Məhəmməd Əmin Rəsulzadə
Üçüncü cild
(1915-1916)
Ön söz
Azərbaycan
milli qurtuluş hərəkatının ideoloqu və lideri,
ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür.
İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Nə Qafqasiya, nə də İran
Kazımoğlu
cənabları İran azərbaycanlılarından Mirzə
Abdullah cənablarının “Xosrov Pərviz” nam əsəri həqqində
yazmış olduğu “Bir mütaliə”sində istirdad qəbilindən
olaraq bir “İranlı qardaş”ın “Gaveyi-ahənkər” ilə
“Xosrov Pərvizi” hər ikisi qədim İran tarixindən
götürüldigi üçün yekdigərilə
müqayisə edərək: “Əgər Xosrov Pərvizin də
müəllifi iranlı olmasa idi, o vəqt o da
alqışlanar, həqqində mədhiyyələr
yazılardı” hökmünü verdigini söyləyir və
böylə (mələm olsa da) xüsusi söhbət əsnasında
“əhalicəsinə” söylənilən
bir mütaliəyi haman ümumə təşqil edərək
“iranlı qardaşlarımızın ruhunda iftiraq və
ixtilafə bir ibtila vardır. Əvami məhərrəmlikdə
təkiyə açmaqda və təziyə saxlamaqda təbrizli,
ərdəbilli və həmədanlı gözləyən
kibi bir az savadlısı da bəzi ümumi məsələlərdə
iranlı və qeyri iranlı sözünü araya salmaqla
haman bir ixtilaf çıxarmaq istiyor. Daha doğrusu qeyri-ixtiyari
olaraq ruhu və aldığı tərbiyəsi ona bunu
söylə diyor”
hökmünü veriyor.
Kazımoğlunun
bu cümləsi “iranlıların ruhundaki iftiraq”dan bəhs
etdigi üçün degil. İranlı deyə özündən
ayırdığı “ərdəbilli, təbrizli və həmədanlı”nın
milliyyətlərini təyindəki yanlışlıqdan bəhs
etmək üçün iqtibas ediyoruz. Kazımoğlu cənablarının
Aras çayının o tərəfində bulunan azərbaycanlılara
başqa cinsdən bir xəlqə baxar kibi görünən
fövqüzzikr “mütaliəsi” yalnız olsa idi, şübhəsiz
ki, biz onu mövzui-bəhs etməzdik.
Məəttəəssüf,
kəndimizi başqa bir cinsdən, qafqasiyalı tələqqi
edib də Azərbaycanı iki hissəyə bölən Aras
çayı mavərasında yaşayan iranlılara (İran
türklərinə) yuxarıdan aşağı bir nəzərlə
baxmaq ələlkəsr ruhumuza sirayət etmiş bir xəstəlikdir. Məlum bir taqım səbəblərlə
Qafqasiyada türk ədəbiyyat və mətbuati tərəqqi
etmiş, yaman-yaxşı bir yol tutub iləriləmişlərdir.
Bu hal bizim bəzi cavanlarımızı Qafqasiya türklərinin
kəndi başına etnoqrafik bir vücud təşkil etdigi
fikrinə salmış, əhvali-siyasiyyə icabi olaraq
İrandaki qardaşlarını tanımamağa, onları
iranlı sanmağa başlamışlardır. Məsələn,
yuxarıda iqtibas elədigimiz fəqərədə bir təbrizli
ilə ərdəbilli iranlı tələqqi olunaraq kəndilərinə
məxsus xüsusi bir “ruhi-iftiraq”da nisbət verilər. Dəlil olaraq Təbriz və Ərdəbil həmşəhrilərinin
məhr mülklərdə ayrı təkyə
saxladıqları göstərilir. Şamaxı, Qarabağ və
qubalıların ayrı-ayrı olaraq məhərrəmlik təkyələri
saxladıqlarını göstərərək
qafqasiyalıların da “ruhi-ixtilaf və infiraqla” xəstə
olduqlarını iddia etmək olmazmı?...
