Əhməd Ağaoğlu: Malta sürgünü

 

Vəziyyəti dəyişdirən başqa bir amil isə Maltadakı türk sürgünlüləri ilə bir sırada ingilis əsirlərinin də mövcudluğu idi. Milli Mücadilə başladığı vaxtdan müxtəlif bölgələrdə qırx nəfərə yaxın Britaniya hərbi qulluqçusu əsir götürülmüşdü. London türklərlə istədiyi şəkildə rəftar etməyi özünə rəva görsə də, öz ölkəsinin vətəndaşları qarşısında məsuliyyət daşıdığını yaddan çıxara bilməzdi. Üstəlik Britaniya ictimaiyyəti də bu məsələdə fəal mövqe tutmuşdu və təzyiqlərini əsirgəmirdi.

Anadoludakı ingilis əsirləri ilə Malta sürgünlülərinin dəyişdirilməsi məsələsini ilk dəfə 1920-ci ilin mayında müdafiə naziri Uinston Çerçill qaldırmışdı. Başlanğıc mərhələdə söhbət daha çox “ingilispərəst” kimi tanınan və gələcəkdə Britaniya imperiyasının maraqlarına xidmət edə biləcək türk məhbuslarının azadlığa buraxılmasından gedirdi. İyulun 19-da siyahını hökumətə təqdim edən Çerçill orada sadalanan adları bir daha diqqətlə nəzərdən keçirməyi, bu və ya digər səbəblərdən mühakiməsi mümkün olmayanların dərhal dəyişdirməyi məqsədəuyğun sayırdı.

Əslində Əhməd Ağaoğlu da “mühakiməsi mümkün olmayan” məhbuslar arasında idi. Həmvətənimiz haqqında dəyərli tədqiqat əsərinin – “İki imperiya arasında. Əhməd Ağaoğlu və yeni Türkiyə” kitabının müəllifi, Amerika alimi Ada Şissler bu məsələyə toxunarkən yazırdı: “Əhməd bəy ermənilərə qarşı yönəlmiş fəaliyyətə görə günahkar sayılırdı. Lakin əldəki yeganə dəlil-sübut qəzetlərdə çap etdirdiyi milli ruhlu məqalələr idi. İngilis hökuməti sürgünə göndərdiyi bir çox şəxslərin mühakiməsi kimi onun məsələsində də dəlilləri yetərli saymadığından prosesi başlamaq istəmirdi”.

Uduzacaqlarını bildiklərindən prosesi başlamağa tərəddüd edirdilər. Eyni zamanda ən müxtəlif bəhanələrlə günahsız insanı həbsdə saxlamağı da məqbul sayırdılar.

Dustaqları Anadolunun diqtəsi altında azad etmək, yaxud dəyişdirmək həm Britaniyanın, həm də sultan hökumətinin nüfuzuna ağır zərbə olacaqdı. Üstəlik ingilislər Sevr anlaşmasının Türkiyəyə qəbul etdirilməsi üçün çox mühüm bir təzyiq və təsir vasitəsini itirəcəkdilər. Dəyişdirilənlər öz yerlərini sultan sarayında deyil, Qurtuluş Savaşı iştirakçılarının arasında axtaracaqlarından nəticədə Mustafa Kamal Paşanın mövqeyi möhkəmlənəcək, nüfuzu artacaqdı.

1921-ci il martın 7-də ingilislər və türklər (TBMM hökuməti təmsilçiləri) Malta sürgünlülərinin taleyinə aydınlıq gətirmək üçün ilk dəfə danışıqlar masası arxasında oturdular. Britaniya paytaxtında başlanan görüşdə Ankara hökumətini xariciyyə vəkili Bəkir Sami bəy və London elçisi Mustafa Rəşid Paşa təmsil edirdilər.

Britaniya tərəfi Ankaranın əlindəki 21 nəfər hərbi əsirin sərbəst buraxılması müqabilində Maltada saxlanan türklərlə bağlı müsbət qərar verməyə hazır olduğunu bildirirdi. Lakin burada da ənənəvi ingilis məkrliliyi içə salınmışdı: dustaqlar əvvəlcədən “günahsızlar” və “məhkəmə önünə çıxarılanlar” adı ilə iki qrupa bölmüşdü. Əhməd bəyin də daxil olduğu ikinci qrupu müharibə və erməni soyqırımı suçlusu kimi mühakimə etmək düşünülürdü.

