Atüstü bir nağıl....    

 

Qışın zəlov-zəlov vaxtları idi. Yer-yurdda bir diz qar vardı, üstdən də hələ hey  aramsız yağırdı. Böyük çilənin bu vədəsindəki şaxtalara “tüpürcəyi göydə donduran” deyirlər. Əldən-ayaqdan uzaq, necə deyərlər, “Allahu əkbərin” qurtaracağındakı kolxozun sədri ilə partkomunu o zamanlar bəzilərini məhşər ayağına çəkən, irəlidə gedənləri “tərif”, geridə qalanları “tənbeh” edən raykomun büro iclasına çağırmışdılar. Görünür, bu kişilərin sorumlu olduqları kolxoza aid də nəsə vacib bir məsələ müzakirə olunacaqdı. Belə olmasaydı, bəlkə də, qarlı-boranlı bu qış günündə gediş-gəliş üçün yolu-izi bağlı olan  ucqar bir kənddən iki vəzifəli kişini uzaq rayon mərkəzinə  təkidlə çağırmaz, xəbərdarlıq edib “mütləq gəlməlisiz” deyə dönə-dönə tapşırmazdılar.

Qərəz, nəydisə kəndin “rəhbərləri” də bu büro iclasına getməkdə israrlı idilər, daha doğrusu, getməyə məcbur idilər. Təkcə bu kişilərin at üstündə  yeddi-səkkiz kəndin içindən, böyür-başından ötüb otuz verstlik yolu qət edərək rayon mərkəzinə  gedən avtomobil yoluna, şosseyə çıxmağı qalırdı. At tapmaq da bir elə müşkül məsələ deyildi, atdan çox ata nə gəlib, kolxoz sədri, partkom üçün məyər minməyə at qəhətdi, kənddə nə çox “layiqli” at. Ancaq o atları sonradan  kişilərin keçib getdiyi otuz verstlik yolun başından geri qaytarmaq gərəkdi. Yol ayrıcına çatandan sonra kişilər mindikləri atdan düşüb onları hamara ha buraxmayacaqdılar...

Görünür, bu qarda-çovğunda kişiləri otuz verstlik yolu ötürüb şosse yoluna çıxandan sonra o miniklərini geri qaytarmağa cəsarəti çatan adam tapılmamışdı, ya da bu cəsarətdə olanlar özlərini yan tutub yaxalarını ələ  verməmiş, gözdən  yayınmışdılar.

O zamanlar yəqin ki, əmim , ya da atamın əmisi oğlu  kənddə yoxmuşlar. Yoxsa atamın bu əziyyətini çəkməkdən qətiyyən imtina etməzdilər. Nə bilim, başqa bir səbəb də ola bilərdi... (Bu mənim fərziyyəmdi, məqamı gələndə söyləyəcəyəm...)

Deyəsən, iş axırda tovlanıb-fırlanıb gəlib mənim, on üç-on dörd yaşlı bir oğlanın öhdəsinə düşəcəkdi... Elə də oldu.

Axşam atam evdə bəyan elədi ki, bəs sabah rayon mərkəzinə, raykomun büro iclasına çağırılıb, sədrlə birlikdə getməlidirlər və mənciyəz də öz kəhər atımızla (sədrlə partkom artıq özlərinin minik məsələlərini həll eləmişdilər. Atam qonşu kənddən tanışı Baxşəlinin sabah yola minəcəyi kürən madyanını elə bu gündən gətirib tövləmizdə bizim kəhər atla yanaşı bağlayıb yemləmişdi. Sədr də, indi yadımda qalmayıb, kiminsə atını minəcəkdi) kişiləri şosse yoluna qədər ötürüb, ordan da onların mindikləri atları geri, kəndə qaytarmalıydım...

İlin yaz-yay fəsli, elə lap payız da olsaydı, bir kənd yeniyetməsi üçün bu yolu gedib-gəlmək  bir elə də çətin  iş deyildi. Ancaq indi qış idi. Qış da ki, o il çox sərt gəlmişdi.

Anam da elə bəri başdan çox narahat oldu. Narahatçılığını da heç gizlətmədi. “Qarlı-şaxtalı belə havada bu qədər yolu gedib gəlmək uşaq işi deyil. Nə çarəsizliyə düşmüsüz ki, körpə uşağa möhtac olmusuz. Aparma uşağı, bir başqa ağlı kəsən götürün, atlarınızı da o qaytarsın”, – desə də, bir faydası, xeyri olmadı.

Atam yerindən qalxıb mənimlə çiyin-çiyinə, tən bərabər dayanıb şəstlə: (Onu da deyim ki, otuz yaşım olanda da mənim boyum altmış yaşlı atamın qoltuğunun altından gəlirdi)

– Ay arvad, nə uşaq-muşaq salmısan? Maşallah oğlum qos-qoca bir igiddir. Mən oğlumla yola çıxacam, – demişdi.

Bir də ki, anam neyləyə bilərdi! Atama öz oğlunun xidmətini, qulluğunda durmağını  yasaqmı edəcəkdi?

Axırda çarəsiz qalan anamın gücü ona çatdı ki, ilin-günün bu vədəsində iclas çağıranların ünvanına dişinin dibindən çıxanı desin...

Səhər yeməyini arın-arxayın yeyəndən sonra axşamdan yola hazırlanmış “boğçalarımızı”, atları yolda yemləmək üçün arpa dolu torbaları yəhərin tərkinə bağlayıb atamla qoşa evimizdən yola çıxdıq. Qonşu kənddə sədr də bizə qoşulub üzü rayon mərkəzinə tərəf yolçuluğa başladıq. Əynim qalın, isti idi. Anam başıma qulaqlı papaq keçirib, boyun-boğazımı da yun şərflə bərk-bərk sarımışdı. Ayağıma ikiqat yun corab geyindirib, əllərimə də qalın əlcək taxmışdı. Hələ yəhərin üstünə, altıma yun nalça da qoymuşdular. Bircə qaşlarımla gözlərim açıq idi. Dinib-danışıb özümü nişan verməsəydim, kimsənin tanıyacağı halda deyildim. Küləksiz, sakit havada qar lopa-lopa ələyir, bir an əvvəl ötüb keçdiyimiz yolu-izi örtürdü. Bir iş yaxşıydı ki, hava şaxtalı olsa da, külək, qasırğa yox idi. Aramla yağan belə qar əslində həmişə adamda xoş bir ovqat yaradır. Daldalanacaq bir yerdə durub ətrafa baxdıqca baxmaq istəyirsən. Ancaq biz indi nə o ovqatda, nə də yağan qarın yaratdığı gözəlliyi seyr edib ondan zövq almaq halətində deyildik. Enişli-yoxuşlu, çox yerdə dar cığırları qalın qarın altında itən uzun dağ yolunu keçib bir az erkən, maşınların gediş-gəlişi kəsilməmiş şosse yola çatmalı, ordan da axşam düşməmiş mən atlarla geri qayıtmalı,  özümü kəndimizə, evimizə yetirməliydim. 