Fəqət
söz burasında degildir. Yanlışlığın
kökü daha dərindədir. Qafqasiya türkü demək
özü bir yanlışlıqdır. Çünki
yuxarıda denildigi vəchlə böylə etnoqrafik bir
kütlə olmadığı kibi türk şöbələri
arasında da bu adla tanınmış bir şöbə
yoxdur. Azərbaycan türkü, Azərbaycan şiyvəsi, Azərbaycan
ədəbiyyatı var. Ola da bilər. Fəqət Qafqasiya
türkcəsi və Qafqasiya türkü olamaz. Bu gün nə
“Xosrov Pərvizi” yazan Mirzə Abdullah iranlı, nə də
Kazımoğlu qafqasiyalıdır. Onların ikisi də azərbaycanlılardır.
Birincisinin əsəri, ikincisinin də mütaliəsi nə
iranca yazılmış, nə də qafqazca. İkisi də
türkcə yazılmışlar.
Biz,
özümüzü qafqasiyalı sananlar bu həqiqəti bir
kərə bilməli və anlamalıyız ki, yurdumuzda
mühacir və mehman sifətilə yaşayan
“İran”lılar, az bir istina ilə İran Azərbaycanından
gəlmiş iranlılardır. Onların dili də, məişəti
də, adət və əxlaqları da bizimkinin eynidir. Başqa dürlü olamaz da. Çünki
hamımız bir kütlənin (Azərbaycan
türkünün) parçası, bir məcmuin hissəsiyiz,
xəlq təbirincə, “hamımız bir bezin
qırağıyız”, Aras çayının qismən bu,
qismən də o tərəfində bulunan türklər, bir kərə
bilməlidir ki, nə iranlı, nə də qafqasiyalı bəlkə:
azərbaycanlıdırlar.
M.Ə.
“Açıq
söz”, 14 oktyabr 1916, ¹303
Mələm –
işarə, əlamət
Təsqil –
ağırlatma, ağırlığını artırma
İstirdad – geri
istəmə, geri alma
İftiraq –
ayrılma, fəraq
İbtila –
mübtəla olma
Məhr –
nikahlıq
Təkyə – mərasim,
yığıncaq
Hicrətdən
1335
“Hicrət”
müsəlmanlardan ömrü böyük və xilaskar bir vəqə
təşkil etmiş idi. Şareye-müqəddəs,
özünü degil, islamın işini Məkkədə
zühurə gələn Əbu-Cəhlanə irtica nəticəsində
xətərli görərək Mədinəyə
köçməyi (hicrəti) təhti-qərara almış və bu
günün mislində (məhərrəmin əvvəlində)
bir neçə sadiq səhabə ilə bərabər Məkkəyi
tərk etmişdi. Millətlərin, ümmətlərin,
dövlət və məmləkətlərin tarixlərində
öylə günlər və saatlar vardır ki, onların
bu, ya o surətlə istifadəsi bütün tarixi alt-üst
edər, özündən sora gələcək vaqeə və
hadisələrin bu, ya o məcrayə dönə bilər.
Hicrət günü də islam
tarixində öylə hökmü-nafiz qəti dəmlərdən
birini təşkil etdi. Buna görə də
müsəlman ərəblər o günü səbil ələrəm
elmülfil kibi ərəblərcə məbdeyi-tarix təşkil
edən əhəmiyyətli vaqeələr dərəcəsində
əzhanə müəssir bir hadisə tələqqi etdilər
və onu islam tarixinin məbdəi qərar verdilər. Həm həqiqətən də öylə
idi. Həzrəti-Nəbi möhtərəm o “hicrət”i etməsəydi
və yainki Mədinəyə degil, əvvəlcə
düşünüldügü vəchlə Həbəşistana
hicrət etsə idi, ehtimal ki, “tarixi-islam” tamamilə başqa
bir yolda cərəyan edəcəkdi.