Bəkir Sami bəy isə 21 ingilis hərbi əsirinin müqabilində aralarında heç bir fərq qoymadan Maltadakı 120 nəfər türkə azadlıq verilməsi təklifini irəli sürürdü. Alman müharibə canilərinin mühakimə üçün Almaniya hökumətinə qaytarıldığını xatırladaraq türklərlə də eyni şəkildə rəftar olunmasını tələb edirdi. Onların mütləq türk məhkəməsi qarşısına çıxarılacaqlarına zəmanət verirdi.

Lakin ingilislər bu variantı qəbul etmədilər. London təmsilçiləri özlərini həmişəki kimi iddialı və təkəbbürlü aparırdılar. Bu ilk təmas Mustafa Kamal Paşanın hələ 1920-ci ilin avqust ayında dediyi “Müsəlman və üstəlik də türk olunca insanın həyatına heç bir dəyər verməyən ingilislər bir neçə ingilisi qurtarmaq üçün yazışmalar aparan zaman belə güclü Milli hökumət qurmuş bir ulusa xor baxmaqdan özlərini saxlaya bilmirlər” – sözlərinin həqiqətə uyğunluğunu bir daha ortaya qoydu.

Martın 11-də tərəflər müzakirələri davam etdirdilər. Bu dəfə Bəkir Sami bəy əvvəlki sərt mövqeyindən müəyyən qədər geri çəkilmişdi. Malta sürgünlülərinin mərhələ-mərhələ sərbəst buraxılmaları, hətta onlardan bəzilərinin ingilis məhkəməsi tərəfindən mühakimə olunmaları fikri ilə razılaşmışdı. Nəticədə, aradan beş gün keçəndən sonra martın 16-da Britaniya və Ankara hökumətləri arasında üç bənddən ibarət anlaşma imzalandı. Həmin anlaşmanın ikinci bəndinə əsasən 64 məhbus, eləcə də Əhməd Ağaoğlu və Qars Milli Şurasının üzvləri azad edilirdilər.

Bu Əhməd bəy üçün gözlənilməz xəbər idi. Çünki daim ingilislərlə mübahisə və qovğa apardığından birincilər sırasında adadan buraxılacağını ağlına da gətirmirdi. Həmin vaxta qədər hazırlanan siyahıların hamısında adı mühakimə olunacaq dustaqların sırasında idi. Birdən-birə nə isə sirli bir dəyişiklik baş vermişdi. Xəbər gözlənilməz olduğu qədər də sevindirici idi!

Digər məhbuslar kimi o da taleyin qəribə dönüşü ilə bağlı ailə üzvlərini dərhal xəbərdar etmişdi. Bundan sonra hər iki tərəf üçün həyəcanlı anlar başlanmışdı. Maltadakılar yola salınacaqları, İstanbuldakılar yaxınlarının qayıdacaqları günü səbirsizliklə gözləyirdilər. Şad xəbər isə heç cür doğrulmurdu. Əhməd bəy təəccüb və üzrxahlığını bildirərək əsassız yerə həyəcanlandırdığı xanımına yazırdı:

“Teleqramımın əvvəlcə sizi sevinclərə qərq edərək hər gün gəmilərin qabağına çıxardığını bildikdən sonra sizləri ağırlığını özümün də yaxşı anladığım xəyal qırıqlığına sövq etdiyim üçün çox mütəəssir oldum və təəssüfləndim. Lakin nə edə bilərəm? Siz də mənim yerimə olsaydınız belə qəti zəmanət aldıqdan sonra xəbər verməzdinizmi? Mən hələ də heyrət edirəm: necə olur ki, bizə belə əminliklə, qətiyyətlə söz verdikdən sonra hələ də burada saxlayırlar ?”

Anlaşmanın gerçəkliyə çevrilməməsinin fərqli səbəbləri vardı. Əvvəla, Bəkir Sami bəy türk vətəndaşlarının bir qisminin taleyini ingilis ədliyyəsinin mərhəmətinə buraxdığına görə Ankara hökumətinin, ilk növbədə isə Mustafa Kamal Paşanın ciddi qınaqları ilə üzləşmişdi. Nəticədə, Avropa səfərindən döndükdən sonra mayın 8-də istefa vermək məcburiyyətində qalmışdı. Digər tərəfdən isə, yunan ordularının cəbhədə uğur qazandığını görən ingilislər növbəti dəfə dönüklük göstərərək dustaqların dəyişdirilməsi ilə bağlı vədlərini qeyri-müəyyən müddətə təxirə salmışdılar. Onlarda Ankara hökuməti ilə yenidən diqtə dili ilə danışmaqla bağlı ümidlər yaranmışdı.