 

lll

 

Kişilər yorulub dayanmasın deyə atlarını bir-bir növbə ilə irəlidə sürürdülər. Mən isə arxadan gəlirdim. Arxayın gedirdik. Ömürləri at üstündə keçən bu kişilər kerdə, qayada belə narahat olmurdular. Atlarının fəhmlə də olsa qar səpələmiş cığırdan kənara çıxmayacağına, xətasız ötüb keçəcəklərinə arın-arxayın idilər. Şəhrətük çayını keçdik. Üzü yoqquşa hələ xeyli yolumuz vardı. Kişilər söhbət edir, arada mənə tərəf də səslənirdilər. Üşüyüb-üşümədiyimi soruşur, xoş sözlər deyib könlümü xoş etməyə, ruhlandırmağa çalışırdılar.

Əslində mən bu yolçuluğa həvəslə qoşulmuşdum. Əsl macəra idi. O yaşda da hansı uşaq belə macəranı sevməz ki! Yerdə bir diz qar, üstdən də tökür, sən də atın belində, lap kinolardakı kimi. Hayıf ki, bircə tüfəngimiz, patrondaşımız yox idi, götürməmişdik. Beləsi lap aləm olardı. Ancaq hələlik bu yolçuluq xoşuma gəlirdi.

Uçurumlardakı evləri yol-yamaca səpələnmiş kənd o qədər də xoşuma gəlmədi. Damları tüstülənən evlər bu qarda, şaxtada bir istilik, hərarət soraqlı olsalar da bir-birindən çox uzaq, kənar idilər. Evlərə baxdıqca ilk ağlıma gələn də bu oldu ki, buranın adamları bəs bir-biri ilə necə qonşuluq edirlər, yəqin uzun qış gecələrində heç şəvnişdə də yığışmırlar. Düşündüklərimi isə böyüklərdən soruşmadım. Axır ki, bu cansıxıcı kənd uzun yoqquşun başında qurtardı.

Dağın yalındakı böyük kəndə çatdıq. Burada yol kəndin ortasını kəsib keçirdi. Evlər sıx, aradan keçib gedən yol da geniş idi. Arabir həyətlərdə, yolda hərəkət edən adamlar da gözə dəyirdi. Günortadan ötürdü. Yol qırağındakı evlərdən yolçuları tanıyıb salam verənlər olur, maraqlanıb: – Hara belə, xeyirdimi, inşallah, – deyə xəbər də alırdılar.

Aha, həyət qapısı yola lap yaxın olan ahıl kişi sədrlə partkomu adı ilə çağırıb salamlaşdı. Onlar da atlarını bir anlığa əyləyib gəlib onlara yaxınlaşan bu kişi ilə əl verib görüşdülər, bir-birilərindən kef-əhval soruşdular.

 

Ahıl kişi mənə yaxınlaşıb:

– Balaca kişi, əlini ver görüm, səninlə də bir görüşüm, – deyərək üstünü qar dənələri örtmüş əlimi əlcəkqarışıq ovcuna alıb sıxdı, – Oxqay nə istisən, – dedi. Sonra da yolçulara tərəf dönüb israrla çaya, çörəyə dəvət elədi, məni də göstərərək: – Uşaq da bir az qızınar, dincələr, – dedi.

Kişilərsə yolçuluqlarının səbəbini soruşanlara, elə bu ixtiyara da bir kəlmə ilə: – Sağ olun, yolumuz uzaqdı, uşaq da atları geri qaytarmalıdı, – deyib üzrxahlıq edərək yollarına davam edirdilər.

Alaşar çayının kənarına endik. Burdan yolumuz uzun, həm də çayın məcrası boyuncadı. Neçə yerdə atları axar suya vurub çayı keçməliyik. Ancaq hava şaxtalı olduğundan qar hələ əriməmişdi. Yaz ağzı seli-suyu bütün vadini ağzına alan, yan-yörəsindəki qayalarla qucaqlaşan, daşıb ətrafındakı şamlaqları basan çay indi öz yatağına çəkilmişdi. Keçidlərdə su atın topuğuna ancaq çatırdı.

Atam arada təhlükəli bildiyi yerləri mənə nişan verir:

– Burdan keçəndə qorxmayasan ha, atını belədən, nə bilim, oradan sürüb keçərsən, – deyə qayğımı çəkib qayıdan baş üçün öz məsləhətlərini verir, məni ürəkli olmağa səfərbər edirdi. Mən də lovğalanıb: – Nədən qorxacağam ki, – deyib yavaş-yavaş soyuq əhdimi kəssə də, özümü yəhərin üstündə dikəltməyə çalışırdım.

