“...Mətbuat oxucunu işıq gələn tərəfə aparmalıdır”

 

(II söhbət)

 

Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.

“525-ci qəzet”in ötən şənbə nömrəsində təhsil naziri Misir Mərdanovla geniş söhbətimiz olmuşdu. Mətbuata hər zaman açıq olan Misir müəllim suallarıma verdiyi səmimi və məzmunlu cavabları ilə bir qədər fərqli rakursda göründü. Söhbətin əvvəlindən müdrik bir ağsaqqal mövqeyi ilə cəmiyyətin, kütlənin ümumi problemlərindən danışdı. Uşaqlıq, gənclik illərinə qayıdıb valideynlərindən söz açan Misir müəllim eyni həssaslıqla övladlarına, nəvələrinə aid fikirlərini də bizimlə bölüşdü. Uzun illər Azərbaycan təhsilinə başçılıq edən adamın sadəcə bir valideyn kimi övladlarının savadı, biliyi haqqında dedikləri zənnimcə olduqca maraqlı idi. Bir həmsöhbət kimi mənim üçün müsahibənin kuliminasiyası Misir müəllimin anadan olduğu kənd haqqında dedikləriydi. Yəqin ki, sualı verdiyim an həmsöhbətimin üzündəki ifadənin necə dəyişildiyini, gözlərinə çökən kədəri ifadə eləmək üçün sadəcə mötərizə içərisində “kövrəlir” yazmaq kifayət deyil. Yurduna həsrət qalmış insanın doğulub böyüdüyü evə illər sonra qonaq kimi getməsi, məcburən düşmən süfrəsində şam etməsi, həyətlərindən torpaq götürüb valideynlərinə gətirməsi... Bütün bunları özünəməxsus hüznlə nəql edən Misir müəllimin söhbətin davamında gələcəyimizə, gəncliyimizə aid nikbin, optimist fikirləri düşünürəm ki, oxucularımız üçün də maraqlı oldu.

Bu gün cəmiyyətdə ən çox müzakirə edilən sahələrdən biri mətbuatdır. Təhsil nazirimizin mətbuatla münasibəti, haqqında yazılanlara aid fikirləri barədə növbəti söhbətimizi oxucularımıza təqdim edirəm.

 

Pərvin: Misir müəllim, bir təhsil naziri kimi medianın indiki vəziyyətindən razısınızmı?

Misir Mərdanov: Pərvin xanım, açığını desəm, həm razıyam, həm də narazı. Razıyam ona görə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuata da azadlıq verildi. Yeni qəzetlər yaradıldı. Mətbu orqanların sayı artdı. Cəmiyyətdə demokratik bir şərait yarandı. Bu gün hər kəs istədiyini yaza bilir. Sovet dövrü ilə müqayisədə mətbuatın cəmiyyətin həyatında rolu yüksəlib. Bunu müsbət hal kimi qiymətləndirirəm və əlbəttə ki, sevinirəm. Ancaq eyni zamanda indi Azərbaycanda medianın müsbət istiqamətdə inkişaf etdirmək üçün kifayət qədər mütəxəssis yoxdur. Təəssüf ki, bəzi hallarda mətbuatda müvafiq təhsili, biliyi və bacarığı olmayan qeyri-peşəkar şəxslər özlərinə yer tapır ki, bu da insanlarda kütləvi informasiya vasitələrinə inamsızlıq yaradır. Cəmiyyətdə belə bir fikir də mövcuddur ki, bəzi mətbuat orqanları kimlərinsə tərəfindən idarə olunur. Əlbəttə, mən buna tam inanmıram. Amma gündəlik qəzetlərlə tanış adam kimi deyə bilərəm ki, bu fikirlə müəyyən mənada razılaşmaq olar.

Pərvin: Əlbəttə, bu barədə müxtəlif fikirlər, mülahizələr var. Çoxlarını qeyri-obyektiv tənqid edən bu mətbuatın özü də tənqid atəşinə tuş gəlir. Amma həm də müəyyən orta yol tutmuş, mədhiyyəçilikdən və ucuz, qərəzli tənqidlərdən uzaq qəzetlərimiz də var...

