Gözün və sözün işığı

 

GÖRKƏMLİ OFTOLMOLOQ ALİM VƏ ŞAİR PAŞA QƏLBİNURUN 60 YAŞINA

 

Deyəsən, yetmişinci illərin sonlarıydı ( təbii ki ötən əsrin ) dəqiq ay-gün yadımdan cıxıb, bizim ədəbi nəsilin təzə-təzə çağlayan, parlayan vaxtları idi.”Ülduz” dərgisinə şeir aparmışdim. Baş redaktor Yusif Səmədoğlunun, qapısını ehmalca taqqıldatdım.İçəridən Yusif müəllimin “Gəl” səsini eşitdim. Ürəkləndim, qapını açdim. O, bu zaman məsul katib Əhəd Muxtara jurnalın yeni nömrəsi ilə bağli son tapşırıqlarını verirdi: Hə, hə, Paşa Musayevin şeirlərini özüm Moskvada oxuyub bəyənmişəm (Onda hələ Paşa, Qəlbinur deyildi-müəllif) Vaqif Cəbrayılzadə (Bayatlı) ilə məsləhətləş, mütləq verin, getsin. Yaxşı yazılardı, məni yaman tərpədib, yerimdən oynadıb.

Həmin günün sevincini xəbərsiz-ətərsiz Paşa ilə bölüşdüm. Çünki həssas qəlbli, incə ruhlu görkəmli söz adamı Yusif müəllim mənim də bir silsilə şeirimin (şöbə müdiri Vaqif Bayatlı təqdim etmişdi)üstündə “Əhəd, növbəti nömrə üçün mətbəəyə göndər”sözlərini yazmışdı. Əlbəttə, o vaxt başım öz işlərimə daha çox qarışsa da, baş redaktorun dilindən eşitdiyim“Paşa Musayevin şeirlərini Moskvada oxuyub bəyənmişəm, məni yaman tərpədib” sözlərini uzun müddət unuda bilmədim.”Görəsən, kimdir bu bəxtəvər, Yusif Səmədoğlunu hayıl-mayıl edib,dilinin əzbəridir?”-düşündüm.

İlk dəfə məşhur Azneft çayxanasının qabağında gənc Paşayla görüşdüm. Bunun da səbəbkarı dostum Vaqif Bayatlı oldu.Daha doğrusu, o,”Hara qaçırsan, təkəm, beş- on dəqiqə buralarda hərlənib, fırlanaq,səni yaxşı bir oğlanla tanış edəcəm. Paşa Əlioğlu həm istedadlı şairdi,həm də gələcəyin böyük təbibi. Moskvada aspiranturanı bitirib, göz həkimidir,indilərdə gəlib çıxacaq-” dedi.Sonra Vaqif ələvə elədi:”Paşa elə-belə bizim tanıdığımız göz həkimlərindən deyil.Böyük talant sahibidi, vergili adamdı.Gözlərinin işığı adi adamların gözlərinin işığından iki dəfə çoxdu, yənigörmə qabiliyyəti məndən-səndən qat-qat artıqdı”.

Qeyri-adi düşüncə tərzinə və yaradıcılığa malık Vaqif Bayatlının bu növbəti orijinallığı, “təzə hoqqası” barədə xeyli götür- qoy etdim.Yenə rəhmətlik Yusif Səmədoğlunun sözləri yadıma düşdü. Artıq Paşa Musayevi görmək ,tanış olmaq mənim üçün bir zərurətə çevrildi.İnsafən o da bizi çox gözlətmədi, tezliklə gəlib çıxdı.Görkəmli dilçi-ədəbiyyatşünas(sonra içtimai xadim oldu) Aydın Məmmədov hər üçümüzü çay masası arxasına dəvət elədi. Biz Rəfaelin təzə dəm almış məxməri seylon çayindan içə-içə dərdləşdik, söhbətləşdik.Onda hamımız üçün ümdə və daimi gündəmdə olan sənət-ədəbiyyat, kitab çapı məsələləri idi. O vaxtlardan həkim Paşanı, şair Paşanı tanıdım və qəbul elədim Gördüm, həqiqətən nə şairliyi həkimlikdən, nə də həkimliyi şairlikdən geridi.