Kişilər mənzil başına yaxınlaşdıqca, mənimsə yolum uzanırdı. Atamın tez-tez əhvalımı xəbər alması, dönüb atını mənimlə yanakı sürməsi, atın üstündən hərdən əlini uzadaraq kürəyimi şappıldadıb çiyinlərimi sıxmasından kişinin yavaş-yavaş nigarançılıq, bəlkə də məni belə uzaq yola vurmasından peşmançılıq keçirməsi duyulurdu. İndi hər dəfə xatırladıqca bu qənaətim daha da qətiləşir. Nə isə, kişilər axır ki, atlarını saxladılar. Necə deyərlər, mənə bir az güzəşt də elədilər. Maşın yoluna iki yüz, iki yüz əlli metr qalmış atlardan endilər. Canlı-cüssəli kişilərin üstündən endikdən sonra ağır çəkidən xilas olub indi də başlarına keçirilmiş torbadan arpa yeyə-yeyə fınxıran atları atam tayquşqun edib kəhər atımın yəhərinin arxa qasına bağlayandan sonra dizlərimi azacıq ovuşdurub, dibində azacıq arpa qalmış torbaları atların başına keçirə-keçirə:

– Nəbadə canıyananlıq edib arpa qurtarmamış torbanı atın ağzından alıb ehtiyata saxlayasan. Yeriyə-yeriyə yeyəcəklər, sona çatdırdıqlarını gördünmü, yüyəni dart, torbaları atların başından çıxarıb at, yoluna davam et. Tox atlar yorğun düşəndə yoldan sarpıb özlərin yan verə, yoldan qala bilərlər. Yeyəcəklərinin bitdiyinə əmin olduqda isə var güclərini sərf edib səni mənzil başınacan, daimi yemləndikləri yerə çatdıracaqlar.

Anamın külçə çörəyin arasına yaxdığı qalın yaxmacdan dişləyərək sanki buz sındırırmış kimi xartıltı ilə çeynəyə-çeynəyə başımı yırğalayaraq başa düşdüyümü anladırdım. Ağzımdakı tikəni udub:

– Heybədə çörək çoxdu, götürüb yesənə, – deyə atama təklif elədim.

O, məhəbbətlə üzümə baxıb:

– Sağ ol, sən ye, indidən özünü doyur. Qarnın tox olsa soyuq sənə o qədər kar eləməz. Yolda ərinməyəsən, aclıq hiss etdinmi, yeməyindən çıxarıb yeyərsən. Dizlərimi, kürəyimi, qollarımı qüvvətli əlləri ilə tez-tez ovuşdurub:

– Haydı, oğlum, daha yubanma, atı tərpət gəldiyimiz yolla, qar izi örtüb itirmədən yola düş. – Kişi səmaya göz gəzdirdi: – Qar dayanır, bir azdan tamam kəsəcək. Heç nədən qorxub eləmə ha, – deyib öz yoluna döndü.

Mən dönüb uzaqlaşanda atam arxadan:

– Axşam kəndə zəng vurub necə qayıtdığını soruşacam, kerrərdən keçəndə ehtiyatlı ol ha, – deyə bir də xəbərdarlıq elədi....

Gedən baş arxada, iki atın açdığı cığırla irəliləyən kəhər at indi qayıdan baş öndə, qarın çoxdan şəpələyib doldurduğu yollarla cığır açaraq irəliləyir, üstündə də məni aparır, yan quşqun edib arxadan tərkinə bağladığım iki yəhərli, yüyənli atı da arxasınca çəkirdi. Minicisi olmayan heyvanları  atdöşü edə bilməzdim. Yorğun atlar qarı yara bilməyib pevisk verib yolu dönər, qayadan, dərədən uça bilər, yolda qalardılar. Bunu nəzərə alıb atımı irəlidə səyridir, yedəyimdəki atları da arabir haylayıb evə tərəf tələsirdim...

Köhlən atım qarı yara-yara rahatca yeriyir, başına taxılmış torbadakı arpadan da xartıltı ilə yeyirdi. Mahmızlarının altında buz bağlamış qarın şaqqıltısı da elə bu səsə əlavə bir ahəng qatırdı. Elə arxadan gələn atlar da, elə bil, dəyirman daşı idilər,  bu qayda ilə üyüdürdülər.

Dönüb qayıtdığım yerdən uzaqlaşdıqca atların başına taxılmış arpa da  tükənir, heyvanlar fınxırıb yüyəni dartaraq başlarını aşağı endirib torbanı qarın üstünə çırpır, üzülüb qalan son dənləri somururdular.

Atların arpası bitmişdi. Yüyəni dartıb özümü sağ tərəfə əyərək əvvəlcə öz atımın, sonra da geriyə qanrılıb yan-yana arxamca yortan atların başındakı torbaları sıyırıb elə oradaca yerə tulladım.

İşin birini daha bitirmişdim. Atların yemlənməsi də başa çatmışdı. İndi əsas məsələ bacardıqca irəli getmək, vaxt itirməmək,  mənə əmanət edilmiş bu atları ötüb keçəcəyim son kənddə sahiblərinə çatdırmaq, özümü evimizə daha tez yetirmək idi.

Alaşar çayı boyu atlar rahat gedirdi. Yol həm köndələn idi, həm də çay keçidlərində, göllərin su tutarlarında  qar qaralıb buz bağlayaraq qalmışdı. Belə yerləri atlar arın-arxayın şütüyərək keçirdi.

 

lll

 

Atlar, hələ ki, rahat yerisələr də, yağan qar kəsib hava ayazıdıqca üşüdüyümü hiss etməyə başlamışdım. Bu on verstlik çay boyunca kəndlər hər iki tərəfdə, sağ və sol yamaclarda, bir-birindən xeyli kənarda idilər. Uzun yolda, necə deyərlər, bir ins-cins gözə dəymir, arabir uzaqdakı o kəndlərdən itlərin hürüşü eşidilirdi. Gələn baş soyuq olsa da, kişilərlə söhbət etmək heç də bəd deyilmiş. Heç olmasa danışdıqca çənəm tərpənib hərəkət edir, üşümürdüm. Həm də “söhbət yola körpüdü” deyiblər axı! İndi isə üz tutub danışmağa  kimsə nə gəzirdi? Yol uzandıqca uzanırdı. Arxaya baxıb atlara nəzər yetirir, fit çalır, arada eşidib bildiyim mahnılardan da çağırırdım...

Çayın vadisi yalın belindəki böyük kəndə doğru yoqquşa dirəndi. Yoqquşu qalxdıqca hiss etdim ki, arxadan gələn, yedəyimdəki qoşa atların hər ikisi yorulub. İrəli getməyə hələ ki dirənməsələr də,  tənbəl-tənbəl yeriyir, əringənlik edirlər.