Misir Mərdanov: Razıyam bununla! Belə mətbuat orqanlarının mövcudluğu hamımızı sevindirir. Əslində xalqa yaxın mətbuat məhz belə olmalıdır. Onu da qeyd edim ki, xüsusi ideologiyaya xidmət etməyən, cəmiyyətin müxtəlif fikirli üzvlərini ortaq mövqeyə yönəldən, ümummilli mənafelər baxımından onları birləşdirən, insanları inkişafa, maariflənməyə, tolerantlığa dəvət edən mətbu orqanlar da vardır. Bu qəzetlərdə əsasən peşəkar jurnalistlər fəaliyyət göstərir və hesab edirəm ki, məhz onlar mətbuatımıza baş ucalığı gətirirlər. Amma təəssüf ki, bunların sayı çox deyil, barmaqla saymaq olar.

Pərvin: Mütaliəni sevən adamların stolüstü kitabı olur. Adətən, bu ifadə tez-tez müraciət edilən, oxunmasa da, ara-sıra vərəqlənən kitablar haqqında deyilir. Kitablarınız haqqında növbəti söhbətlərimizdə danışacağıq. İndi bilmək istərdim ki, “stolüstü qəzet”iniz varmı?

Misir Mərdanov: Maraqlı sualdır. Bilirsiniz, indi elə bir zaman gəlib ki, bəlkə də hər gün bütün qəzetləri oxumağa ehtiyac yoxdur. Çünki internet və digər daha sürətli vasitələrlə lazım olan informasiyanı əldə etmək mümkündür. Amma buna baxmayaraq mən qəzetləri hər gün izləməyə çalışıram. Şübhəsiz ki, ilk növbədə dövlət qəzetlərini izləyirəm, imkanım daxilində oxuyuram. Təhsillə bağlı məlumatlar, fərmanlar, sərəncamlar, qərarlar və digər rəsmi sənədlərlə tanış oluram. Lakin açığını desəm “525-ci qəzet”, “Zerkalo”, “Exo” və digər qəzetləri siz deyən kimi “stolüstü qəzet”im hesab edirəm, çünki bunlara abunə yazılmışam, hər gün alıram və maraqla oxuyuram.

Pərvin: İnternet mediadan danışdınız. Bu gün lazım olan informasiyanı saytlardan daha tez əldə etmək olur. İnternetdən istifadə edirsiz, ya xəbəri yalnız klassik qaydada oxumağa üstünlük verirsiz?

Misir Mərdanov: Zamanla ayaqlaşan, onun nəbzini tutmağa çalışan hər kəs kimi mən də internetdən istifadə edirəm. Hesab edirəm ki, xəbər saytlarının olması çox vacib məsələdir. Xüsusən xarici ölkələrə səfərlər zamanı bunların üstünlüyü daha aydın hiss olunur. Bu yaxınlarda mən Budapeştdə və Türkiyədə səfərdə olarkən mobil telefonla saytlara daxil olub, bizim mətbuatı, ölkədə gedən prosesləri izləyirdim. Burada üstün cəhət həm də məlumatı video, foto görüntülərlə almaq imkanının olmasıdır.

Pərvin: Amma mətbuatın bu istiqamətində də müəyyən qüsurlarıvar... Qeyri-peşəkar yanaşma, xəbəri tez-tələsik, ciddi, kobud səhvlərə fikir vermədən ictimaiyyətə təqdim etmə və s.