İştə, islamiyyətin
mövqeyini möhkəmləndirmək işində
böyük bir əhəmiyyət və qiyməti olan “hicrət”dən
bu gün qəməri hesabla 1334 il keçmiş oluyor.
Yuxarıdakı
tarixi mütaleama görə məhərrəmin əvvəli
islam aləmindən ömrü bir sevinc günüdür. Hicrətdən 63 il keçincəyə qədər
bu böylə idi və ondan sonra dəxi bu halıyla
qalmışdı. Fəqət 63-cü ildə vaqe olan Kərbəla
facieyi-kəbirəsi islam tarixində mənəvi zərər
və xəsarəti etibarı ilə ürəm
seylanından, fil ilindəki düşmən
istilasından daha bədtər bir hadisə təşkil
etmiş oldu. Bu hadisə islam ürəfa və səlahəsini
rəncur etmiş və idareyi-islamda zühur edən bu müəssif
zülm hadisəsi ürəkləri dağdar etmişdi. Bu rəncur
ürəklərdən bədə siyasi məqsədlər
arxasında koşanlar istifadə edib “matəmi-şühəda”
təzkar şəklindən çıxaraq bügz, kin və
intiqam hisslərini becərən bir nümayiş şəklinə
salınmış oldu. Nəticədə bütün aləmi-islam
üçün sevincli bir gün təşkil edən
cürrei-məhərrəm bu aləmin bir
qismi-mühümündən ömrü ibtidai-matəm təşkil
etdi.
İştə,
buna görə də biz bu gün yeni sənei-hicriyə daxil
olmaqla bərabər matəm günlərinə də daxil
oluyor, əza məclislərinin
açıldığını seyr ediyoruz.
Kərbəla
haileyi-əziməsi yadına saxlanılan millətləri
neçə ildən bəridir ki, qorxunc və qanlı hailələr
daxilində bulunduğumuz halda icra ediyoruz. Fəqət
nə qədər diqqət olunacaq bir hikmət ki, dünya rəzmgahındakı
sair millət və heyətlər təqdis və təqdir
etdikləri pişvayan-islamın ehtiramını onlara bənzəməkdə,
onların əzm və məqsədi yolunda
çalışmaq və fəda olmaqda görüyorkən,
biz bu vəzifəyi təhqiri-nəfs, təziri-vücud
(özünü qırbaclamaq) və təzibi-bədəndə
görüyoruz... Fəqət nə qədər aldanıyor nə
qədər yanılıyoruz. Bu
yanıldığımızı bir bilsəydik, bildirə
bilsəydik iştə əsl böyük məhərrəm
savabını ancaq o zaman qazana bilərdik.
Ehtimal ki, vəqtilə
ağlamaq, ağlatmaq, təzir və təziyyəti-vücud
vasitəsilə xəlqi həyəcan və ğələyana
gətirib də nəyi isə müdafiə etmək
mümkün imiş; fəqət imdiki zamanda,
mübarizeyi-həyatı cəhənnəm nümun mərəkələr
şəklində təcəlli edən hazırkı həyatda
faiq gələ bilmək üçün ruh təhqir degil, təşviq
olunmalı, bədən təzir degil, tərbiyə edilməlidir. Əfradi-millətdə
əzm, mətanət və etimad nəfs xislətləri
pərvərdə olunmalı, yerlərdə topraqlarda
sürünməyib göylərə qalxmalı, yüksəlməlidir!
Böylə
yapılırsa zənn edilməsin ki, məhzən yerdə
sürünməmək, nəfsini təhqir etdirməmək,
irazla tabe olmamaq üçün fəda olan böyük şəhidin
matəmi tutulmayıb qalacaq, yadlardan çıxacaqdır.