 

lll

 

Gəlib yalın belindəki böyük kəndə çatmışdım. Səhər bizimlə görüşən kişi evin qabağından yola, mənə tərəf səslənib:

– Ey, qardaşoğlu, atları döndər gəl evə. Həm özün qızınarsan, həm də atların da yorğunluqlarını çıxararlar.  Sənə də, atlarına da yer taparıq, a bala. Axşamı bizdə qalıb sabah tezdən yola düşərsən, – deyə cani-dildən məni evinə dəvət edib qonaqpərvərlik göstərmək istədi.

 

Atımın başını çəkib azca yavaşıtdım. Üzümü eyvandan səslənən kişiyə tərəf tutub:

– Sağ olun, ay əmi! Qala bilmərəm, kəndimizdə anam nigarandı, atam da axşam zəng vurub evə necə çatdığımı soruşacaq. Sonra da yedəyimdəki atlara işarə edib: – Bunları da sahiblərinə çatdırmalıyam. Bir də daha nə yolum qalıb ki, üç kənd keçib çatacağam evimizə. Allah evinizi abad eləsin, – deyib atımı muçqurtdum.

Kişi şaqqanaq çəkib bərkdən güldü. Bilmədim, artıq don vurmaqda olan, dişi-dişinə dəyən bir oğlanın şirin yalanı ona belə ləzzət vermişdi, ya da “daha üç kəndi ötüb” getməyi qonşu evini keçib getmək kimi “asan” hesab etməyimə belə gülürdü. Hər halda kişinin bu gülüşü çox ürəkaçandı. İxtiyar ardımca bir də səsləndi:

– Allah qorusun səni, a bala, ürəyini sıxma, axşama hələ xeyli var, qar da dayanıb, daha yağmaz, inşallah, sağ-salamat evinizə yetişərsən, – dedi.

Yalın belindəki kəndi keçib uçurumlardakı kəndi üzü enişə, Şəhrətük çayına tərəf enməyə başladım. Səhər tüstülənən evlərin həyətindən indi itlər mənim keçib getdiyim yola tərəf hürüşürdü. Bəlkə də onların bu hürüşü həm də qarşıdakı axşam xəbərdarlığı idi. Yaxşı ki, evlər yoldan uzaq idi. Yoxsa bu itlər məni girinc eləyərdi, – deyə öz-özümə düşündüm. Elə bu düşüncələr içindəydim ki, çox da dərin olmayan dərənin qırağındakı yola yaxın tənha evin yanına gəlib çatdım.

Həyətdən yola tərəf, görünür, mal-qaranı suya aparmaq üçün kürəklə təmizlənib açılmış cığırla iki yekə köpək sürətlə cumub özünü mənə tərəf çatdırdı. İki yox e, lap beşi olsun, itlərdən məharətlə qorunmaq, yeri gələndə xəlvətə salıb zay itlərin dişini vurub salmaq zirək kənd uşaqlarının hər birinin ən yaxşı şakəridir, o cümlədən də elə mənim də. Əlimdə ağac olmasa da, qırmancla özümü qoruyacaqdım. Ancaq o itlərin yedəyimdəki atları ürküdəcəyindən bərk narahat oldum. Özlərini yetirən itlər hücum edir, sağdan, soldan qarı tozanaqlaya-tozanaqlaya atların, mənim üstümə sıçramağa çalışırdılar. Mən də yəhərin üstündən qırmancı itlərə tərəf sağa-sola fırladır, “ay it, çəkil”, – deyə arada çımxırırdım da. Elə bu məqamda sol ayağı ilə it vurmaqda ad çıxaran altımdakı kəhər at köpəklərin birinə necə bir təpik ilişdirdisə, it üç-dörd metr aralıda aşıb qarın içinə yumbalandı. Zingildəyib sürünə-sürünə qarı yarıb, o biri it də onun ardınca çıxdıqları həyətə tərəf götürüldülər.

Bayaqdan itin mənə hücum eləməsinə, atın belindən salmaq istəməsinə heç bir məhəl qoymayan, səs-soraq çıxmayan evdən indi biri itin zingiltisinə çıxıb mənə tərəf yol aldı: – Aya, ay kimsən, iti nöş vurdun, indi mən səni, sənin böygünü... və daha nələr deyə üzərimə hücuma keçdi. Mənsə uzaqlaşıb dərəni ötmüşdüm. Yəqin ki, bu qalın qarı yara-yara kişi gəlib mənə çata bilməzdi, ancaq ağzından çıxan yava sözlərin arası kəsilmirdi.

Kişinin artıq həddini aşdığını görüb mən də yüngülcə olsa da cavab verməyi lazım bildim:

– Ay dayı, itinə acıqlanmaq əvəzinə məni niyə söyürsən, – dedim. – Mən öz yolumla keçib gedirəm də, sən öz itinə acıqlan. Kişinin yerində dayandığını, daha gəlib mənə çata bilməyəcəyini görüb bir az da ürəkləndim: – Özün də ağsaqqal adamsan, dilinə yiyəlik elə, ağıllı danış, – deyə lap öz kəndimizin kişiləri kimi bir az da öpkələndim.

Evdən gələn qadın səsi kişiyə:

– Yoldan ötənlə nə işin var, qoy yolunu getsin, çıx gəl bəri, – desə də kişi ovunmaq bilmirdi: – Yaxşı, bir də burdan keçərsən, onda baxaram halına, – deyə ardımca üyüdüb tökür, hədələyirdi. Mənsə artıq uzaqlaşmışdım, təpəni aşmışdım. İndi təpələrlə bir qədər də üzü aşağı enib çaya çatacaqdım. Düşündüm ki, bu kənd doğrudan da yaxşı olub ki, elə əvvəldən xoşuma gəlməyib. Elə adamların hamısı da yəqin ki, bu kişi kimidi... İtlərlə mücadiləm, kişi ilə xoşagəlməz söhbətim elə yəhərdəcə bir az hərəkət eləməyimə, əl-qol atmağıma səbəb olsa da canımın üşüdüyünü hiss edir, oturduğum yerdə büzüşmək istəyirdim...