Həmin həyəcanlı günlərdə Əhməd Ağaoğlu xanımına göndərdiyi məktubların birində özünün və tale yoldaşlarının azadlığa çıxmaları ilə bağlı düşüncələrini bölüşərək yazırdı: “Burada yenə haqqımızda bir takım rəvayətlər davam etməyə başladı. Buranın valisi də bizə ümidlər verməkdədir. Fəqət, əzizlərim, mən bütün bunlara heç bir qiymət və əhəmiyyət vermirəm, bihudə ümidlərə qapılmıram. Zalım düşmənin bizim haqqımızdakı niyyəti olduqca vazehdir (aydındır – V.Q.) Allah Anadoluya yardım etsin! Bizi qurtaracaq qüvvə yalnız oradır. Onun müvəffəqiyyət və məzhəriyyətinə (istəklərinin çin olmasına – V.Q.) dua edin. Əvvəla bu zalım və birəhm düşməndən insaf və mürvət gözləmək əbəsdir. İki sənə birisini vətənindən, ailəsindən məhrum edərək ərzi-hallarına, istidalarına (şikayətlərinə – V.Q.) sükutla cavab verən və nədə ittiham olunduğunu belə izah etməyən məxluqatdan asari-insaniyyət gözlənilməz! Fəqət, inşallah, Anadolu o məxluqun başına döyə-döyə bizi alar! Ümidim yalnız budur!”

Anadoluda başlanan milli hərəkata inam onun bütün məktublarından qırmızı xətlə keçirdi. Keçmiş ittihadçılarının çoxunun gözləmə mövqeyi tutduğu, situasiyanın hansı istiqamətdə dəyişəcəyini təqib etdiyi vaxtda Əhməd Ağaoğlu fikrən və ruhən Mustafa Kamal Paşanın, istiqlal savaşçılarının yanında idi.

İstiqlalçılara bəslənən inam özünü doğrultdu. Malta sürgünlülərinin azadlığı, əvvəldə də qeyd etdiyim kimi, məhz Anadoludan gəldi. İkinci İnönü savaşında (23 mart-1 aprel 1921-ci il) türklərin yunanlar üzərində qazandığı zəfər Ankara hökumətinin beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirdi. Fransa və İtaliya bu hökumətlə əməkdaşlıq yolunu tutdu. Britaniyalılar da bir sıra istiqamətlərdə, o cümlədən də Malta əsirlərinin taleyi ilə bağlı məsələdə valı dəyişməyə məcbur oldular. Anadolu həqiqətən də, türk millətinin layiqli oğullarını müstəmləkəçilərin əlindən Əhməd bəyin uzaqgörənliklə dediyi kimi onların “başına döyə-döyə” aldı.

Aprelin 6-da İstanbuldakı ingilis yüksək komissarı ser H.Rumboldt 22 ingilis müharibə əsirinin Malta sürgünlülərinin 40 nəfərlik ilk qrupu ilə dəyişdirilməsi təklifini yenidən gündəmə gətirdi. Aradan altı gün keçəndən sonra rəsmi London bu təkliflə razılaşdı. Aprelin 13-də qərarla bağlı Malta valisinə müvafiq təlimat verildi. 37 nəfərlik qrupun (3 nəfər daha əvvəl azad olunmuş və adanı fərdi qaydada tərk etmişdi) İtaliya limanlarından birinə gətirilməsi və burada sərbəst buraxılması qərara alındı. Ankara hökumətinin Roma təmsilçisi Cami bəy də proseslərə qoşuldu. Sürgünlülərin harada qəbul olunması ilə əlaqədar İtaliya xarici işlər nazirliyi ilə danışıqlar başlandı.

Britaniyalılar zorla Maltaya apardıqları və iki ilə yaxın burada saxladıqları türk əsirlərini İstanbulda təhvil vermək öhdəliyini yaxın buraxmaq istəmirdilər. Onları sadəcə İtaliya sahillərinə gətirməyi öhdələrinə götürürdülər. Azad olunanların çoxunun (37 nəfərlik ilk qrupda 22 nəfərin) vətənə qayıtmaq üçün heç bir vəsaiti yox idi.