Məşhur “Şemaşko” xəstəxanasında çalışarkən isə gözünə mirvari suyu gəlmiş qohumum Məmmədhüseyni Paşa həkimin yanına apardım. O, ciddi müayinə eləmədi, elə-belə kənardan baxdı və əminliklə “qorxusu yoxdu,sabah- birisi gün əməliyyatı özüm həyata keçirərəm”-dedi.Və analizlərdən sonra həqiqətən tibb elmləri doktoru, professor Paşa Musayev qısa müddət ərzində görmə qabiliyyətini itirmiş qohumumu minnətsiz –filansız ayağa qaldırdı. O zaman bu səmimi, Allah adamının dilindən Paşanın adı düşmürdü.Mən Lənkəranda onunla rastlaşan kimi“Paşa professor necədi, gözümün nurunu qaytardı, Tanrı köməyi olsun”- söyləyirdi.

 

lll

 

Artıq imzasını çoxdan təsdiq etmiş, tibb elminin oftolmoloq sahəsinə möhürünü vurmuş, həm həkim-alim, həm də şair, söz adamı kimi şöhrəti Azərbaycanımızın hüdudlarını aşmış Paşa Qəlbinur bir ictimai xadim imicini də adının ətrafında formalaşdırıb.Ancaq bütün bunlar öz yerində.Mən istəyirəm ki,azca şair Paşanın poeziya dünyasının özünəməxsusluğundan söz açım.Elə bir dünyasından ki, içində özgə dünyalar var.

 

Qurd kimi yalnızam,şir kimi güclü!

Sən mənim yoluma çıxa bilməzsən.

Sən deyən deyiləm, sən olammaram-

Pul kimi hamının xoşuna gəlləm...

 

Mənim bir az-gülnən yaxınlığım var,

Mənim bir az-aynan yaxınlığım var.

Ayın nurundan çox üzdə həyam var.

Kürün suyundan çox ilham payım var...

 

Düşmənim, dostlarım saysız-hesabsız!

 

Taleyim-Cənabi Haqqın nurunda

Sən mənim haqqımı tapdayammazsan!

Aya, göyə,suya atılan güllə-

Gücün nə olsa da: zərrəsən, tozsan,

Sən mənim haqqımı tapdayammazsan!

 

Bu, Paşa Qəlbinurun haçansa oxuduğum “Ay nuru kimi” şeiridir.Şairin duyğu və düşüncəsi də ay nuru kimi təmız və pakdır.Şeirin bütövlükdə ruhuna qəribə bir işıq, aydınlıq,ziya hakimdır. Elə bil tənha dolaşan yalquzaqın gözlərinin işığı sifətinə zillənib.”Gülən” yaxınlığım” da gülün işığını,”aynan yaxınlığım “da ayın süzülən işığını canlandırır.Burada ifadə olunan su, Haqqın nuru,göy, dost və s.sözlərin cəmi də işığın, ziyanın bütövlüyü və tamlığıdır.Qədim sufi və hürufi təriqətlərinə görə,”İnsan haqdan qopmuş nur parçasıdır”, bu mənada Paşanın sözünün hardan qaynaqlandığı oxucunun gözünün qabağında böyük bir mənzərə açır.

Paşa Qəlbinurun söz dünyası-rəngli dünyadı və bu rəng təkcə ağdan, bəyazdan, nurdan ibarət deyil. Axı, yaşadığımız aləmin özü əsasən ağdan və qaradan təşəkkülünü tapsa da, neçə-neçə rəng və onların saysız- hesabsız çalarları mövcuddur,kainatın rəngarəngliyini artıran bu harmonik gözəllik insanın iç dünyasına da sirayət eləməklə rəng qatıb, zənginləşdirib.Rənglər bolluğu bir çox söz adamına,o cümlədən görkəmlı ədibimiz Rəsul Rzaya da ilham verib və o, məlum mövzuda orijinal silsilə şeirlər yazıb.Şair Paşa ehtiramla ustad Rəsul Rzanı xarırlayır və özünün rənglərə münasibətini “Qara”,”Qırmızı”,”Sarı”,”Yaşıl”,”Mavi”,”Göy”,”Bənovşəyi”,”Narıncı”,”Ağ”.adlı şeirlərində özünəməxsus şəkildə ifadə edir. Əslində müəllif silsilənin başlanğıcın-da “Qara” şeirinə həyati sualların və tapmacaların cavablarını əzbər bildiyini diqqətə çatdırır.

 

...Gözlər mavı, qonur, göy,

Bəbək niyə bir rəngdir?

Həyatın son nöqtəsı

Ya onnan həmahəngdir?

Əgər sonudursa o,

Niyə bir yox, ikidir?

İki nöqtə..

Nəfəs dər,

Yaşa, əməlin qədər!