 

lll

 

Bu da Şəhrətük çayı. Yazı-yayı qıjıltı ilə axan bu çayı da qarın şaxtası ram eləmişdi. Çay elə bil axmır, dincəlirdi. Məcrasının ən dərin yerindən indi bir yaz arxının suyu axırdı. Beləcə daha bir çayı keçərək qayanın döşü ilə uzanıb qalxan dar cığırla bir az irəlidəki, qarşıdakı kəndə doğru qalxmağa başladım. Yoqquşa dəyən kimi arxadakı atlar yerişini səngitdilər.  Atların yoldan kənara çıxmayacaqlarına əmin idim. Çünki atlar təhlükəni daha tez duyurlar. İşdir-şayət burdan isə bircə qarış kənara ayaq qoyan heyvanın tappıltısı neçə yüz metr aşağıdan axıb keçən çayın dibindən gələcəkdi. Bir anda tüklərim ürpəşdi. Fikrimə gəldi ki, birdən arxadakı atlardan birinin ayağı cığırdan qırağa düşüb qayadan uçsa, elə altımdakı atqarışıq məni də çəkib aparacaq. Tez-tələsik yüyəni çəkib atımı saxladım. Ayağımı zorla da olsa üzəngidən aralayıb özümü yəhərdən sağa, cığırın üst tərəfinə aşırdım. Kəndə yaxın olduğu üçün bu cığır açıq idi. Görünür, çayın qırağından ocaqda yandırmaq üçün kör-kötük aparanlar olmuşdu. İrəli keçib atları yedəyimdə çəkə-çəkə çox da uzun olmayan yoqquşu təhdilədim. Ayaqlarım kötük kimiydi. Güclə yeri tuturdu. Ancaq gücümü toplayıb irəliləyirdim. Yüz, yüz əlli metrlik qayanı keçib genişliyə çıxan kimi atı cığırda saxlayıb yolun hündür tərəfinə keçib, özümü yəhərin üstünə aşırdım. Yun nalçanı altımda birtəhər rahlayıb atı sürdüm. Bu qısa yoqquşu addımlarımı irəli-geri ataraq qalxmağım məni bərk yormuşdu. Ayaqlarım səhərdən atın belində oturmaqdan cərcənək olsa da, bu, piyada yeriməkdən yaxşı idi. Təzədən atın belinə qalxandan sonra bunu hiss elədim. Ancaq ata minəndən sonra daha da bərk üşüməyə başladım. Çarə atımı mahmızlamaq,  qalan yolu keçib evimizə tez çatmaqda idi.

Canıma üşütmə çökdükcə atamın işlədiyi irəlidəki kolxoza aid kənddə qalıb gecələmək də bir anlıq ürəyimdən keçdi. Ancaq əlbəəl də yolumu gözləyən anamın qəhərdən öləcəyini, atamın axşam kəndə telefon edib evə gəlib çıxmadığımı biləndə nə hala düşəcəyini ağlıma gətirib bu qəfil fikrimdən tez də daşındım. Ölsəm də özümü evimizə çatdırmalıyam, – deyə qərarımı elə bil altımdakı, yedəyimdəki atlara elan edirmiş kimi bərkdən öz-özümə söylədim.

Gəlib kəndə girmişdim. Yolun kənarındakı evlərdən hansındansa sacda bişən çörəyin xoş ətri ətrafa yayılmışdı. Acıdığımı birdən hiss elədim. Boynumu döndərib gözucu atın tərkindəki heybəyə baxdım. Heybədə yemək çox idi. Ancaq atamdan ayrılandan sonra ürəyimdən çörək yemək keçməmişdi, heybəyə əl də vurmamışdım. İndi əlimi uzadıb heybədən çörək götürmək istədim. Elə o anda da günorta dişləyib yediyim külçə çörəyin arasındakı donub buza dönmüş yaxmacın xartıltısını xatırladım. İçim bərk üşüdü. Çörəkdən, yeməkdən vaz keçdim. Əlimi heybədən geri çəkdim.

Kəndin ortasında, yolun kənarında bir kişi əlində kürək lejimə qədər qarla örtülü damın qabağına yol açırdı. Bu kişini elə bu ətrafda gedən baş da görmüşdüm. “Rəhbərlərlə” ehtiramla salamlaşıb sağollaşmışdı. İndi mən də salam verib, ötüb keçmək istədim. Balacaboy kişi əlini işdən saxlayıb başını qaldırdı. Salamımı alıb yolu necə qayıtdığımı soruşdu. Alababat gəldiyimi dedim.

Kişi məni evə dəvət elədi.

– Yox, getməliyəm, sağ olun, – deyib yoluma düzəldim. Elə bu dəmdə, təpənin üstündə, aşkaradakı evdən birisi səslənib:

– Eynulla, hey! – deyə səsləndi.

Kişinin adı Eynullaymış. Eynulla kişi üzünü səs gələn  tərəfə tutub:

– Yaşılxan, nə deyirsən, – deyə hay verdi. Hə, bunun da adı Yaşılxanmış.

– Eynulla, o uşaq kimdi, üç atnan hardan gəlir, bu axşam çağı hara gedir? Bir öyrənib desənə, – deyə sicilləmə sorğu-sual yağdırmağa başladı.

Eynulla kişi:

– Partkomun oğludu. Atasıyla sədri rayona yaxın maşın yoluna qədər “aparıb” (aparıb, a...) indi də atlarını geri qaytarır.

Yaşılxan kişi canıyananlıqla:

– Sən bir bunların işinə bax e, adam qıtdığıdı? Məyər balaca uşağı da bu havada belə ağır yola apararlar? – dedi və indi də məni səslədi:

– A bala, axşamdı, getmə, sazaq da düşür. Atını saxla, evə gəl.

Mənsə bircə kəlmə ilə “sağ olun”, – deyib atımı sürdüm.

Adı Yaşılxan olan kişi yenə də qonşusuna çağırıb:

– Əəə, Eynulla, qoyma uşağı getməyə, yazıqdı, donub eləyər, – deyəndə çiynim üstdən dönüb təpədəki kişiyə tərəf boylandım. “Yazıq” sözü acığıma gəlmişdi. Bərkdən: – Yazıq niyə oluram ey, – deyib hirslə atıma bir qırmanc ilişdirdim, kəhər yerindən sıçradı, arxadan qoşulan atları da elə dartdı ki, az qala mən qarışıq yəhəri yerindən qoparacaqdı...