Xeyr, o zaman bu matəm daha müvafiq və şühədai-Kərbəla
şəninə layiq və məqul bir tərzdə icra oluna
biləcəkdir .
Bu ilki məhərrəmliklərdə
arzu etdigimiz bu məcranın yol alacağını göstərir kiçicik bir cığır
görərsək, ona da sevinəriz.
M.Ə.
“Açıq
söz”, 16 oktyabr 1916, ¹304
Məbdə –
başlanğıc, mənşə
Şare – qanun və
nizam qoyan
Qurama
Müəllimlər
toplandılar. 25 il kəndilərinə yoldaş və rəhbər
olmuş bir müəllimi artıq istefa edib getdigi
üçün yola saldılar. Nitqlər söyləndi.
Ruscalar su kibi axıb getdi... Keçmişə aid söylənən
sözlərdə az olsa da bir qüvvət vardı. Fəqət
gələcəkdən kim bəhs edə bilərdi...
Burası bütün natiqlərin
dilini qısıyordu. Bən o məclisdə
yoxdumsa da, o məclisi yuxuda görmüş, özüm də
məktəbdən lambarda gedən zati-möhtərəmə
qarşı nitq söyləmişdim. Nitqimin axırki parçasından
yadımda qalan fəqərəsi budur:
–
Ay möhtərəm müəllim, sən
çalışdın, yorulmadın, çünki
yorulmuş olsaydın istirahətə çəkilərdin,
halbuki daha məşəqqətli öngünlü bir işə,
xəlqin malını girov alıb, axır günündə
kəndisinə pul borc verən əhəmiyyətli bir idarəyə
gediyorsan. Orada
işlərin daha ağır olacaq. Fəqət,
qəm etmə. Sən 25 illik müəllimlik həyatınla
iləridəki lambardçılığını yüngüllətmişsən,
artıq müştərilərin savadsız degil,
mallarını girov qoymaq istədikdə zayavleniyanı
başqasına yazdırmaq ehtiyacında degil, özləri
yazar, özləri öz tərəflərindən qol da
qoya bilərlər!
Nitqimi əl
çalıb alqışladılar. Əllərin
şaqqıltısına oyandım...
Oyandım
gördüm ki, əsl mərəkə “Nicat”dadır. Nitq deyən
də buradadır.
Burada artıq
bir müəllim degil, yubiləsi yapılan bir mühərrir
idi. “Kaspi” mühərriri C.Dağıstani “Nicat”ın lütf
və təqdirini qazanmış, şərəfinə bir
ziyafət çəkilmişdir. Zatən “Nicat” bu il
mövsümi təqdir və təşviqlə
başlamışdır. Əvvəlcə Nizami, imdi də
Cı...
Əcəba,
heyrətmi ediyorsunuz, münasibətləri yokmu?
Neçün?
Birincisi Xəmsəsi ilə məşhur isə, ikincisi də
“Siyahısı” ilə mərufdur.
Bundan başqa
Dağıstani “yeganə mühərrir”dir ki, lazım olanda
“xüruc” edib rusca yazıyor və “milləti müdafiə
ediyor”.
Görünür ki, zəmanəmiz
xeyli iləriləmiş Bakının həyati-təqdirində
bir çox tərəqqiyyat vücuda gəlmişdir. Rusca və
türkcə qələmi ilə bir qəhrəman kəsilib
də atəşli və hərarətli yazılarıyla behəqqe-müdafeyi-millət
kəsilən bir qələmin hörmətini vəqtilə
Bakı “todəhəni” ilə əta ediyor.
Bu böyük
bir tərəqqi degilmidir?...
Niş
“Açıq
söz”, 18 oktyabr 1916, ¹306
Xüruc – qarşı çıxma,
üsyan etmə
Todəhəni –
avazla, səslə
Bizə nə
kibi məktəb lazım?
