HƏRƏNİN
ÖZ ROMANI
İradə
Tuncayın “Yol romanı”nın havasına
“Hansı səmtə gedirsən get – ya
Doğuya, ya Batıya, ya Quzeyə, ya Güneyə –
çıxdığın hər yolu öz içinə bir
səyahət kimi düşün! Öz içinə
yolçuluq edən Adam sonunda ərzi dolaşır”.Əlif
Şəfəq, Şəms Təbrizinin 40 qaydası, 10-cu qayda
Sevdiyin adamın nömrəsini telefonunun
yaddaşından sildinmi heç? Mən sildim – çətin
oldu, çox çətin oldu, amma sildim. Barmağım
telefonun “sil” düyməsinin üstündə bir xeyli donub
qaldı, məni alt-üst eləyən ağrıların
bir toxunuşla keçib gedəcəyinə, bir anın
içində bütün acıların bitəcəyinə
inandım və sildim...
Həm də YOLun bitdiyini
düşündüm yəqin...
Amma... “İnsan varsa, yol da var –
qısası bu... Yer üzündə yollar BİTMƏZ”.
...Əynindəki bədəni ət
parçası kimi hər gün evdən işə, işdən
evə daşımaqdan usanmısansa, YOLa çıx!
Ömrünü oxuyub bitirməkdə olduğun kitabın son
vərəqlərini çevirirmiş kimi yaşayırsansa,
YOLa çıx!
Necə ki, mən elədim – “haşiyələri,
çərçivələri, sərhədləri sevməyən”
cəsur ürəyin qarış-qarış, ev-ev,
küçə-küçə qurub-tikdiyi, ruhundan ruh, nəfəsindən
nəfəs verdiyi bir ADAya YOLa çıxdım!
Mən gedirəm. İstəsən, sən
də gəl. Bu səfər üçün viza almağa,
gömrükdən keçməyə, torpaqbasdı ödəməyə
gərək yoxdu – yetər ki, ruhun olsun, ürəyin,
için olsun!..
lll
İndi özümə də bir xeyli
ritorik görünən bu yazı parçası “Yol
romanı”nı kitab halında oxuyub bitirəndən bəri
ağlımdan çıxmır. Romanı hələ hissə-hissə
mətbuatda çap olunanda oxumuşam. Az qala hər cümləsində
insan yaşantısının bir rəngi görünən, hər
durğu işarəsi kədər, həyəcan, təlatüm
ifadə eləyən, bu kədərin, həyəcanın, təlatümün
insan ömrünə, özü də sözə
bağlı ömrə necə dərin çapıqlar
vurduğunun şəklini cızan “Yol romanı”, nə az, nə
çox – düz 10 həftə məni mətbuatda ürəyimcə
bir yazı tapıb oxumaq əziyyətindən qurtarıb.
İndi oturub düşünürəm, necə ki, adam
böyük bir acıyla uzun zaman baş-başa qalır, qəlbini
didib-parçalayan o acını səssizcə, kirimişcə
yaşayır, yaşayır, amma nə illah eləsə də,
içini uçurub dağıdan ağrıları
söküb ata bilmir və o yükdən azad olmaq ümidiylə
sakit, gözdən iraq bir yerə çəkilib var
gücüylə, bütün hirsi-hikkəsiylə
qışqırıb bağırmaq istəyir – bax, yəqin
bu çığırtılı cümlələr də
eynən o halın, o gün-saatın şəklidi...
“Yol romanı” İradə Tuncayın
oxuduğum nə birinci yazısı, nə də birinci
kitabıdı. Onun “Sarı odalar”ı son illər ana dilimizdə
yazılan və arabir yenidən qayıtdığım,
hansısa hissəsini yenidən oxuduğum beş-üç
kitabdan biridi. İradə xanımın səfər
yazılarından, yol qeydlərindən də xəbərdaram.
“Yol romanı”nı oxuyanda yadıma ilk düşən də
elə onun xeyli əvvəl Şimali Kiprə – Kıbrısa
səfərdən sonra yazılan “Sevgi adası” yazısı
oldu. Nədənsə mənə elə gəldi ki, gözəllik
və məhəbbət ilahəsi Afroditanın adasından
yazılmış “Sevgi adası” “Yol romanı”nı
yazmağı düşünən müəllif
üçün bir hazırlıqdı, məşqdi.