Adamları baməzəlikdə ad çıxarmış bu güney kəndinin ucqardakı  evlərini də arxada qoyub, atları sahiblərinə verib sonra da öz kəndimizə gedəcəyim axırıncı kəndə tərəf üzü yuxarı irəliləməyə başladım. Bu kəndə qalxan yol sərt yoqquş olmasa da, elə də rahat, köndələn də deyildi. Ancaq buraların yolunu-izini yaxşı tanıyırdım. Oxuduğum məktəb bu kənddə idi. İndi qarı yara-yara atlarla keçdiyim bu yerləri sinif yoldaşlarımla yaz-yay aylarında çox gəzib dolanmış, elə bu yolla neçə dəfə aşağıdan axıb keçən çaya balıq tutmağa, xıllarda çimməyə getmişdim. Ürəyimdən keçdi ki, kaş məktəb yoldaşlarımdan, dostlarımdan biri indi mənimlə olaydı. O da atın birini minəydi. Onda nə yol, nə də adamı kəsib keçən bu şaxta heç vecimə də olmazdı...

...Vecimə olmazdı nədi, şaxta indi məni qovururdu. Atlar yavaş-yavaş yeriyir, Baxşəlinin tərifli kürən madyanı isə lap sürünürdü. Donurdum, ayaqlarım tamam keyimişdi, arada dabanlarımı üzəngiyə dirəyir, ancaq onları hiss eləmirdim. Yanaqlarım örtülü olsa da göynəyirdi. Hə, qulaqlarım da mənimki deyildi. Ancaq xırda bir çıqqıltını da eşidirdim. Yun papaq, üstündəki şərf qulaqlarımı qorumuşdu.

Kəndə çatmağa lap az qalmışdı. Kürən madyan isə yerimək istəmirdi. Yayda vəl çəkəndə xırraşıb qalan bədöy öküz kimi yola qaxılıb qalmaq istəyirdi.

Atımı lap yavaşıtmışdım. Allaha yalvarırdım ki, kaş heç olmasa kəndin girəcəyinə qədər bu atları aparıb çıxara biləydim. Xəbər salıb sahibini çağırar, atını verib yolumla gedərdim. Kürən madyansa gah fınxırır, gah da büdrəyərək yerimək istəmir, məni yolumdan ləngidirdi. Dayanmaq isə olmazdı. Dayandımmı, atları apara bilməyəcəkdim. Arxadakı atların yüyənindən yapışıb dartaraq yan tərəfdən öz atımın bərabərinə çəkdim. Gücümü toplayıb qırmancı tovlayaraq “qeyrət” göstərmək istəməyən atların sağrısına döşədim. “Əməliyyatım”, zalımlığım fayda verdi. Atlar elə bil son güclərini toplayıb irəlilədilər. Bir neçə dəqiqədən sonra irəlidəki kəndə çatmışdım.

Elə birinci evi keçən kimi elə beləcə, qarasına:

– Ay Baxşəli dayı, Baxşəli dayı heyy, yola çıxın, gəlin atınızı aparın, – deyə gücüm gəldikcə haray saldım.

– Baxşəli dayı da demə amadə imiş, elə bil bütün günü məni, yox e, yəqin ki, atının qayıtmasını gözləyirmiş. Kişi əlbəəl mənə hay verib: – Yola çıxıram, çıxdım gəl a bala, irəli gəl, – dedi.

Atları sürüb kürən madyanın sahibinin dayanıb gözlədiyi yerə gəlib çatdım. Kişi gah mənə, gah da atına baxırdı. Belə davamlı baxmağından bilmirəm kişi mənim, ya da atının sağ-salamat dönməyimizə hələm-hələm inanmırdı, nəydi.

Handan-hana kişi:

– Şükür Allaha, sağ-salamat qayıdıb gəldiniz – deyə dilləndi. Sonra da atının yüyənini mənim atımın yəhərinin arxasına bağlanan yerdən açıb tamam sısqalamış, elə hey fınxıran kürənin boynuna o biri əli ilə şappıldadaraq:

– Amma, qardaş oğlu, atı əldən salmısan ha, – deyib dönüb üzümə baxdı.

Mən nə haydaydım, bu nə hayda, – beynimdən keçdi. Acığımı uda da  bilmədim. Kişiyə tərəf dönüb əlimi onun atına tərəf uzadaraq:

– Mən sənin atına neynəmişəm ki. Bir də ki, bunun nəyi atdı, boş yəhərnən  də özünü gəzdirə bilmir. Miniləsi halımı var bunun?  Bütün yolu atımla güc vurub sürüyüb gətirmişəm, – deyə narazılığımı bildirib atımı tərpətdim.

Baxşəli kişi arxamca:

– Əə, qardaşoğlu, dayan, qoy açım, o biri atı sahibinə mən çatdırım, – deyə ardımca məni çağırdı.

– Yox e, əmanətdi, özüm verəcəm, daha gəlib çatmışam, – deyərək uzaqlaşdım.

 

Üç-dörd ev keçəndən sonra o  atın  sahibi ta gəlib mənə çatanacan heyvanın yüyənini öz atımın tərkindən açıb yolun qırağındakı payaya bənd elədim.

– Ehey, ay dayı, bu da atınız. Sağ-salamat gətirib çıxarmışam. Alın aparın.

Sədr minən atın sahibi arxamca nəsə dedi. Ancaq mən daha heç nə eşitmədim.

Kəhər atıma bir qırmanc ilişdirdim. Hiss elədim ki, özüm kimi atım da sanki ağır bir yükdən azad olub. Atın şövqlə yerindən sıçramasından, ya nədənsə mən belə hiss elədim.

Çölüm çoxdan buz bağlamışdı. İndi içim də donsaydı kəhər atımızın hünəri, gedib gəldiyim bu uzun yolda tükünü belə tərpətməməsi, yerişini dəyişməməsi məni həm fərəhləndirir, həm də qəhərləndirirdi. Bu gün bilmişdim ki, atam bu ata əbəs yerə “daş döyəndi” demir.

Kəndin içi ilə gediş-gəliş çox olduğundan yolda qar az idi. Bu yerləri çaparaq keçdim. Kəndin axırına, yol ayırıcına yetişəndə atamın “kerrərdən ehtiyatlı olarsan” xəbərdarlığı yadıma düşdü. İlk dəfə olaraq atımı iki kəndin arasındakı nəhəng qayanın ortasını yalayıb keçən cığırdan yox, bir az uzaq düşsə də maşın yolu ilə çapdım.