Həm də hər şey təkcə pula bağlı deyildi. Geriyə dönmək çətin olduğu qədər də təhlükəli idi. Dəniz yolu ilə qayıdanlar İnönü çayı üzərindəki savaşında burunları ovulandan sonra türklərə nifrəti birə-beş artmış yunanların girovuna çevrilə bilərdilər. Artıq bir neçə belə təsadüf olmuşdu. Quru yolla qayıdanları isə erməni terrorçuları hədəf alırdılar. 1921-ci il dekabrın 5-də onlar Əhməd bəyin iki illik sürgün yoldaşı, Osmanlı səltənətinin keçmiş baş naziri Səid Hilmi Paşanı Malta əsirliyindən sonra bir müddət ləngidiyi Roma şəhərində öldürmüşdülər.

Britaniya müstəmləkəçilərinin çəngindən xilas olan Əhməd Ağaoğlunun adı ermənilərin də “qara siyahısında” idi. Onun öldürülməsi erməni milli ordusunun keçmiş döyüşçüsü Misak Torlakyana həvalə edilmişdi. Sadəcə, taleyi yar olduğuna görə düşmən özünün bu məkrli planı həyata keçirə bilməmişdi. İstanbulda qısa müddət ləngidikdən sonra Anadoluya yollanması və İstiqlal Savaşı sıralarında yer alması isə onun erməni terrorçularının hədəfindən yayınmasına imkan yaratmışdı.

Nəhayət, aprelin 24-də sürgünlülərin İtaliyanın cənubundakı Taranto limanına gətirilməsi ilə bağlı razılıq əldə olundu. Hələlik bu məlumatdan xəbərsiz olan Əhməd bəy həmin gün xanımına göndərdiyi məktubda yazırdı: “İndi də Romadan aldığımız xəbərə görə bura bir listə (siyahı – V.Q.) gəlmişdir. O listəyə görə qırx adam dərhal azad olunacaq, iyirmi dörd nəfər də bilaxirə ingilis üsərası (əsirləri – V.Q.) təslim olunduqdan sonra gedəcəkmiş. Bir hesaba görə mən də o qırx nəfərin arasındayam, digər hesaba görə qalacaq iyirmi dörd nəfərin miyanındayam (arasındayam – V.Q.) Fəqət o iyirmi dördün də əziməti (yola düşməsi – V.Q.) pək uzaq olmayacaq. Lakin bütün bu hesablar sırf təxminlərdən ibarətdir. Bizi İtaliyanın Neapol şəhərinə götürəcəkləri rəvayət olunur. Neapola gələr-gəlməz sizə əlbəttə, xəbər verəcəyəm və oradan əzimət günümüzün xəbərini də ayrıca çatdıracağam”. Hətta Əhməd bəyin İstanbulda olan qardaşı oğlu Baxış əmisini qarşılamaq üçün Neapola getməyi planlaşdırırdı.

Aralarında Əhməd Ağaoğlu və Qars Milli Şurası üzvlərinin olduğu 37 nəfərlik qrup Malta adasını yalnız aprelin 30-da (“Malta sürgünlüləri” kitabının müəllifi Bilal Şimşir bu tarixi səhvən 30 may kimi göstərmişdir – V.Q.) tərk edə bildilər. İngilis hərbi donanmasının “Hibiscus” və “Chryssanthemum” gəmiləri onları mayın 1-də Taranto limanına çatdırdı. Artıq əsarət həyatı arxada qalmışdı.

Lakin vətəndə də deyildilər. İstanbula qədər uzun, çətin və təhlükəli yolu qət etmək lazım idi. Həmin dövrdə həm sultan hökumətinin, həm də Ankara hökumətinin Roma təmsilçilikləri fəaliyyət göstərirdi. Osmanlı səfiri Osman Nizami Paşa sadəcə seyrçi mövqe tutduğundan Malta sürgünündən dönənlərin vətənə yola salınması ilə bağlı əsas ağırlıq ikincinin – Cami bəyin üzərinə düşürdü. Onun bütün səylərinə baxmayaraq ingilislər dəniz yolu ilə İstanbula yola düşən keçmiş dustaqların yunan təhlükəsindən qorunmaları üçün heç bir vasitəçilik missiyası götürmədilər.