Bu günlərdə
Nuxu ticarətxanələrindən Əliyev ticarətxanəsinin
rəisi Məhəmməd Sadıq Əliyev cənablarının
100.000 manat ianəsiylə zükur gimnaziyasının
binası qoyulduğu xəbəri qəzetələrdə nəşr
olundu.
Əlbəttə
ki, müsəlman və türk ticarətxanə və tacirlərinin
məarif yoluna bu surətlə bəzli-həmiyyət etmələri
şayani təqdirdir. Həm bu surətlə ümumi-məarif
işinə kömək edən məarifpərvərlərimiz
yox degildir. Bakıda möhtərəm Hacı Zeynalabdinin, Musa
Nağıyevin və sairlərinin mövcud edadilərə və
sair dövlətilərin də digər məktəblərə
əl tutduqları məlumdur.
Biz, ümumi məktəblərə
olunan bu məsrəflərin əsasən əleyhində
degiliz. Fəqət, bu məsrəflər ümumi məktəblər
əvəzinə milli məktəblərə edilsə idi, nə
gizlədəlim ki, onu daha müvafiq bulur, faidəsini də
daha artıq görərdik.
Milli məktəb
diyoruz. Bu nədir? İdareyi-ruhaniyyə idarəsindəki məktəb
və mədrəsələrmidir?
Biz, Rusiya müsəlmanlarına
kəndimizi tərbiyəli və elmli etmək
üçün üç növ məktəb vardır:
1- Rəsmi
hökumət məktəbləri. Yəni məarif nəzarətində,
vəzarət proqramı ilə təsis edən məktəblər.
2 –
İdareyi-ruhaniyyə idarəsindəki məktəb və mədrəsələr
və
3 – Xüsusi surətdə
açılan milli məktəblər.
Bu məktəblərin
hankısı bizə lazımdır? Bunların
hankısıdır ki, bütün qüvvətimizi, köməgimizi
ona verməliyiz?
Əgər
biz bəlli-başlı bir millət olmaq istəyirsək,
özümüzə öylə məktəblər təmin
etməliyiz ki, bizi bir millət olaraq tərbiyə etsin,
ruhumuzu, mənəviyyətimizi tamamilə mühafizə edib
özümüzü özümüzlükdən
çıxarmasın.
Böylə bir məktəb şübhəsiz ki, milli məktəbdir,
o məktəb ki, orada bütün dərslər türkcə
olsun, proqramı öz tərəfimizdən tərtib edilsin.
Müəllimlərini özümüz təyin edək, dərsləri,
dərslikləri özümüz intixab edək. Böylə olursa, bu millətə istədigimiz
müəllimi, mühərriri və alimi hazırlaya bilər
və bu surətlə hazırladığımız milli mədəniyyət
xadimlərini xəlqin içinə, köylərə, obalara
göndərir, bütün milləti
işıqlandırmağa böyük bir amil vücuda
gətirə biləriz.
Milli
məktəbin nə dərəcədə millətə
lazım bir şey olduğunu əlbəttə ki,
uzun-uzadıya isbat etməgə belə ehtiyac yoxdur.
Çünki bu, lazımsız şey olsaydı dünyadaki
millətlər onun istehsalı üçün qanlar tökməz,
qovğalar etməz idi.
Fəqət
Rusiya şəraiti-mövcudəsi daxlində böylə arzu
olunur bir məktəb təsisinə imkan varmı? – deyə
bittəb bir sual xatirə gəliyor. Bu imkan
vardır. 1914-cü il iyulun əvvəlində təsdiq
olunduğu üçün iyul qanunu namilə məşhur
olub Dumadan keçmiş, sovetin təsdiqinə irmiş və
zati-humayunun imzası ilə məşhun olmuş bir nizamnamə
vardır ki, buna görə hər bir şəxs, cəmiyyət
və cəmaət (idareyi-ruhaniyyələr, məscidlər dəxi buraya daxildir) istərsə öz xərcilə
ibtidai, təali, edadi və ali məktəblər aça bilər.