Donmuşdum. Əllərim də, ağzım da, dilim də kötüyə dönmüşdü, sözümə baxmırdı. Ancaq bilirdim ki, yıxılıb yerə düşməsəm,  müqəvva kimi quruyub qalsam belə kəhər at məni aparıb evimizə, həyətimizə çıxaracaqdı...

 

lll

 

Gəlib həyətimizə çatmışdım. Daha doğrusu, kəhər at məni həyətimizə yetirmişdi. Baş-gözüm püsüng bağlamış, bədənim qaxaca dönmüşdü. Dilim keyimiş, söz tutmurdu. Ancaq hələ qulaqlarım tutulmamış, kar olmamışdım, deyilənləri eşidirdim. Anam üz-gözünə əl qatıb atamın qarasınca deyinə-deyinə donub taxtaya dönmüş ayaqlarımı atın üzəngisindən güclə qoparıb məni yəhərdən endirdi. Qollarının arasına alıb ağlaya-ağlaya evə tərəf aparır, isti göz yaşları ilə donmuş üz-gözümün buzunu əritməyə çalışırdı. Gözümsə hələ də ətrafa baxırdı. Yağan qar lopaları düşməkdə olan axşam qaranlığında bərq vuraraq yerə çiləyirdi...

İsti yorğan-döşəkdə gözlərimi yumub azacıq çimir edən kimi də qarabasmalar üzərimə hücum çəkir, işıq zolağında par-par alışıb yanan qar dənələri səpələyir, gözlərimi qamaşdırırdı.

 

lll

 

Möhkəmcə soyuqlamışdım. Deyirdilər ki, sətəlcəm olmuşam. İki gün sərasər yorğan-döşəkdə qızdırma içində od tutub qalandan, anamın türkəçarə tədavülündən sonra axır ki, burnumdan qan açılmışdı.

Oğlunun al qanını görən anam baş-gözünə döyüb özünü öldürür, nənələrimsə: – Şükürlər olsun Allaha, uşağın canı qurtardı, – deyib sevinirdilər.

Atamla uzaq rayon mərkəzinə yaxın şosse yoluna qədər atla getdiyimdən kənddə hamı xəbərdar idi, salamat qayıtmağımı da eşitmişdilər. Belə ciddi xəstələnməyimi isə bir-iki yaxın qonum-qonşudan başqa bilən yox idi. Həm də yaxşı ki, yerdə hələ xeyli qar vardı, gediş-gəliş çətin idi. Hələ qonşu arvadların ayağı evimizə açılmamışdı. Yoxsa ucqar qonşuların da ayağı evimizə açılsaydı, “vay anamın halına” olacaqdı...

Anam, nənələrim (onda kəndimizdəki Gülzar arvad da sağ idi, özünün də türkəçarədən başı yaxşı çıxırdı) tibbi xidmətdən hələ çox-çox uzaq olan bu ucqarlarda çarəsizlikdən təcrübədən çıxardıqları, ağıllarına gələn nə vardısa hamısını tətbiq edib, burnumdan axıb gedən ləyən-ləyən qanı saxlayıb durdurmaq istəyirdilər. Qan isə dayanmır, “fontanlayır”, başımı aşağı əydikdə burnumdan anamın qabağıma qoyduğu ləyənə, başımı arxaya söykədikdə isə boğazımdan içimə axıb gedirdi. Vaxt ötür, qadınlar fədakarlıq göstərib gücləri çatanı əsirgəmir, eşidib-bildiklərini edir, balaca canımın qanını axıb, tükənib qurtarmağa qoymurdular.

Nənələrimdən eşitdiklərim indi mənə əsl təsəlli olmuşdu. Arxayın idim ki, qan nə qədər axır-axsın, onsuz da ölməyəcəyəm...

Axır ki, bir neçə gündən sonra atam rayon mərkəzindən, raykomun büro iclasından əmin-arxayın qayıtdı. Axı elə həmin rayona çatdıqları axşam qonşu kənddəki kommutatora telefon edib kəndimizdəki ibtidai məktəbin bir neçə evə, o cümlədən, bizim evə də paralel qoşulmuş telefonu ilə danışıb evə salamat çatdığımı öyrənmişdi. Əsas da elə buydu. Xəstələnməyimi isə atamı rayon mərkəzində haradan tapıb kim ona xəbər verəcəkdi. Bəyəm raykoma zəng vurub deyəcəkdilər ki, bəs, filankəsin oğlu ağır xəstədi!.. Atam yeddi verstlik yolu qarı yara-yara payi-piyada gəlmişdi. Evə çatan kimi də vəziyyətdən hali olan kişinin ilk işi uzaq dağ yollarında gedib gəlməyin çox sınaqlarından çıxmış kəhər atımızı minib qonşu kəndə yollanmaq, bu arada əllərinin şəfalı olması ilə ad çıxarmış Ələsgər feldşeri tapıb gətirmək oldu. (Təhsili yarım həkimlik olsa da, kişi həqiqətən “loğman” idi.) Ələsgər dayının da bir  işi vardı ki, dünya dağılaydı, ata minməzdi. Ya atın qabağında, ya da arxasınca piyada gedərdi. Elə qıvraqdı ki, o atla yox, gərək at onunla ayaqlaşaydı. Qabaqda getsə, kişiyə yetişmək üçün gərək atı mahmızlayaydın. Özüm bunun şahidi olmuşdum.

