"Qarabağdan Anadoluya könül körpüsü"
bölgələrimizdə
Millət vəkili Qənirə
Paşayevanın təşəbbüsü ilə
“Qarabağdan Anadoluya könül körpüsü” adlı
proqram çərçivəsində Tərtər, Bərdə,
Şamaxıda silsilə tədbirlər keçirib. Lent.az-ın
məlumatına görə, əvvəlcə Tərtərdə,
ön cəbhədə qulluq edən əsgərlər
üçün tədbir və konsert proqramı təşkil
olunub. Qənirə Paşayevanın rəhbərlik etdiyi
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai
Birliyinin və Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq
Avrasiya Mətbuat Fondunun təşkilatçılığı
ilə baş tutan tədbirdə çıxış edən
Qənirə Paşayeva əsgərləri mübariz və vətənpərvər
olmağa səsləyib. Daha sonra əsgərlərimiz
üçün əməkdar artisti Tünzalə Ağayeva
və Türkiyənin tanınmış sənətçisi
Nursaç Doğanişıq mahnılar səsləndirib, əsgərlərlə
birlikdə rəqs ediblər. Sonda
xidmətində fərqlənən əsgərlərə hədiyyələr
təqdim edilib.
Eyni
adlı tədbir Bərdədə davam etdirilib. Məcburi
köçkünlərin sıx məskunlaşdığı
Bərdənin mərkəzi parkında keçirilən
proqrama Bərdə, Ağdam və Kəlbəcərdən
qaçqın və köçkün düşmüş
insanlar, onların ailələri qatılıb. Tədbirdə
çıxış edən Qənirə Paşayeva Bərdədə
50 mindən artıq məcburi köçkünün
yaşadığını qeyd edərək, onların öz
yurdlarına qayıdacağı günün uzaqda
olmadığını deyib. Konsertdə Təbriz-Qarabağ
aşıqları, Türkiyəli sənətçisi
Nursaç Doğaniık, əməkdar artist Tünzalə
Ağayeva ifalar səsləndiriblər.
Daha
sonra qonaqlar Şamaxıya yollanaraq, burada “Tarixin
yaddaşı: Şamaxı” sənədli filminin təqdimat mərasiminə
qatılıblar. Rayondakı Mədəniyyət Mərkəzində
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai
Birliyinin və Azərbaycan Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı
ilə 1918-ci il 18 mart tarixdə ermənilər tərəfindən
dinc azərbaycanlılara qarşı Şamaxıda törədilən
soyqırıma həsr olunan “Tarixin yaddaşı:
Şamaxı” sənədli filminin təqdimat mərasimi
keçirilib. İdeya müəllifi Qənirə
Paşayevaya, baş məsləhətçisi isə millət
vəkili Elxan Süleymanova məxsus olan filmin təqdimat mərasimində
millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev,
ziyalılar və elm adamları iştirak edib.
Daha
sonra millət vəkilləri Qüdrət Həsənquliyev,
Fazil Mustafa, Avropa Qəzetçilər Birliyinin rəhbəri
Adnan Fişəng və digər qonaqlar çıxış
edərək ermənilər törətdiyi soyqırım
haqqında öz fikirlərini səsləndiriblər. Tədbirdən
sonra qonaqlar və Türkiyədən gələn nümayəndə
heyyəti Şamaxı şəhərində yerləşən
“Şaxəndan” qəbristanlığını və türk
şəhidinin abidəsini ziyarət edib.
525-ci qəzet.-2012.-1 avqust.-S.2.