Bu məktəbləri istədikləri proqramla açmaq və
bunlarda arzu elədikləri elmlərdən dərs verdirmək
müəssislərin ixtiyarındadır. Məktəbdə
hankı dildə istənilərsə, dərs verilə bilər.
Yalnız rusca, Rusiya tarixi ilə coğrafiyası rusca
oxudulmalıdır.
Bu surətlə açılacaq məktəb
müəllimlərinin intixabı da müəssislərin
özlərinə məhvəl olunuyor. Yalnız şu qədər varki, təyin
olunacaq müəllimlərin siyahısı təsdiq
üçün hökumətə verilməlidir.
Bu qanun sair Rusiya
millətləri ilə bərabər müsəlmanların da
arzu elədikləri milli məktəb təsisinə
böyük bir imkan veriyor. Bu imkandan istifadə ilə hər
bir millət mənsubları istədikləri kibi milli ibtidai,
edadi və hətta ali mərnəblər aça bilərlər.
Şübhəsiz ki, Rusiya
şəraiti daxilində fövqüzzikr qanun istifadə
olunacaq böyük bir şeydir. Doğrudur ki,
bu qanun dəxi bəzi nəvaqisdən azad degildir. Əzcümlə
şəhər idarələri ilə zemstvoları bu tip məktəb
təsisindən məhrum etməsi bir əliylə verdigini digər
əliylə almaq kibi Rusiya qanungüzarlığına məxsus
bir nəqisə və ya bir pölitikadır. Fəqət
bununla bərabər Rusiya millətləri istərlərsə
bu qanundan kəmalınca istifadə edə bilərlər. Həm
ediyorlarda: gözümüzün qabağında Bakı yəhudiləri
milli bir gimnaziya təsis ediyorlar. Bu gimnaziya haman məzkur iyul
nizamnaməsi sayəsində vücudə gəlmişdir.
Bizim ğəflət etdigimiz bu qanundan Şimallı
qardaşlarımız dəxi istifadə ediyorlar. Ufada
Yavuş və milyoner bəradərlər bu qanundan istifadə
edərək öz xərclərilə milli bir darülmüəllimat
təsis etmişlərdir.
Məzkur
nizamnaməyə görə xüsusi surətdə
açılacaq milli məktəblərin güşadi
üçün müsaidə almaq dəxi böyük
müşkülati-mövcib degildir. İbtidai məktəblərin
güşadi üçün məhəlli məarif
müdirliginə, edadilərin təsisi üçün nahiyə
məarif popeçitelstvosuna, ali məktəblər təsisi
üçün isə məarif nəzarətinə birər
ərzi-hal vermək kafildir. Ərzi-halı verdikdən sonra
müəyyən bir zaman daxilində də mən edən bir əmr
və cavab sadir olmazsa, arzu olunan məktəb təsis
edilmiş ədd olunub, bu xüsusda məhəlli iadinə xəbər
verməklə işə başlamaq mümkündür.
Demək ki, məzkur
qanun mövcibincə xüsusi məktəb təsisi yalnız
ihzar üsuli (yavoçni poryadok) ilə vaqe olur.
Biz
iştə paralarımızı mövcud vəzarət məktəblərinə
sərf edəcəgimiz yerdə xüsusi və milli məktəblər
təsisinə sərf edib də, milli məktəblər
vücuda gətirsək, daha müvəffəq bir iş
görmüş oluruz.
Ümumi məktəbləri,
ümumi proqramla hissəmizə düşən məarif məsələlərini
tələb edəlim, istəyəlim, hökumət bizim
ehtiyacımıza görə təsis etsin, dilimiz və
dinimizin tədrisinə oralarda əhəmiyyət versin. Fəqət
əsl nicatımızın orada degil, milli məktəblərdə
olduğunu da unutmayalım. Bunun üçün dəxi
çalışalım, vərəcəgimiz minləri,
yüzləri hər şeydən əvvəl milli məktəb
təsisinə sərf edəlim.
