İnternet mediası o qədər artıb ki, peşəkar jurnalist tapmaq müşkül məsələyə çevrilib   

 

Trend” informasiya agentliyinin Baş redaktorunun müavini, Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynlinin “525-ci qəzet”ə müsahibəsi.

– Əvvəlcə rəhbəri olduğunuz “Trend” İnformasiya Agentliyinin Azərbaycan xəbərlər xidmətinin fəaliyyəti haqqında məlumat vermənizi istərdim. Agentliyin Azərbaycan xidməti nə vaxtdan fəaliyyət göstərir?

– “Trendİnformasiya Agentliyinin hər bir redaksiyasının, o cümlədən agentliyinbeyin mərkəzi” sayılan Azərbaycan redaksiyasının da inkişaf strategiyası var. Əvvəla onu qeyd edim ki, 2004-cü ildən agentliyimizdə köklü islahatların aparılmasına başlanılıb. Bu islahatlar çərçivəsində agentliyin Azərbaycan dilində fəaliyyət göstərən bölümü yaradıldı. Sonralar bu bölüm redaksiya şəkilində formalaşdırıldı. Agentliyin rəhbərliyi tərəfindən Azərbaycan redaksiyasının daha da inkişaf etdirilməsi öhdəliyi qoyulub. Sözsüz ki, baza təməlimizdə  operativlik, qərəzsizlik və peşəkarlıq durur. Yəni informasiya istehsalında ilk növbədə bu prinsiplər tətbiq edilir. Ötən dövrdən bəri redaksiyanın tərkibi genişləndirilib, yeni rubrikalar yaradılıb. Redaksiyanın əməkdaşları tək jurnalist kimi yox, həmçinin vətəndaş kimi ölkənin, dövlətçiliyin inkişafının qarantı kimi formalaşdırılıb. Bu gün peşəkar jurnalist, həm də sözün əsl mənasında ölkənin vətəndaşı olmalıdır. Əgər bizim Dağlıq Qarabağ boyda dərdimiz varsa, hər bir jurnalist bu dərdi çiynində gəzdirməlidir. Qələminin hər cızma-qarasında bu dərdə şərik çıxmalıdır. Və yaxud genefondumuzu şikəst qoya biləcək ekoloji mühitin düzəlməsinə dəstək lazımdırsa, jurnalist buna əməyini sərf etməlidir. Rəhbərlik etdiyim redaksiyanın hər bir jurnalistinə bütün bunlar aşılanıb. Məhz ona görədir ki, son 3-4 ildə “Trendin Azərbaycan redaksiyası erməni vandalizmini çılpaqlığı ilə göstərən, Dağlıq Qarabağ probleminə aidSözün bitdiyi zaman” adlı sənədli filmi çəkib efirə buraxıb, ekoloji maarifləndirmə sahəsində videoçarxlar çəkib, maarifləndirici köynəklər, kepkalar hazırlayaraq orta məktəblərdə aşağı siniflərdə paylayıb.

Əslində gördüyümüz işlər hər bir vətəndaşın görə biləcəyi işdirbu, olduqca vacibdir. “Sözün bitdiyi zaman” sənədli filmi üç dildə Azərbaycan, rusingilis dillərində hazırlandı və dünyanın bir çox ölkələrində, o cümlədən Ukrayna, Fransa, Türkiyə, Almaniyada yayımlandı. Erməni vandalizminə dünya şahid oldu. Söz yox ki, biz bu istiqamətdə işimizi daha da gücləndirəcək və ortalığa yeni layihələr qoyacağıq.

“Bəzi informasiya agentlikləri və portalları “operativliyi” yalançı vaxtları qoymaqla qazanmaq istəyir”

 – Yeri gəlmişkən, bu gün ekspertlər hesab edirlər ki, Azərbaycanın internet mediasında “düşmənin dəyirmanına su tökən” informasiyalar yer alır?

– Haqlı bir məqama toxundunuz. Təəssüflər olsun ki, mən bu problemlə bağlı həmkarlarımı qınamaq məcburiyyətindəyəm. Sizə çox da uzaq olmayan bir faktı qeyd edim. Bu günlərdə bir əsgərimizin əsir düşməsi xəbəri yayıldı. Bəzi informasiya portalları və agentlikləri bu xəbərdən dərhal sonra onun atasının hərbçi olduğu haqqında informasiya yaydılar. Bununla da ermənilərin əziyyət çəkmədən bir informasiya əldə etmələrinə köməklik göstərdik. Hətta bundan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası rəsmi saytında bəzi mətbuat orqanlarını bu siyasətdən əl çəkməyə çağırdı. Əslində Azərbaycan müharibə şəraitində olduğu üçün media bu mövzuya çox həssas yanaşmalıdır. Bəzən görürsən ki, istintaq sirri sayılan bəzi məlumatlar internet mediasında çox asanlıqla yer tapır.