Misir Mərdanov: Əlbəttə! Bütün bu məsələlər, çatışmazlıqlar da göz önündədir. Hətta mən bəzən orfoqrafik səhvlərlə yanaşı, müəyyən siyasi, tarixi səhvlərə də rast gəlmişəm. Bu da yəqin ki, dediyiniz qeyri-peşəkarlıqdan və tələskənlikdən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə bu sahə son illərdə daha dinamik inkişaf edir, saytların sayı sürətlə artır, keyfiyyət isə yavaş- yavaş yüksəlir. Ümidvaram ki, burada da ciddi rəqabət yarananda saytlar daha savadlı, bilikli, məsuliyyətli adamları işə cəlb etsələr keyfiyyət xeyli yüksələcək. Onda cəmiyyət də bu mətbu orqanlara daha inamla, hörmətlə yanaşar. Məsələn, xarici ölkələrdə köşə yazarlarının cəmiyyətdə çox böyük nüfuzu vardır. Mən Türkiyəyə səfərlərimdə “Hürriyyət”, yaxud başqa qəzetlərin, saytların köşə yazarlarına necə etimad göstərildiyinin dəfələrlə şahidi olmuşam. Düşünürəm ki, bizdə o səviyəyə çatmaq üçün həm maddi-texniki təchizat, həm də kadr hazırlığı baxımından hələ çox iş görülməlidir.

Pərvin: Təhsilə, yaxud sizin özünüzə aid yazılara əlavə edilmiş şərhləri oxuyursuz?

Misir Mərdanov: İndiki dövrdə bu da çox müzakirə olunan məsələlərdəndir. Mən imkanım daxilində yazılan şərhləri oxumağa çalışıram. Bəzilərinə təəssüflənirəm də. Bilirsiz, Pərvin xanım, müəyyən məsələlər var ki, onlara yanaşmada Azərbaycan mentalitetini hökmən nəzərə almaq lazımdır. Əvvəllər senzura var idi. Amma indi şükürlər olsun ki, biz demokratik bir ölkədə yaşayırıq, hər adam öz düşüncələrini sosial şəbəkələrdə yaya, yaxud dediyiniz kimi saytlarda şərhlərə əlavə edə bilər. Amma mən belə hesab edirəm ki, hər insanın daxilində onun tərbiyəsindən irəli gələn bir senzura da olmalıdır. Şəxsən mən istənilən mövzuda açıqlığa getməyin, “naturalizm”ə varmağın tərəfdarı deyiləm.

Pərvin: Yəqin ki, müxtəlif adamların ailəsi, şəxsiyyətilə bağlı çox açıq, bəzən hətta təhqir dolu şərhlərə də rast gəlmisiniz...

Misir Mərdanov: Bəli! Bu qəbulolunmaz məsələdir. Hesab edirəm ki, söz azadlığından, ölkəmizdə formalaşmaqda olan demokratik abu-havadan müstəqil dövlətimizin daha da mökəmlənməsi və dinamik inkişafı, dünya birliyində özünə layiq yer tutması, Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə təcavüzünün nəticələri barədə məlumatların olduğu kimi dünya ictimaiyyətinə çatdırılması istiqamətində istifadə etsək, daha yaxşı olar.

Pərvin: Misir müəllim, bəzən mətbuatda bu tipli yazılara rast gəlirik: “Azərbaycanın filan ucqar kəndindəki məktəbdə bir uşaq intihar etdi...” Bu xəbərə 10 şərh olsa, biri mütləq belə olacaq: “Nazir hara baxır?” Cəmiyyətin istənilən hadisəyə bu cür münasibəti, hər kəsin öz boynuna düşən vəzifəsini yerinə yetirməkdənsə, hər şeyi nazirdən tələb etməsi yormur ki, sizi?