Bu məsələ
olduqca mühüm və sair məsələlərin məsələsi
olduğundan bu mövzuya təkrar övdət edəcəgiz.
M.Ə.
“Açıq
söz”, 18 oktyabr 1916, ¹306
Zükur –
kişilər
Məşhun – təsdiqlənmiş
Mən –
qadağan etmə
Müəllimlər
kursu
Bizə nə
kibi məktəb lazımdır? Deyə
yazdığımız bir məqalədə 1914-cü il iyul
qanununun xüsusi məktəblərə verdigi geniş həqq
və ixtiyardan bəhslə sərf edəcəgimiz
paraların “milli məktəblər”ə xərclənməsi
arzusunda bulunmuşduq. Əzcümlə misal olaraq şəhərimizdə
mövcud yəhudi gimnaziyasından, Ufada açılmış
Yavuşov darülmüəllimatından da bəhs eləmişdik.
Bu gün bir gimnaziya ilə bir darülmüəllimat
açmaq məsələsi bəzi mühüm tədarüklərə
və külli məbləğlərin təhiyyəsinə
bağlı isə də bir müəllimlər kursu
açmaq heç də böyük məsrəf və
ayrı bir tədarükə möhtac degildir.
“Səfa” cəmiyyəti
məsrəf ediyor. Xüsusi mülk veriyor. Bina yapıyor. Məhəllə xəlqinin bir ərizəsi ilə
şəhər tərəfindən açıla biləcək
ibtidai bir məktəb saxlayır. Əlbəttə inkar
olunmaz ki, cəmiyyətin xüsusi surətdə vaqe olan nəzarəti
və təyin elədigi türkcədə müqtədir
müəllifləri sayəsində türkcə təhsili
burada başqa məktəblərdən fərqli ola bilər,
fəqət, bu qədər kafimi? “Səfa” etdigi bu məsrəflər,
çəkdigi bu zəhmətlər müqabilində daha faidəli
bir iş görə bilməzmi?...
Bu daha faidəli
işi “Səfa” idarəsi müsəlmanlara məxsus “ticarət
məktəbi” açmaq təsəvvüründə
görmüş, bu xüsusda bəzi təşəbbüslərdə
də bulunmuş idi. “Ticarət məktəbi”ndən
əvvəl “Səfa” cəmiyyəti bu faidəli işi “sənət
məktəbi”ndə görmüş, hətta Nəcəf bəy
Vəzirov yubileyindən qalan məbləği bu məqsədə
sərf olunmaq üçün ayırmış idi. Halbuki, “Səfa” cəmiyyəti dostanə bir məsləhəti
dinləsə, biz kəndisinə faidəsi böyük, məsrəfi
yüngül bir iş “təklif” edəriz: nə sənət,
nə də ticarət, məktəbi ilə “Səfa” müsəlmanlara
başqa yanda tapa bilməyəcəkləri bir müəssisə
verə bilməyəcək. Ticarət məktəbi hər
yanda var. “Səfa”nın açacağı ondan mükəmməl
olmayacaq. Sənət məktəbi dəxi nə qədər
mükəmməl olsa da, şəhərimizdə mövcud sənət
məktəbinə yetişməyəcək. Bunlara ehtiyac
varsa da, bu ehtiyac o qədər kəskin bir halda degildir. Milli
bir ehtiyac təşkil etməkdən uzaqdır. Halbuki,
yaman-yaxşı açdığımız, açmaqda
olduğumuz məktəblər müəllimsizdir, müəllim
tapılmayır. Bilxassə türkcə oxutmağa müqtədir
müəllim yox. Şəhər məktəblərinə, kəndlərə
“Nəşri-məarif” məktəblərinə müəllimlərin
nə surətlə təyin olunduqları bir kərə nəzərdən
keçirilsin. Müəllim məsələsi bizdəki
oxutmaq və oxumaq məsələsinin canı, ruhudur. Bu ruhu