Bir baxın: “Ay Allah,
bıqdım-usandım bu nifrət vulkanı, qəzəb
fırtınası, kin-küdurət selindən... Bezdim
havası kurşun kimi ağır, bu tozlu şəhərin
palçıqlı göz yaşlarından...”.
Bu da “Yol romanı”: “...Deməli belə –
yola çıxırıq – hardan hara gedəcəyik? İlk
olaraq bizim Biləsuvardan İran Biləsuvarına, İrandan
Naxçıvana, Naxçıvandan Türkiyəyə,
Türkiyədən Gürcüstana və sonra evə...”.
Beləcə, “YOL” başlayır.
“Başına örtdüyü yaylıqdan, əyninə
keçirdiyi qara plaşdan tıncıxıb da... hicri ilə
miladi tarix arasındakı fərqin bariz
göründüyü... minillik dövlətin –
İranın... fəqir, miskin görüntülü şəhər
və qəsəbələrini..., kasıb, fəqir, məhzun
görkəmli adamlarını..., qapanmış
qadınlarını...” görüb təəssüflənəndə
də, “hamıya, hətta Məmməd Araza da eyni gözlə
baxan” Naxçıvanda, ata yurdunda – “qapısı bağlı
evin” həyətində torpağa çöküb göz
yaşlarını saxlaya bilməyəndə də, Türkiyə
sərhədini keçib “çirkli, pinti,
qarmaqarışıq şəhərdə” – İqdırda
“Soyqırımı muzeyi”ndə “zülmlə
öldürülən insan şəkillərinə”
baxmağa özündə güc tapmayanda da, nəhayət,
İqdır-Qars yolunda bütün bu təbəddülatlardan,
təlatümlü düşüncələrdən yaxa
qurtarıb “yaşam haqqında düşünməyə”
çalışanda da “ağrı istəməyən” “YOL”
sahibinin hamıdan və hər kəsdən qaçıb
hüzur tapmaq təşnəsini öz yaşantın kimi
anlayırsan və ona haqq qazandırırsan...
İstər-istəməz bu yerdə Nobel
ödülçüsü (Bu ifadəyə “Yol romanı”nda
da çox rast gəlirik) Orxan Pamukun “Nədən
yazırsınız” sualına cavabını
xatırlayıram: “Hamınıza, hər kəsə
çox-çox qızdığım üçün
yazıram... Hamınıza, hər kəsə nədən o qədər
çox-çox qızdığımı, bəlkə,
anlaram deyə yazıram...”.
Bu “YOL”un sahibi də “nifrət vulkanı, qəzəb
fırtınası, kin-küdurət selindən”
bezib-usandığından səfərə
çıxıb... və bəlkə, o da HAMIYA, HƏR KƏSƏ
QIZDIĞI ÜÇÜN yazıb bu Romanı...
“...Anamı ağlatdı bu Roman mənim.
Çox danışdım özümlə...
Uşaqlığımgilə dəydim, oyuncaqlarımgilə
dəydim. Bəzən gizlətdim özümü, bəzən
bütün çılpaqlığı ilə baxdım
özümə... Yol getdim, neçə sərhəddən
keçdim, ötəri də olsa, baxdım... Nəyə
baxdığımı gözlərim gördü. Qəlbimin
gördüyünü saxladım. Qırxıncı otaq
qapalı qalmalıdı”, – bunu lap sonda deyəcək “YOL”
sahibi. Amma hələ 40-cı otağa qədər neçə
qapı var...
Xronoloji ardıcıllığa qalsa, gərək
Qarsda çox dayanam – romanın əsas hissəsi elə Qarsla
bağlıdı, axı. Amma gəlin buradakı
görüşlər, tarixi abidələrə ekskurs, müəllifin
həm tarixi, həm də çağdaş proseslərə
fərqli və əhatəli fikirlərinə bilərəkdən
toxunmayıb kitabın potensial oxucularını bir qədər
intizarda saxlayaq.