 

Şeir-idrakın və hiss-həyəcanın ifadəsi kimi bir neçə bənddən də ibarət ola bilər. Bir və ya bir neçə misradan da .Paşa Qəlbinur fikirlərində uzunçu deyil, daha çox yığçamlığa can atır,daha doğrusu, söz haçan qəlbini tutdu,onda qələmə sarılıb kağıza köçür.Onun bütün şeirlərində (“Dünya,)(“Duz saray”) (“Gedər”),(“.Meynəm”),(“Şuşanın dağları”),(“Anam elçi gedən gün), (“Hər gecə”),(“Peyğəmbər nuru”),(“Haray”),(“Anam yanımdadı”),(“Küsülü xəyal”), (“Oyna”),(“Ana südüm”),(“Bu gecə”),(“Bu yolların işığı nəm ,gözü nəm”) etirafın və şair səmimiyyətimin konkret ünvanı var.Əlbəttə məncə,konkretlik və dəqiqlik az qisim şairlərə məxsusdur,çünki bu təfəkkür təmizliyi, təfəkkür genişliyi tələb edir.Harda fikrin ifadə tərzi acı bağırsaq kimi uzandı,deməli,buna səbəb pərakəndlilikdir, sözünü tamamlaya bilməməkdır, yarımçıq qoymaqdır.

Bəzən isə şair söz meydanında daha sərbəst surətdə at səyritməklə ustalıq nümayiş etdirir və bu meydanın sərhədlərini genişləndirir.Sözə “əhya”vermək (M.Füzuli),ram eləmək, ona bədii don geyindirib başına ip salmaq ilahi vergidir .Mən Paşanın bircə misradan və bircə beytdən ibarət onlarla şeirini oxuyub heyran qalmışam.

Məsələn,

lll

Sükutu-ləngərli əruz vəznidi,

Hiddəti-dağları titrədən ürək.

lll

Hardasa bir sərcə sınmış qıçını

Daşıyır özüylə quru çöp kimi...

lll

Lalənin “qan təzyiqi”

Neçə yüzü keçibdi...

lll

Sinəsi dağlıyam, bağrı dağlıyam,

Bu nur şəlaləsi yuyammaz məni-

 

Kimi sərrast deyimlərdə nə fikir qırıqlığına rast gəlinır,nə də məzmun, hikmət natamamlığına.Sözlər,fikirlər güllədir, hədəfə birbaşa tuşlanıb.Doğma, bir-birinə uyuşan ifadələr o qədər ustalıqla qəlibə yerləşdirilib, hec nə qopartmaq mümkün deyil. Yalnız gətirdiyim misallarda,”hardasa bir sərçə sınmış qıçını, daşıyır özüylə quru çöp kimi”-beytində mən olsaydım, “daşıyır dalınca quru çöp kimi” yazardım,yəni “özüylə” kəlməsini “dalınca”sözüylə əvəzləyərdim.Bu yerdəyişmə, əvəzləmə qətiyyən mənaya xələl gətirmir.Ancaq fərdi üslub Paşa Qəlbinura məxsus olduğu üçün buna da böyük hörmətim var: çünki hər şairin surati onun öz misralarının arxasından boylanır.Hansı şair başqa bir şairin köntöy, nisbətən zəif hesab elədiyi sözü düzəldirsə, məsuliyyət yükünün altına girir, o həmin müəllifin portretini zədələyir.

(Ardı 30-cu səh.) (Əvvəli 21-ci səh.)

 

Bircə misradan ibarət şeir eşitmisinizmi?”Qışda sərçələrdən çiçəklər çinar”.Dəqiq müşahidədir. Sədaqət və vəfa rəmzi sayılan sərcələr Vətən dəyişmir,köçəri quşlar kimi qışda isti ölkələrə uçub getmırlər.Onlar bapbalaca boyları ilə cikkildəyə-cikkildəyə, civildəşə-civildəşə şaxtada. sazaqda çinar ağaclarında budaqdan-budağa qonur,yerdə qarı eşələyib dən axtarırlar.Çiçək-canlılıq,dirilik rəmzidir,sərçə cevikliyi ağaçda donuq qışın hərəkətsizliyi müqabilində bir tərpənişdir, canlılıqdır. Misranı dönə-dönə səsləndirirsən,elə bil həqiqət,sərt qışın oğlan çağında şax budaqlı uca çinar yarpaqlayıb, çiçək açıb.Bir misralıq şeir nəhəng bir mənzərə, lövhə cızıb. Və yaxud başqa uğurlu misralara diqqət yetirək:

lll

Hələ torpaq quluncunu qırmayıb...

lll

Gecələr qörünmür-duyulur dəniz...

lll

Kirpi balaları-tut dənələri...

lll

Dilimə söz qonur-bal arısıymış.

lll

Sənin pəncərəndən od alıb gecəm.