Əhməd Ağaoğlu İstanbulu tərk etdikdən düz iki il sonra – 1921-ci il may ayının 28-də geri dönmüşdü. (Bir sıra mənbələrdə bu tarix 19, yaxud 21 may kimi göstərilir. Lakin mən Əhməd bəyin öz xatirələrinə əsaslandığımdan birinci tarixi daha məqbul sayıram). Həmin dövrdə 12 yaşı olan oğlu Səməd aradan illər keçəndən sonra ailələrinin həyatındakı sevinc dolu anları belə xatırlamışdı:

“Bir axşam, təxminən saat ona yaxın səssiz küçəmizdə araba təkərlərinin tıqqıltısı eşidildi. Araba düz bağça qapımızın qabağında dayandı. Xidmətçimiz Həsənin “Bəyəfəndi! Bəyəfəndi!”- deyə qışqırdığını eşitdik. Qaçaraq aşağı endik. Atamız gəlmişdi.

Səhərə qədər oturduq. Yanında, yaxud düz gözünün qabağında olduğumuz halda bəzən birimizi təlaşla axtarır, “Haradadır? Haradadır ?” – deyə soraqlayırdı. Ertəsi gün gətirdiyi hədiyyələri payladı. Bunlar ölçüləri ayağımıza çox böyük ayaqqabılar, bədənimizə çox böyük olan paltarlar idi.

“Mən elə bilirdim ki, siz lap böyümüsünüz”.

Duyduğu böyük həsrət onu belə yanlış düşüncəyə vadar etmişdi”.

Ailəsinə qovuşduğu gün Əhməd bəy həm də həyatının bütün gələcək axarını müəyyən edəcək ciddi seçim qarşısında qalmışdı. İstanbuldakı evində onu bolşevik Azərbaycanının lideri, qələm dostu Nəriman Nərimanovun məktubu gözləyirdi. Doktor Nərimanov Əhməd bəyi Bakıya, başçılıq etdiyi şura hökumətində mühüm vəzifələrdən birini tutmağa çağırırdı. Ətrafını yad ruhlu rus –erməni-yəhudi əsilli mənsəbpərəstlərin, eləcə də onların çaldıqları havaya oynayan milli neobolşeviklərin sardığı bir şəraitdə Nərimanovun siyasi mübarizələrdə bərkimiş Əhməd bəy kimi əqidəli, səbatlı insanlara böyük ehtiyacı vardı. Lakin hər şeyi dönə-dönə götür-qoy etdikdən sonra Ağaoğlu əslində doğma xalqına xidmət baxımından çox cazibədar görünən bu təklifdən boyun qaçırmalı olmuşdu. İmtinasının səbəblərini 1921-ci ilin iyun 5-də N.Nərimanova göndərdiyi, xalqımızın bu iki görkəmli şəxsiyyəti arasındakı səmimi münasibətlərdən xəbər verən məktubunda belə açıqlamışdı:

Əziz və möhtərəm Nəriman bəyəfəndi!

Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç türlü düşüncə mənə bu ehtiramdan yararlanmağa mane olur.

1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.

2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqda sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.

3. Məni əsarətdən qurtararaq yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olduğunu düşünməkdəyəm.

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə müqəddəsdir, mübarəkdir !”

Artıq bu məktub yazılanda Əhməd bəy qərarını vermişdi: Ankaraya, Qurtuluş Savaşı mübarizlərinin sırasına, onu Cəsarətdən qurtarıb yenidən can və varlıq vermiş” Mustafa Kamal Paşanın yanına tələsirdi. Özünün də yazdığı kimi “Ankaranın xidmətinə qoşmağı bir namus borcu” bilirdi.

 

lll

 

Yalnız XX əsr türk tarixinin və siyasi düşüncəsinin deyil, türk ictimai və mədəni fikrinin bir sıra ibrətamiz və yaddaqalan səhifələri Maltada yazılmışdı.

Ədalət naminə qeyd etmək lazımdır ki, ingilislər məhbusların intellektual həyatına və zehni məşğuliyyətlərinə hər hansı xüsusi qadağa və məhdudiyyətlər tətbiq etmirdilər. Türk sürgünlülər Poliverista qəsrinin zəngin kitabxanasından istədikləri şəkildə faydalana bilirdilər. Xarici dil öyrənmək istəyənlərə, bədii yaxud elmi yaradıcılıqla məşğul olanlara da maneçilik törədilmirdi.