İndi isə bir az Belinskivari (bəs nə
bilmişdiniz!) gəzişmələr edib diqqəti
romanın janr xüsusiyyətinə yönəltsək, necə
olar? Janr xüsusiyyəti deyəndə, sadəcə, romanda
publisistika ilə proza arasında sərhədin itdiyi məqamı
nəzərdə tuturam. Yol qeydləri, səfər təəssüratları,
adətən, publisistika janrında yazılır: qəhrəmanlar
real, hadisələr gerçək – başqa necə
olmalıdı ki? Amma...
“...Görürəm ki, nəsə
çatışmır romanımda. Qırmızı xətt
yoxdu. Hər romanın qırmızı xəttini cizən isə
sevgidi... Sevgi olmayan romanlar oxunmur. Müəllif kimi bunu nəzərə
almalıyam mütləq...”.
Bu da düzdü – “Yol” sahibinə haqq verməyə
bilmirsən: “... mənim romanım klassik roman
anlayışına uyğun gələcək konumda deyil. Qəhrəmanlar
həddən artıq real, həddən artıq
tanınmış insanlardı.
Açıq-açığına belə mövzuya konu
olmaqdan imtina edəcəklər”.
Publisistika ilə proza arasında sərhədin
itdiyi məqam da elə budu. Bayaqdan bütün qəhrəmanlar
real adamlar idisə, artıq irreal qəhrəmanlar da
görünür: İstək aynasına baxan
qızcığaz, “Kədərli, iztirablı gözləriylə
diqqəti çəkən biri”, Şimşək qadın...
...Romanın QIRMIZI XƏTTində bir fikir məni
daha çox özünə çəkir: “Bütün
böyük aşqlar 40-dan sonra yaşanır”. Və deyəsən,
bu yazının lap əvvəlindəki o ritorik cümlələri
nədən yazdığım özümə də indi-indi
aydın olur – daxili kimya məsələsi. Romanda da var, “bu həm
də fiziki-kimyəvi hadisədi”: belə çıxır
ki, o cümlələri o andakı əhvalımın daxili
kimyası diktə eləyib mənə. Olsun!
Bu isə romandandı – Əlif Şəfəqdən
AŞK çələngidi: “...Aşkı
aramadığımız yalan. Arıyoruz – kəndimizcə,
kadrimizcə, nice zaman beceriksizce, ama arıyoruz işte.
Doğru, aramakla bulunmazmış Aşk, ama bulanlar da
arayanlardan çıkarmış ancaq...”.
İndi baxıram, romanı oxuyanda, yəqin
elə QIRMIZI XƏTTdə tələm-tələsik elədiyim
bir qeyd dəyir gözümə: “Yol romanı”nı həm də
ona görə oxumaq lazımdı ki... Ola bilsin, neçə
vaxtdı bədəninin harasındasa ürəyin olduğunu
unutmusan, indi onu yada salmaq, dinləmək istəyirsən – bax,
“Yol romanı”nı oxumaq həm də buna görə
lazımdı.
Yenə romana qayıdaq – Orxan Pamukdan KAR
çələngi: “Canım, Sənin nəyin var?” KA daha
sonrakı yıllarda bu soruyu soruşundakı
yumşaklığı tatlılığı binlerce dafa
hatırlayacaqdı. Aklındakı bütün endişeleri,
terkedilme korkusunu, gözünün önündən
keçirdiyi en korkunc sahneleri İpeye tek-tek anlatdı.
“Aşk acısından peşinen bu kadar korkduğuna göre
bir kadın sana çok acı çekdirmiş olmalı”. Bir
az acı çəkdim, ama senin bana çekdire bileceyin
acı şimdiden korkutuyor... Sana çok fena aşık oldum
ve acı çekiyorum” – dedi KA”.
“YOL”un irreal qəhrəmanı, İstək
aynasına baxan qızcığaz – bizdən yüz il sonra
yaşayan qadın da acı çəkir. O da hüzur
axtarır, “min işıq ili ötədə” “kədərli,
iztirablı gözləriylə diqqəti çəkən
biri” ilə qarşılaşır və inanırsan ki,
dünya nə qədər dəyişsə də,
texnologiyalar nə qədər sürətlə inkişaf eləsə
də, içi, ruhu olan insan övladı uzun illər sonra da
ilahi duyğuların əsiri olacaq – indiki kimi isti, indiki kimi
kövrək duyğuların...