Hələ neçə il əvvəl anam xəstələnmişdi. Rayon mərkəzində adlı-sanlı can həkimləri müayinə edib xəstəxanada yatmasını məsləhət görsələr də, o razı olmamışdı, dərmanını deyin, evdə müalicə alacağam, – demişdi. Beləcə bir boğça dəva-dərman alıb atamla evə dönmüşdülər. Dərmanların da əksəriyyəti iynə idi. Di gəl ki, indi bu müalicəni aparacaq, gündə evə gəl-get edəcək adam tapmaq elə də asan iş deyildi. Kəndimizdə  həkim o yana qalsın, heç feldşer də yox idi. İşimiz yenə bir neçə feldşerin yaşadığı qonşu kəndə, o kəndəki  feldşerlərin arasında əllərinin şəfalı olması ilə ad çıxarmış Ələsgərə düşürdü.  Atam bu kişiyə ağız açıb razılığını almışdı. Qalırdı işinin bilicisi olan “loğmanın” üç kilometrlik kənddən gəliş-gedişi. Yaxşı ki, bizim yerlərdə  canlarından şübhəyə düşənlər özlərini “qan qaynayan vaxtdı”, – deyib həmişə yaz ağzı müalicə etdirərlər. İndi də hərdən düşünürəm ki, Ələsgər dayının müalicəsinin əsas gücü bəlkə də onun dəva-dərmanı dəqiq bölüb bir dəqiqə o yan bu yan eləmədən vaxtında aparması idi. Beləcə bu kişi səhər erkən, kənddə-kəsəkdə yaşayan ağ xalatlıların gəzdirdiyi ənənəvi, məlum çamadan əlində o üç kilometrlik yolu keçib bizə gəlirdi. Gəlişinin vaxtını, vədəsini bildiyimizdən sərvaxt olub həyət-bacada ayıq-sayıq gözləyir, kişini “bəddiyi” ilə ad çıxarmış itimizdən qoruyub evə ötürərdik. Qalırdı axşam düşəndən xeyli ötmüş axırıncı iynəsini vurandan sonra bu kişini qonşu kəndə, öz evinə aparıb çıxarmaq.  Atam nə qədər təkid edib dil töksə də, Ələsgər dayı bizdə qalmazdı. Gecənin nə vədəsində olsa da, öz kəndlərinə, evinə dönərdi.

Qonşu kəndin qaranlığı çeynəyən kişilərindən fərqli olaraq Ələsgər dayı, sən demə, gecələr evdən bayıra tək çıxmazmış. Kişi müalicəsini aparandan sonra mən atımızı minir, qabaqda piyada gedən kişinin ardınca sürürdüm. O kəndin lap axırındakı həyətlərinə çatandan sonra hər dəfə eyni qaydada dayanıb geri qanrılaraq mənə baxıb: – Sən hələ gözlə, mən qapını döyüm, açsınlar, içəri girim, sonra çıxıb gedərsən, – deyərdi. Mən də onun dediyi kimi dayanıb gözləyirdim. Sənəti ilə xatiri hamının yanında əziz olan bu ortaboylu, qıvraq kişi pillələri qalxıb, şüşəbəndli eyvanının qabağındakı tambura qalxır, qapını döyürdü. Telnaz xala qapını açıb ərini içəri salır, sonra da  mənə tərəf haylanıb: – Qadan alım, ay balaca kişi, düş atını bağla bir tərəfdə, evə gəl, – deyə məni nəvazişlə dindirib evlərinə dəvət edir, anamın da halını dönə-dönə soruşurdu...

Bu günsə Ələsgər dayı, deyəsən, evlərinə dönməyəcək, bizdə qalacaqdı. Axşamdan hiss edirdim ki, qonşu otaqda od-ocaq qalayırlar.                               

 

lll

 

Yadımda qalanı budur ki, Ələsgər dayı iynəni iynəyə calayıb “qrafik” üzrə canıma döşəyir, “ötüb keçəcək, qanaxması da kəsəcək”, – deyə ata-anamı arxayın salır, müalicəsini inamla davam etdirirdi. Dediyi kimi də oldu. Neçə  gündən bəri burnumdan açılan qan yavaş-yavaş kəsildi, qızdırmam da düşdü, halsızlığım da tədricən ötüb keçdi. O kişinin təyinatı üzrə yaz gələnəcən, Novruz bayramınacan da xeyli müddət hər gün səhər çağı ac qarına anamın axşamdan hazırlayıb qoyduğu bir taraş stəkan xam şərbətimi içdim. İtirdiyim qan da beləcə bərpa olub yerinə gəldi. Yazda yanaqlarım kəndimizin başqa uşaqlarınkı kimi yenə allanıb qızardı. 

 

lll

 

İllər sonra tale mənə əksər hallarda dəvətlilərinin canına üşütmə salan büronu da, şuranı da aparmağı qismət elədi. Qış aylarında belə tədbirləri təyin eləyəndə həmişə iş otağımın pəncərəsindən bayıra baxıram. Havada bir çisgin, yağış, ya qar görəndə tabeliyimdəkilərə tapşırıram ki, ucqarlardan, yolu-izi çətin olan kəndlərdən belə havada adamları çağırıb narahat eləməsinlər. Hava açar, dəvət edib “arayışla” tanış edərsiniz...

 

lll

 

O iclasda nədən danışmışdılar, kimi tənbeh edib, kimi tərifləmişdilər bilmədim. Heç illər sonra da bunu atamdan soruşmadım. Ancaq orası da vardı ki, kişilərin o bürodan sonra da vəzifə ömürləri bir xeyli uzandı, mən də ölmədim, yaza çıxdım....

Bir də o kişilər yeri gəldikcə o iclaslardan, orada gördüklərindən, o iclaslara sədrlik edənlərin dediklərindən çox danışar, bəzən deyilənləri öyüd-nəsihət kimi dilə gətirərdilər.

 

lll

 

Hələ indi də mənə aydın deyil. Atam o sərt qışda, şaxtalı-boranlı havada o uzaq dağ yolları ilə onları maşın yoluna çıxarmaqçün niyə məhz məni seçmişdi. Olmaya məni sınamaq istəyirdi? Ya da ətrafındakılara oğlunun böyüdüyünü, cəsarətini, qoçaqlığını göstərmək istəyirdi?!.

Nə isə, daha bəsdi, özümü yorub atları da əldən saldım, mənə də dağı-daşı qoyub qaçan bütün uşaqlar kimi gecikmədən kənddən-kəsəkdən baş götürüb qaçmaq lazımdı, yoxsa canım axırda kerdə-kürdə, yolda-izdə, ağappaq qarın içində, ağ yağışın altında, at üstündə çıxacaq! Bəmbəyaz buludlarda əriyib dumana qarışıb yox olacam...

 

İyul-avqust, 2012-ci il.

 

 

Novruz NƏCƏFOĞLU

 

525-ci qəzet.- 2012.- 11 avqust.- S.28.