin
mənafelərin qorunması üstün tutulur. Media da buna çalışır, ictimaiyyət də.
Bu zaman əməkdaşlıq da, kompromis də
mümkündür, barışmaz prinsipiallıq da. Əsas odur ki, heç kəs saxtakarlıq etmir və
böyük əksəriyyət etibarilə kimsə kiminsə
nə isə tədbir reallaşdırmaqla hansısa saxtakarlığa
yol verəcəyini düşünmür. Əlbəttə, ara-sıra fərqli məqamlar da
nəzərə çarpır. Amma mənfi
cəhətlər tendensiya halını almır, ala da bilməz.
Yəni insanlar total şəkildə
düşünmürlər ki, medianı təzyiq altında
saxlamaq istəyi var və ya hüquqların pozulması
halları yaşanır. Demokratiya diktə
edir ki, cəmiyyət özündə naqisliklərə
qarşı müqavimət sindromunu yaşatsın. Mövcud müstəvidə mediaya qarşı fərqli
münasibət də mütləq cəzasını
almalıdır. İstərdim ki, məsələlərə
belə yanaşaq. Əks halda, bildirəcəyimiz
münasibət, verəcəyimiz reaksiya kənardan gülməli
görünə, diletant təsir bağışlaya bilər.
– Jurnalist
peşəkarlığı Azərbaycan cəmiyyəti
üçün mühüm məsələ kimi
qaldırılır. Mətbuat Şurası da
bununla bağlı müxtəlif layihələr həyata
keçirib. Londonda mövcud istiqamətdə
hər hansı təmaslarınız oldumu?
– London
Kommunikasiya Kollecində jurnalistikanın tədrisi vəziyyəti
ilə ətraflı maraqlanmaq imkanımız oldu. Ayrıca jurnalistika ilə bağlı proqram rəhbəri
Pol Çarmanla görüşdük, fikir mübadiləsi
apardıq. Nəinki İngiltərədə,
ümumən Qərbdə peşənin tədrisində iki əsas
meyar var – dərin nəzəri bilik və geniş təcrübə.
Britaniya ilə Azərbaycanın təhsil səviyyəsini
müqayisəyə gətirmək əlbəttə,
düzgün olmaz. Konkret jurnalistikaya gəlincə,
bizdə məncə, nəzəriliyə daha çox
üstünlük verilir, nəinki təcrübəyə.
İngiltərə də isə vəziyyət
fərqlidir. Jurnalistika sahəsində fəaliyyət
göstərmək istəyən şəxs üçün
bir növ, icbari təcrübə mövcuddur. Məsələn, London Kommunikasiya Kolleci
bağladığı müqavilə əsasında tələbələrini
BBC-də, “Guardian”da, “Daily Mail”də və digər
tanınmış KİV-də çalışdırır.
Tələbələr media orqanlarına təhkim
olunurlar. Yəni bu, tədrisin mühüm
tərkib hissəsi kimi götürülür. İxtisasdan asılı olaraq televiziya və
radiolarda da təcrübə keçənlər olur. Bununla yanaşı, fakültələrin
özünün də texniki bazası yüksəkdir.
Onların ayrı-ayrı auditoriyaları sanki iş
otağıdır. İkinci kursdan sonra əsas
güc təcrübəyə yönəldildiyindən dərslər
həmin otaqlarda baş tutur. Məsələn,
televiziya və radioya maraq göstərənlər sahə avadanlıqları
ilə təchiz olunmuş yerlərdə, qəzet
jurnalistikası ilə əlaqəlilər redaksiyalarda, onlayn
media üzrə ixtisaslaşanlar isə başqa fərqli
şəraitdə təhsil alırlar. Yeri
gəlmişkən, kollecin belə mərkəzlərinin
işi ilə də tanışlığım oldu.
İkinci bir məqam isə, ixtisaslaşmadır. Azərbaycanda
adətən jurnalistika fakültəsini bitirən tələbələr
sonradan işlədikləri yerlərdə bu və ya digər
sahə üzrə ixtisaslaşırlar. Bu, daha çox
iş prosesinə öyrəşmə və ya
uyğunlaşma kimi görünür. İxtisaslaşma
nəzəri və təcrübi biliklərin bir növ, vəhdətidir
və o vəhdət nəticəsində jurnalistikaya yiyələnən
şəxs öz sahəsinə yenilik də gətirə biləcək.
Uyğunlaşma isə yalnız
başlanılmış işin yaxşı halda davamı
üçündür. Onun əsaslı
inkişafı doğurması çox çətindir.
Əlbəttə, təkcə İngiltərənin
deyil, bütövlükdə Qərbin jurnalistika tədrisinin,
eləcə də bu tədrisin yüksək peşəkarlığı
doğuran müsbət məqamlarının ölkəmizdə
tətbiqinə çalışmalıyıq. Bu, həm ali
məktəblərin jurnalistika fakültələri çərçivəsində,
həm də ayrıca media institutunun
formalaşdırılması və ona xüsusi status verilməsi
ilə mümkündür. Güman edirəm ki,
mövcud istiqamətdə sistemli işin görülməsinin
vaxtı çatıb. Xaricdəki təmaslarımız
da prosesə dəstək baxımından önəmlidir.
– Səfərdən
öncə Avropa Mətbuat Şuraları Alyansının
toplantısı ilə bağlı fikir səsləndirmişdiniz...
– Azərbaycan Mətbuat Şurası Dünya Mətbuat
Şuraları Assosiasiyasının və Avropa Mətbuat
Şuraları Alyansının üzvüdür. Alyans illik
toplantılarını keçirməzdən öncə onun
gündəliyi ilə bağlı məsləhətləşmələr
aparır. Bu, prosedur qaydalardan irəli gəlir.
Hazırda mövcud istiqamətdə müəyyən
dəqiqləşmələr var. Belə ki, Avropa Mətbuat
Şuraları Alyansının növbəti illik
toplantısının noyabrda Niderlandın Rotterdam şəhərində
düzənlənməsi nəzərdə tutulur. Ümumən toplantılarda bir qayda olaraq dünyada,
xüsusən də Avropada söz və mətbuat
azadlığı ilə bağlı tendensiyalar müzakirəyə
çıxarılır. Ən əsas məsələ
isə Mətbuat Şuralarının il ərzində
gördükləri işlərə dair hesabatların dinlənilməsidir.
Bir mühüm cəhət də odur ki, toplantılarda həmçinin
Mətbuat Şuralarının iş prinsiplərində
meydana çıxan cəhətlərin, ayrı-ayrı
situasiyaların təhlili aparılır. Çünki
media ümumən bütün dünyada mütəhərrik
struktura malikdir. Sahədə hər an
yeni meyllər nəzərə çarpır və Mətbuat
Şurası institutunun yeniliklərə adekvat fəaliyyət
imkanlarının dəyərləndirilməsi zəruridir.
525-ci qəzet.-
2012.- 27 aprel.- S.1.