Təsadüfi deyil ki, adlı-sanlı məhbusların əksər qismi Malta adasından geri döndükləri zaman ingilis dilinə az və ya çox dərəcədə yiyələnmişdilər. Bəziləri isə artıq sürgün aylarının məhsulu kimi ortaya çıxan orijinal, yaxud tərcümə kitablarının müəllifləri idilər. Məsələn, Atatürkə İzmir sui – qəsdindən (1926-cı il) sonra İstiqlal məhkəməsinin üç sədrindən biri olan və köhnə mübarizə dostlarının çoxunu tərəddüdsüz dar ağacına göndərən Əli Çətinqaya Maltada ingiliscəni o qədər yaxşı mənimsəmişdi ki, sonralar amerikan tarixçisi Hans Kohenin milliyyətçilik haqqındakı monumental tədqiqat əsərinin türklərə dair hissəsini “Türk milliyyətçiliyi” adı ilə çevirərək ayrıca kitab kimi İstanbulda çap etdirmişdi.

Əhməd bəy də 25 il əvvəl Parisdə öyrənməyə başladığı ingilis dilini burada daha da təkmilləşdirmişdi. Eyni zamanda iztirab və sıxıntıları dəf edərək yaradıcılıqla məşğul olmuşdu. Doğrudur, poçt ciddi nəzarət altında saxlandığından otuz ildən bəri az qala həyatının başlıca amalına çevrilmiş jurnalistlik fəaliyyətindən uzaq düşmüşdü. Əvəzində fəlsəfi araşdırmalara baş vurmuş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında “Üç mədəniyyət” əsərini sürgün dövründə tamamlamışdı.

Müəllifin vətənə döndükdən sonra hissə-hissə “Türk yurdu” məcmuəsində çap etdirdiyi bu əsərin yaranmasında Malta mühiti özünəməxsus katalizator rolu oynamışdı. Müqəddimədə də qeyd olunduğu kimi, qarşıya qoyulan əsas məqsəd “dünya üzərində yan-yana yaşayan üç mədəniyyətdən birinin, yəni Qərb mədəniyyətinin digərlərinə qalib gəldiyini və nəticə etibarı ilə nicat və xilasımız üçün bu mədəniyyəti olduğu kimi təmsil etməkdən başqa çarə olmadığını” göstərmək idi. Onların zorla vətəndən qoparılaraq Maltada saxlanması da həmin qələbənin acı təzahürlərindən sayıla bilərdi.

XX əsrin ilk böyük sarsıntısı – Birinci Dünya müharibəsi nəticəsində yalnız hərbi-iqtisadi baxımdan deyil, mədəniyyət sahəsində də Şərq Qərbin qarşısında, islan və Brahma-Budda mədəniyyəti xristianlıq qarşısında məğlub olmuşdu. Bəs vəziyyətdən çıxış yolu nədə idi? Maltada apardığı müşahidələr Əhməd bəydə qəti qənaət yaratmışdı: məğlubiyyəti dəf etmək üçün Avropa mədəniyyətini dərindən mənimsəmək, onun əsas institutlarına yiyələnmək, şərqli simasını qorumaqla avropalı kimi düşünmək və hərəkət etmək lazımdır. Müəllif yalnız üç fərqli mədəniyyəti deyil, üç əxlaqı, üç mənəviyyatı, insana və millətə üç yanaşma tərzini də müqayisəli surətdə araşdırmışdı. Onun fikrincə, Şərqdəki istibdad, hakimiyyət mənəm-mənəmliyi, ali mənsəb sahiblərinin iradəsinin kollektivin istək və qərarlarının fövqündə dayanması buradakı bütün faciələrin yaranmasına və yaşamasına təkan vermişdir.

Daha geniş şəkildə sonrakı fəsillərdə araşdırılacaq bu əsər yeni tipli siyasətçi və ictimai xadim kimi Əhməd Ağaoğlunun Şərq dünyasında dərin kök atmış istibdada, hər şeyin bir nəfərin iradəsinə tabe olmasına, fərdin istək və təşəbbüslərinin boğulmasına qarşı hiddəti, etirazı idi. Malta bu hiddəti daha da artırmış, bu etirazı dərinləşdirmişdi.