“Belə olsunmu? – məsələn, yüz
il sonra bir qızcığaz istəklərinin aynasına
baxır və orada kədərli, iztirablı gözləriylə
diqqəti çəkən birini görür... Min
işıq ili ötədə... Min işıq ili, nə
olsun? Barmaqları titrəyə-titrəyə düyməyə
toxunur və həmin an istək aynasında həmin gözləri
görür – danışan gözləri:
– Sən gəldinmi?
– Mən gəldim...
... – Gəldin, odam işıqlandı,
isindi...
– Oralar soyuqdu? Sizin dünya Günəşdən
uzaqdı?
– İnsan azdı burda...
– Burda da azdı, neçə milyard
canlı var, insan azdı. Doğub törəyirlər,
artırlar, amma sevə bilmirlər...”.
Yüz il sonrakı qadının – istək
aynasına baxan qızcığazın da
yaşadığı dünyada insan azdı, milyardlarla
canlı var, amma insan azdı...
Bəs, bizim dünyamız necə, ürəyincə
olardımı o qızcığazın? Bəlkə,
özündən öyrənək? Niyə də olmasın –
bir halda ki, bir düyməyə toxunmaqla min işıq ili
ötəyə getmək mümkündü, yüz il geriyə
qayıtmaq nədi ki?...
...Yüz il sonrada yaşayan bir qızcığaz
istəklərinin aynasına baxır və orada “gözlərindən
daxili gərginliyi, hisslərinin gücü” bilinən
Şimşək qadını görür. Yüz il əvvəldə...
Barmaqları titrəyə-titrəyə düyməyə
toxunur və istək aynasında həmin gözləri
görür:
– Xoş gördük, Şimşək
qadın!
– Xoş gördük,
canım-gözüm!
– Sənin ev-ev, küçə-küçə
qurub-tikdiyin ADAnı gəzib-dolaşdım, hüzur
tapdım. Amma niyə bağçanı yabançı
güllərlə bəzədin – KAR, AŞK çiçəkləri
əkdin? Sənin öz çiçəklərin daha gözəl
ola bilərdi, axı.
– Bizim yerlərin havası çox
çirklidi, lap çox, canım-gözüm, göyü də
hisə bulaşıb bu yerlərin. Bilirəm, mənim
çiçəklərim daha gözəl görünərdi,
amma o çiçəklər bu havada açmazdı.
İnanıram ki, zaman gələcək, mənim kimi
düşünənlər əkib-böyüdəcəklər
o çiçəkləri. Bax, o qırxıncı
qapını da onlar açacaqlar, mütləq açacaqlar.
Mən onlara YOL göstərdim, YOL açdım. Mən
açdığım YOLun yolçularına inanıram...
–...
lll
...YOLa çıx!
Əynindəki bədəni ət
parçası kimi hər gün evdən işə, işdən
evə daşımaqdan usanmısansa, YOLa çıx!
Ömrünü oxuyub bitirməkdə
olduğun kitabın son vərəqlərini çevirirmiş
kimi yaşayırsansa, YOLa çıx!
“Hansı səmtə gedirsən get – ya
Doğuya, ya Batıya, ya Quzeyə, ya Güneyə –
çıxdığın hər yolu öz içinə bir
səyahət kimi düşün! Öz içinə
yolçuluq edən Adam sonunda ərzi dolaşır”.
lll
– Şimşək qadın,
nağılımı bəyəndinmi?
– ...
– Deyəsən, bəyənmədin. Onda,
bəlkə, təzədən başlayım?..
... Sevdiyin adamın nömrəsini
telefonunun yaddaşından sildinmi heç? Mən sildim –
çətin oldu, çox çətin oldu, amma sildim.
Barmağım telefonun “sil” düyməsinin üstündə
bir xeyli donub qaldı, məni alt-üst eləyən
ağrıların bir toxunuşla keçib gedəcəyinə,
bir anın içində bütün acıların bitəcəyinə
inandım və sildim...
– Burda dayan, deyirsən nömrəsini
telefondan sildin, bəs onun özünü necə,
yaddaşından silə bildinmi? Yəni bitdimi?
– Yox, bitmədi...
– Bax, görürsənmi? Demişdim
axı... BİTMƏZ!..
Yusif RZAYEV
525-ci qəzet.- 2012.- 28 aprel.- S.15