Misir Mərdanov: Pərvin xanım, mən bu məsələlərə iki cür yanaşıram. Təhsillə bağlı hər hansı problem meydana çıxanda, ilk növbədə, Təhsil Nazirliyini və naziri günahlandırırlar. İstənilən bu və ya digər şərhlərdə, müzakirələrdə müsbət cəhət də görürəm. Əgər siz on il öncəki mətbuatı indiki ilə müqayisə etsəniz təhsil haqqında yazıların sayının birə on artdığını görərsiniz. Mən bunu millətin təhsilə olan diqqətinin artması kimi də qiymətləndirirəm. Mətbuatın və ümumiyyətlə millətin diqqətinin təhsilə cəlb olunmasını bu sahəyə rəhbərlik etdiyim illərin ən ciddi addımlarından, nailiyyətlərindən bir hesab edirəm. Yəni biz təhsil siyasətini gündəmə gətirə bildik. Açığını deyim ki, bəzən dostlarım mənə deyirlər ki, Misir müəllim təhsili ictimailəşdirdi. Amma ikinci bir yanaşmam da odur ki, yaranan problemlərin hamısını konkret bir adamla əlaqələndirmək doğru deyil. Təhsil sahəsi elə geniş əhatəli bir sistemdir ki, onun problemlərini həll etmək üçün cəmiyyətin hər bir üzvü öz töhfəsini verməlidir. Nazir Bakıda oturub ucqar kənddə baş verənləri tam mənada nəzarətdə saxlaya bilməz.

Pərvin: Bəs bu cür məlumatları oxuyanda sizin özünüzün naziri qınamağınız olub?

Misir Mərdanov: Şübhəsiz ki, hər bir baş verən hadisədə öz məsuliyyətimi hiss edirəm. Bəzən də qınayıram özümü. Təxminən 12 il bundan öncə mən öz iş yerimdəydim, çox ağır bir xəbər gəldi ki, Sumqayıt məktəblərinin birində buraxılış sinfinin Hərbi hazırlıq dərsində müəllimin ehtiyatsızlğı ucbatından qumbara partlayıb və 10 nəfər şagird həlak olub. Dərhal həmin məktəbə getdim və uşaqlarının attestat alıb ali məktəbə qəbul olmasını gözləyən valideynlərin qəfil faciəsi ilə qarşılaşdım. Onlarla bərabər övladını itirmiş adam kimi ağladım. Belə ölümlə, itkiylə nəticələnən hadisələr baş verəndə daha ağır olur.

Pərvin: İki il öncə Neft Akademiyasında da baş verən olaylar mətbuatda birmənalı qarşılanmadı...

Misir Mərdanov: Əlbəttə. Bu çox böyük faciə idi. Və bu hadisədə Təhsil Nazirliyinin günahlandırılmasını qəbul etməyə də bilmərəm. Bizim borcumuz hər bir təhsil alanın təhlükəsizliyini təmin etmək, onun üçün əlverişli təlim və inkişaf mühiti yaratmaq, övladını təhsil almağa göndərən valideyndə isə buna inam formalaşdırmaqdan ibarətdir. Bir daha vurğulamaq istəyirəm ki, hər kəs öz vəzifəsinə məsuliyyətlə yanaşmasa, ən sadə vətəndaşdan, nazirə kimi hamı bu vacib sahəyə öz layiqli töhfəsini verməyə çalışmasa, arzulanan nəticəni əldə etmək çətin olar.

Pərvin: Misir müəllim, təbii ki, problemli, hətta faciəvi hadisələr olur. Amma inkişaf da var, müsbətə doğru işlər də görülür. Nədənsə cəmiyyət pisi tez görür, müzakirə edir... Yəqin ki, müsbət işlər daha çox vurğulanmalı, təbliğ olunmalıdır. Çıxışlarınızdan birində demişdiniz ki, bircə dəfə də olsun inkişafı, yaxşı müəllimi tərif, təbliğ edən veriliş, yazı görmədim...