“Üç mədəniyyət” Ağaoğlu yaradıcılığında sürgün dövrünün yeganə monumental məhsulu idi. İntellektual fəaliyyətin digər əsas sahəsini isə epistolyar janr – məktublar təşkil edirdi. Aydın məsələdir ki, hətta yaradıcılıqla məşğul olmayan sürgünlülər də müxtəlif xarakterli yazışmalara kifayət qədər böyük diqqət yetirirdilər. Tədqiqatçılar Ziya Göyalpın iki ilə yaxın müddətdə Maltadan beş yüzdən çox məktub və açıqca göndərdiyini yazırlar. Əhməd bəyin məktublarının dəqiq sayı bəlli deyil. Lakin o da bütün münasib imkanlarda yaxınları və doğmaları ilə ünsiyyətin bu formasından yararlanmışdı. Üstüörtülü şəkildə də olsa, müəyyən əqidə yoldaşları ilə də yazılı ünsiyyətini davam etdirirdi. Maraqlıdır ki, kitab oxumağa, dil öyrənməyə, bədii tərcüməyə göz yuman və xüsusi tələbkarlıq göstərməyən ingilislər məktubların həm alınmasını, həm də göndərilməsini ciddi nəzarətə götürmüşdülər.

“Maltada əsirlərə tətbiq olunan iztirablı bir oyun vardı: Vətəndən gələn məktubları ünvan sahiblərinə çox gec verir, ya da yerli-dibli vermir, cırıb atırdılar, – deyə Səməd Ağaoğlu “Atam” adlı xatirələrində yazırdı. – Bu səbəb üzündən də aylarla bir-birimizdən xəbər tuta bilmir, müxtəlif ehtimallar və bitib-tükənmək bilməyən əndişələr içərisində qalırdıq. Atam əsirlərə rəva görülən zülmlər arasında ən çox bu məktub məsələsindən mütəəssir olurdu”.

Bunu Əhməd bəyin ailə üzvlərinin hamısına müraciətlə yazdığı aşağıdakı sətirlər də sübut etməkdədir: “Yenə iki həftədir ki, sizdən bir məktub almadım. Aydın məsələdir ki, siz yazırsınız, mən ala bilmirəm. Yəni adicə məktublaşmanı da bizə çox görürlər. Zərər yox! Haqsızlıq üstündən edilən haqsızlıqlar haqqa daha tez çatmağa yardım edir. Əlbəttə, bir gün gələr, zalımlar belə zülmlərdən usanarlar”.

Yaxud 27 may 1920-ci il tarixli məktubunda deyilirdi: “4 may məktubundan sonra sizdən heç bir xəbər ala bilmədim. Bu gün poçt gəldi. Hər kəs ora qaçdı. Amma heyhat ki, məyus qalanlar arasında mən də vardım. Heç şübhə etmirəm ki, siz hər poçt ilə mənə məktub göndərirsiniz. Fəqət nə etməli? Məktubu belə bizə çox görürlər !”

Ayrı-ayrı ədəbi-ictimai və siyasi xadimlərə, azadlıqda qalmış əqidə yoldaşlarına göndərilən və əksəriyyəti işgüzar xarakter daşıyan məktubları çıxmaq şərti ilə Əhməd bəy yazışmalarını əsasən ailə üzvləri – həyat yoldaşı Sitarə, baldızı Humay, nisbətən böyük uşaqları Sürəyya, Təzəxanım, Əbdürrəhman və Səmədlə, bəzən isə yaş fərqinə baxmayaraq toplu halda bütün övladları ilə aparırdı. Onlarla birlikdə olacağı təqdirdə deyəcəyi sözlər, verəcəyi öyüd-nəsihətlər bu məktublarda əks olunmuşdu. Sürgündəki ata övladlarına vətənpərvərlik və vətəndaşlıq dərsləri keçməyi, oğul və qızlarını gələcəyin türk milliyyətçiləri kimi yetişdirməyi ümdə vəzifələrindən biri sayırdı.

