Uğur olsun, Aysel!
Kökləri minilliklərə söykənən zəngin poeziyamızın boy atan hər təzə sağlam pöhrəsi ədəbiyyatımıza yeni təravət, ab-hava gətirir. Şeirlərini müxtəlif ədəbi orqanlardan maraqla izlədiyim istedadlı gənclərdən biri olan Aysel Qarabəyli gələcəyinə böyük ümidlə baxdığım şairlərimizdəndir. Onun şeirlərindəki yer boyda, göy boyda qürbət acısı, bu dünyaya sığmayan kədər əslində bu bədbəxt, bu nakam sivilizasiyanın ağrısı, acısı, narahat taleyidir. Susuzluqdan dodaqları cadar-cadar olmuş quraqlıq bir səhranın, qurumuş qolları üstündən quşları uçub getmiş qoca palıdın, çəkdiyi çevrə, kvadrat, üçbucaq şəkliylə çevrədəkiləri heyrətə gətirən körpəcə uşağın dərdində dünənin, bu günün, sabahın dərdini, damarını axtaran Aysel Qarabəylinin yüksək zövqlə, nəfis tərtibatla çap olunmuş “Bu dünyanın insanı deyiləm mən” kitabını yenicə oxuyub başa çatmışam. Və onun poetik təfsirində rəngləriylə məni heyrətə gətirən o qeyri-adi dünyanın sehri içindəyəm. Bu qədər genişliyin, gur işığın, nəhayətsizliyin, parıltının qoynunda dünyamızın dərdini daşımaq, içəridən dara çəkilmək “xoşbəxtliyini” yaşayan və oxucusuna yaşadan Ayselin gəldiyi “Bu dünyanın insanı deyiləm” qənaəti yavaş-yavaş mənə bəlli olur. Lermontov, Bethoven, Motsart, Van Qoq, Mikayıl Müşfiq tənhalığının boyuna biçilmiş şeirlərdəki kədərin rənglərinin çalarlarını isə hər oxucu öz baxış bucağıyla görür, duyur, yaşayır.
Ayselin şeirlərində
bir uşaq
saflığı, dəcəlliyi, şuxluğu
da var:
Gün düşür pəncərəmdən...
Günəşdən qopmuş şüa
Zolaq-zolaq şəkillər çəkir uşaq üzümdə.
Öz-özümə gülürəm
Baxdıqca güzgüyə mən.
Qarpıza bənzəyirəm,
Türkmən yemişinə də...
Ancaq xoş gəlir mənə
Bu məzəli sifətim.
Qoy hər gün səhər-səhər
Bu dəcəl şüa gəlib
Üzümdə şəkil çəksin.
Günəşin özü qədər saf olan bu şeirdə nə qədər məsumluq, təmizlik, böyüklük, zarafat, şuxluq, gün işığıyla oynayan bir “uşağın” xoşbəxtliyi var. Eşq olsun, belə uşaq saflığı daşıyan poeziyaya!
“Vətən daşı”, “Moskva bir uşağın gözü ilə”, “Belə ölümə mən lap qibtə elədim”, “Lermontova oxşamaq istəyirəm”, “Mən, balaca şahzadə və Don Kixot”, “Şopenin nöktrünləri bu yay gecəsinə elə yaraşır...” və başqa gözəl şeirləri ilə Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi görkəmli şairlərimizə ruhən yaxın olan Ayseldən oxucularımızın yeni-yeni maraqlı şeirlər, kitablar gözləməyə haqqı var. “Bu dünyanın insanı deyiləm mən” deyən və əslində bu dünyanın ən gözəl vətəndaşı, şairi olmaq missiyası ilə yaşayan Aysel Qarabəyliyə uğurlar arzulayıram.
Nizami CƏFƏROV,
Filologiya elmləri doktoru,
professor, AMEA-nın müxbir
üzvü
525-ci qəzet.- 2012.- 11 avqust.- S.30.