Misir Mərdanov: Həmin çıxışım dəqiq yadımdadır. Hər il sentyabr ayında Təhsil və Karyera Sərgisi təşkil edirik. Bununla əlaqədar keçirdiyimiz mətbuat konfransında jurnalistlər mənə təhsil sahəsindəki nöqsanlar, çatışmazlıqlar, müəllimlər haqqında çoxsaylı suallar verirdilər, sualları cavablandırdıqdan sonra sözün düzü, xeyli əsəbiləşdim və onlardan soruşdum ki, məgər təhsil sahəsində həyata keçirilən hər hansı bir müsbət işlə qarşılaşmamısınız, 150 mindən çox müəllim arasında bir yaxşısını görə bilmədiniz, bu vaxta qədər sizlərdən kimsə yaxşı bir müəllimin portretini yaradıbmı, haqqında yazıbmı, yaxud həyata keçirilən müsbət addımları təbliğ edibmi? Təəssüf ki, heç kim sualıma cavab verə bilmədi. Onda növbəti sual meydana çıxır: Məgər Azərbaycanda yaxşı müəllim yoxdur, son illərdə ölkədə təhsil sahəsində heç bir iş görülməyib? Mən hesab edirəm ki, kifayət qədər yaxşı müəllimlərimiz var və müstəqillik illərində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də çox böyük işlər görülüb. Təhsil sisteminin maddi tekniki bazası hissolunacaq dərəcədə möhkəmlənib, milli təhsil sisteminin məzmununda, idarəolunmasında, maliyələşməsində, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, qanunvericilik bazasının formalaşmasında, müasir texnologiyaların tədbiq olunmasında irəliyə doğru ciddi addımlar atılıb və nəticələr göz qabağındadır. Məsuliyyətlə demək istəyirəm ki, müstəqillik illərində, qısa bir müddətdə ölkə rəhbərliyinin təhsilə diqqət və qayğısı, bilavasitə bu sahəyə rəhbərlik edənlərin fədakar əməyi nəticəsində Azərbaycanda beynəlxalq standartlara uyğun təhsil sistemi qurulmuşdur. Bütün bunlar dünyada tanınmış təhsil ekspertləri tərəfindən də dəfələrlə vurğulanmışdır.

Sadəcə, bilmirəm nədənsə, bizim mətbuatımız daha çox “qaranı” görür, mənfi halları diqqət mərkəzinə gətirir. Mətbuatı açırsan, eynitipli yazılara rast gəlirsən: “Avtomobil qəzası olub, filan qədər adam ölüb.”, “Oğul atasını bıçaqlayıb”, “Məktəbdə iki şagird dava edib, biri o birisinin gözünü çıxardıb”... Hesab edirəm ki, belə məlumatlara geniş yer verilməsi heç bir kütləvi informasiya vasitəsinə baş ucalığı gətirməz. Qoy mətbuat nümayəndələri məndən inciməsinlər, amma əminliklə deyə bilərəm ki, indiki zamanda Azərbaycan cəmiyyətində bu və ya digər mənfi hallar varsa, səbəbkarlardan biri də kütləvi informasiya vasitələridir.

Pərvin: Sizcə, konkret olaraq sizin işinizdə mətbuatımızın daha çox çatışmazlıqları yazmasının səbəbi nədir?

Misir Mərdanov: Pərvin xanım, mən müəyyən mənada özümüzdə də günah görürəm. Çünki gördüyümüz işlərin nəticələri barədə təbliğat işini vaxtında və lazımi səviyyədə aparmırıq.

Pərvin: Bu təvazökarlıqdan irəli gəlir?

Misir Mərdanov: Bəlkə də... Ola bilər təvazökarlıq edirik, düşünürük ki, hardasa bir dəfə deyildi kifayətdir. Amma bununla yanaşı mətbuatın qeyri-peşəkarlığı, ədalətsizliyi də öz işini görür. Məncə, mətbuat oxucunu işıq gələn tərəfə aparmalıdır, amma təəssüf ki, bir çox hallarda bunun əksini edir.

Pərvin: Misir müəllim tənqidə münasibətiniz necədir? Necə reaksiya verirsiz haqqınızda yazılan, bəzən də qərəzli tənqidlərə?

