Hadi Rəcəbli: “Şişmanlaşırlar, sonra başlayırlar “dietaya...”

 

Müsahibimiz Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəblidir 

 

–Hadi müəllim, siz hər zaman mətbu çıxışlarınızda insanların yemək mədəniyyəti məsələsini xüsusi qabardırsınız, o cümlədən, televiziya kanallarının, orada nümayiş etdirilən verilişlərin, daha doğrusu, onların aparıcılarının bu məsələdə daha həssas və ehtiyatlı davranmalarının vacibliyini vurğulayırsınız. Görün məsələ artıq nə vəziyyətə gəlib çatıb ki, ölkə prezidenti də son çıxışlarından birində bu məsələyə geniş vaxt ayırmalı olub, xüsusilə, telekanalların ünvanına kəskin ifadələr işlətmək məcburiyyətində qalıb. Bu baxımdan, bir daha sizin də bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

 – Bu günləri bizdə yemək mədəniyyəti təkmilləşməlidir. Bunun üçün uzağa getmək lazım deyil. Prezidentimiz orada gözəl fikirlər səsləndirdi. O fikirlər milli-mənəvi dəyərlərimizdən qidalanan məsələlərdir. Bunların heç biri göydən düşən məsələlər deyil. Prezidentimiz milli-mənəvi dəyərlərimizdən çıxış edərək, məhz bu fikirləri söyləyib. Baxın görün bizim qədimdə nə qədər gözəl yemək mədəniyyətimiz olub. Piti bişiriblər, əti də olub, noxudu da olub, bir dənə yemək olub. Ya nə bilim küftə-bozbaş bişiriblər, hər şey qaydasında olub. Evlərimizdə yadımıza salırıq, vaxtı ilə necə gözəl yeməklər hazırlanıb, süfrəyə qoyulub.  

Ancaq bu günləri eybəcər, yağı həddindən çox, insanları kökəldən, şişman edən yeməklər hazırlanılır, yeyilir. Mən bunu dəfələrlə demişdim ki, şişman adamlar ətli yemək yeməsinlər, yağlı xörək yeməsinlər, lakin bunu bəziləri biz az bəzədilər. Əslində isə yemək mədəniyyəti istehlak mədəniyyətinin ən böyük bir qoludur. Prezidentimiz çox maraqlı və düzgün bir məsələyə toxundu və bu da çox önəmlidir. Düşünürəm ki, bundan sonra bizim gənclərin yetişməsində, ailələrdə, evlərdə bu yemək mədəniyyətini bir qədər təbliğ etsinlər. 

Bax, görün, nə olur. Şişmanlaşırlar, sonra başlayırlar “dieta” etməyə. A bala, yemə, dieta da etmə də. “Dieta” edəndə animiya xəstəliyi başlayır. Orada digər fəsadlar olur.  Normal yesən, sağlam ərzaqla yesən, onda heç bir şey olmur. Yəni, bu günləri bir çox xəstəliklərin fəsadlarının əsas səbəbi odur. 

– Bunu hardasa qanunvericilik yoluyla tənzimləmək və yaxud da maarifləndirmə ilə çözmək necə, mümkündürmü?.. 

– Maarifləndirmə burada ən başlıca yoldur. Dünyada da bu işlə məşğul olan qeyri-hökumət təşkilatları var və yaxud , qurmanlar. Qurman nədir? Qurman çox yeyən deyil. Deyirlər filankəs qurmandır. Gedirlər hansısa turist səfərinə . Nəyə gedir o? Yağ çox yeməyə getmir, ekzotik yeməyə gedir, sadə yeməyə gedir. Məsələn, Lənkəran mətbəxindən söhbət gedəndə orada həddin aşan yeməklər deyil, normal, əndazədə olan yeməklərdir. 

– Ümumiyyətlə, sizin komitə bu məsələ ilə bağlı hansı addımlar atmağı düşünür? 

    – Bizim komitədən söhbət gedirsə, məsələn, “Sağlamlığın qorunması haqqında” qanunda bu günləri ərzağın zənginləşdirilməsi məsələsi durur. Yeni bir məsələdir. Ərzaqla bağlı məsələ qoymuşuq. Yəni, bu günləri sağlamlığın mahiyyətində ərzaq durur, yemək durur. Prezidentimiz elə bir mövzuya toxunub ki, bu, sağlamlığın mənbəyidir, bünövrəsidir, əlifbasıdır. Dərman-filan, o, əlifbadır, “A” hərfindən başlayır. Sağlamlığın qorunması ərzaq mədəniyyətindən başlayır, sağlam ərzaqdan, yeməkdən başlayır. 

– Komitəniz müxtəlif məsələlərlə bağlı regionlarda, elə komitənizin özündə, ya Milli Məclisdə bir sıra müzakirələr keçirib. Bax bu məsələ ilə də bağlı hansısa müzakirələr, dinləmələr təşkil oluna bilərmi? 

– Bu yaxınlarda Lənkəranda Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının tədbiri keçirildi. Bu məsələnin ətrafında da geniş söhbət getdi. Gənclərimiz də məni dəstəklədilər ki, nəhayət, ərzaq mədəniyyətini, yemək mədəniyyətini, istehlak mədəniyyətinin ən böyük qolu olan yemək mədəniyyətini yüksək inkişaf etdirmək lazımdır, vacibdir və əhəmiyyətlidir, bu məsələnin zamanı çoxdan çatıb, yetişib...

 

 

KAMİL 

 

525-ci qəzet.- 2012.- 27 aprel.- S.4.