İstanbul darülfünunun hüquq fakültəsində təhsil alan 18 yaşlı qızı Sürəyyaya məktubların birində Əhməd bəy “zalımların zülmdən usanmalarını gözləmədən” onlara qarşı mübarizəni öz həyatlarının başlıca hədəfinə çevirməyi sabahın türk gəncliyindən, türk analarından umurdu. Tikanlı məftillər arxasından baxan insan profilinin əks olunduğu açıqca üzərində qızına yazdığı aşağıdakı sətirlər onun öz övladları da daxil yeni yetişən nəsilə aşılamaq istədiyi hisslərdən xəbər verirdi: “Türk qadınının gələcəkdə öz cocuqlarına söyləyəcəyi laylalar var. Sən də həmin laylalarla millətinin və atanın məruz qaldığı həqarətləri anladacaqsan. Uşaqlarına intiqam günlərinin vaxtını öyrədəcəksən. Unutma!”

Övladlarından həyatlarının ən həlledici məqamında – onların ata nəsihətinə və məsləhətlərinə ən çox ehtiyac duyduqları bir vaxtda ayrı düşməsi sürgündə Əhməd bəyi ən çox üzən məsələlərdən biri idi. Yaranmış boşluğun yerini məktublardakı təşviqləri, öyüd və tövsiyələri ilə doldurmağa çalışırdı. Sürəyyanın xarici dil bilgisinin səviyyəsini göstərmək üçün ingiliscə yazdığı məktublardan birinin cavabında ona həyat təcrübəsindən irəli gələn aşağıdakı fikirlərini çatdırmağı lazım bilmişdi:

“Nuri-didəm Sürəyya! İngiliscə yazdığın sonuncu məktubu aldım. Çox şad və məmnun oldum. Xahiş edirəm, bu dillərə mümkün olduqca daha artıq diqqət yetirəsən. Bu dillərdə yazılmış ədəbi və tarixi əsərləri mütaliə etməyə çalış. Mənim adımdan ingilis və fransız dili müəllimlərindən xahiş et, qoy sənə bu dillərdə yazılmış ədəbi və tarixi, qoy sənə XVIII əsr və xüsusən də XIX əsrin birinci yarısı müəlliflərinin əsərlərini daha çox oxutsunlar”.

Digər qızı Tezerə məktub isə fərqli, zərif və incə hisslər üzərində köklənmişdi. Qızının uşaq məsumluğu və səmimiliyi ilə ifadə etdiyi fikirləri yüksək həssaslıqla təhlil edib qiymətləndirən Əhməd bəy onun cavabında yazırdı: “Məni Mərrix (Mars – V.Q.) ulduzunda axtarırmışsan. Ah, qızım, mən də o parlaq ulduzu həbsxananın ən yüksək balkonundan hər gecə seyr edirəm və sizi gözlərim önünə gətirməyə çalışıram. Kim bilir, neçə dəfə o ulduz bizim baxışlarımızı və baxışlarımızla birlikdə qəlblərimizi, hisslərimizi, arzularımızı birləşdirmişdir. Və kim bilir, bizim kimi zülm və ədavətin neçə min qurbanı o ulduzdan ümid və təsəlli ummuşdur”.

Əhməd bəyin övladları ilə uzaq Maltadan yazışması canlı söhbəti, səmimi həsbi –halı xatırladırdı. Bu məktublar həm də onun mahir bir psixoloq, usta bir müəllim olduğunu göstərirdi. Övladları ilə qiyabi söhbətində o, hazır qəliblərdən, şablon ifadələrdən, qulağı deşən öyüd-nəsihətlərdən qaçmağa, fikirlərini sadə, aydın, ən başlıcası isə inandırıcı şəkildə çatdırmağa çalışırdı. Bundan ötəri bəzən müəyyən süjet qurmağı, təxəyyülün köməyi ilə mifik personaj və obrazlar yaratmağı, bir məktubdan digərinə keçirərək müəyyən həqiqətləri onların dili ilə anlatmağı sevirdi.

Bu məktublar hər sözündə, hər sətrində ata istəyi və məsuliyyəti bəyan olunan həyəcanlandırıcı sənədlər idi. Əhməd bəy sürgünə yollananda ən böyüyü 16 yaşında olan qızları və oğulları ilə türkün azadlıq mübarizəsindən tutmuş yaxşı gündə özünü dost adlandıranların, yaman gündə isə ortadan yox olanların vəfasızlığına, etibarsızlığına qədər hər şeydən danışır, başa düşülməyəcəyindən əsla qorxmadan (çünki öz məktəbini keçmişdilər!) onlara ali, bəşəri həqiqətləri çatdırmağa çalışırdı.

 

 

(Ardı var)

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2012.- 28 aprel.- S.24-25