Misir Mərdanov: (gülür) Mənə belə gəlir ki, tənqidə qarşı çox dözümlüyəm. Bütün yazıları oxuyuram və həzm etməyə çalışıram. Tapşırıqlarımı verirəm ki, tənqid olunan məsələlərə ciddi fikir verilsin. Həm də təkcə mətbuat bizə tərəf gəlməməlidir, biz də ona tərəf getməliyik. Məsələn, bir faktı deyə bilərəm ki, “Zerkalo” qəzetində “Təhsil hamı üçündür” adlı rubrika açılmışdı və son günlərə qədər təhsildən əsasən tənqidi yazılar gedirdi. Bu məni çox incidirdi. Mən şöbə müdirlərini toplayıb dedim ki, günah bizdədir. Həmin yazıların müəlliflərini dəvət edib öz müsbət işlərimiz barədə də məlumat verməliyik. Belə də etdik. İnanırsız, heç iki ay keçməmiş həmin qəzetin münasibəti tamamilə dəyişdi. Təcrübə onu da göstərir ki, bir sıra tənqidi yazıların səbəbi məhz məlumatsızlıqdır.

Pərvin: Bu gün cəmiyyətdə “Reket jurnalistika” deyilən bir problem var. Belələrinin insanların şəxsi həyatına müdaxilə edən, təhqir, ucuz tənqidlərlə dolu yazılarına rast gəlirik. Yəqin ki, siz də bunların hədəfinə tuş gəlmisiniz. Bunlarla necə mübarizə aparırsız?

Misir Mərdanov: Əlbəttə, haqqımda belə yazılar olub. Amma əsasən əvvəllər çox yazılırdı. Son vaxtlarda rast gəlmirəm bu cür “reket hücumları”na. Məndən inciməsinlər, amma yəqin ki, yazılarının heç bir nəticə vermədiyini görüb yoruldular. Bunlarla mübarizə aparmıram. Özümü kiməsə zəng edib “niyə belə yazmısan” demək səviyyəsinə endirmərəm.

Pərvin: Bəzi televiziya kanallarımızda Təhsil Nazirliyinin də dəstəyi ilə intellektual yarışlar, tok şoular keçirilir. Sizcə, gənclərin savadlanmasında, kitaba, elmə cəlb olunmasında televiziyanın, mətbuatın rolu nə dərəcədədir?

Misir Mərdanov: Mən hesab edirəm ki, cəmiyyətin, gənclərin intellektinin artırılmasında, savadlanmasında mətbuatın, televiziyanın üzərinə düşən vəzifə heç də məktəbdən az deyil. Biz müxtəlif kanallarda dediyiniz layihələri Təhsil Nazirliyi olaraq dəstəkləyirik, bəzilərində tez-tez iştirak da edirik. Məsələn, AZTV ilə birgə gənclər arasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı bilik yarışı keçiririk. İctimai televiziyanın “Açıq dərs” verilişində nazirliyin əməkdaşları, şəxsən mən özüm dəfələrlə iştirak etmişik. Bundan əlavə ANS televiziya sirkətinin bizim dəstəyimizlə keçirilən “Ağıl dəryası” bilik yarışının qalibləri ümumtəhsil məktəblərinin buraxılış imtahanlarından azad edilir, hətta xarici ölkələrin ali məktəblərinə imtahansız qəbul olunurlar. ATV – də Təhsil Nazirliyi ilə birgə “LG bilik akademiyası” adlı layihə həyata keçirilir. Belə layihələr gənclərimizin elmə, təhsilə meyl və marağının artmasına öz müsbət təsirini göstərir.

Pərvin: Nədənsə bu cür layihələr çox deyil. Telekanallarımız şou proqramlarına daha artıq yer ayırır, önəm verirlər...

Misir Mərdanov: Doğrudur! Təəssüf ki, bu belədir. Mən uzun illərdir çalışıram ki, müstəqil bir təhsil kanalı açılsın. Heyif ki, hələlik buna nail ola bilməmişik. Amma bu istiqamətdə cəhdlərimizi davam etdiririk, danışıqlar aparılır, ümid edirəm ki, yaxın zamanlarda arzumuza çatacağıq. Artıq ölkəmizdə özünü doğrultmuş belə bir təcrübə vardır. Bir müddət əvvəl müstəqil mədəniyyət kanalının fəaliyyətə başlaması, orada xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, gənc nəslə aşılanmasına xidmət edən verilişlərin təşkili cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır.