“Düşmənin dəyirmanına su tökən” informasiyaların olmasını qoyaq bir kənara, etik normalara sığmayan məlumatların internet mediasında yer alması jurnalistlərin adi rejiminə çevrilib. Azyaşlı qızın qaçırılması və yaxud onun hansısa oğlana qoşulub qaçması barədə məlumat yazılanda həmin qızın adı, soyadı olduğu kimi yazılır. Bununla da həmin qızın gələcək taleyinə müdaxilə olunur. Bir neçə il öncə Neft Akademiyasında terror aktı törədildi, internet mediası meyitlərin şəkillərindən ibarət fotosessiya yaymağa başladı. Mən başa düşmürəm, bizim bəzi həmkarlarımız  dünya mediasını, çox uzaq olmayan Türkiyə mediasını izləmirlərmi? Siz təsəvvür edin, “Trendin Neft Akademiyasında çəkdiyi fotoşəkillərin birində qan izləri var idi. Türkiyənin məhşur qəzetlərinin biriTrendin fotoşəklini qoyanda, hətta həmin şəkildəki qan izlərinin üstünü örtmüşdü. Bizim saytlarımız isə insan cəsədini açıq şəkildə nümayiş etdirirlər. Bilirsiniz, Azərbaycan mediasının ucuz sensasiya dalınca qaçdığı dövr keçməlidir. Avropanın media evində mövqelərimizi möhkəmləndirmək istəyiriksə, yolumuzu dəyişməliyik.

Bu gün Azərbaycanın internet mediası sürətlə inkişaf edir. Hazırda ölkəmizdə bir çox informasiya agentliyi, xəbər portalı var. Onların arasındakı rəqabət barədə fikirləriniz necədir? Bəzən agentlik rəhbərləri xəbərlərin istinad məsələsində problemlərin ortaya çıxdığını bildirirlər.

– Öncə onu qeyd edim ki, “Trendinformasiya agentliyi olaraq, biz Azərbaycanda yaranan hər bir xəbər agentliyinin, portalın fəaliyyətə başlamasını sevinc hissi ilə qarşılayırıq. Çünki media bazarında alternativlik nə qədər çox olarsa, bir o qədər söz və məlumat azadlığı artar, bir o qədər jurnalistlərin peşəkarlığı artar, media nümayəndələrinin sosial bazası güclənər. Mən inanmaq istərdim ki, onların hər biri Azərbaycan mediasının nüfuzunun möhkəmlənməsində maraqlıdır. Sağlam rəqabət olan yerdə inkişaf da olur. Təsəvvür edin ki, son illər internet mediası o qədər artıb ki, peşəkar jurnalist tapmaq müşkül məsələyə çevrilib. Bütün bunlar onu göstərir ki, internet mediası inkişaf etdikcə, onların sayı artıqca, buna parallel olaraq gənc peşəkar jurnalistlərin yetişdirilməsi həyata keçirilməlidir. Yəni hər bir informasiya agentliyi, xəbər portalı bu sahədə xüsusi siyasət həyata keçirməlidir. Yoxsa belə getsə, peşəkar jurnalistikaqocalar”, nəticədə bir neçə illərdən sonra Azərbaycan jurnalistikası tənəzzülə uğrayar. Ona görə də bütün həmkarlarıma bu sahədə öz təcrübələrini gənc jurnalistlərə “xərcləməyi” tövsiyə edirəm.

İnternet mediası mühitində sağlam rəqabətin olub-olmamasına gəlincə, ürək ağrısı ilə söyləyərdim ki, bəzi həmkarlarımın əməlləri sağlam rəqabətdən uzaqdır. Bəzən elə hallara rast gəlirsən ki, bunun mövcudluğuna inanmaq istəmirsən. Bəzi informasiya agentlikləri və portalları “operativliyi” yalançı vaxtları qoymaqla qazanmaq istəyir. Özü də həmin agentliklər bunu özlərinin adi rejiminə çeviriblər. Məgər oxucunu aldatmaq peşəkarlıq sayılır? Digər tərəfdən, bəzən informasiya agentliyi ilə xəbər portalını dəyişik salırlar. Xəbər portalı olan bəziləri özlərini ictimaiyyətə informasiya agentliyi kimi sırımaq istəyirlər. Bu da oxucunu aldatmağa hesablanan əməldir. Sözsüz ki, indi sadaladığım faktlar ölkənin internet media bazarında olanların çox kiçik hissəsinə şamildir. Ancaq bütünlüklə Azərbaycanın internet mediasında sağlam rəqabət mövcuddurbu amil Azərbaycan dövlətçiliyinin inkişafına, möhkəmlənməsinə töhfəsini verir.