 

Paşa Qəlbinur deyəndə “sözüm tumurcuq tutub”:haçansa bu turumcuğun boy atmasına,ağac olub bar-bəhrə vərməsinə şübhə yeri qamır.Gecənin barmağında üç günlük ay-üzük var.”Gecəni gündüzə nişanlayıblar “ deyimi də təzə- tərdir. “ Üç günlük ay “- təzə doğmuş,göyə təsrif gətirmiş mübarək aydı.Bəzən də şair bədii fikirdə həddən ziyadə mübaliğəyə yol verir, təsfirləri şişirdir...” Səni sevdiyimi heç kəsə demə, dənizi göylərə qaldırmışam mən”. Axı,şair demişkən, hər fikrin, hər sözün,” hər eşqin ölüm kimi ayrılıq məqamı var”. Hərdən də” bu əbədi ayrılıq” soyuq ruzigarsayağı əsir, adamı hiss və həyacanları ilə birgə buza döndərir.

 

Mən Allahla danışanda,çıxma yoluma,

Mən Anamla danışanda,çıxma yoluma,

Mən özümlə danışanda,çıxma yoluma,

Mən Gözümlə danışanda,çıxma yoluma!..

Ancaq məni bu dünyada tək qoyma,

tək qoyma.

 

Gözlər haqqında bəlkə də cild-cild kitablar yazılıb:hər yazı adamı da öz ifasında münasibət bildirib.”Mən gözümlə danışanda” ifadəsi yalnız göz həkiminin müşahidəsidir, təbib Paşanin kəşfidir.Mən” yalançının şahidi” deyiləm.Paşa həkim xəstəsini müayinə edərkən ona tamaşa qılmışam.Və gözümlə görmüşəm ki, həqiqətən o, gözüylə danışır, gözü qulaq asır, kiprik çalmadan sözü eşidir,ona reaksiyasını bildirir.Dünyada baxışların toqquşmasından, gözlərin danışmasından, yerindən oynayıb etiraz etməsindən, buludlar kimi tutulmasından təbii sevgi mənzərəsi yoxdur,ola da bilməz.

İşıq mövzusu Paşa Qəlbinur poeziyasının baş mövzusudur.Bunu nəinki şairin misralarında,eyni zamanda üzündə-gözündə, sifətində hər zaman görmək olur.Paşa bir işıq daşıyıcısıdır və bu işığı ilə bütün kölgəliklərə, qaranlıqlara nur saçır, onları aydınlığa çıxarır.

 

İçimdə bir işıq yanır elə bil,

İşığın kölgəsi düşür gözümə.

Gecikən eşqimdi gözükölgəli,

Günahkar olmuşam özüm-özümə.

 

Paşa böyük həkimdir,ya boyük şair?Hər halda o, məharətlə” bir əldə iki qarpız” tutmağı bacarıb.Həm loğman kimi, həm yazar kimi adından söz eşıtdirib.Bir də axı,Paşa müəllim yaxşı bilir, şərqin ən müdrik filosofları, hətta riyaziyyatçıları,təbiətşünasları, təbibləri, astronomları, münəccimləri öncə poetikanı mənimsəyiblər,söz sənətin xiridarına çevriliblər, sonra icadlarını,elmi kəşflərini nəzmlə ifadə edib xalqa çatdırıblar.Deməli,heç bir halda burda qəbahət yoxdur.

Gənclik illərimdə gözəl şair Fikrət Sadığın “İşığın yaşı”adlı bir maraqlı şeirini oxumuşdum, bərk xoşuma gəlmişdi.Mən indi də bilmirəm, işığın yaşı neçədir? Yüz min ildir,ya milyon il. Ancaq bircə şeyi dərk edirəm ki, bu yaş ən azı bəşəriyyətin yaşı qədərdir.Və ucalardan uca Tanrı yaratdığı işıqdan, nurdan sevdiyi- seçdiyi bəndələrə o vaxtdan paylayıb:kiminə zərrəcə düşüb,kiminə də bir azca çox.

Paşa Qəlbinur işığı çox olan xoşbəxt Allah bəndəsidir!

 

 

Ağacəfər HƏSƏNLİ

 

525-ci qəzet.- 2012.- 28 aprel.- S.21.