Ümumiyyətlə, hesab edirəm ki, intellektual yarışlar, oyunlar, müsabiqələr cəmiyyətdə canlanma yaradır. Misal üçün, artıq beşinci ildir ki, ölkəmizdə cənab Prezidentin Sərəncamı ilə “ən yaxşı müəllim”, “ən yaxşı məktəb” müsabiqəsi keçirilir. Müsabiqənin gedişi və nəticələri mətbuatda geniş işıqlandırılır.

Pərvin: Bu cür yarışlar sağlam rəqabət yaradır, ya əksinə?

Misir Mərdanov: Düşünürəm ki, sağlam rəqabətdir. Belə yarışlar müəllimləri daha əzmlə çalışmağa sövq edir, müasir təlim texnologiyalarından, innovasiyalardan bacarıqla istifadə etməyə yönəldir. Müsabiqə qaliblərinin ölkə başçısının sərəncamı ilə hər il mükafatlandırılması təhsil işçiləri və bütövlükdə cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Pərvin: Misir müəllim, söhbət boyu mətbuatın bu günki mənzərəsini müxtəlif tərəflərdən analiz etdik. Problemlər, çatışmazlıqlar indi cəmiyyətdə də çox müzakirə olunur. Yəqin ki, medianın bu günki durumunu yaxşılaşdırmaq, peşəkarlığı artırmaq istiqamətində işlər jurnalistika fakültəsindən başlamalıdı, elə deyilmi?

Misir Mərdanov: Pərvin xanım, siz bilirsiniz ki, mən uzun illər Bakı Dövlət Universitetində çalışmışam. Jurnalistika fakültəsi və orada işləyən, dərs deyən şəxslərin əksəriyyəti ilə yaxından tanışam. Əminliklə deyə bilərəm ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu sahədə müvafiq bilik və bacarıqlara yiyələnmək üçün həmişə sağlam və saf bir mühit olubdur. Bu fakültədə keçmişdə də, indi də çalışan insanlar həmişə öz bilikləri, bacarıqları, mənəvi saflıqları ilə müsbət mənada digərlərindən fərqləniblər. İnanmıram ki, orda təhsil almış jurnalistlər peşəkar olmasınlar. Amma yenə də razıyam ki, mətbuatın problemləri, bu sahədə bilikli kadrların hazırlanması, ixtisaslarının artırması, təkmilləşməsi də məhz təhsil sistemi ilə bağlıdır. Biz Bakı Slavyan Universitetində Jurnalistika fakültəsi açmışıq, jurnalistlərin ixtisasartırması və təkmilləşdirilməsi ilə bağlı çox böyük işlər görürük. Bu baxımdan bir neçə il bundan əvvəl təhsildən yazan jurnalistlərlə Təhsil Nazirliyi arasında həyata keçirdiyimiz birgə layihəni xüsusi qeyd etmək istərdim. Bu layihə çərçivəsində Fizuli rayonunun Horadiz qəsəbəsində və Bakı şəhəri 60 nömrəli məktəbdə keçirilən tədbirlərin böyük əhəmiyyəti oldu. Hesab edirəm ki, bu tipli layihələr gələcəkdə daha geniş miqyasda həyata keçirilməlidir. Məncə, bunların hamısı öz müsbət nəticəsini verəcəkdir. Düşünürəm ki, seçilmiş, nüfuzlu jurnalistlər həmişə olub, bugün də var, gələcəkdə də olacaqdır.

Pərvin xanım, mən cəmiyyəti bir dənizə bənzədirəm, dəniz dalğalanır, ona lazım olanları saxlayır, digərlərini isə kənara atır. Fikrimcə, dediklərimi yaşadığımız cəmiyyətə də aid etmək olar. Mümkün qədər səbrli, dözümlü və tolerant olmaq lazımdı, inanıram ki, zaman özü bir çox problemləri yoluna qoyacaqdır.

 

 

525-ci qəzet.- 2012.- 28 aprel.- S.10-11.