O ki qaldı məlumatların istinad məsələsinə, bu sahədə vəziyyət düşündüyünüzdən də bərbaddır. Biz bəzən gün ərzində yaradıcılıq işimizi atıb istinad məsələlərinin həlli ilə məşğul oluruq. Əsas problem xəbər portalları ilə bağlıdır. Təsəvvür edin, vəziyyət o yerə gəlib çatıb ki, xəbəri qoyan kimi istinadsız filansız xəbər portalları öz saytlarına yerləşdirirlər. “İnsaflı” xəbər portallar heç olmasa, vaxtı düzgün qoyurlar, bəziləri isə səndən xəbəri götürüb vaxtı səndən də tez qoyurlar. o nəticəyə gəlmək olur ki, sən demə xəbəri onlar yox biz oğurlamışıq. Çox qəribədir, cəmiyyətin digər təbəqələrindən dürüstlüyü tələb etdiyimiz halda, bəzi mətbuat nümayəndələri dürüstlükdən çox kənar qalır.

 

“Mətbuatda “bişib” mətbuat katibi olanın işi daha yaxşı alınır”

 

 – Dövlət qurumlarından və ya özəl təşkilatlardan informasiya almaq məsələsində hansısa çətinliyiniz olurmu?  Ümumiyyətlə, hansı dövlət qurumu bu gün media ilə daha sıx əməkdaşlıq edir?

– Mən ad çəkmək istəməzdim. Çünki bütün dövlət qurumları ilə münasibətlərimiz var. Kiminsə adını çəkib, digərini çəkməsəm, yəqin ki inciyərlər. Ancaq bu sahədə son illər nə dərəcədə müsbətə doğru nəticələrə sahib çıxmışıqsa, bir o qədər də həllini gözləyən problemlərimiz var. Bilirsiniz, dönüb ötən dövrlərə nəzər yetirsək, dövlət qurumlarının mətbuat xidmətlərinin media ilə koordinasiyalı işləməsi istiqamətində indi çox böyük müsbət çalarlar görərik. Dövlət bu sahədə ötən illərlə müqayisədə müvafiq işlər görüb, tapşırıqlarını verib. Müxtəlif illərdə media kapitanlarını bir araya toplayıb, bu problemi birgə çözüb. Bir çox dövlət qurumlarında ictimaiyyətlə əlaqələr şöbəsi sözdən praktiki fəaliyyətə keçib, yeni simalar gəlib, müasir standartlar tətbiq edilir. Bəlkə də bunun nəticəsidir ki, mətbuatda dezinformasiyaların sayı kəskin şəkildə azalıb. Çünki jurnalist istədiyi informasiyanı dəqiqləşdirmək üçün dövlət qurumlarının mətbuat xidmətlərindən ən azından “hə” və yayox” cavabını ala bilir. Bununla jurnalist həm öz informasiyasını verə bilir, həm də qarşı tərəfin mövqeyini ortalığa qoyur. Dövlətin bu davamlı siyasətini təqdir etmək olar.

Lakin dövlət qurumlarının bütün mətbuat xidmətlərinin fəaliyyəti heç də əl çalıb alqışlanası səviyyədə deyil. Mən hesab edirəm ki, mətbuat xidmətinin rəhbəri jurnalist peşəsinin nə olduğunu anlamalıdır. Yəni mətbuatda “bişib” mətbuat katibi olanın işi daha yaxşı alınır. Son 2-3 ildə bəzi dövlət qurumlarının mətbuat xidmətlərində edilən dəyişikliklər, yəni mediadan gətirilən insanların işi indi göz qabağındadır. Müasir standartlar tətbiq edirlər, hazırladıqları press-relizlər bu günün tələblərinə cavab verir, jurnalistlərlə ünsiyyət qura bilirlər. Bilirsiniz, yenə ad çəkmək istəmirəm, bu gün elə mətbuat xidmətinin rəhbərləri var ki, onlar bəzən jurnalistika ilə şairliyi səhv salırlar. Elə press-relizlər göndərirlər ki, orada informasiyalılıq deyilən bir şey olmur. Bəzən dörd səhifəlik məlumat göndərirlər, inanın ki, o yazının içərisində 2-3 cümləlik nəsə tapanda, onlara alqış yağdırırıq. Mənim fikrimcə, mətbuat xidmətləri “cavanlaşmalıdır”. Digər tərəfdən, mətbuat xidmətlərinə elə təmsil olunduğu dövlət qurumlarının rəhbərliyi və digər idarələri sərbəstlik yaratmalıdırlar. Onların da sorğusunu operativ cavablandırmalıdırlar. Çox təəssüf ki, bəzi dövlət qurumlarında ictimaiyyətlə əlaqələr şöbəsi diqqət ayrılması baxımından digər şöbələrlə müqayisədə sonuncu yerdədir. Bu amil də onların fəaliyyətinə mənfi təsir göstərir.

 

(Ardı var)

 

ELNUR

 

525-ci qəzet.- 2012.- 11 avqust.- S.22.