diriltməlidir. Bundan ötrü əlbəttə,
darülmüəlliminlər açmaq lazım. Həm də
milli darülmüəlliminlər lazım. Fəqət, bu məsələ
bəlkə vəqt istər. Bəlkə artıq bəzaət
və tavana istər ki, “Səfa” onun öhdəsindən gələ
bilməz. Fəqət müəllimlər
kursu təsisinə nə var? Bu kurslar iki-üç sənəlik
ola bilər. Böylə bir kursun nə qədər
faidəli olduğunu isbat üçün əldə təcrübə
var. İki-üç il davam edən “Nəşri-məarif”
kursu sayəsində nə qədər bacarıqlı xəlq
müəllimləri yeişdigi kimsənin xatirindən
çıxmamış. Əksər məhəllələrdə,
kəndlərdəki əski üsul məktəblər
bu az ömürlü fəqət, zində ruhlu kurs sayəsində
üsuli-cədidə məktəbinə mübəddəl
oldular. Bu kursları bitirmişlər arasından şəhər
məktəblərində, “Nəşri-məarif” məktəblərində
müvəffəqiyyətlə tədris edən türkcə
müəllimləri də az degildir.
“Nəşri-məarif”in
nədənsə dəvam etdirməyib də tərk etdigi bu
kursları “Səfa” dirildə bilər. Bu əhya, ticarət məktəbindən
də sənət məktəbindən də artıq bir xidmət,
faidəli xidmət təşkil edər. Böylə bir kursa
hökumət də söz deməz. İyul qanuni mövcibincə
haman işə başlamaq mümkündür. Bu kurs
üçün lazım olan cüzi məbləği “Səfa”
cəmiyyəti hər zaman tapa bilər. Bakı kibi dövlətli
bir şəhərdə iki-üç illik müəllimlər
kursunu saxlamaqdan aciz bir cəmiyyət təsəvvür
olunamaz. Böylə bir kurs təsisi təsəvvür edilərsə,
sənət və ticarət məktəblərinə sərf
olunacaq məbləğləri heç düşünmədən
oraya sərf etmək olur. Buna kimsə bir söz deməz, hər
kəs sənaxan olur.
Böylə bir təşəbbüs edərsə,
“Səfa” russki-tatarski tipində bir məktəb saxlamaqla “bihudə
məsrəf etmək” töhmətindən xilas olar, həm
ibtidai məktəblərimizin möhtac olduqları müəllimlər
hazırlamaqda faidəsi hər kəscə müsəlləm
olan bir iş görər, həm də 1914 qanunini tətbiqdəki
səbqət (birincilik) şərəfini qazanar.
Xüsusi bir məktəb
açmaq məqsədi ardından getdigini bildigimiz
üçün biz bu təklifi “Səfa” ünvanına
tövcih etdik. Yoxsa, məsələ “Nəşri-məarif”in
də, “Nicat”ın da nəzər-diqqət və etinalarına
vəz olunacaq ümumi bir məsələdir. Əlbəttə,
onlar dəxi bu məktəbin bir an onun qövldən – felə
gəlməsinə səy edərlər. Bu səy bilxassə
müəllimlər kursunun validi-əvvəli “Nəşri-məarif”
cəmiyyətinə aiddir.
M.Ə.
“Açıq
söz”, 24 oktyabr 1916, ¹311
Darülmüəllimat
– qadın müəllimlər institutu
Bazaət – sərmayə
Zində –
canlı, ruhlu
Əhya – bərpa
Sənəxan –
tərifləyən
Səbqət –
ona keçmə
Mövc fih –
üzünü bir tərəfə çevirmə
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2012.- 11 avqust.-
S.26-27.